Aytac Qasımova: “Komplayens biznesin təhlükəsiz və dayanıqlı inkişafını təmin edən mexanizmdir” MÜSAHİBƏ
Azərbaycanda biznes mühitinin inkişafı, investisiya cəlbediciliyinin artırılması və şirkətlərin beynəlxalq bazarlara inteqrasiyası şəffaflıq, məsuliyyətli idarəetmə və qanunvericiliyə uyğun fəaliyyət prinsiplərinin əhəmiyyətini daha da artırır. Bu baxımdan, komplayens sistemi şirkətlərin yalnız hüquqi və maliyyə risklərindən qorunması deyil, həm də uzunmüddətli və dayanıqlı inkişafı üçün mühüm idarəetmə alətinə çevrilir. Komplayens Assosiasiyasının İdarə Heyətinin sədri Aytac Qasımova “vergiler.az”a müsahibəsində komplayens anlayışının mahiyyətini, bu sistemin iri və kiçik biznes üçün əhəmiyyətini, vergi şəffaflığına və rəqəmsal nəzarətə təsirini açıqlayıb, eləcə də assosiasiyanın qarşıdakı hədəflərini bölüşüb.
- Aytac xanım, söhbətimizə Komplayens Assosiasiyasını daha yaxından tanımaqla başlayaq. Assosiasiyanın əsas fəaliyyət istiqamətləri nələrdir?
- Komplayens Assosiasiyası 2025-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb və həmin vaxtdan etibarən fəaliyyət göstərir. Assosiasiyanın yaradılmasında əsas məqsəd ölkəmizdə komplayens mədəniyyətinin formalaşmasına və inkişafına töhfə vermək, bu sahədə beynəlxalq standartların və qabaqcıl təcrübələrin tətbiqini təşviq etmək, eləcə də peşəkar mütəxəssislərin yetişməsinə dəstək göstərməkdir. Fəaliyyətimizin əsas istiqamətlərinə komplayens sahəsində maarifləndirmə və təlimlərin təşkili, peşəkar inkişafın dəstəklənməsi və təcrübə mübadiləsinin təşviqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, metodoloji materialların hazırlanması, həmçinin dövlət və özəl sektor arasında dialoqun gücləndirilməsi daxildir.
Komplayens sadə dillə desək, şirkətin fəaliyyətinin qanunvericiliyin, tənzimləyici tələblərin, beynəlxalq standartların, etik prinsiplərin və daxili qaydaların tələblərinə uyğun təşkil edilməsidir.
Bununla belə, komplayensi yalnız qanunvericiliyə riayət etməklə məhdudlaşdırmaq düzgün olmazdı. Bu anlayış şirkətin idarəetmə modelini, qərarların hansı prinsiplər əsasında qəbul edilməsini, maraqlar toqquşmasının necə tənzimlənməsini, korrupsiya və digər sui-istifadə hallarının qarşısının hansı mexanizmlərlə alınmasını əhatə edən kompleks idarəetmə sistemidir. Qısaca belə deyərdim, komplayens, ilk növbədə, düzgün biznes davranışını, şəffaflığı və məsuliyyətli idarəetməni özündə birləşdirən korporativ mədəniyyətdir.
Komplayens şirkətin fəaliyyətinin qanunvericiliyin, tənzimləyici tələblərin,
beynəlxalq standartların, etik prinsiplərin və daxili qaydaların tələblərinə uyğun təşkil edilməsidir.
- Assosiasiyaya kimləri üzv olaraq qəbul edirsiniz?
- Assosiasiyaya üzvlük peşəkar platformanın bir hissəsinə çevrilməklə yanaşı, bilik, təcrübə və əməkdaşlıq imkanlarına çıxış deməkdir. Üzvlərimiz komplayens sahəsindəki aktual məlumatlardan, beynəlxalq təcrübədən və metodoloji materiallardan yararlana, təlim, seminar və konfranslarda iştirak edə, müxtəlif sektorlardan olan həmkarları ilə əlaqə quraraq təcrübə mübadiləsi apara bilərlər. Sahibkarlar üçün Assosiasiya komplayens sisteminin qurulması, mövcud proseslərin təkmilləşdirilməsi və biznesdə şəffaflıq mədəniyyətinin formalaşdırılması istiqamətində etibarlı bilik və təcrübə platformasıdır. Assosiasiyaya üzv olmaq üçün komplayens mütəxəssisi olmaq vacib deyil. Sahibkarlar, şirkət rəhbərləri, hüquqşünaslar, auditorlar, risk menecerləri, maliyyə mütəxəssisləri, dövlət və özəl sektor nümayəndələri, eləcə də bu sahədə bilik və bacarıqlarını inkişaf etdirmək istəyən gənc mütəxəssislər sıralarımıza qoşula bilərlər.
- Komplayens sistemi bizneslərə hansı konkret üstünlükləri qazandırır? Onun tətbiqi biznesin maliyyə nəticələrinə və rəqabət qabiliyyətinə necə təsir edir?
Komplayens sisteminin şirkətlərə qazandırdığı ən böyük üstünlük ondan ibarətdir ki, o, biznesi yalnız risklərdən qorumur, eyni zamanda onun inkişafına və uzunmüddətli uğuruna xidmət edir. İlk növbədə, effektiv komplayens sistemi şirkətləri maliyyə itkilərindən, hüquqi sanksiyalardan, cərimələrdən və reputasiya risklərindən qoruyur. Bu isə birbaşa şirkətin maliyyə dayanıqlığına təsir göstərir. İkincisi, komplayens sistemi şirkət daxilində şəffaflığı, hesabatlılığı və düzgün qərarvermə mexanizmlərini gücləndirir. Nəticədə biznes prosesləri daha səmərəli idarə olunur, sui-istifadə və korrupsiya riskləri azalır. Üçüncüsü, məncə, ən vacib məqamlardan biri də etimad məsələsidir. Bu gün investorlar, beynəlxalq tərəfdaşlar və maliyyə institutları üçün şirkətin yalnız maliyyə göstəriciləri deyil, onun necə idarə olunması da böyük əhəmiyyət daşıyır. Güclü komplayens sistemi olan şirkət daha etibarlı tərəfdaş kimi qəbul edilir. Bu da yeni investisiyaların cəlb edilməsinə, beynəlxalq bazarlara çıxışa və rəqabət üstünlüyünün əldə olunmasına şərait yaradır. Mən hər zaman vurğulayıram ki, komplayens biznesin qarşısında maneə deyil, əksinə, onun təhlükəsiz və dayanıqlı inkişafını təmin edən mexanizmdir. Güclü komplayens sistemi şirkət üçün xərc deyil, onun gələcəyinə qoyulan strateji investisiyadır. Çünki müasir biznes mühitində rəqabət üstünlüyü yalnız daha çox qazanan şirkətlərə deyil, həm də daha şəffaf, məsuliyyətli və etibarlı fəaliyyət göstərən şirkətlərə məxsusdur.
Komplayens sistemi biznesi yalnız risklərdən qorumur, eyni zamanda
onun inkişafına və uzunmüddətli uğuruna xidmət edir
- Bəs, kiçik və orta sahibkarlıq subyektləri üçün komplayens sistemi nə dərəcədə vacibdir? Məhdud maliyyə və insan resursları olan şirkətlər bu sistemi necə qura bilərlər?
