28 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bələdiyyələrin öz gəlirlərini artırmaq imkanları genişdir

"Hazırda bələdiyyə-vətəndaş münasibətində bir süstlük müşahidə olunur. Təəssüf ki, bələdiyyələr sakinlərlə əlaqəli şəkildə işləyə bilmirlər. Vətəndaşlar özləri də müəyyən mənada yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə laqeydliklə yanaşır, onların işləri ilə maraqlanmırlar". 

Bu fikirləri deyən millət vəkili Tahir Rzayevin sözlərinə görə, qanunla bələdiyyələr seçildikdən sonra hər bir vətəndaş onların fəaliyyəti ilə tanış ola, daxil olan maliyyənin xərclənməsi, görülən işlərlə bağlı məlumat ala bilər. Ancaq bu məsələdə hələ də ciddi problemlər mövcuddur. Bəs bələdiyyələr hansı mənbələrdən gəlir əldə edə bilərlər? Bu qurumların gəlirlərinin artması üçün hansı dəyişikliklərə ehtiyac varmı?

T.Rzayev vurğulayıb ki, yerli özünüidarəetmə orqanları qanunla müəyyən edilmiş qaydada torpaq vergisi, mədən vergisi toplamalı, özünün müəssisəsi varsa, mənfəət vergisindən gəlir götürməlidir. Ancaq bu sahədə ciddi geriləmələr müşahidə olunur: "Baxırıq ki, getdikcə bələdiyyələrin yığdığı vergilər azalır. Əmlaklar isə çoxalıb, torpaqdan istifadə artıb, amma təşəbbüs yoxdur, əlaqə zəifdir deyə, vətəndaşlar öz vergilərini ödəməkdən qaçırlar. Son dövrlər qəbul edilmiş bütün əsas sosial, ictimai, təsərrüfat həyatı ilə əlaqədar qanunlarda bələdiyyələrə müəyyən səlahiyyətlər verilib. "Təhsil haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Ekoloji tarazlığın qorunması haqqında", "Kənd təsərrüfatının inkişafı haqqında" qanunlarda, şəhərsalma ilə bağlı qanunvericilikdə və digər mühüm sənədlərdə bələdiyyələrə müəyyən səlahiyyətlər verilib ki, istehsal sahələri yaratsınlar, məktəblər, bağçalar açsınlar. Ancaq təəssüf ki, bununla bağlı heç bir təşəbbüskarlıq müşahidə edilmir".

Təəssüflər olsun ki, Azərbaycanda elə sahibkarlar var ki, özü üçün bələdiyyənin
ərazisində böyük müəssisə yaradıb, amma torpaq vergisi verməkdən imtina edir

Millət vəkili qeyd edib ki, bələdiyyələr öz səlahiyyətləri çərçivəsində onlara məxsus torpaqlarda pambıq, taxıl əkə, baramaçılıqla, üzümçülüklə məşğul ola bilərlər. Yerli sakinləri bu işlərə səfərbər edərək bələdiyyə təsərrüfatları qura bilərlər: "Bələdiyyə sakinlərlə əlaqəli işləmir deyə, onlar da bələdiyyələrə etimad göstərmirlər. Əsas problem bundadır. Xarici təcrübədə isə vətəndaş bələdiyyəni seçdikdən sonra müntəzəm olaraq onun işi ilə maraqlanır, layihələrində iştirak edir, sahibkarlar uşaq bağçalarının tikilməsində, müəssisənin açılmasında bələdiyyəyə yardım göstərirlər. Amma təəssüflər olsun ki, Azərbaycanda elə sahibkarlar var ki, özü üçün bələdiyyənin ərazisində böyük müəssisə yaradıb, amma torpaq vergisi verməkdən imtina edir. Restoranlar, istirahət mərkəzləri və digər iaşə obyektləri bələdiyyələrə vergi verməlidir. Ancaq bundan qaçırlar, əksər hallarda isə qarşılıqlı mübahisələr yaranır. Əgər bələdiyyənin vəsaiti olsa, o, müəyyən asılılıqdan qurtarar, özü öz vəsaiti hesabına işlər görər". Qeyd edək ki, hazırda Azərbaycanda 1.606 bələdiyyə fəaliyyət göstərir. Bu sektorda 15 mindən artıq bələdiyyə üzvü, təxminən 16 min nəfərə yaxın bələdiyyə qulluqçusu çalışır.

"Bəs əmlak vergisinin həcmini necə artırmaq olar" sualına "Belediyye.info" saytının rəhbəri Vüqar Tofiqli münasibət bildirərək qeyd edib ki, qanunvericilikdə müəyyən dəyişikliklər edildikdən sonra əmlak vergisinin toplanmasında irəliləyişə nail olunub: "Əvvəllər əmlak vergisi inventar dəyəri ilə hesablanırdı. Bu da çox cüzi məbləğ edir: əksər əmlakın inventar dəyəri yox idi. Bu qayda ilə hesablayanda mənzillərin 80 faizə yaxını əmlak vergisi ödəməkdən azad olunurdu.

Nəticədə bələdiyyə büdcəsinə əlavə vəsait daxil olmurdu. Bu gün artıq əmlak vergisi daşınmaz əmlakın sahəsinə görə hesablanır. Artıq onun müəyyən dəyəri var. Hazırda elə mənzil yoxdur ki, ona əmlak vergisi hesablanmasın".

