Məişət texnikası və mobil telefon alarkən nəyə diqqət etmək lazımdır?
İstehlak bazarında soyuducu, kondisioner, tozsoran, mikrodalğalı soba, fen, ütü, televizor, həmçinin mobil telefon və sair kimi məhsulların dövriyyəsi artdıqca, onların keyfiyyəti və satış şərtləri barədə istehlakçıların müraciətləri də artır. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu növ malları alarkən hüquqlarının pozulmaması üçün istehlakçılara diqqətli olmağı tövsiyə edir.
Dövlət Xidmətindən bildirilib ki, məişət texnikası alarkən onun komplektliyinə, keyfiyyətinə, istehsalçı haqqında məlumatın mövcudluğuna, məhsul haqqında qısa annotasiyasının olmasına, məhsula aid sənədlərin təqdim edilməsinə diqqət yetirilməlidir. Eyni zamanda, satıcı ilə müqavilə bağlanmalı, qəbz və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd və zəmanətli satış tələb edilməlidir. Zəmanət müddəti məhsulun pasportunda və ya nişanlama kağızında (yarlıqda) yaxud mala əlavə olunan sənəddə göstərilməlidir. Məhsul zəmanətli satılarkən, satıcı onun pasportunda malın bu obyektdən alındığını və satış tarixini təsdiq edən ştamp vurmalıdır. Bu müddət ərzində alınan məhsulda qüsur və ya saxtalaşdırma aşkarlanarsa, istehlakçı qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqlarını tələb edə bilər.
Alıcı zəmanət müddəti müəyyən olunan malda aşkarlanan qüsur barədə satıcı (istehsalçı, icraçı) qarşısında tələblərini malın zəmanət müddəti ərzində irəli sürə bilər. Zəmanət müddəti müəyyən edilməyən mallarda aşkarlanan qüsurlar barədə tələb isə həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürülə bilər. Qüsurların aradan qaldırılması ilə bağlı istehlakçının tələbinə məhsul qəbz və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır. Əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının tələbləri təmin olunmur.
Müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda istehsalçının və ya satıcınınn təqsirindən yaranan qüsur və ya saxtalaşdırma aşkar edilərsə, satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və istehlakçının qanunvericilikdə nəzərdə tutulmuş tələblərindən birini yerinə yetirməyə borcludur. Eyni zamanda, satıcı istehlakçının tələbi və iştirakı ilə məişət təyinatlı mürəkkəb texniki malların quruluşunu, iş prinsipini, standartlara uyğunluğunu əyani nümayiş etdirməyə, malın keyfiyyəti, komplektliyi haqqında zəruri məlumat verməyə, məhsula aid sənədləri təqdim etməyə borcludur.
İnzibati Xətalar Məcəlləsinə əsasən, bu sahədə qanun pozuntusuna yol verən fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək məbləğdə cərimə olunur. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məişət texnikası və mobil telefon istehsalçıları və satıcılarını qanunvericiliyin tələblərinə ciddi əməl etməyə çağırır.