- Hesab edirəm ki, komplayens sistemi yalnız böyük şirkətlər üçün deyil, kiçik və orta sahibkarlıq subyektləri üçün də eyni dərəcədə vacibdir. Çünki hüquqi, maliyyə və reputasiya riskləri şirkətin böyüklüyündən asılı deyil. Hətta deyərdim ki, kiçik şirkətlər üçün bu risklərin nəticələri daha ağır ola bilər. Böyük şirkət müəyyən maliyyə itkisini qarşılaya bildiyi halda, kiçik biznes üçün eyni itki onun fəaliyyətinin davamlılığını təhlükə altına qoya bilər. Burada vacib bir məqam da var. Komplayens sisteminin effektiv olması üçün onun mütləq böyük struktur və ya ciddi maliyyə resursları tələb etməsi barədə təsəvvür doğru deyil. Kiçik və orta sahibkarlıq subyektləri komplayens sistemini öz fəaliyyətlərinin miqyasına və risklərinə uyğun şəkildə qura bilərlər. Burada rəhbərliyin yanaşması xüsusi əhəmiyyət daşıyır. Xüsusilə, kiçik şirkətlərdə korporativ mədəniyyət birbaşa rəhbərin davranışı və müəyyən etdiyi prinsiplər əsasında formalaşır. Bir məsələni də vurğulamaq istərdim. Kiçik və orta sahibkarlığın komplayens sahəsində maarifləndirilməsi Komplayens Assosiasiyasının da diqqət mərkəzində olmalıdır. Bizim məqsədimiz komplayensi yalnız iri şirkətlər üçün əlçatan olan bir sistem kimi deyil, bütün biznes subyektləri üçün praktik və faydalı idarəetmə aləti kimi təşviq etməkdir.
- Azərbaycanda komplayens sisteminin inkişaf səviyyəsini necə qiymətləndirirsiniz? Yerli şirkətlər bu yanaşmanın əhəmiyyətini nə dərəcədə anlayırlar?
- Son illərdə Azərbaycanda komplayens sahəsi əhəmiyyətli inkişaf yolu keçib. Bu inkişaf xüsusilə maliyyə sektorunda daha aydın müşahidə olunur. Bu sahədə komplayens funksiyası formalaşıb, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) üzrə tələblər tətbiq olunub, daxili nəzarət mexanizmləri gücləndirilib, etik və peşəkar davranış standartları qəbul edilib.
Beynəlxalq bazarlarda fəaliyyət göstərən, xarici investor və tərəfdaşlarla
əməkdaşlıq edən şirkətlər üçün qanunvericiliyin tələblərinə riayət etməklə yanaşı,
beynəlxalq standartlara uyğunluq, şəffaflıq, hesabatlılıq və yüksək etik davranış prinsipləri də xüsusi əhəmiyyət daşıyır
Nəticədə, maliyyə sektorunda komplayens artıq sistemli və institusional xarakter alıb. Digər sektorlarda isə bu sahəyə yanaşma hələ də bir çox hallarda hüquqi tələblərə formal riayət edilməsi və müvafiq sənədlərin hazırlanması ilə məhdudlaşır. Bununla belə, müxtəlif sektorların sürətli inkişafı komplayens sahəsində də müsbət dəyişikliklərə təkan verir. Getdikcə daha çox şirkət komplayensin dayanıqlı biznesin əsas dayaqlarından biri olduğunu anlayır. Növbəti mərhələdə əsas hədəf komplayensin gündəlik biznes qərarlarının, əməkdaşların davranış prinsiplərinin və korporativ idarəetmə sisteminin ayrılmaz hissəsinə çevrilməsidir.
- Sizcə, Azərbaycanda şirkətləri komplayens tətbiqinə nə daha çox sövq edir, hansı amil daha ön plandadır?
- Azərbaycanda komplayens sisteminin tətbiqinə yanaşma şirkətlərin fəaliyyət sahəsindən, beynəlxalq əlaqələrindən və korporativ idarəetmə səviyyəsindən asılı olaraq fərqlənir. Həm maliyyə, həm də qeyri-maliyyə sektorlarında, xüsusilə beynəlxalq bazarlarda fəaliyyət göstərən, xarici investor və tərəfdaşlarla əməkdaşlıq edən şirkətlər üçün qanunvericiliyin tələblərinə riayət etməklə yanaşı, beynəlxalq standartlara uyğunluq, şəffaflıq, hesabatlılıq və yüksək etik davranış prinsipləri də xüsusi əhəmiyyət daşıyır. Bir çox beynəlxalq şirkət əməkdaşlıq etdiyi tərəfdaşlardan da müəyyən etik, hüquqi və komplayens standartlarına əməl etməyi tələb edir. Reputasiyanın qorunmasının əhəmiyyəti də getdikcə artır. Müasir biznes mühitində etimad mühüm kapital hesab olunur və onun itirilməsi bəzi hallarda birbaşa maliyyə itkilərindən daha ciddi nəticələrə səbəb ola bilər.
Effektiv komplayens sistemi vergi şəffaflığının artmasına və öhdəliklərin
vaxtında, düzgün yerinə yetirilməsinə birbaşa töhfə verir
- Komplayens sistemi vergi şəffaflığının artırılmasına və könüllü vergi öhdəliklərinin yerinə yetirilməsinə necə töhfə verə bilər?
- Vergi öhdəliklərinə riayət komplayensin mühüm istiqamətlərindən biridir. Hətta deyərdim ki, effektiv komplayens sistemi vergi şəffaflığının artmasına və öhdəliklərin vaxtında, düzgün yerinə yetirilməsinə birbaşa töhfə verir. Burada maliyyə əməliyyatlarının şəffaflığı, gəlir və xərclərin düzgün uçotu, əməliyyatların sənədləşdirilməsi, daxili nəzarət mexanizmləri və vergi qanunvericiliyinə uyğunluq əsas rol oynayır. Düzgün qurulmuş təsdiq və səlahiyyət bölgüsü mexanizmləri, hər bir əməliyyatın müvafiq sənədlərlə əsaslandırılması və mütəmadi daxili yoxlamalar vergi pozuntuları riskini əhəmiyyətli dərəcədə azaldır.
Bundan əlavə, ƏL/TMM çərçivəsində əməliyyatların monitorinqi və şübhəli əməliyyatların aşkarlanması vergidən yayınma və digər maliyyə pozuntuları ilə bağlı riskləri erkən mərhələdə müəyyən etməyə kömək edir. Digər vacib məqam şirkətdə vergi məsuliyyəti və şəffaflıq mədəniyyətinin formalaşmasıdır. Effektiv komplayens sistemi şirkəti nəzarətdən yayınmağa deyil, fəaliyyətini əvvəlcədən düzgün təşkil etməyə və vergi öhdəliklərini könüllü yerinə yetirməyə yönəldir. Beləliklə, komplayens həm biznesin hüquqi təhlükəsizliyinə, həm də dövlətin vergi gəlirlərinin şəffaflığına və dayanıqlılığına xidmət edir.
- Bəs, ölkəmizdə vergi inzibatçılığının rəqəmsallaşması və elektron xidmətlərin genişlənməsi komplayens mədəniyyətinin inkişafına hansı imkanlar yaradır?
- Rəqəmsallaşma komplayens mədəniyyətinin inkişafı üçün geniş imkanlar yaradır. Elektron qaimə-fakturalar, elektron hesabatlılıq, onlayn kassa sistemləri və rəqəmsal məlumat mübadiləsi biznes proseslərinin daha şəffaf və izləniləbilən olmasına şərait yaradır. Bu sistemlər vasitəsilə əməliyyatları operativ izləmək, uyğunsuzluqları müəyyənləşdirmək və riskləri erkən mərhələdə aşkar etmək mümkündür. Bu imkanlar həm vergi orqanları, həm də şirkətlərin özləri üçün əhəmiyyətlidir. Eyni zamanda, rəqəmsallaşma şirkətlərdən daha yüksək intizam və məsuliyyət tələb edir. Məlumatlar vergi orqanlarına demək olar ki, real vaxt rejimində ötürüldüyündən uçotdakı xətalar və sənədlər arasındakı uyğunsuzluqlar əvvəlki dövrlərlə müqayisədə daha tez aşkarlanır. Buna görə də şirkətlər üçün ən düzgün yanaşma müqavilələrin bağlanmasından ödənişlərin həyata keçirilməsinədək bütün daxili prosesləri rəqəmsal və inteqrasiya olunmuş şəkildə təşkil etməkdir. Nəticə etibarilə, rəqəmsallaşma komplayensi dövri yoxlamalara hazırlıq mərhələsindən çıxararaq gündəlik fəaliyyətin ayrılmaz hissəsinə və davamlı prosesə çevirir.
