4 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ani ödənişlər sistemi

Vəsaitin bir şəxsdən digər şəxsə köçürülməsi üçün müxtəlif nağdsız ödəniş üsulları mövcuddur. Onlardan biri də ani ödənişlər sistemidir. Mövzunu bank mütəxəssisi Bəxtiyar Məmmədov şərh edir.

Klirinq anlayışı

Bir bank müştərisinin başqa bankda öz hesabından digər şəxsin hesabına vəsait köçürməsi prosesini klirinq mərkəzi tənzimləyir.
Azərbaycanda Mərkəzi Bankın hesablaşma klirinq mərkəzi, ölkədəki bütün bankların isə Mərkəzi Bankda müxbir hesabı vardır. Şərti olaraq belə qəbul edək ki, banklar öncə müəyyən məbləğdə nağd pulu Mərkəzi Banka təhvil verir, Mərkəzi Bank isə həmin pulun məbləğini hər bankın Mərkəzi Bankda olan hesabına mədaxil edir. Daha sonra bir bank digər banka köçürmə etdikdə Mərkəzi Banka (klirinq mərkəzinə) bu köçürmənin məbləği ilə bağlı elektron şəkildə məlumat ötürür, klirinq mərkəzi isə bu məlumata əsasən vəsaiti köçürən bankın hesabında olan məbləği azaldır, vəsaiti alan bankın isə hesabında olan məbləği artırır. Bu, klirinq sisteminin qısa və ümumi iş prinsipidir. Klirinq mərkəzi sanki arada bir neçə bankın vəsaitini əlində saxlayan, bir bankla digər bank arasında köçürülən vəsaitlərin hesablaşmasını aparan "inanılmış üçüncü şəxs" funskiyasını yerinə yetirir.

Tutaq ki, Azərbaycanda yaşayan hər hansı hüquqi şəxs Azərbaycan daxilində digər hüquqi şəxsə müəyyən məbləğdə vəsaiti hesabından köçürmək istəyir. İndiki halda şəxslərdən biri müştərisi olduğu (hesab açdığı) banka yaxınlaşmaqla (yaxud da internet bank vasitəsilə) ödəniş tapşırığı verməlidir. Bank bu ödəniş tapşırığını qəbul etməli və bu ödəniş barədə məlumatı xüsusi sistem vasitəsilə (AZİPS, XÖHKS sistemləri) klirinq mərkəzinə göndərməlidir. Mərkəzi Bank isə klirinq mərkəzində həmin bankın müxbir hesabından müvafiq məbləği çıxmalı və digər bankın müxbir hesabını artırmalıdır. Daha sonra isə vəsaiti alacaq şəxsin müştərisi olan bank klirinq mərkəzindən bu məlumatı əldə etməli və öz müştərisinin hesabını həmin vəsaitin məbləği qədər artırmalıdır. Qeyd etdiyimiz proses elektron şəkildə həyata keçirilir, lakin bütün yoxlamalar tam olaraq ani həyata keçirilmir və bir çox hallarda bu prosesin yerinə yetirilib tamamlanması üçün bir neçə dəqiqədən bir neçə saatadək, bəzən isə bir günədək vaxt sərf edilir. Bu proses yalnız iş saatlarında həyata keçirilə bilər. Bir şəxsin digər şəxsə vəsait köçürməsi üçün ödəniş kartlarından da istifadə edilə bilər. Belə ki, prosessinq mərkəzləri bir sıra hallarda "card-to-card" xidmətini təklif edirlər ki, bu xidmət vasitəsilə də müştərilər bankomatlardan və ya distant bank sistemlərindən istifadə edərək digər bir şəxsin ödəniş kartına vəsait köçürə bilərlər. Bu daha sürətli baş versə də, burada müəyyən çətinliklər vardır. Bu çətinliklərdən biri budur ki, göndərən şəxs qarşı tərəfin kart nömrəsini bilməlidir. Digər çətinlik isə bankdaxili effektiv nəzarət mexanizmlərinin tətbiq edilməsi ilə bağlıdır.

