21 Sentyabr 2020

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Biznes mühitinin qiymətləndirilməsi aparılır

Baku Research Institute - Bakı Araşdırmalar İnstitutunun ekspert qrupu Azərbaycanın 6 iqtisadi rayonunu və iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 100 nəfər sahibkar arasında ölkədə biznes mühitinin qiymətləndirilməsi ilə bağlı sorğu təşkil edib

Sorğuda rəyi soruşulanların 41 faizi, paytaxt da daxil olmaqla, Abşeron iqtisadi rayonunda, 20,8 faizi Aran, 13,7 faizi Quba-Xaçmaz, 9,5 faizi Yuxarı Qarabağ, 9,0 faizi Şəki-Zaqatala, 6,0 faizi isə Lənkəran iqtisadi rayonlarında fəaliyyət göstərən sahibkarlar olub. Sorğuya cəlb edilən sahibkarların 29,5 faizi sənaye, 23,9 faizi kənd təsərrüfatı, 20,5 faizi xidmət, 21,6 faizi ticarət sektorunda çalışırlar. Respondentlər arasında tikinti sektorunu (2,3 faiz) təmsil edən sahibkarlar da yer alıb. Xidmət sektorunu təmsil edən sahibkarların 15,4 faizi təhsil, 11,5 faizi turizm, 7,7 faizi ictimai iaşə üzrə ixtisaslaşıb.

Cavabların təhlili nə göstərir...

Ötən bir ildə bizneslərinin vəziyyəti ilə bağlı suala cavablarında respondentlərin 46,6 faizi biznesin genişləndiyini, 18,2 faizi kiçildiyini, 35,2 faizi isə dəyişiklik olmadığını qeyd edib. Sektorlar üzrə təhlil göstərir ki, daha çox tikinti sektorunda (100 faiz) biznes genişlənib. Kənd təsərrüfatı sektorunda çalışanların yarıdan çoxu (52,5 faiz), xidmət sektorunun isə 46,2 faizi vəziyyətin müsbətə doğru dəyişdiyini bildiriblər. Sənaye (38,9 faiz) və ticarət sektorunun (36,8 faiz) təmsilçilərinin təxminən üçdəbiri bu fikirləri bölüşüblər.

Digər sektorlarla müqayisədə biznesin kiçilməsini daha çox ticarət (26,3 faiz) sektoru qeyd edib. Xidmət sektorunun 19,2 faizi, sənayenin 16,7 faizi, kənd təsərrüfatının 14,3 faizi ötən il ərzində bizneslərinin kiçildiyini iddia ediblər.

Regionlarda vəziyyət necədir?

Sorğunun regional təhlili göstərir ki, ötən il ən yaxşı biznes göstəricisi Yuxarı Qarabağ iqtisadi rayonunda olub. Bu regionu təmsil edən sahibkarların 66,7 faizi biznesin genişləndiyini qeyd edib. Abşeron iqtisadi rayonu üzrə respondentlərin 52,5 faizi bu mövqeni bölüşüblər. Quba-Xaçmaz və Aran iqtisadi regionu təmsilçilərinin təxminən 30 faizi biznesin genişləndiyini bildirib. Sorğuya əsasən, Zaqatala-Şəki təmsilçilərinin 42,9 faizi biznesini genişləndirməyə nail olublar.

Biznesin kiçilməsi daha çox Aran (29,4 faiz) iqtisadi rayonunda qeydə alınıb. Abşeron iqtisadi rayonunda çalışan hər beşinci respondent biznesinin kiçildiyini bildirib. Yuxarı Qarabağ, Zaqatala-Şəki (14,3 faiz) və Quba-Xaçmaz regionlarının respon­dentlərinin cavablarından aydın olur ki, bu regionları təmsil edən sahibkarların təxminən 10 faizdə biznesin kiçilməsi baş verib. Lənkəran iqtisadi rayonundan respondentlər hesab edirlər ki, onların biznesində dəyişiklik olmayıb. Rəyi soruşulanların 42 faizi ötən bir ildə işçilərinin sayının artdığını, 25 faizi azaldığını, 33 faizi isə bu sahədə dəyişikliyin olmadığını qeyd edib.

Sorğunun nəticələrinin təhlili göstərir ki, respondentlərin təxminən yarısı ötən bir ildə ölkədə biznes mühitinin yaxşılaşdığı qənaətindədirlər. Respondentlərin 22,7 faizi hesab edir ki, bu müddətdə biznes mühiti pisləşib, 27,4 faizi isə hər hansı dəyişikliyin olmadığını qeyd edib. Biznes mühitinin yaxşılaşdığını iddia edənlər bunu müxtəlif səbəblərlə izah ediblər. Sahibkarların 27,3 faizi yaxşılaşmanı satdıqları məhsullara və ya göstərdikləri xidmətlərə tələbatın artması ilə əlaqələndiriblər. İkinci əsas səbəb kimi, yoxlamaların azalması (18,2 faiz) və vergi münasibətlərinin yaxşılaşması (18,2 faiz) qeyd edilib. Respondentlər arasında gömrük sistemində şəffaflığın artmasını (13,6 faiz), istehsalın genişlənməsini (13,6 faiz), satdıqları məhsulların və ya göstərdikləri xidmətlərın bahalaşmasını (11,4 faiz) müsbət addım kimi dəyərləndirənlər də olub. Rəyi soruşulanların 9,1 faizi dövlət dəstəyinin artmasını və rəqabət mühitinin yaxşılaşmasını, 6,8 faizi elektronlaşmanın genişlənməsini və maneələrin aradan qalxmasını müsbət amil kimi dəyərləndirib. Respondentlərin cəmi 4,5 faizi sənədləşmə işlərinin azalmasını və kredit əldə etməyin asanlaşmasını qeyd ediblər. Sorğu iştirakçılarının 27,3 faizi digər məsələləri, o cümlədən qiymətlərin sabitləşməsini, korrupsiyanın azalmasını, tikinti sahəsinin aktivləşməsini və s. müsbət amil kimi göstəriblər.

Suallardan biri də respondent­lərin indiki dövrdə bizneslərində üzləşdikləri problemlərlə bağlı olub. Cavabların təhlili göstərir ki, rəyi soruşulan sahibkarlar üçün əsas problem maliyyə resurslarına çıxışın çətinliyi (26,1 faiz), müştərilərin azlığı (25 faiz) və xərclərin çoxluğudur (20,5 faiz).

Ekspert rəyi...

İqtisadçı Samir Əliyevin fikrincə, iqtisadi diversifikasiyanın təmin olunması baxımından qeyri-neft sektorunun inkişafı üçün bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə diqqətin daha da artırılması zəruridir: "Dünya bazarlarında neftin ucuzlaşması fonunda 2015-ci ildə baş verən devalvasiya sahibkarlıq subyektlərini çətin vəziyyətə saldı. Bəziləri bağlandı, bəziləri işçilərini ixtisar etməli oldu, bəziləri isə borcları qaytarmaq çətinlikləri ilə üzləşdi. Həmin dövrdə hökumət sahibkarlara yönəlik bir sıra addımlar atdı: lizensiyalaşma sadələşdirildi, bir sıra vergi güzəştləri tətbiq edildi, yoxlamalar azaldıldı və s. Bu addımlar devalvasiyanın fəsadlarını xeyli azaltdı və bir sıra şirkətlər fəaliyyətlərini bərpa edə bildilər. Ancaq sahibkarların hələ də bir sıra çətinlikləri qalmaqdadır. Bu sorğu da göstərir ki, əsas problem sahibkarların maliyyə resurslarına çıxışlarının pis olması, xərclərin çoxluğu və müştərilərin azlığı ilə bağlıdır".

Ekspertin sözlərinə görə, iqtisadi çətinlik dövründə aktivliyi artırmağın əsas yollarından biri kiçik və orta sahibkarlığın maliyyə resurslarına çıxışını artırmaqdır: "Azərbaycanda kredit faizləri hələ də yüksək olaraq qalmaqdadır, kredit isə sahibkarlar üçün biznesi genişləndirmək baxımından zəruridir. Xərclərin çoxluğu isə idxaldan asılılıqla bağlıdır. Yerli istehsalda idxal olunan xammalın payının yüksək olması, xüsusilə məzənnə dəyişikliyi zamanı xərclərin artması səbəbindən yerli istehsalın maya dəyəri artır. Vergi yükünə gəldikdə isə ölkədə xeyli sayda vergi güzəştlərinə rəğmən, kiçik və orta sahibkarlıq subyektlərinin vergi rejiminin və inzibatçılığının yumşaldılması dünyada geniş tətbiq edilən təcrübədir".

S. Əliyev vurğulayıb ki, çətinliklərə baxmayaraq, sorğuda iştirak edən sahibkarların yaxın dövrdə biznes mühitinin yaxşılaşacağına ümidi və buna görə də bizneslərini genişləndirmək niyyətində olduqlarını qeyd etməsi onların gələcəyə nikbin baxdıqlarını göstərir. Bütün hallarda biznesin genişlənməsi bir tərəfdən işsizliyi aradan qaldıraraq dövlətin sosial yükünü azaldır, digər tərəfdən, vergi daxil­olmalarını artıraraq dövlətin maliyyə imkanlarını gücləndirir.

Fəxriyyə İKRAMQIZI