Elektron qaimə-fakturalar, elektron hesabatlılıq, onlayn kassa sistemləri və
rəqəmsal məlumat mübadiləsi biznes proseslərinin
daha şəffaf və izləniləbilən olmasına şərait yaradır
- Beynəlxalq təcrübədə tətbiq olunan hansı komplayens standartları və modelləri Azərbaycan şirkətləri üçün daha faydalı ola bilər?
- Beynəlxalq təcrübədə komplayens sisteminin qurulması üçün bir sıra tanınmış standartlar və metodoloji çərçivələr mövcuddur. Azərbaycan şirkətləri üçün seçim fəaliyyət sahəsindən və risk profilindən asılı olmalıdır. İlk növbədə ISO 37301 standartını qeyd edərdim. O, komplayens idarəetmə sisteminin qurulması, tətbiqi, qiymətləndirilməsi və davamlı təkmilləşdirilməsi üçün beynəlxalq çərçivə təqdim edir. Digər mühüm standart ISO 37001, yəni rüşvətə qarşı mübarizə üzrə idarəetmə sistemidir. O, xüsusilə dövlət satınalmalarında iştirak edən, tikinti, enerji və logistika sahələrində fəaliyyət göstərən, beynəlxalq tərəfdaşlarla işləyən şirkətlər üçün faydalıdır. ISO 31000 isə risklərin idarə edilməsi üzrə ümumi çərçivədir və komplayens risklərini şirkətin ümumi risk idarəetmə sisteminə inteqrasiya etməyə imkan verir. Maliyyə sektoru üçün FATF (Maliyyə tədbirləri üzrə işçi qrupu) tövsiyələri, sanksiya uyğunluğu üzrə beynəlxalq təcrübə və risk əsaslı yanaşma xüsusi əhəmiyyət daşıyır. Real nümunə kimi “Siemens” şirkətinin təcrübəsini göstərmək olar. 2008-ci ildə genişmiqyaslı korrupsiya qalmaqalından sonra şirkət ABŞ və Almaniyada ümumilikdə təxminən 1,6 milyard ABŞ dolları cərimə ödəmək məcburiyyətində qaldı. Bundan sonra sözügedən şirkət komplayens sistemini tamamilə yenidən qurdu və bu gün onun modeli dünyada nümunə kimi öyrənilir. Bu hadisə göstərir ki, komplayensə qənaət etmək sonda ondan qat-qat baha başa gəlir. Praktik nümunələrdən biri də beynəlxalq şirkətlərin təchizatçı seçimi prosesidir. Belə şirkətlər əməkdaşlığa başlamazdan əvvəl tərəfdaşın benefisiar mülkiyyətçilərini, sanksiya siyahılarında olub-olmadığını, korrupsiya və reputasiya risklərini yoxlayır. Azərbaycan şirkətləri bu yoxlamadan keçməyə hazır olmalıdırlar, çünki xarici bazara çıxışın ilkin şərti çox vaxt məhz budur.
- Süni intellekt və rəqəmsal texnologiyalar komplayens risklərinin müəyyənləşdirilməsi, şübhəli əməliyyatların aşkarlanması və daxili nəzarətin gücləndirilməsində necə istifadə oluna bilər?
