Keçən il fərqlənmə nişanlarına görə 1 milyon 815 min 440 manat məbləğində vergi ödənilib
2020-ci ilin yanvar-dekabr ayları ərzində beynəlxalq avtomobil daşımalarını həyata keçirən yerli avtodaşıyıcılara 97 min 031 ədəd “İcazə” blanklarının verilməsi nəticəsində dövlət büdcəsinə 3 milyon 532 min 866 manat dövlət rüsumunun ödənilməsi təmin edilib.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 2020-ci il üzrə avtomobil nəqliyyatı ilə daşımalara dair görülən işlərlə bağlı hesabatında bildirilib ki, Xidmət və onun yerli qurumları tərəfindən inzibati xətalara dair işlər üzrə 803 protokol tərtib olunub. Onlardan 112-si üzrə qərar qəbul edilərək aidiyyəti üzrə müvafiq məhkəmələrə göndərilib.
Hesabata görə, xüsusi karantin rejimi dövründə fəaliyyətinə icazə verilən 10232 nəfər taksi ilə sərnişindaşıma və 9086 nəfər yükdaşıma xidməti göstərən sürücü barədə məlumatlar "icaze.e-gov.az" portalına yerləşdirilib. “2020-ci ilin yanvar-dekabr ayları ərzində verilmiş 104 min 828 ədəd fərqlənmə nişanı üzrə 1 milyon 815 min 440 manat məbləğində vergi ödənilib. Bunlardan 13 min 078 ədəd şəhərdaxili, 4 min 683 ədəd şəhərlərarası, 16 min 426 ədəd taksi, 63 min 656 ədəd yükdaşıma, 2 min 652 ədədi sifarişlə və 4 min 333 ədəd xüsusi fərqlənmə nişanı təqdim edilib”.