20 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İslahat proqramının məqsədi dövlət şirkətlərində idarəetmənin təkmilləşdirilməsi və səmərəliliyin yüksəldilməsidir

Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında" fərmanagörə, şirkətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurası yaradılıb və şuranın tərkibi müəyyənləşib. İqtisadçı ekspert Qulu İbrahimli ilə müsahibənin mövzusu Müşahidə Şurasının yaranma zərurəti və fəaliyyət perspektivləri barədədir.

- Qulu müəllim, dövlət şirkətlərinin, dövlətin payı olan səhmdar cəmiyyətlərin fəaliyyətinin səmərəliliyinin təmin edilməsi üçün dövlət səviyyəsində atılan addımlar hansı zərurətlərdən doğur?

- Dövlət müəssisələrində korporativ idarəetmənin təmin olunması üçün hökumətin qəbul etdiyi qərarlara özündə müəyyən strateji baxışları və hədəfləri ehtiva edən əvvəlcədən müəyyən olunmuş bəlli strategiyanın həyata keçirilməsi çərçivəsində atılan addımlar kimi baxmaq lazımdır. Bu addımlar yeni iqtisadi inkişaf yanaşması ilə davamlı iqtisadi artımı təmin etmək üçün aparılan iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq həyata keçirilən sistem xarakterli tədbirlərdir.

2016-cı ilin dekabr ayında təsdiq olunmuş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə seçilən dörd hədəfdən ikincisi "Özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi" olub və bu hədəf üzrə əsas prioritetlərdən biri kimi "İqtisadiyyatda dövlət sektorunun rolunun səmərəliliyinin artırılmasına dair ümumi yanaşmanın koordinasiya edilməsi" müəyyən edilib. Bu hədəf, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması və özəlləşdirmənin həyata keçirilməsi yolu ilə iqtisadi dinamikliyi təmin etməkdən ibarətdir.

- Yaxın gələcəkdə bu istiqamətdə hansı tədbirlərin görülməsi gündəlikdədir?

- 2025-ci ilədək milli iqtisadiyyat üzrə uzunmüddətli baxışa əsasən, dövlət sektorunun 2025-ci il üzrə iqtisadi perspektivdə öz yenilənmiş rolunu həyata keçirməsi üçün dövlət müəssisələrinin fəaliyyəti ciddi monitorinq ediləcək və idarə olunacaqdır. Burada əsas məqsəd həmin müəssisələrdə dövlətin idarəetmə çərçivəsinin aydınlaşdırılması, həmçinin monitorinq və strateji menecmentin tətbiqidir. Əksər dövlət müəssisələrinin fəaliyyətlərini nəzərə alacaq aydın mandat və icra hədəflərinin işlənib hazırlanması şəffaflığı artıracaq, habelə dövlət, dövlət müəssisəsi və ictimaiyyət arasında yaradıcı dialoqu inkişaf etdirəcəkdir. Monitorinq və sahiblik daha da möhkəmləndiriləcək, peşəkar korporativ strukturlar gücləndiriləcəkdir.

İri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində ən yüksək şəffaflıq səviyyəsini təmin etmək və səmərəliliyi yüksəltmək məqsədilə müasir korporativ idarəetmə prinsiplərinin tətbiq olunması, vacib struktur dəyişikliklərinin aparılması istiqamətində lazımi tədbirlərin həyata keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyi də Strateji Yol Xəritəsində vurğulanıb.

- Özəlləşdirmə ilə bağlı prioritetlər müəyyənləşdirilərkən nələrə üstünlük veriləcəyi gözlənilir?

- "İqtisadiyyatda dövlət sektorunun rolunun səmərəliliyinin artırılmasına dair ümumi yanaşmanın koordinasiya edilməsi" prioritetinin əsaslandırılmasında qeyd edilib ki, Strateji Yol Xəritəsi özəlləşdirmə məqsədləri üçün dövlət səhmdarlığı və dövlətin mülkiyyətçisi olduğu müəssisələrdə onun iştirak səviyyəsinin müəyyən edilməsi ilə bağlı iki mühüm məsələnin nəzərə alınmasını təklif edir. Dövlət mülkiyyətində olan müəssisələrin aktivlərində özəl sektorun xüsusi çəkisinin artırılması və ya onların dövlət mülkiyyətində saxlanılması ilə bağlı qərarlar müəssisənin fəaliyyətinin təkmilləşdirilməsi və rentabelliyinin artırılması məqsədilə verilməlidir. Bundan başqa, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı prioritetlər müəyyənləşdirilərkən ilk növbədə regionda rəqabət potensialı olan və sosial-iqtisadi inkişafa əhəmiyyətli töhfə verə biləcək fəaliyyətsiz müəssisələrin özəlləşdirilməsinə üstünlük verilməlidir.