Ani ödənişlər sistemi dünya təcrübəsində

Dünya praktikasında bu tip sistemlər "İnstant Payment system", yaxud "Fast Payment System" adı ilə tanınmaqdadır. Ənənəvi bank köçürmələri ilə ani ödənişin əsas fərqi bu əməliyyatın çox qısa zaman kəsiyində avtomatik şəkildə həyata keçirilməsidir. Məsələn, hər hansı bir şəxs bank vasitəsilə vəsait köçürməsi həyata keçirmək üçün bir neçə dəqiqədən bir neçə günədək vaxt sərf edirsə, ani ödənişlər sistemi vasitəsilə bu, saniyələr ərzində həyata keçirilir. Bu sistem hər gün, 24 saat boyunca işlək olur.

Avropada bu praktika daha irəli getmişdir, artıq bir ölkə daxilində deyil, Avropa ölkələri arasında ani ödənişlər sistemi tətbiq edilir. Məsələn, Avropa Banklar Assosiasiyasının klirinq mərkəzində 2017-ci ilin noyabr ayında "RT1" adlı ani ödənişlər sistemi fəaliyyətə başlamışdır. Bu sistemə 20-dən artıq bank qoşulmuşdur. Postsovet məkanında Latviyadan iki bank da bu sistemə qoşulanlar arasındadır. Qeyd edilən ani ödənişlər sistemində bir tranzaksiya üzrə köçürülməsinə icazə verilən vəsait limiti müxtəlif banklar üzrə müxtəlifdir, 30 avrodan 15.000 avroyadək dəyişir. İndiyədək bu sistem vasitəsilə bir neçə milyondan artıq sayda vəsait köçürülməsi həyata keçirilmişdir. Əlavə olaraq Avropada hazırda 36 ölkənin qoşulduğu "SEPA İnstant Credit Transfer" sistemi mövcuddur. Bu sistem vasitəsilə müxtəlif ölkələrdə və müxtəlif banklarda xidmət alan şəxslər bir-birilərinə 10 saniyə ərzində vəsait köçürə bilirlər.

Böyük ehtimal ki, ani ödənişlər sistemi üçün Azərbaycanda da müəyyən məbləğ limiti təyin ediləcəkdir. Limitdən yuxarı həcmdə vəsait köçürmələri isə əvvəlki qaydada yerinə yetiriləcəkdir. Limitin tətbiq edilməsinə əsas səbəb nəzarət mexanizmlərinin effektiv təşkil edilməsidir.

Ani ödənişlər sistemi necə işləyir?

Ani ödənişlər sistemi Mərkəzi Bank tərəfindən təqdim edilən xidmətdir. Banklar sistemə üzv olduqdan sonra həmin sistemdə öz müştərilərini qeydiyyatdan keçirirlər. Qeydiyyat prosesindən sonra həmin sistemdə qeydiyyatdan keçirilmiş müştərilər arasında vəsaitləri rahatlıqla köçürmək mümkün olur. Bundan əlavə, qeydiyyatsız şəkildə də vəsait köçürmək imkanları mövcuddur.

Ani ödənişlər sistemində həm adi fiziki şəxs, həm də sahibkarlıq subyekti qeydiyyatdan keçirilə bilər. Qeydiyyat prosesi çox sadədir və bank tərəfindən müştəri barədə bir neçə məlumat (FİN yaxud VÖEN, telefon nömrəsi və s.) ani ödənişlər sisteminə göndərilir, dərhal da qeydiyyat prosesi tamamlanmış olur. Bu prosesi müştəri distant şəkildə, bankların internet və ya mobil bankçılıq sistemləri vasitəsilə də həyata keçirə bilər. Qeydiyyat zamanı şəxs və onun bankda olan hesablarının nömrələri həmin sistemə tanıdılır. Daha sonra isə hesablardan hər hansı biri və ya bir neçəsi üçün "alias" adlanan bir ad verilir. "Alias"ın məqsədi 28 simvolluq İBAN hesabını yadda saxlamadan daha asan bir ad vasitəsilə hər hansı şəxsə köçürmənin mümkünlüyünü təmin etməkdir. Məsələn, hər hansı şəxs öz hesabına telefon nömrəsini "alias" olaraq müəyyən edərsə, artıq gələcəkdə həmin şəxsin hesab nömrəsini bilmədən, sadəcə telefon nömrəsini "alias" şəklində daxil etməklə vəsait köçürmək mümkün olacaqdır. Qeydiyyatın əsas məqsədi də "alias"lar vasitəsilə işin daha sadə şəkildə yerinə yetirilməsidir.

