9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pandemiya və sığorta

COVID-19 pandemiyası bir çox sahədə insanların davranış və düşüncələrində dəyişikliklər yaratmaqdadır və bu sahələrdən biri, bəlkə də birincisi sığorta sektorudur. Sığorta mütəxəssisi Xəyal Məmmədxanlı bildirib ki, gözlənilməz risklərlə, itkilərlə, sürprizlərlə qarşılaşan insanlar sığortaya dair daha çox məlumat toplamağa başlayıblar.

İnkişaf etmiş ölkələrdə insanların əksəriyyəti indi sığortaya bu cür gözlənilməz vəziyyətlərdən müdafiə yollarından biri kimi baxırlar. Araşdırmalar göstərir ki, koronavirus pandemiyası başlamazdan əvvəl insanların yalnız 10 faizi öz tibbi sığorta paketləri içərisində yoluxucu və pandemik xəstəliklərin olub-olmaması ilə maraqlanırdısa, indi bu göstərici 70 faizə yüksəlib. Yəni hər 100 nəfərdən 70-i tibbi sığortanı COVID-19 kimi gözlənilməz pandemik xəstəliklərlə mübarizə üçün zərurət hesab edir.

Sığorta şirkətləri də mövcud reallıqları nəzərə alaraq yeni məhsullar yaratmağa başlayıblar. "Pandemiyaya dözümlü" yeni sığorta təminatları ucuz olmasa da, müəssisələrə növbəti analoji şoklardan və zərərlərdən sığortalanmaq şansı verir. Həm mövcud sığortaçılar, həm də böhrandan doğulan yeni oyunçular bu fürsətdən istifadə edərək pandemiya risklərini öz mövcud məhsullarına əlavə etməklə, ya da bu cür riskləri ehtiva edən yeni məhsullar yaratmaqla bazarda qalmağı və böyüməyi hədəfləyirlər.

Yaxın keçmişdə SARS, MERS, EBOLA kimi xəstəliklərdən əziyyət çəkmiş ölkələr istisna olmaqla, digər ölkələrdə belə xəstəliklərə risk kimi yanaşılmırdı. Çünki həmin xəstəliklər daha çox lokal xarakter daşıyırdı. Lakin COVID-19 bütün dünyada sığorta şirkətlərinin öz tibbi sığorta məhsullarına yenidən baxmasına səbəb oldu. Şirkətlərin üç səviyyədə işlədiklərini görürük:

  • ümumiyyətlə pandemiyaların istisnalara salınması;

  • pandemiyaları ehtiva edən mövcud sığorta məhsullarının qiymətinin və şərtlərinin dəyişdirilməsi;

  • tamamilə yeni COVID-19 tibbi məhsullarının yaradılması.

Bəzi aparıcı şirkətlər COVID-19 sığortası ilə yeni marketinq addımları atır, yeni müştərilər cəlb etməyə çalışırlar. Avtomobil sığortasında da yanaşma dəyişib. Əksər şirkətlər və insanlar evdən işləmək siyasətini tətbiq etdikləri üçün minik və şəxsi avtomobillərdən istifadə intensivliyində, o cümlədən avtomobillərlə qət edilən məsafələrdə bütün dünya miqyasında kəskin azalma baş verib. Araşdırmanın nəticəsinə görə, mart ayının ortalarından avqust ayının ilk həftəsinə qədər bütün dünyada avtomobillərlə qət edilən məsafə 50 faizdən çox azalıb. Heç kəsə sirr deyil ki, avtomobil sığortası qiymətləri risk dərəcəsinə görə müəyyən edilir. Riskə ən çox təsir edən amil isə avtomobilin gün (il) ərzində qət etdiyi məsafədir.

Bunu əsas götürərək bir sıra sığorta şirkətləri istifadə intensivliyinə əsaslanan avtomobil sığortaları təklif etməyə başlayıblar. Fərqli sığortaçılar tərəfindən tətbiq edilən yeni avtomobil sığortası növü avtomobil sahiblərinə bir il ərzində getdikləri məsafəyə görə sığorta haqqı ödəmək imkanı verir (Azərbaycanda hazırda analoji məhsul, demək olar ki, yoxdur).

COVID-19 böhranı həm həyat, həm də sağlamlıq sığortası sahəsində sığorta anderraytinqi həyata keçirmək üçün texnologiyanın əhəmiyyətli rol oynaya biləcəyini aktullaşdırıb. Əvvəllər sığorta anderraytinqi müştərilərlə üzbəüz ünsiyyət vasitəsilə aparılırdısa, indi sığortalıların riskini qiymətləndirmək üçün daha sürətli, etibarlı və operativ bir yol olaraq teleqiymətləndirmə ortaya çıxıb. Bu metod özünü doğruldarsa, yaxın gələcəkdə əksər sığorta şirkətləri tərəfindən qəbul edilməsi gözlənilir.

Teleqiymətləndirmə yolu ilə tibbi sığorta polisi satarkən, sığortaçı sığortalının sağlamlıq vəziyyəti, həyat tərzi vərdişləri ilə bağlı suallar verir, daha sonra sığortalı sığortaçı tərəfindən təyin olunmuş həkimlə onlayn görüşərək sağlamlıq vəziyyəti barədə bəyannamə verir. Sığorta mədəniyyətinin yüksək inkişaf etdiyi ölkələrdə bu metodun çox yüksək nəticə verəcəyinə ümidlə baxılır.

Son bir neçə ayda rəqəmsal texnologiyalar sığorta sektorunu da dəyişdirir. İndiyədək şirkətlər müştəri ilə canlı təmas vasitəsilə həll etdiyi məsələlərinin əksəriyyətini artıq onlayn rejimdə, müasir texnoloji imkanlardan istifadə etməklə icra edir. Əslində bu proses illər öncə başlamışdı, lakin pandemiya onu sürətləndirdi və artıq geriyə dönüş yoxdur.

Pandemiya bir sıra sığorta növlərinin işinə yarayıb, əvvəllər olduqca ağır satılan bir sıra sığorta məhsullarına tələbat yüksəlib. Məsələn, son vaxtlar "pandemiya səbəbindən gəlir itkisi sığortası" müştərilərin arzu etdiyi sığorta təminatlarından birinə çevrilməkdədir. Eyni zamanda, pandemiya səbəbindən işlərin gecikməsi, gəlirin aşağı düşməsi, şirkətlərin müflisləşməsi riskləri müvafiq olaraq "müqavilələrdən irəli gələn məsuliyyət sığortalarına" və "direktor və rəhbər şəxslərin məsuliyyət sığortalarına" xüsusi maraq yaratmaqdadır.

Yaxın gələcəkdə bu sığorta növlərinin Azərbaycan istehlakçısına da təqdim ediləcəyi istisna deyil. Azərbaycan sığorta bazarı daha çox korporativ, o cümlədən sabit müştərilərlə çalışdığına görə pandemiya şəraitində ölkənin sığorta bazarı sabit qalıb.

Fərqanə ALLAHVERDİQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?