Strateji Yol Xəritəsində uzunmüddətli dövr üçün dövlət mülkiyyətçiliyinə əsaslanan tələbatın müəyyən edilməsinin aşağıdakı 5 meyar əsasında həyata keçirilməsi planlaşdırılıb:

-​dövlət şirkəti özəl sektor vasitəsilə icra oluna bilməyən, lakin cəmiyyət üçün vacib olan maraqların təmin edilməsini həyata keçirir;

-​dövlət mülkiyyətində olan müəssisələrin yaradılması və ya dəstəklənməsi zamanı dövlət müəssisələrinin fəaliyyət sahəsi üzrə milli maraqların mövcudluğu nəzərə alınmalıdır;

-​dövlət mülkiyyətçiliyinin davam etdirilməsi həmin müəssisələrin uzunmüddətli dövr ərzində dövlət üçün əhəmiyyətli dərəcədə əlavə dəyər yaratdığı halda tələb olunur;

-​dövlət mülkiyyətçiliyinin davamlı xarakter daşıması rəqabət mühitinin qorunub saxlanması və təbii inhisarçılığın qarşısının alınması məqsədilə tələb olunur;

-​dövlət mülkiyyətçiliyinin davam etdirilməsi məşğulluğun təmin edilməsi üçün tələb olunur.

- SOCAR kimi iri dövlət şirkətlərinin dövlət mülkiyyətində saxlanılması hansı strateji hədəflərdən irəli gəlir?

- İqtisadiyyat naziri və yeni yaradılımış Müşahidə Şurasının rəhbəri Mikayıl Cabbarov "Bloomberg" agentliyinə müsahibəsində bildirib ki, SOCAR da daxil olmaqla, iri dövlət şirkətlərindəki səhmlərin satılmağı planlaşdırılmır. Müsahibədə o da vurğulanıb ki, buna baxmayaraq, Azərbaycan özəlləşdirmə proqramı qəbul etmək niyyətindədir. Bu, indiyədək təklif olunmayan yeni aktivləri əhatə edəcək: "Biz müəyyən müddət ərzində "Özəlləşdirmə naminə özəlləşdirmə” aparmağı düzgün hesab etmirik. Ona görə də investisiya holdinq şirkəti yaratmışıq. Bu holdinqə səhmlərin dəyərini artırmaq və işləmək imkanı verilib".

Nazirin müsahibəsinə əsasən deyə bilərik ki, SOCAR və digər iri dövlət şirkətləri üzrə dövlət mülkiyyətçiliyinə tələbatın müəyyən edilməsinin başa çatdırılması Strateji Yol Xəritəsindəki tədbirlər planında nəzərdə tutulmuş icra müddətində (2017-2020-ci illər) təmin olunub. Onların dövlət mülkiyyətində saxlanılması ilə bağlı qərarlar müəssisənin fəaliyyətinin təkmilləşdirilməsinə və rentabelliyinin artırılmasına xidmət edir. İslahat proqramının icrasına başlanılması dövlət mülkiyyətində olan həmin şirkətlər üzrə idarəetmənin təkmilləşdirilməsi və səmərəliliyin yüksəldilməsi məqsədini daşıyır.

- İqtisadi müzakirələrdə SOCAR-ın tabeliyindəki müəssisələrin özəlləşdiriləcəyi də gündəmə gətirilməkdədir.

- Çoxşaxəli təşkilati struktura malik olan SOCAR kimi şirkətlərin tabeçiliyindəki bəzi müəssisələrin özəlləşdirilməsi də istisna deyil. Habelə, dövlət şirkətlərinin kapital əldə etmək imkanlarını yüksəltmək məqsədilə yerli və ya beynəlxalq bazarlarda qiymətli kağızların emissiyası yolu ilə borclanması, yaxud yerli birjalarda səhm buraxması təcrübələrinin nəzərə alına bilməsi Strateji Yol Xəritəsində nəzərdə tutulub. Bu yanaşmanı həyata keçirərkən şirkətləri tam şəkildə deyil, onların ayrı-ayrı hissələrini (məsələn, yanacağın pərakəndə satışı və ya polimer istehsalı) özəl kapitalın iştirakı üçün səhmlərin ilkin kütləvi təklifinə çıxarmaq mümkündür. Onu da qeyd edək ki, SOCAR-ın törəməsi olan “SOCAR Turkey Energy A.Ş.” şirkətinin 13 faizinə sahiblənməsi üçün Amerikanın “Goldman Sachs” investisiya şirkəti ilə SOCAR arasında 12 avqust 2015-ci ildə bağlanmış səhmlərin satış opsionu müqaviləsi təcrübəsi mövcuddur.

Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsindəki tədbirlər planında “Özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi” hədəfindəki prioritetlər üzrə müvafiq tədbirlərin əsas içraçısı Dövlət Əmlak Komitəsi, digər iştirakçı isə İqtisadiyyat Nazirliyi göstərilib. İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli fərmanı ilə Dövlət Əmlak Komitəsi müvafiq dövlət xidməti statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib. Həm iqtisadi artım üçün əlverişli şəraitin yaradılmasına cavabdeh olan dövlət qurumu, həm də əsas mülkiyyətçisi (səhmdarı) dövlət olan şirkətlərin fəaliyyəti və əmlakı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı kimi, İqtisadiyyat Nazirliyinin həmin şirkətlərin korporativ idarəetməsində müşahidə şuralarına rəhbərlik etməsi qanunauyğun və təbii haldır.

Fəxriyyə İkramqızı

VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur? VergiHansı vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməz? Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür?