31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İşğaldan azad edilən rayonlar iqtisadi inkişafın dayanıqlığına mühüm töhfələr verə bilər

İşğaldan azad edilən rayonlar iqtisadi inkişafın dayanıqlığına mühüm töhfələr verə bilər

Hazırki şəraitdə Azərbaycanın cəbhəyanı bölgələrində sahibkarlara dəstək verilməsi olduqca zəruridir. İqtisadçı ekspert Elşad Məmmədov bu fikirdədir. O hesab edir ki, işğaldan azad olunan torpaqlarda da işgüzar fəallığın inkişafı üçün dövlət tərəfindən müvafiq qaydada tədbirlər görülməlidir. Bunun üçün ən aktual istiqamətin pul-kredit siyasəti ilə bağlı olacağını vurğulayıb: "Çünki həmin regionda kəskin şəkildə investisiya artımına ehtiyac var. İnvestisiya artımının mənbəyi kimi məhz daxili kreditləşmə institutunun inkişaf etdirilməsinə ehtiyac vardır. Mən hesab edirəm ki, Azərbaycanda kəskin şəkildə pul emissiyası yumşaldılmalı və artırılmalıdır. Pul emissiyası şaxələndirilmiş şəkildə reallaşdırılmalıdır".

İqtisadçı hesab edir ki, cəbhəyanı bölgələrdə və işğaldan azad edilən ərazilərdə kreditləşmə ən münbit şərtlərlə məqsədli şəkildə real sektora yünəlik formalaşdırılmalıdır. Faiz dərəcələrinin maksimum endirilməsi, bu istiqamət üzrə Mərkəzi Bankın məqsədli emissiyaya getməsi və aidiyyəti müvafiq səlahiyyətlər verilən kommersiya bankları vasitəsilə 3-4 faizdən yuxarı olmamaq şərtilə sahibkarlara kredit dəstəyi verilməlidir. E.Məmmədov eyni zamanda, həmin bölgədəki sahibkarlara vergi stimullaşdırılmasının tətbiqinə də ehtiyac olduğunu deyib: "Bununla yanaşı digər istiqamətlər üzrə, o cümlədən texniki dəstək yönümündə dövlətin tədbirlərinin sistemləşdirilməsi cəhbəyanı bölgələrdə, eləcə də işğaldan azad edilən bölgələrdə Azərbaycanın regional iqtisadi inkişafının dayanıqlığına olduqca mühüm töhfələr verə bilər. Bu istiqamətdə artıq indidən müvafiq qaydada konseptual yanaşmaya söykənən tədbirlər hazırlanmalıdır və tətbiq üçün bünövrə yaradılmalıdır. Hesab edirəm ki, 2021-ci ilin əvvəlindən gec olmayaraq bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsinə ciddi zərurət mövcuddur".

Xatırladaq ki, 2020-ci ilin sentyabrın 27-dən etibarən Ermənistan silahlı birləşmələri növbəti dəfə hərbi təxribatlara başlayaraq, beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqla, Azərbaycan Respublikasının hərbi obyektləri və yaşayış məntəqələrini intensiv atəşə tutur. Ötən müddət ərzində cəbhəyanı bölgələrdə yerləşən mülki obyektlərlə yanaşı, çoxsaylı sahibkarlıq obyektləri də düşmən zərbələrinə məruz qalıb. Həmin ərazilərdə qeydiyyatda olan bir sıra vergi ödəyicilərinin təsərrüfat subyektlərinə, əmlaklarına külli miqdarda zərər dəyib, onların sahibkarlıq fəaliyyəti tamamilə dayanıb və ya əhəmiyyətli dərəcədə maliyyə itkiləri ilə üzləşiblər. Onlara dəstək olmaq məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2013 vergi ödəyicisinin 6 milyon 544,3 min manat məbləğində, o cümlədən tam və qismən işğal altında olan rayonlar üzrə 191 vergi ödəyicisinin 103 min manat, cəbhəyanı rayonlar üzrə isə 1822 vergi ödəyicisinin 6 milyon 441,4 min manat məbləğində maliyyə sanksiyasının ləğv olunması barədə qərar verib.

Fərqanə ALLAHVERDİYEVA

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?