BƏT-in icmalı: 2021-ci ildə əmək bazarında nələr gözlənilir?
COVID-19 pandemiyası ilə əlaqədar misli görünməmiş itkilərə məruz qalmış əmək bazarında zəif də olsa ilk bərpa əlamətləri görünür.
Beynəlxalq Əmək Təşkilatının (BƏT) növbəti icmalı bu mövzuya həsr edilib. BƏT ekspertləri 2021-ci ildə bu sahədə hadisələrin inkişafının ehtimal edilən üç ssenarisini hazırlayıblar.
“COVID-19 və əmək bazarı” adlı məruzədə deyilir ki, 2020-ci ildə pandemiya əmək bazarına sarsıdıcı zərbə vurub. 2019-cu ilin dördüncü rübü ilə müqayisədə 2020-ci il ərzində iş vaxtı itkisi 8,8 faizə bərabər olub. 255 milyon iş yeri itirilib. Bu, 2009-cu ildəki qlobal maliyyə böhranı dövrünün göstəricisi ilə müqayisədə təqribən dörd dəfə çoxdur. Buraya pandemiya şəraitində çalışanların iş vaxtının qısaldılması və misli görünməmiş işsizliklə bağlı itkilər daxildir. 114 milyon nəfər iş yerini itirib. Bu insanların 71 faizi ya tətbiq olunan məhdudiyyətlərə görə işləyə bilməyən, ya da artıq ümidini üzərək iş axtarmaqdan əl çəkmiş adamlardır. Nəticədə əmək gəlirləri 8,3 faiz və ya 3,7 trilyon dollar azalıb. Bu, qlobal ÜDM-in 4,4 faizinə ekvivalentdir.
Tədqiqatın müəllifləri qeyd edirlər ki, pandemiyanın təsiri hər yerdə bərabər olmayıb. Məsələn, kişilərlə müqayisədə qadınlar daha çox zərər çəkiblər. Belə ki, kişilər arasında işini itirənlər 3,9 faiz, qadınlar arasında isə 5 faiz olub.
15-24 yaşlı gənclər arasında işsizlik 8,7 faiz, daha yaşlı insanlar arasında isə bu göstərici 3,7 faiz olub. BƏT ekspertlərinin fikrincə, bu rəqəmlər “itirilmiş nəsil” yaranması təhlükəsinə dəlalət edir.
Pandemiyanın mehmanxana və yeyinti sənayesi sahələrinə vurduğu zərbə xüsusilə ağır olub. Bu sahələrdə məşğulluq 20 faiz azalıb. Sonrakı yerləri istehsal və pərakəndə satış sahələri tutur. Bununla belə, ötən ilin üçüncü və dördüncü rüblərində informasiya-kommunikasiya, maliyyə və sığorta sahələrində məşğulluq artıb. Mədən sənayesi və kommunal xidmətlər sahələrində cüzi artım müşahidə olunub.
Ekspertlər ümid edirlər ki, cari ilin ikinci yarısında bəzi ölkələrdə əmək bazarı qismən bərpa olunacaq. Beynəlxalq Əmək Təşkilatının rəhbəri Qay Rayder deyir: “Nəzərə çarpan bərpa əlamətləri ümidvericidir, lakin bu əlamətlər çox zəifdir və biz unutmamalıyıq ki, hər hansı qrup və ya ölkə təkbaşına bərpa oluna bilməz”.
Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsaslanan ssenariyə görə, 2021-ci ildə iş saatları 2019-cu ilin dördüncü rübü ilə müqayisədə 3 faiz azalacaq. Bu, 90 milyon iş yerinin itirilməsi deməkdir.
Bədbin ssenariyə görə, vaksinasiyanın uzanacağı, iş yerlərinin 4,6 faiz azalacağı gözlənilir. Əlverişli şəraitdə isə bu itkilər cəmi 1,3 faiz olacaq. Lakin hər şey epidemiyanı nəzarətə götürməyin mümkün olub-olmayacağından və istehlakçıların, iş adamlarının əhvalından asılı olacaq. Ekspertlər vurğulayırlar ki, hər bir halda Şimali və Cənubi Amerikada, Avropada və Mərkəzi Asiyada itkilər dünyanın digər regionları ilə müqayisədə iki dəfə çox olacaq.
Məruzədən belə məlum olur ki, COVID-19 ilə bağlı böhranın müxtəlif sektorlara təsiri qeyri-bərabər olduğuna görə, ən çox zərər çəkmiş sektorlar bərpa dövründə daha çox geri qalacaqlar. Məruzə müəllifləri buna yol verməməyə çağırırlar.
Qay Rayder deyib: “Biz yolayrıcındayıq. Bu yolların biri qeyri-sabit və ədalətsiz bərpa yolu, digəri isə insanın mənafeyinə, məşğulluğun, gəlirlərin və əhalinin sosial müdafiəsinin təmin edilməsinə, əməkçilərin hüquqlarına riayət olunmasına və ictimai dialoqa, daha yaxşı dünya qurmağa yönəlmiş bərpa yoludur. Əgər biz bərpanın sabit və uzunmüddətli olmasını, onun üstünlüklərindən istisnasız olaraq hər kəsin istifadə edə bilməsini istəyiriksə, ikinci yolla getməliyik”.
Məruzə müəllifləri pandemiyadan sonrakı dövrdə ölkələrin əmək bazarının bərpa edilməsi üçün düzgün yol seçmələrinə şərait yaradan bir sıra tövsiyələr verirlər.