15 İyun 2021

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Cənub Qaz Dəhlizi barədə açıqlama verib

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda Xəzər Siyasət Mərkəzinin İqtisadi və Enerji Proqramları üzrə rəhbəri kimi Robert Cekuta qeyd edib ki, nəhəng, iddialı və kompleks layihə adlanan Cənubi Qaz Dəhlizi (CQD) Avropa ölkələrinin enerji təhlükəsizliyinin və suverenliklərinin, habelə vətəndaşlarının rifahının gücləndirilməsinə xidmət edir.

CQD-nin 2020-ci ildə müvəffəqiyyətlə başa çatdırılması, uğurlu özəl sektor tərəfdaşları ilə birgə işləyən fərqli bir qrup dövlətin nə qədər israrlı olduğunu göstərir. Əlbəttə ki, Vaşinqton və digər paytaxtların, habelə layihəni milli siyasətdən və diplomatik təşəbbüslərdən qazma platformalarına, eləcə də minlərlə kilometrlik borulara çevirən müəssisələrin və maliyyə qurumlarının müvəffəqiyyətə nail olduqlarını qeyd etməyə haqqı var. Bununla belə, qarşıda yeni mərhələlər var. Avropa və digər dövlətlərin iqlim böhranı ilə mübarizə aparmaq üçün istixana qazı emissiyalarını azaltmağa çalışdıqları bir vaxtda, təmiz yanacaq kimi qaza olan ehtiyac davam edəcək. Təbii qaz karbon qazının daha az olduğu gələcəyə keçidin əsas elementi olacaq.

Cənub Qaz Dəhlizi enerji siyasətinin BTU-lardan(istilik vahidi), kilometrlərlə boru kəmərlərindən, elektrik ötürmə sistemlərindən, çıxarılan neft barellərindən və kubmetrlərlə təbii qazdan daha mühüm olduğunu sübut edir. İstər ev, istərsə də iş üçün təhlükəsiz enerji təchizatı vacibdir.

Enerji ölkələrin təhlükəsizliyi, rifahı və suverenliyinin əsası, həmçinin ABŞ-ın on illərdir ki, digər ölkələrin enerji təhlükəsizliyini öyrəndiyi və onu dəstəklədiyi bir nöqtədir. Bu işin reallaşması, təbii ki, ABŞ-ın Azərbaycan, Avropa Birliyi, Türkiyə, Ukrayna və digərləri ilə diplomatik fəaliyyətlərində uzunmüddətli faktor rolunu oynamışdır. Qaz kəməri ya ölkənin sərbəst fəaliyyətini məhdudlaşdırmaqdan ötrü bəzi güclərin istifadə etdiyi cilov, ya da birgə əməkdaşlıq və dəstək üçün bir dəhliz ola bilər. Bu reallığı dərk edərək, həm Respublikaçı, həm də Demokrat administrasiyalar enerji tədarükünün artırılması və şaxələndirilməsi məqsədilə Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və digər səylərin həyata keçirilməsi istiqamətində çalışırdılar. Bununla yanaşı, dövlətlərin siyasi və diplomatik gücləri uğurlu boru kəməri və ya digər enerji layihəsini həyata keçirməyə kifayət etmir. Bu işdə uğurlu olmaq üçün enerji layihəsi kommersiya baxımından əhəmiyyətli olmalıdır. Cənub Qaz Dəhlizi dövlətlər və şirkətlər arasında güclü bir tərəfdaşlıq sayəsində başladıldı və həyata keçirildi. Bəzi hesablamalara görə, CQD-nin maliyyələşdirilməsində 17 maliyyə təşkilatı iştirak edib. BP-nin yüksək səviyyəli rəhbərinin bu yaxınlarda qeyd etdiyi kimi, CQD buna müvəffəq oldu, çünki bunun real texniki-iqtisadi əsaslandırması və siyasi əhəmiyyəti var idi. Şirkətlər layihənin çətinliklərinin və yeni mühəndislik problemlərinin öhdəsindən gəlmək üçün ən yüksək təcrübələrini cəlb etdilər. Burada dəqiq hədəflər və onlara bağlılıq mövcud idi. Layihədə iştirak edən enerji şirkətləri və tədarükçüləri arasında möhkəm ortaqlıqlar, habelə bu şirkətlər və dövlətlər arasında yaxşı kommunikasiya əlaqələri və güclü tərəfdaşlıq var idi. Hökumətlər və şirkətlər arasındakı güclü əməkdaşlıq və əlaqələr, texniki mükəmməlliyə nail olma, ümumilikdə qəbul olunmuş iş təcrübələri və layihənin mürəkkəbliyi nəzərə alındıqda, ümumi xərcin 40-45 milyard dollar məbləğində olacağı gözlənilirdi. Lakin layihənin ümumi xərcinin 33 milyard dollar ətrafında olduğu bildirilir. Cənub Qaz Dəhlizinin tamamlanması, Avropanın və bütövlükdə dünyanın enerji təhlükəsizliyinin artırılmasına əlavə dəyər qata bilər.

27 yanvar 2021-ci ildə Xəzər Siyasət Mərkəzinin ev sahibliyi etdiyi proqramda qeyd olunduğu kimi, İtaliya, Yunanıstan, Türkiyə və digər əsas CQD tərəfdaşlarını qazla təmin etməklə yanaşı, Bolqarıstanı Yunanıstanla birləşdirən yeni Trans-Adriatik Boru Kəməri CQD qazını Bolqarıstana gətirir.

Bu sistem genişləndirilə, növbəti mərhələdə Albaniya və qərbi Balkan ölkələrində yeni bazarlara çıxa bilər. Bu, Türkiyənin 2021-ci ildə yaratmaq istədiyi fyuçers bazarı – İstanbul Enerji Mübadiləsi planlarını asanlaşdıra bilər. CQD-nin TANAP (Trans-Anadolu Təbii Qaz Boru Xətti) seqmentinin Şərqi Aralıq dənizindən qaz nəqlinə və Türkiyənin enerji mərkəzinə çevrilmək üçün göstərdiyi səylərə kömək edə biləcəyi düşünülür. Mütəxəssislər CQD-nin tamamlanmasını Azərbaycan və Türkmənistan arasındakı 2021-ci il yanvar müqaviləsinin şərtlərinin formalaşmasına kömək etdiyi üçün yüksək qiymətləndirirlər, bu müqavilə Xəzər dənizindəki “Dostluq” yatağında neft və qaz hasilatına imkan yaratmaq üçün illərdir davam edən ikitərəfli mübahisələrə son qoydu. Tamamlanmış Cənub Qaz Dəhlizi, Xəzər dənizinin bir sahilindən o biri sahilinə qaz kəməri çəkildikdən sonra Türkmənistandan qərbə qaz ixrac etmək üçün də lazımi imkanı təmin edə bilər. Türkmənistan hazırda qazı boru kəməri ilə yalnız bir alıcıya – Çinə ixrac edir və təkcə 2020-ci ildə Çinə 6 milyard dollar dəyərində qaz satıb. Dünyanın ən böyük təbii qaz yataqlarından birinə sahib olan Türkmənistan yeni bazarlarda xeyli qaz sata bilər. Müştərilər kimi təchizatçılar da tərəfdaşların müxtəlif olmasından faydalanırlar.

Nəhayət, 31 dekabr 2020-ci il tarixində layihənin son seqmentində ticarət əməliyyatların başlanması Cənub Qaz Dəhlizi layihəsinin başa çatdığını göstərə bilər, bu, eyni zamanda hökümətlərin özəl sektorla ortaq şəkildə hansı uğurlara nail ola biləcəyinin vacib modelini təqdim edir. Enerji təhlükəsizliyini artırmaq və dəyişən beynəlxalq enerji ehtiyaclarını ödəmək məqsədi Xəzər regionuna daha böyük maraq göstərməyə zəmin yaradır.