9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Biznesə dəstək tədbirlərinin vaxtı uzadılıb

Mərkəzi Bank koronavirus pandemiyası şəraitində əhalinin və biznesin dəstəklənməsi istiqamətində əlavə dəstəkləyici tədbirlərin vaxtının uzadılması barədə qərar qəbul edib. Səbəb kimi koronavirus pandemiyası nәticәsindә iqtisadi aktivliyin tam bərpa edilməməsi, biznes vә ev tәsәrrüfatlarının iqtisadi aktivliyinin və gәlirlәrinin aşağı düşmәsi, ödәniş qabiliyyәtinin pislәşmәsi, habelə dövlət fondları tərəfindən pandemiya ilə əlaqədar subsidiyaların ayrılması prosesinin davam etdirilməsi göstərilib. Bunları nəzərə alaraq kredit təşkilatlarının tənzimləmə yükünün azaldılması və maliyyə xidmətlərinin istehlakçılarının hüquqlarının qorunması istiqamətində 30 sentyabr 2020-ci il tarixinədək qəbul edilən qərarların və tövsiyələrin tətbiqi müddətinin 01 yanvar 2021-ci il tarixinədək uzadılması məqsədəuyğun hesab edilib.

Mərkəzi Bankdan verilən məlumata görə, pandemiya ilə əlaqədar tətbiq edilən karantin dövründə banklar tərəfindən pandemiyadan təsirlənmiş fiziki şəxslərin və sahibkarların kreditlərinin geniş restrukturizasiyası prosesinə başlanılıb. 2020-ci il sentyabrın 15-i tarixinə pandemiya ilə bağlı 1,3 milyard manat məbləğində restrukturizasiya müraciəti olunub. Müraciətlərin məbləğ üzrə 85%-i icra edilib. Hazırda banklarda restrukturizasiya müraciətlərinə baxılması prosesi davam edir.
Həmçinin, pandemiya dövründə nağdsız ödəniş xidmətlərinin stimullaşdırılması və iqtisadi subyektlərin bu xidmətlər üzrə xərclərinin azaldılması məqsədilə Mərkəzi Bankın banklararası ödəniş sistemlərində banklardan tutulan xidmət haqqlarının 50% aşağı salınması qərarı 01 yanvar 2021-ci il tarixinədək uzadılıb.
Pandemiya ilə bağlı xüsusi karantin tədbirləri şəraitinə baxmayaraq, sığorta bazarında müsbət trendlər davam edib. İlin ilk 9 ayında sığorta yığımları və ödənişləri ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb və bu vəziyyət sığorta şirkətlərinin likvidlik vəziyyətinin qənaətbəxş səviyyədə olmasını təmin edib. Sığorta sektorunun likvidlik vəziyyətinin qənaətbəxş olması İcbari Sığorta Bürosuna ödənilən təqvim haqları ilə bağlı möhlətin verilməsi güzəştinin saxlanmasını zəruri etmir. Eyni zamanda, pandemiya şəraitində sığorta təşkilatlarının makro-iqtisadi şoklara qarşı maliyyə dayanıqlığının daha da gücləndirilməsi məqsədilə sığortaçıların 2019-cu ilin maliyyə nəticələri üzrə yaranmış mənfəətin bölüşdürülməsi və müvafiq dividentlərin verilməsi ilə bağlı məhdudiyyətlərin ilin sonuna qədər uzadılması məqsədəuyğun hesab edilib.

Xatırladaq ki, Prezidentin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilən “Tədbirlər Planı”nın “Karantin rejimi müddətində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi” tədbirinin icrası çərçivəsində maliyyə sektoruna əlavə dəstəkləyici tədbirlər Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 23.04.2020-ci il tarixli, 16 saylı qərarı ilə təsdiq edilib. Həmin tədbirlərə, əsasən fiziki şəxslərin və biznesin, xüsusilə pandemiyadan təsirlənmiş sahibkarların dəstəklənməsi, bu məqsədlə bankların requlyativ yükünün azaldılması, bəzi iqtisadi sahələrin kredit resurslarına çıxış imkanlarının artırılması, pandemiya dövründə iqtisadi subyektlərin ödəniş xidmətləri üzrə xərclərinin azaldılması, sığorta xidmətlərinin fasiləsizliyinin təmin edilməsi və sığorta olunanların hüquqlarının qorunması, kapital bazarı iştirakçılarına requlyativ tətillərin və güzəştlərin verilməsi nəzərdə tutulub.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?