15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmanətlərin sığortalanması mexanizminin yeni çərçivəsinə dair hərtərəfli strategiya hazırlanıb

Azərbaycanda bank sektoru üzrə aparılmış sağlamlaşdırma tədbirlərinin nəticələri və əmanətlərin tam sığortalanması mexanizminin maliyyə sabitliyinin lövbəri rolunu oynaması nəzərə alınmaqla, qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondu tərəfindən əmanətlərin sığortalanması mexanizminin yeni çərçivəsinə dair hərtərəfli strategiya hazırlanıb.
Bu barədə Mərkəzi Bankın açıqlamasında bildirilir.
Məlumatda qeyd edilir ki, strategiya Azərbaycan Respublikasının Baş nazirinin rəhbərliyi altında İqtisadi Şurada geniş müzakirə edilmiş, müzakirələrin nəticəsi olaraq 5 aprel 2021-ci ilədək keçid dövrü müəyyən edilməklə əmanətlərin tam sığortalanması sxemindən çıxılması və cari situasiyaya uyğun əmanətlərin sığortalanması üzrə daha təkmil çərçivənin formalaşdırılması məqsədəuyğun sayılmış, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklərin edilməsi təklif olunub və müvafiq Qanun layihəsi Milli Məclisə təqdim edilib:
- Fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılması. Təklif edilən dəyişikliyin tətbiqi say etibarilə cəmi əmanətçilərin 99.9 faizinin əmanətlərinin tam qorunmasını təmin edəcək.
- Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bank hesablarında olan vəsaitləri üzrə kompensasiya məbləği 20 min manat müəyyən edilməklə sığortalanması. Bu kateqoriyadan olan sahibkarlar maliyyə risklərinə daha həssas olduğundan vəsaitlərinin itirilməsi onların fəaliyyətinin dayanması ilə nəticələnə bilər. Bu baxımdan, fərdi sahibkarların əmanətlərin sığortalanması sisteminə daxil edilməsi hökumətin kiçik sahibkarlığın inkişafı siyasətini dəstəkləyəcək və bank sisteminə etimadın artırılmasına xidmət edəcək.
- Notariusların depozit hesablarında qalmış fiziki şəxslərə məxsus pul vəsaitlərinin tam məbləğdə sığortalanması. Bu dəyişiklik notariuslar vasitəsilə həyata keçirilən alqı-satqı əməliyyatları, xüsusilə daşınmaz əmlakın alqı-satqısı zamanı maliyyə xidməti istehlakçılarının hüquqlarının qorunmasını daha da gücləndirəcək.
“Əmanətlərin sığortalanması haqqında” Qanuna təklif olunan dəyişikliklər dövlət tərəfindən pandemiya şəraitində qəbul edilmiş digər mühüm qərarlarla ahəngdarlıq təşkil edir. Nəzərdə tutulan dəyişikliklər əmanətçilərin mütləq əksəriyyətinin əmanətinin tam qorunmasına, banklarda risk idarəetməsini təkmilləşdirməyə, bazar intizamı və rəqabət mühitini gücləndirməyə, beləliklə bank sisteminin dayanıqlığı və əmanətçilərin mənafelərinin etibarlı qorunmasına imkan verəcəkdir.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?