11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bank sektorunda əsas trendlər

İqtisadi İslahatların Təhlili və Kommunukasiya Mərkəzinin departament rəhbəri Ayaz Müseyibov bank sektorunda gündəmdə olan yeni trendlər barədə sualları cavablandırıb:

- Ayaz müəllim, bu ilin ilk 7 ayının statistik göstəricilərinin təhlili nəyi göstərir, ötən illə müqayisədə hazırda bank sektorunda inkişaf trendləri hansı istiqamətdədir?

- Hər hansı ölkənin maliyyə-bank sektorunun vəziyyətini analitik təhlil etmək üçün bir neçə əsas parametrə - maliyyə dərinliyi, maliyyə effektivliyi, maliyyə sabitliyi, maliyyə əlçatanlığı və ya inklüzivliyi kimi geniş maliyyə kateqoriyalarına nəzər yetirmək zəruridir. Bu kateqoriyaların özlərinin də bir neçə çoxsaylı subindikativ kateqoriyaları (özəl sektora kredit/ÜDM, depozit/ÜDM, özəl sektora kredit/depozit, faiz spredi, bank sektorunun kövrəklik indeksi, dövriyyənin kapitalizasiyaya nisbəti, hər min nəfərə düşən depozitorların sayı və s.) mövcuddur və bunlar dərin diaqnostik qiymətləndirmələrin aparılmasını tələb edir. Bu indikativ göstəricilərin nəticələri arasında bəzən ziddiyyətli nəticələr də ortaya çıxa bilər və burada inkişafın hansı parametr üzrə qiymətləndirilməsi daha çox həmin ölkənin maliyyə siyasətinin məqsəd və niyyətlərindən asılıdır. O da məlumdur ki, "resurs lideri iqtisadiyyat"larda xarici sektora bağlı makroiqtisadi transfersal risk məsələsi mövcuddur və mən maliyyə sektoruna da bu konteksdən baxmanın tərəfdarıyam. Ancaq bir neçə parametr vardır ki, hazırda bank sektorunun mövcud inkişaf dinamikası barədə təsviri təsəvvür yaradır. Məsələn, cari ildə bank sektorunun kredit portfeli, aktivləri və əmanətləri, balans kapitalı göstəriciləri üzrə dinamik trendlər ötən illə müqayisədə yüksəkdir. Belə ki, hazırkı tarixə sektorun aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 6 faiz artım nümayiş etdirib. Bütün çağırışlara baxmayaraq, bank sektoru rentabelli şəraitdə öz fəaliyyətini qura bilib və son bir ayda bank sisteminin xalis mənfəəti 15 faiz artaraq iyul ayının sonuna 428 milyon manata çatmışdır. Preventiv tədbirlərin nəticəsi olaraq, lisenziyası geri çağırılmış banklarla bağlı bu ilin əvvəlindən maliyyə əlçatanlığı parametrlərindən bank filial, şöbə, nümayəndəlik, xidmət vasitələrinin sayının, həmçinin maliyyə sabitliyinin elementlərindən sektorda işçi sayının azalması ilə müşahidə olunan resessiv trendlər stabilləşmiş və inkişaf fazasına qədəm qoymuşdur. İlin ilk 7 ayının nəticələrinə əsasən, maliyyə inklüzivliyi parametrlərindən müştərilərin bank hesablarının sayı Azərbaycanın bankçılıq tarixində ilk dəfə 20 milyonu ötmüş, bank müştərilərinin sayı isə 8 milyon 547 min 197 nəfərə çatmışdır. Bu göstəricilərin qeydə alınmasına anti-pandemiya tədbirləri çərçivəsində ödənilən müavinətlərin bank kartları vasitəsilə verilməsinin də təsiri olduğunu qeyd edə bilərik. İlin ilk 7 ayının göstəricilərinə əsasən, bankların kredit portfelinin həcmi 14 milyard 585 milyon manat ətrafında sabitləşib. İlin əvvəli ilə müqayisədə ümumi kredit portfellərinin həcmindəki azalma isə lisenziyası geri çağırılan banklarla əlaqədardır. Bununla belə, maliyyə bazarlarında sanasiya tədbirlərinin nəticəsi olaraq kredit portfellərinin keyfiyyət əmsallarında müsbət siqnallar qeydə alınıb.

- Kredit portfellərinin keyfiyyət əmsallarında qeydə alınan müsbət siqnallar nələrdən ibarətdir?

- Kredit portfelinin ümumi həcmində qeyri-işlək kreditlərin miqdarı (NPL əmsalı) kredit portfellərinin ən əsas kvalitativ göstəricilərindən hesab olunur. İlk 7 ayın göstəricilərinə əsasən, qeyri-işlək kreditlərin ümumi kredit portfellərində xüsusi çəkisi 1 faizə yaxın azalmaqla 7,28 faizə enib. Qeyd edək ki, bu göstərici Azərbaycanda 2015-ci ilin neft böhranından sonra qeydə alınmış ən yaxşı göstəricidir və sektorun sağlamlaşdırılmasının əsas siqnallarından olmaqla yanaşı, bank sisteminin kredit portfellərinin risk yükünün və ümumi kredit faizlərinin azalmasına müsbət təsir edən amillərdəndir. Bu göstərici, həmçinin, 2017-ci ilin "neqativ bumu" ilə müqayisədə 2 dəfəyə yaxın azalma deməkdir ki, bu da öz növbəsində bank sisteminin kredit xərclərinin azaldılması və nəticədə aşağı kredit faizlərinin formalaşmasına, daha sağlam kredit hesabatlığı mədəniyyətinin formalaşmasına müsbət təsir edəcək. Əlbəttə, bu göstəricilərə uzunmüddətli və davamlı fəaliyyətin nəticəsi olaraq nail olmuşuq. Bu istiqamətdə tədbirlərin davam etdirilməsi gələcəkdə daha da yaxşı nəticələrə çatmağımıza səbəb olacaqdır və bunun üçün bank sisteminin kifayət qədər inkişaf potensialı mövcuddur.

- Depozit və əmanətlər üzrə cari trendlər, xüsusilə də dedollarizasiya prosesləri kontekstində nədən ibarətdir?

- Bu ilin ilk 7 ayında banklarda yerləşdirilmiş depozitlərin həcmi 22,5 milyard manat ətrafında stabilləşmə nümayiş etdirir, fiziki şəxslərin əmanətlərinin həcmi isə 7 milyard 774 milyon manata yaxındır. Onu da qeyd edək ki, həm hüquqi şəxslərin depozitləri, həm də fiziki şəxslərin əmanətləri üzrə mart və aprel aylarında qeydə alınmış azalmanın əsas səbəbi lisenziyası ləğv olunmuş banklarla bağlıdır. Ötən il müşahidə olunan əmanətlərin və kredit portfellərinin dedollarizasiyası prosesi bu il də davam edib. Təkcə iyul ayı ərzində depozitlərin tərkibində manatın xüsusi çəkisi 1 faiz artmaqla 41 faizə çatıb ki, bu da xarici valyuta risklərinin kritiklik səviyyəsini zərərsizləşdirən vacib amillərdən hesab olunur.

- 2020-ci ilin ilk 7 ayında bank sistemi üçün infrastruktur baxımından hansı mühüm addımlar atılıb?

- Son dövrlər bank sistemində ən mühüm islahat tədbirləri kimi Ani Ödənişlər Sisteminin (AÖS) pilot rejimində istifadəyə verilməsini, eləcə də kredit skorinqi xidmətinin istismara verilməsini qeyd edə bilərik. AÖS-nin pilot rejimində istismara verilməsinin monitorinqi və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən aparılan "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nda icrası nəzərdə tutulmuş tədbirlərdəndir. Bu mexanizmin istismara verilməsi ölkədə yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi, ödəniş xidmətlərinə əlçatanlığın artırılması məqsədi daşıyır. Bu sistemlə fiziki şəxslər, biznes qurumları və dövlət orqanları arasında rəqəmsal ödəniş əməliyyatları 24/7/365 rejimində aparılacaq. AÖS-nin yaratdığı imkanlar iqtisadi subyektlər arasında rəqəmsal ödənişlərin genişləndirilməsinə, nağdsız cəmiyyətin formalaşdırılmasına təkan verəcək. Digər mühüm bir yenilik isə beynəlxalq metodologiyalara əsaslanan yeni Kredit Skorinqinin tətbiq olunmasıdır. Bu, kreditləşmə prosesləri üçün avtomatlaşdırılmış qərar qəbuletmə sistemlərinin tətbiqinə imkan verəcək.

Hər iki mexanizmin tətbiqi elə bir inkişaf prosesidir ki, bank xidmətlərindən istifadə edən hər bir kəs ödəniş və kredit ekosistemi üzrə xidmətlərin keyfiyyətinin artmasını öz həyatında birbaşa hiss edəcək.

- Bəs pandemiyanın bank sisteminə təsiri üzrə hansı addımlar atılıb və bank sisteminin əsas gələcək inkişaf istiqamətləri kimi nəyi qeyd etmək olar?

- 2020-ci ildə pandemiyanın bankların kapital dayanıqlılığına mənfi təsirlərinin azaldılması məqsədilə prudensial çərçivə nisbətən yumşaldılıb, tənzimləyici nəzarət prosesləri üzrə güzəştlər verilib, kredit ekspansiyasına şərait yaradılması, rəqəmsallaşmanın təşviqi üzrə tədbirləri əhatə edən dəstək proqramı qəbul edilıb. Buna müvafiq olaraq bank sistemi də fəaliyyətini yeni şəraitə uyğun qura bilib. Həmçinin, pandemiyanın bank sisteminə təsiri bu istiqamətdə fəaliyyətlərin davam etdiriləcəyini göstərir. Bununla belə, pandemiyanın yaratdığı yeni paradiqmalar bütün dünya ölkələri üçün rəqəmsal transformasiya istiqamətində daha sürətlə irəliləyən, əsaslı baza bank xidmətlərinə malik, dəyişikliklərə çevik uyğunlaşa, proqressiv inkişaf texnologiyalarını ölkəyə transfer edə biləcək bank sistemi dizayn etməyin həlledici əhəmiyyətə malik olduğunu göstərdi.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?