Qeydiyyat prosesindən sonra bir şəxsin digər şəxsə vəsait köçürəcəyi zaman sistemin necə işləyəcəyinə baxaq. Deyək ki, şərti olaraq "A" adlı bankın "X" adlı müştərisi "B" adlı bankın "Y" adlı müştərisinə vəsait köçürməlidir. Bu əməliyyatı həyata keçirmək üçün köçürmə əməliyyatını edəcək şəxs ("X") vəsaiti alacaq şəxsin ("Y"nin ) hesab nömrəsini, yaxud vəsaiti köçürəcəyi "alias"ı bilməlidir. Müştəri bankın internet və ya mobil bank sisteminə daxil olacaq, vəsaiti hansı hesabdan köçürəcəyini seçəcək, hansı hesaba, yaxud "alias"a köçürəcəyini, köçürəcəyi məbləği və əməliyyatın təyinatını daxil edərək vəsaiti köçürəcəkdir. Saniyələr sonra həmin vəsait artıq onun hesabından çıxılaraq qarşı tərəfin hesabında olacaqdır. Eyni əməliyyatı müştəri banka yaxınlaşaraq da həyata keçirə bilər. Bu halda, analoji iş bankda əməliyyatçı tərəfindən görüləcəkdir. Bu, ilk baxışda sadə görünsə də, bank və sistem tərəfindən kifayət qədər geniş informasiya mübadiləsi həyata keçirilir. "X" müştərisi "Y" müştərisinə vəsait köçürdürkdə:

  • "A" bankı ani ödənişlər sisteminin verilənlər bazasına veb servislər vasitəsilə müraciət edir, əgər həmin müştəri ani ödənişlər sistemində qeydiyyatdan keçmişdirsə, vəsaiti alacaq müştərinin hesabının hansı bankda olması artıq ani ödənişlər sisteminə bəlli olur;

  • ani ödənişlər sisteminin serveri həmin hesaba vəsait daxil olması barədə məlumatı "B" bankına göndərir;

  • "B" bankı əməliyyatı icra edərək ani ödənişlər sisteminin sorğusuna əməliyyatın yerinə yetirməsi barədə cavab qaytarır;

  • ani ödənişlər sistemi isə "A" bankının Mərkəzi Bankda olan müxbir hesabından "B" bankının Mərkəzi Bankda olan müxbir hesabına əməliyyatın məbləği həcmində vəsaiti köçürür;

  • ani ödənişlər sisteminin serveri "A" bankına əməliyyatın uğurla həyata keçməsi barədə məlumat ötürür;

  • qeyd edilən bütün proseslər avtomatik qaydada maksimum 30 saniyə ərzində həyata keçirilir.

Ani ödənişlər sistemi ilə Hökümət Ödəniş Portalının inteqrasiyası nəzərdə tutulmuşdur ki, bu da müxtəlif büdcə və digər təşkilatlara olan ödənişlərin ani ödənişlər sistemi vasitəsilə həyata keçirilməsinə imkan yaradacaq.

Proqnoz

Qeyd edilənləri nəzərə alaraq hesab etmək olar ki, gələcəkdə bir çox ödənişlər ani ödənişlər sistemi vəsitəsilə həyata keçiriləcək. Bu isə iqtisadiyyatın qan damarları olan bank sisteminin daha sürətli və effektiv fəaliyyətini təmin edəcək, texnologiyanın ölkə iqtisadiyyatına daha bir gərəkli töhfəsi olacaq.

Fəxriyyə İKRAMQIZI

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması