“ASAN İmza” ümumdünya hesabatına ən yaxşı təcrübə kimi daxil edilib
Azərbaycanın mobil identiteti sayılan “ASAN İmza” "Secure Identity Alliance" və "OnePoint" tərəfindən nəşr olunan “Dünyanın rəqəmsal identitetlərinə səs vermə” ümumdünya hesabatına ən yaxşı təcrübə kimi daxil edilib.
"B.EST Solutions" şirkətindən bildiriblər ki, Secureity Alliance (SIA), OnePoint ilə birgə “Dünyanın rəqəmsal identitetlərinə səsvermə” adlı hesabat hazırlayıb. Həmin hesabatda dünya üzrə hökumət tərəfindən həyata keçirilən rəqəmsal və mobil identitet layihələrinin cari vəziyyəti əks olunub.
Layihə bir neçə məqsəd daşıyırdı. Birincisi, müxtəlif rəqəmsal identitet sxemlərinin xüsusiyyətlərini vurğulamaqla yanaşı innovativ təcrübələri, idarəetmə metodları və proseslərini, texnologiyaların seçimləri və bazara çıxışın strategiyalarını araşdırmaq, ikincisi, qərar qəbuletmə prosesinin hərəkətverici qüvvələri və bazarın əsas iştirakçıları tərəfindən təqdim edilən qabaqcıl təcrübələrin istifadəsinin üstünlüklərini anlamaq. Hesabatda rəsmi və sənədləşdirilmiş analitik mənbələrdən alınan əsas fikir və təcrübələr, eləcə də başlıca beynəlxalq iştirakçılar və müxtəlif ölkələrin nümayəndələri ilə aparılan 25 müsahibənin çarpaz təhlili toplanılıb.
Bu əyani hesabatda innovativ modellər, peşəkar iştirakçılardan əldə edilən təcrübə və dərslər qeyd edilib, eləcə də ABŞ, Kanada, Avstriya, Böyük Britaniya, Fransa, Hollandiya, Danimarka, Estoniya, Azərbaycan, Hindistan, Sinqapur və digərlərinin də ən yaxşı təcrübələri daxil olmaqla, dünyanın bütün ölkələrindən olan ID layihələrin və modellərin təhlili aparılıb.
OnePoint şirkətinin partnyoru Yannik Raqonnonun sözlərinə görə, “Tranzaksiyalar fiziki dünyadan rəqəmsal dünyaya doğru irəlilədikcə, etibarlı rəqəmsal identitet yeni və genişlənən ictimai xidmətlər üçün təməl sütuna çevrilir. Bu hesabatda biz, dünyanın hər yerindən olan rəhbərlərə identitet sahəsində ən innovativ və çətin layihələrə səsvermə hüququnu təqdim edir və tətbiq edilən təcrübi ideyalar və perspektivləri əldə rəhbər tuturuq. Əsas məqsəd dövlət və özəl qurumların idarəçilərinə bunun həyata keçirilməsinin nə qədər mümkün olduğunu göstərməkdən ibarətdir.
Azərbaycanın mobil identiteti olan "ASAN İmza" iki sahədə ən yaxşı təcrübə nümunəsi kimi təqdim edildi: rəqəmsal əhatəlilik və rəqəmsal identitetin mobil qurğulara keçid trendi. Birinci kateqoriyada Azərbaycan Fransa və Avstraliya ilə yanaşı yerləşdirildi və burada ictimai xidmətlərin təqdim edilməsində rəqəmsal əhatəliliyin təmin edilməsi üçün hazırlanmış mobil identitetin səsli xidmətə inteqrasiyasının Azərbaycan həlli ayrıca qeyd edilib. “Mobil düşün” (Think Mobile First) adlanan ikinci kateqoriyada, Azərbaycanın SİM karta əsaslanan “Asan İmza” mobil elektron imza həlli Lixtenşteyn və İtaliya ilə yanaşı, yer alıb.
Bir çox ekspertlər bu hesabatda identitetin gələcəyinin məhz mobil qurğularda olduğunu qəbul edir. Mobil identitetin tətbiqində qazanılan nailiyyətlər sayəsində Azərbaycan bu sahədə lider ölkələr siyahısına daxil edilib.
SIA Digital ID işçi qrupunun sədri Kristen Teyras "Juniper Research"in apardığı sonuncu tədqiqatlara istinad edərək deyib: "Rəqəmsal identitetin tətbiqi hazırda həlledici mərhələdə olduğundan, 2024-cü ilə qədər mobil identitet 3 milyarddan çox insan üçün rəqəmsal identifikatorların qeydiyyatı, yoxlanılması və autentifikasiyası üçün əsas mənbəyə çevrilməlidir". O, hesabatda qeyd olunan nümunələri rəhbər tutaraq, bildirib ki, həm onlayn, həm də oflayn identifikasiyanı dəstəkləyən yeni nəslin mobil identitet texnologiyaları, dövlət və özəl sektorla insanların qarşılıqlı əlaqələrinin istiqamətini dəyişən etibarlı innovativ rəqəmsal xidmətlərin artıq yeni erasının irəliləyişinə kömək edir.