Vətən müharibəsi dövründə İtaliyanın konstruktiv mövqeyi ölkələrimiz arasında əməkdaşlığı dərinləşdirib
Azərbaycanın Vətən müharibəsi dövründə apardığı mübarizədə İtaliyanın konstruktiv mövqeyi iki ölkə arasında əməkdaşlığı dərinləşdirib.
Bu sözləri iqtisadçı ekspert Elşad Məmmədov deyib.
Ekspert qeyd edib ki, Azərbaycan İtaliya ilə qarşılıqlı iqtisadi əməkdaşlığın dərinləşməsinə və inkişaf etməsinə daim önəm verib. Eyni zamanda, İtaliya tərəfi də ölkəmizin müstəqillik dönəmində Azərbaycanla dayanıqlı iqtisadi münasibətlərin qorunmasında ciddi rol oynayıb. Bu əməkdaşlıq enerji sahəsindəki əlaqələri şərtləndirib.
“Əminliklə söyləyə bilərik ki, İtaliya Azərbaycanın xarici iqtisadi siyasəti, ticarət dövriyyəsi nöqteyi-nəzərindən prioritet dövlətdir. Azərbaycanın əsas ixrac məhsulları olan neft və qazın ixracı baxımından İtaliya Avropa İttifaqının tərkibində uzun illər əsas hədəf bazar olub. Düşünürəm ki, bundan sonra da bu əməkdaşlıq davam edəcək. İqtisadi sahədə, xüsusən də enerji sahəsində əməkdaşlıq Azərbaycanın xarici ticarət dövriyyəsində İtaliyanın mərkəzdə olması, eyni zamanda, insan kapitalı ilə bağlı olan sahələrdə də əməkdaşlığa təkan verir. Azərbaycan ilə İtaliya arasında iqtisadi əməkdaşlığın dərinləşməsi, həmçinin təhsil, səhiyyə, elm sahələrində əməkdaşlığa təkan verir. Hesab edirəm ki, İtaliya texnologiyalarının ölkəmizdə tətbiqi ilə bağlı Azərbaycana investisiya şəklində gəlməsi üçün böyük perspektivlər var. Çünki İtaliya şirkətlərinin bu sahədə böyük təcrübəsi var. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində və bütövlükdə, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətli, yüksək texnoloji tutumlu inkişafının təmin edilməsində həmin texnologiyalardan istifadə edilməsi olduqca böyük rol oynaya bilər”, - deyə o bildirib.