Noyabrın 17-də özəlləşdirmə hərracına 37 dövlət əmlakı çıxarılacaq
Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən növbəti hərrac noyabrın 17-də təşkil ediləcək.
ƏMDX-dən AZƏRTAC-a bildirilib ki, hərraca 37 dövlət əmlakı çıxarılacaq. Bunlardan 24-ü kiçik dövlət müəssisəsi və obyekti, biri yarımçıq tikili, 12-si isə nəqliyyat vasitəsidir. Özəlləşdirməyə çıxarılan əmlakların tam siyahısı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/3dIjHry , https://bit.ly/34fOmcR , https://bit.ly/37n86Nx , https://bit.ly/2He1Uww ).
Kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Artıq həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Hərraca çıxarılacaq dövlət əmlakı respublikanın müxtəlif bölgələrində yerləşən ticarət, xidmət obyektləri və istehsal müəssisələridir.
Dövlət Xidməti tərəfindən təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin olunur. İştirak etmək istəyən şəxslərə seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə bilərlər.
Keçiriləcək hərraclarda iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına (“emlak.gov.az”) və ya Özəlləşdirmə Portalına (“privatization.az”) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (“e-emlak.gov.az”) “Elektron hərrac” bölməsini seçərək onlayn özəlləşdirməyə qoşula bilər.