14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Satınalmalara etibarın artması rəqabəti gücləndirir

Tenderin açıq keçirilməsi, dövlət satınalmalarında səmərəlilik və şəffaflıq büdcə vəsaitlərinə qənaət edilməsinə və vəsaitlərin səmərəli xərclənməsinə imkan verir.

Millət vəkili Vüqar Bayramov bildirib ki, şəffaflıq tenderlər vasitəsilə həyata keçirilən fəaliyyətlərin effektivliyinin artırılması baxımından vacibdir: "Dövlət satınalmaları şəffaf olarsa, büdcə vəsaitlərinin səmərəliliyi ilə yanaşı effektivliyini artırar. Təəssüflə qeyd etmək istəyirəm ki, aparılan monitorinqlər tenderlərin keçirilməsi ilə bağlı müəyyən qaranlıq məqamların qaldığını göstərir.

Xüsusən də bir mənbədən satınalma metodundan istifadə olunması və tenderlə bağlı məlumatların çox qısa zamanda mətbuatda yayımlanması, həmin elanlarla bağlı iş adamlarına məlumatların verilməməsi nəticədə tenderlərin şəffaf keçirilməsini sual altına alır.

Son illər satınalmalar sahəsində şəffaflığın artırılması ilə bağlı müəyyən işlərin görüldüyünü istisna etmək olmaz. İqtisadiyyat Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir və bu sahədəki təcrübəni genişləndirməklə, nəzarəti gücləndirməklə satınalmalarda şəffaflığın artırılması mümkündür. Düşünürəm ki, burada elektron xidmətlərdən daha çox istifadə edilməsinə ehtiyac var. Tenderlərin elektron qaydada keçirilməsi həm məbləğ, həm miqyas baxımından çox vacibdir. Bu, birbaşa ünsiyyətləri minimuma endirməyə imkan verəcək.

Tenderlərin monitorinq mexanizminin təkmilləşdirilməsinə və ictimai nəzarətin gücləndirilməsinə də ehtiyac var. İctimai nəzarət tenderlərə kənar nəzarətin formalaşmasına imkan yarada bilər.

Kommersiya və dövlət sirrinin qorunması şərtilə tenderin nəticələrinin yayımlanması, böyük tenderlərdə qalib olan şirkətlərlə bağlı ətraflı məlumatların, onun əvvəlki dövrlərdə fəaliyyəti, layihələri barədə informasiyaların açıqlanması zəruridir. Əminik ki, İqtisadiyyat Nazirliyinin son dövrlərdə həyata keçirdiyi fəaliyyətlər satınalmaların şəffaflığının mərhələli şəkildə təmin olunmasına imkan yaradacaq".

Satınalma üzrə ekspert Vüqar Hüseynov satınalma proseslərinin elektronlaşmasının vacibliyini vurğulayıb: "Satınlamalarda şəffaflığın olması tələbi birmənalıdır. Azərbaycanda bu istiqamətdə əsas işlər "Dövlət satınalmaları haqqında" Qanuna elektron açıq tenderlərin tətbiqi ilə bağlı maddənin əlavə edilməsi ilə aktivləşdi. Hələ proses tam yekunlaşmasa da, artıq elektron satınalmanı ehtiva edən sayt üzərində qanundakı bütün tələblərin nəzərə alınması istiqamətində iş gedir.

Elektron satınalma prosesinin bütün mərhələləri – satınalma planlarının hazırlanması, tender elanlarının verilməsi, əsas şərtlər toplusunun alınması, təkliflərin təqdim edilməsi, yekun qiymətləndirmə, şikayətlər tam elektronlaşmalıdır.

Əgər şəffaflıq, dövlət vəsaitlərindən səmərəli və qənaətlə istifadə olunmasını, korrupsiya hallarının aradan qaldırılmasını istəyiriksə, elektronlaşma prosesi tam başa çatmalıdır. Boşluqlar aradan qaldırılmalıdır. Elektron satınalma şəffaflığın təmin olunması istiqamətində atılan mühüm addımlardandır.

Şəffaflıq və hesabatlılığın artırılması, satınalan təşkilatların hesabatlılığı, eləcə də elektron satınalmalar nəzərə alınmaqla qanunvericilikdə dəyişikliklərə ehtiyac var. Bununla həmin qurumların nə dərəcədə effektiv və şəffaf çalışdığı ictimaiyyət üçün daha aydın olacaq. Aydınlıq isə satınalmalar sisteminə etibarı artırır. Etibar yaranması iştirakçılığı və rəqabəti gücləndirir ki, bu da işin səmərəli və qənaətli icrasına imkan verir. Üstəlik, satınalma prosesləri özləri də bütövlükdə dövlət idarəçilik proseslərindən kənarda deyil. Bu, əsasən büdcə və strateji planların hazırlanması prosesidir. Ona görə də satılalma və təchizat prosesinə birgə baxılmalıdır".

Fərqanə ALLAHVERDİQIZI

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?