Postpandemiya dövründə rəqəmsal iqtisadiyyatın rolu genişlənəcək
COVID-19 pandemiyası dünya iqtisadiyyatında yeni trendlərin yaranmasını zəruriləşdirib. Bir çox ölkələrdə texnologiyaya əsaslanan yeni xidmətlər təqdim edilir, bazarlar yeni tələblərlə işləməyə alışır. Müsahibimiz Bakı Mühəndislik Universitetinin müəllimi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ceyhun Vəliyevdir.
- Ceyhun müəllim, pandemiyadan sonrakı dövrdə iqtisadi münasibətlərdə hansı yeni tendensiyaların önə çıxacağı gözlənilir?
- İnkişaf etməkdə olan texnologiyalar, sosial-demoqrafik dəyişikliklər və iqtisadi qeyri-müəyyənliklə birlikdə iqtisadi münasibətlərdə ciddi dəyişikliklərin olacağı qaçılmazdır. Bu dəyişikliklərin təməl hərəkətvericilərdən biri də rəqəmsallaşmadır. Rəqəmsal iqtisadiyyat insanlar, müəssisələr, cihazlar, məlumatlar və proseslər arasındakı milyardlarla gündəlik onlayn əlaqədən qaynaqlanan iqtisadi fəaliyyətdir.
Rəqəmsallaşma təkcə internetlə əlaqəli deyil, əvvəlcədən etdiyinizi yenidən etmək üçün ən yeni texnologiyalar vasitəsilə daha yaxşısına nail olmaqdır.
Pandemiya dövründə qlobal iqtisadiyyatda rəqəmsallaşma daha sürətlə baş verir. İndi bir sıra ənənəvi təsəvvürlər dəyişməkdədir. Yeni iş modelləri və idarəetmə mədəniyyəti meydana gəlir. İqtisadiyyatın rəqəmsallaşdırılması dünyada ticarətin idarə olunmasını, optimallaşdırılmasını, paylaşılmasını və yerləşdirilməsini əsaslı şəkildə dəyişdirir, yeni "ağıllı" rəqəmsal şəbəkələr yaranır.
Bu proses məhsuldarlığı artırır, şirkətləri yeni fikirlərə, texnologiyalara, yeni idarəetmə və biznes modellərinə keçməyə təhrik edir və bazarlara yeni çıxış kanalları yaradır. Bunların hamısı nisbətən aşağı xərclərlə əmələ gəlir. Firmalar daha mürəkkəb tapşırıqların öhdəsindən gəlmək üçün getdikcə süni zəkaya daha çox güvənirlər.
- İqtisadiyyatın rəqəmsallaşmasının hansı üstünlükləri var?
- Rəqəmsal iqtisadiyyatın potensial faydaları böyükdür. Çünki proseslərin və istehsalın optimallaşdırılmasına, əməliyyat xərclərinin azaldılmasına və tədarük zəncirlərinin dəyişməsinə kömək edən rəqəmsal məhsul və xidmətlər rəqabət qabiliyyətini və məhsuldarlığı əhəmiyyətli dərəcədə artırmaq imkanları yaradır. İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində qiymətlərin aşağı düşməsi investisiyaların və rəqəmsal texnologiyaların mənimsənilməsini təşviq edir.
Bunun istehlakçılar üçün faydası rəqabətli qiymətlərlə daha geniş çeşidli mal və xidmətlər əldə etməkdir. Bundan əlavə, rəqəmsallaşma sahibkarlıq və iş yerlərinin açılması üçün də yeni imkanlar yaradır. Rəqəmsal iqtisadiyyat hökumətlərə daha çox və daha yaxşı dövlət xidmətləri göstərməyə, idarəetməni inkişaf etdirməyə və ümumilikdə daha yaxşı nəticələr əldə etməyə yardımçı olur.
- Ölkəmizdə bu istiqamətdə hansı addımlar atılır?
- Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" təsdiq edilib. Dövlət Proqramında göstərilir ki, nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində ölkə iqtisadiyyatında şəffaflıq artacaq, vergidən yayınma halları azalacaq, bank sektoru sağlamlaşacaq, işəgötürənlə işçi arasında maliyyə şəffaflığı təmin ediləcək, sosial sığorta ayırmalarının həcmi artacaq, elektron bank əməliyyatlarının çeşidi və həcmi genişlənəcək, elektron bankçılıqdan istifadə edən əhalinin xüsusi çəkisi artacaq, elektron ticarətin həcmi böyüyəcək. Bütün bunlar Azərbaycanda iqtisadiyyatın nağdsızlaşmasını sürətləndirəcək və nəticədə real ÜDM-in və dövlət büdcəsi gəlirlərinin artmasına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə ciddi töhfə verəcəkdir. Məsələn: edvgerial.az saytının fəaliyyətə başlaması ölkəmizdə "kölgə iqtisadiyyatı" ilə mübarizə aparmaq və alış-veriş mühitini monitorinq etmək üçün böyük imkanlar yaradır. Məlum məsələdir ki, alıcı xərclədiyi məbləğin bir hissəsini geri ala bilirsə, satıcıdan çekini mütləq tələb edir və bu, son nəticədə şəffaflığa xidmət edir.
- Rəqəmsallaşmanın məşğulluğa təsirini necə qiymətləndirmək olar: yüksək texnologiyalar işçi qüvvəsinə ehtiyacı azaltmır ki?
- Rəqəmsallaşmanın əmək bazarlarına təsiri, məşğulluq və istehsal münasibətləri üçün nəticələri qeyri-müəyyəndir. Rəqəmsallaşma iş formalarını və iş dünyasını dəyişdirir. İstehsal, istehlak və xidmət sərhədlərini yenidən müəyyənləşdirir. Yeni məhsulların, proseslərin və texnikaların ortaya çıxması böyük imkanlar açmaqla yanaşı, işəgötürənlər və işçilər üçün məşğulluq problemləri də yaradır. Çünki rəqəmsallaşma mövcud iş yerlərini dəyişdirir, yeni tapşırıqları yerinə yetirmək üçün yeni bacarıqlar tələb edir. Bunun üçün mövcud işçi qüvvəsi yenidən hazırlanmalı və ya onlar müasir biliklərə malik işçilər tərəfindən əvəz edilməlidir. İqtisadiyyatda əvvəllər baş verən inqilablar zamanı da bu cür problemlər meydana çıxıb və ciddi mənfi təsirləri olub.
- Maliyyə bazarlarında rəqəmsallaşmanın təsirləri hansı formada özünü göstərə bilər?
- Rəqəmsal maliyyə xidmətlərinə keçid pandemiyadan əvvəl də maliyyə daxilolmalarının inkişafına kömək edirdi. 2003-cü ildə SARS epidemiyası Çinin rəqəmsal ödənişlər və e-ticarətə başlamasını sürətləndirdiyi kimi COVID-19 pandemiyası da rəqəmsal maliyyə xidmətlərinin istifadəsini sürətləndirir. Pandemiya rəqəmsal maliyyə xidmətləri üçün dəyişdirici ola bilər. Fiziki və hüquqi şəxslər mobil pul və onlayn bankçılıq sahəsindəki inkişaflardan daha çox faydalana bilərlər. Rəqəmsal maliyyə xidmətləri nəticəsində maliyyə daxilolması da iqtisadi inkişafa təkan verə bilər.
Maliyyə sahəsindəki rəqəmsallaşma indi sadəcə texnologiya hadisəsi deyil, uğurlu iş strategiyasının bir hissəsinə çevrilən yeni anlayışdır. Rəqəmsallaşma maliyyə sahəsindəki iş əməliyyatlarına müsbət təsir göstərir. Bu, daha sürətli, qənaətli əməliyyatlara, tənzimləmə müddətlərinə cavab verməyə, işçi və müştəri təcrübəsini yaxşılaşdırmağa və rəqabət qabiliyyətini qorumağa gətirib çıxarıb. Bütün bunlar müasir bankçılıqda bankomatlara və mobil tətbiqetmələrə qədər bank işinin inkişafı rəqəmsal texnologiyanın daha çox seçim, rahatlıq və təcrübə təqdim etməsinə şərait yaradıb.
Nəticə olaraq onu vurğulayım ki, rəqəmsallaşmanın iqtisadiyyatın bütün sahələrinə tətbiqi müasir dövrün çağırışlarındandır. Düşünürəm ki, bu keçidin yaratdığı özünəməxsus problemlər zaman keçdikcə öz həllini tapacaq. Hər bir ölkənin iqtisadiyyatının rəqəmsallaşması onun informasiya resurslarına və texnologiyalarına malik olmasının və bunlardan istifadəsinin səviyyəsindən asılı olacaq.
Fərqanə ALLAHVERDİQIZI