AZPROMO-da 2020-ci ilin yekunlarına dair onlayn brifinq keçirilib
Yanvarın 28-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) fəaliyyəti, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində görülən işlər və qarşıda duran vəzifələrə dair onlayn formatda mətbuat konfransı keçirilib. AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, yerli istehsalın stimullaşdırılması, rəqabətədavamlı qeyri-neft məhsullarının istehsalı, ixracatçılara yaradılmış əlverişli şərait, “Made in Azerbaijan” brendinin xarici ölkələrdə tanıdılması və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.
Qeyd olunub ki, 2020-ci il ərzində AZPROMO-nun dəstəyi ilə Azərbaycan şirkətləri Almaniyada “Beynəlxalq Yaşıl Həftə 2020”, Rusiyada “Prodexpo 2020” və “WorldFood Moscow 2020”, BƏƏ-də “Gulfood 2020” və Çində “3-cü Çin Beynəlxalq İdxal” sərgilərində iştirak edib, Azərbaycan məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunub. 2021-ci ildə də Azərbaycan sahibkarlarının beynəlxalq sərgilərdə iştirakı nəzərdə tutulur.
Məlumat verilib ki, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə indiyədək Azərbaycan şirkətlərinin xarci ölkələrə 33 ixrac missiyası təşkil olunub, məhsullarımız 33 beynəlxalq sərgidə vahid ölkə stendində təqdim edilib.
2020-ci ildə ixrac təşviqinin ödənilməsi ilə bağlı daxil olan müraciətlər əsasında 97 sahibkarlıq subyektinə 9,6 milyon manatdan çox ixrac təşviqi ödənilib. “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində önəmli mexanizmlərdən olan “ixrac təşviqinin geri ödənilməsi” mexanizminin tətbiqi 2020-ci ilin 31 dekabr tarixindən başa çatdırılıb. Ümumilikdə indiyədək daxil olan 3297 müraciət əsasında, 3214 məktub-sərəncam verilib, 153 sahibkarlıq subyektinə 27 mln manatadək ixrac təşviqi ödənilib.
Ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların cəlb edilməsinin AZPROMO-nun əsas fəaliyyət istiqamətlərindən olduğunu vurğulayan Yusif Abdullayev bu sahədə görülən işlər, həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirilib ki, Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə “Birbaşa xarici investisiyaların təşviqinə dair 2021-2025-ci illər üçün Strategiya” hazırlanır və strategiyada investorlara xüsusi fərdi xidmətlərin göstərilməsi nəzərdə tutulur.
Mətbuat konfransında Azərbaycanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin xarici tərəfdaşları ilə işgüzar əlaqələrinin genişləndirilməsi və Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun artırılması istiqamətində tədbirlərin davam etdirildiyi vurğulanıb. Sonda jurnalistlərin sualları cavablandırılıb.