2015-ci ilin yanvarından bələdiyyə büdcələrinə daxil olan vəsaitlərin nağdsız qaydada ödənildiyini deyən V.Tofiqli bunun da bələdiyyənin imicinə mənfi təsir göstərən neqativ halların aradan qalxmasına xidmət etdiyini vurğulayıb. Bunlarla yanaşı, qanunvericilikdə müəyyən dəyişikliklərə ehtiyac yarandığını bildirib: "Bu gün mövcud olan sənədsiz evlər və artırmalar əmlak vergisinin toplanmasına əngəllər yaradır. Tutaq ki, sənəddə mənzilin sahəsi 67 kvadratmetr görtərilib, ancaq faktiki olaraq evin sahəsi 120 kvadratmetrdir. Bələdiyyə sənədi olmadığına görə, həmin şəxsdən 67 kvadratrmetrə görə vergi tutulur, qalan sahə isə vergidən kənarda qalır. Hazırda Bakı ətrafında 500 mindən artıq fərdi yaşayış evi sənədsizdir. Burada ciddi problemlər mövcuddur. Ancaq biz qanuna bir söz əlavə etməklə bu işə "yaşıl işıq" yandıra bilərik. Vergi Məcəlləsinə əsasən, vətəndaşın mülkiyyətində olan daşınmaz əmlaklardan vergi tutulur. Həmin maddəyə "mülkiyyətində və istifadəsində olan" ifadəsi əlavə edilsə, problemi xeyli yumşalda bilərik. Bununla bələdiyyəyə imkan veriləcək ki, vətəndaşın istifadəsində olan fərdi yaşayış evlərindən də vergi toplasın.

Qanunvericilikdə müəyyən dəyişikliklər edildikdən sonra
əmlak vergisinin toplanmasında irəliləyişə nail olunub

V.Tofiqli bələdiyyələrin ərazisində fəaliyyət göstərən hotellərdən və digər iaşə obyektlərindən yığımların toplanmasında da ciddi maneələr olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bələdiyyələrin həmin qurumlardan hesabat tələb etməsi, əks halda cərimələrin tətbiqi üzrə səlahiyyəti olsa da, bu mexanizm tam formalaşmayıb. Ona görə də yerli özünüidarəetmə orqanları həmin yığımların toplanmasına nail ola bilmirlər.

Bələdiyyə gəlirlərinin formalaşması və ondan istifadə məsələsinə münasibət bildirən iqtisadçı ekspert Azər Mehdiyev qeyd edib ki, indiyədək yerli özünüidarəetmə institutunun konkret statusu müəyyənləşməyib. Bunun nəticəsində onlara normal səlahiyyətlər verilməyib: "2018-ci il üzrə bələdiyyələrin illik gəlirləri təxminən 36 milyon manat idi. Biz bu rəqəmi bütün bələdiyyələrin sayına bölsək, ildə hər bir bələdiyyəyə orta hesabla təxminən 22 min manat vəsait düşür.

Təbii ki, bütün bələdiyyələr üzrə illik gəlir bu qədər deyil. Məsələn, yeganə Sumqayıt bələdiyyəsidir ki, onun illik gəlirləri 1 milyon manata çatır. Ancaq digər bələdiyyələr, o cümlədən Bakı şəhər bələdiyyələri bu qədər gəlirlərə malik deyil. Bakının ərazisində olan ayrı-ayrı bələdiyyələrin ümumi illik gəlirləri ötən il cəmi 9,7 milyon manat olub".

2018-ci ildə ümumi bələdiyyələrin 36 milyon manat gəlirinin
14 milyon manatı və ya 38,7 faizi vergi daxilolmaları hesabına formalaşıb

A.Mehdiyevin sözlərinə görə, Azərbaycanda bələdiyyələrin əksər hissəsinin aylıq gəliri min manatdan aşağıdır. İllik gəlirləri 20 min manatdan artıq olan bələdiyyələrin sayı isə 10-12-yə çatır: "Bu məbləğlərlə iş qurmaq, normal fəaliyyət göstərmək mümkün deyil. Qanunvericiliklə bələdiyyənin gəlir mənbələri müəyyən olunub. 2018-ci ildə ümumi bələdiyyələrin 36 milyon manat gəlirinin 14 milyon manatı və ya 38,7 faizi vergi daxilolmaları hesabına formalaşıb. Burada fiziki şəxslərdən toplanan torpaq vergisinin payı 5,7 milyon manatdır. Bu da ümumi gəlirlərin 15,8 faizinə bərabərdir. Fiziki şəxslərdən toplanan əmlak vergisi isə 7,8 milyon manat və ya 23,6 faiz olub. Ötən il torpaqların özəlləşdirilməsindən 13,1 milyon manat vəsait toplanıb ki, bu da bütün gəlirlərin 37,5 faizini təşkil edir. Bununla yanaşı, hər il dövlət büdcəsindən 5 milyon manatlıq dotasiya ayrılır".

Bələdiyyələrin əksər hallarda mədən vergisinin toplanmasına nail olmadıqlarını deyən ekspert onların gəlirlərinin ciddi hissəsinin vergi olmayan gəlirlərdən ibarət olduğunu deyib. Burada da əsas gəlir mənbəyi bələdiyyə torpaqlarının icarəyə verilməsidir.

A.Mehdiyevin fikrincə, bələdiyyələrin nüfuzunun və gəlirlərinin artırılması üçün əks-mərkəzləşmə islahatlarının həyata keçirilməsinə, yerli özünüidarəetmə statusuna yenidən baxılmasına və onlara yerli hakimiyyət statusunun verilməsinə ehtiyac var. Bu status həm də yerli səviyyədə mühüm səlahiyyətlərin verilməsi və onların həyata keçirilməsi üçün real gəlir mənbələri ilə təmin olunmasını nəzərdə tutmalıdır.

Fərqanə ALLAHVERDİQIZI

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb