“AzerGold” istiqrazlarının ilk faiz ödənişi həyata keçirilib
QSC-dən bildirilib ki, ümumilikdə 200 min ABŞ dolları həcmində vəsait istiqraz sahibləri arasında bölüşdürülüb.
Qeyd edək ki, maliyyə bazarına təklif edilmiş istiqrazlar qeyri-neft sənayesinin liderlərindən biri olan “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin maliyyə mənbələrinin şaxələndirilməsi, yeni layihələrin icrasına yönəldilməsi ilə yanaşı, ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə vermək, eləcə də vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanları yaratmaq məqsədinə xidmət edir.
Belə ki, yerli bankların xarici valyutada əmanətlər üçün təklif etdiyi illik faiz dərəcələrindən daha yüksək – 4 faiz gəlirlilik vəd edən “AzerGold” istiqrazları geniş xalq kütləsi üçün əlçatan investisiya alətidir. Ümumi emissiya həcmi 20 milyon dollar olan istiqrazların bir ədədi üzrə 100 dollar nominal qiymətində ticarət olunması şirkətlərlə bərabər məhz sıravi vətəndaşlarımız üçün də əlavə gəlir qazanmaq fürsəti yaradıb.
Təsadüfi deyil ki, investorlara 3 illik tədavül müddəti ərzində ildə 4 dəfə olmaqla sabit gəlir qazandıran, tədavül müddətinin sonunda istiqrazların nominal dəyərini geri almaq hüququ verən “AzerGold” istiqrazlarının Bakı Fond Birjasında həm birinci, həm də ikinci tranş üzrə keçirilmiş hərracında tələb kifayət qədər yüksək olub, təklifi orta hesabatla 2 dəfədən çox üstələyib. Konkret olaraq hər tranş üzrə 10 milyon dollar həcmində yerləşdirilən istiqrazlara 1-ci hərracda 25,5 milyon, 2-ci hərracda 18 milyon dollar məbləğində sifariş toplanıb.
Bir sözlə, hazırda ölkənin maliyyə bazarı üçün ən əlverişli şərtlərlə təqdim edilən investisiya alətlərindən hesab olunan “AzerGold” istiqrazları ölkəmizdə həyata keçirilən dayanıqlı iqtisadi siyasətin təzahürü kimi dövlətin həyata keçirdiyi maliyyə siyasətinin tərkib hissəsi olan qiymətli kağızlar bazarının inkişafı fonunda maliyyə alətlərinin müxtəlifliyini və maliyyə bazarlarının dərinliyini artırır, qeyri-neft sektorunun əhatəsini daha da genişləndirir.
Xatırladaq ki, “AzerGold” istiqrazlarının birinci və ikinci tranş üzrə hərracları cari il sentyabrın 24-də və noyabrın 30-da Bakı Fond Birjasında keçirilib. İstiqrazların orta ölçülmüş qiyməti 1-ci tranş üzrə 101,7 dollar, 2-ci tranş üzrə isə 102,4 dollar təşkil edib. “AzerGold” istiqrazları üzrə növbəti rüblük faiz ödənişi isə 2021-ci ilin mart ayında baş tutacaq.