- Süni intellekt komplayens sahəsində ciddi transformasiya yaradan texnologiyalardan biridir. Onun güclü tərəfi böyük həcmdə məlumatları emal etmək və insanın vaxtında görə bilmədiyi əlaqələri aşkar etməkdir. ƏL/TMM sahəsində süni intellekt əsaslı sistemlər müştəri davranışını təhlil edə, əməliyyatların adi modeldən kənara çıxmasını müəyyən edə və şübhəli əməliyyatların aşkarlanmasına analitik dəstək göstərə bilər. Bu sistemlər, həmçinin müştəri və tərəfdaşların yoxlanılmasında, sanksiya siyahılarının monitorinqində, neqativ məzmunlu media məlumatlarının təhlilində və risklərin avtomatik qiymətləndirilməsində istifadə olunur. Daxili nəzarətdə süni intellekt əməliyyat məlumatlarını təhlil edərək mümkün maraqlar toqquşmasını, qeyri-adi ödənişləri, satınalma proseslərindəki uyğunsuzluqları və potensial dələduzluq hallarını üzə çıxara bilər. Bununla yanaşı, süni intellektin özünün də yeni komplayens riskləri yaratdığını nəzərə almaq vacibdir. Bu riskləri bir neçə istiqamətdə qruplaşdırmaq olar. Birincisi, şəxsi məlumatların qorunmasıdır. Çünki süni intellekt sistemləri böyük həcmdə, o cümlədən həssas məlumatları emal edir. İkincisi, şəffaflıq və izaholunma məsələsidir. Modelin konkret qərara hansı əsaslarla gəldiyini izah etmək hər zaman mümkün olmur, halbuki tənzimləyici orqanlar belə qərarların əsaslandırılmasını tələb edə bilər. Üçüncüsü isə yanlış nəticələr və alqoritmik qərəz riskidir. Avropa İttifaqında qəbul edilmiş Süni İntellekt Aktı (EU AI Act) da bu sahədə hüquqi tənzimləmənin və məsuliyyətli istifadənin əhəmiyyətini göstərir. Deyərdim ki, süni intellekt komplayens mütəxəssisini əvəz etmək deyil, onun qərarvermə imkanlarını gücləndirmək üçün istifadə olunmalıdır. Risklərin qiymətləndirilməsi, araşdırma və yekun qərar səlahiyyətli şəxslərin nəzarətində qalmalıdır.
Süni intellekt komplayens mütəxəssisini əvəz etmək deyil,
onun qərarvermə imkanlarını gücləndirmək üçün istifadə olunmalıdır
- Assosiasiyanın yaxın dövr üçün əsas hədəfləri və yeni layihələri hansılardır?
- Yaxın dövrdə əsas hədəfimiz Assosiasiyanı daha geniş institusional və peşəkar platformaya çevirməkdir. Hətta bu istiqamətdə bir neçə prioritet müəyyən etmişik. İlk növbədə, maarifləndirmə və peşəkar inkişaf proqramlarını genişləndirməyi planlaşdırırıq. Bu proqramlar yalnız təcrübəli mütəxəssisləri deyil, həm də gənc kadrları, tələbələri və sahibkarları əhatə edəcək. İkinci prioritetimiz beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsidir. Xarici peşəkar təşkilatlarla əlaqələrin qurulması, beynəlxalq təcrübənin ölkəmizə gətirilməsi və yerli mütəxəssislərin beynəlxalq platformalarda təmsil olunmasına dəstək göstərilməsi bu istiqamətdə əsas hədəflərimizdəndir. Digər mühüm istiqamət komplayens biliklərinin müxtəlif sektorlar üzrə yayılmasıdır. Komplayens yalnız bank və maliyyə sektorunun gündəliyi ilə məhdudlaşmamalıdır. Enerji, telekommunikasiya, logistika, tikinti, texnologiya və digər sahələrdə də bu yanaşmanın tətbiqi vacibdir. Son olaraq qeyd edim ki, əsas məqsədimiz komplayensin ayrı-ayrı mütəxəssislərin və ya müvafiq departamentlərin fəaliyyət istiqaməti olaraq qalmaması, ölkədə biznes və korporativ idarəetmə mədəniyyətinin ayrılmaz tərkib hissəsinə çevrilməsidir.
Faiq Kərimoğlu
