Elnur İslamov: “Universitetlərlə biznes arasında yeni əməkdaşlıq modeli yaratmağı düşünürük” MÜSAHİBƏ
Azərbaycanda ali təhsil alan gənclərin əmək bazarına hazırlığı, universitetlərlə biznes arasında əməkdaşlığın gücləndirilməsi və elmi tədqiqatların kommersiyalaşdırılması aktual məsələlərdəndir. Universitetlərdə formalaşan elmi və intellektual potensialın real sektorun ehtiyaclarına yönəldilməsi həm məzunların peşəkar inkişafına, həm də ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəlməsinə töhfə verə bilər.
Azərbaycan Françayzinq Mərkəzinin rəhbəri, biznes və idarəetmə üzrə ekspert Elnur İslamov “vergiler.az”a müsahibəsində ali təhsillə əmək bazarı arasındakı əlaqələrin gücləndirilməsi, müəllimlərin praktik layihələrə cəlb olunması, elmin kommersiyalaşdırılması və bu istiqamətdə Qarabağda pilot əməkdaşlıq modelinin yaradılması imkanlarından danışıb.
– Elnur müəllim, Azərbaycanda ali təhsil alan gənclərin sayı artır. Bununla belə, universitet məzunlarının əmək bazarına hazırlığı ilə bağlı müzakirələr davam edir. Sizcə, əsas problem nədən ibarətdir?
– Azərbaycanda ali təhsilin əhatə dairəsinin genişlənməsi müsbət tendensiyadır. Daha çox gəncin ali təhsil alması insan kapitalının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Lakin burada əsas məsələ yalnız neçə nəfərin universiteti bitirməsi deyil, onların əmək bazarına nə dərəcədə hazır olmasıdır. İşəgötürənlər üçün namizədin diplomu ilə yanaşı, onun praktiki bacarıqları, problemləri həll etmək, qərar vermək, məsuliyyət daşımaq və komandada işləmək qabiliyyəti də vacibdir. Universitetlər isə tələbələrə fundamental biliklər, nəzəri yanaşmalar və elmi düşüncə qazandırmağa çalışır. Əslində, bu iki istiqamət bir-birini tamamlamalıdır. Məsələn, marketinq ixtisası üzrə təhsil alan tələbə yalnız marketinq strategiyalarını nəzəri cəhətdən öyrənməklə kifayətlənməməlidir. O, real şirkətin satış problemini araşdırmalı, müştəri davranışlarını təhlil etməli, təkliflər hazırlamalı və mümkün nəticələri qiymətləndirməlidir. Bu cür yanaşma tələbənin biliklərini praktikada tətbiq etmək bacarığını artırar, işəgötürənə isə onun potensialını daha aydın qiymətləndirmək imkanı verər. Düşünürəm ki, universitetin uğurunu yalnız verdiyi diplomların sayı ilə deyil, yetişdirdiyi insanların yaratdığı dəyərlə də ölçməliyik.
İşəgötürənlər üçün namizədin diplomu ilə yanaşı, onun praktiki bacarıqları,
problemləri həll etmək, qərar vermək, məsuliyyət daşımaq və komandada işləmək qabiliyyəti də vacibdir
– Necə düşünürsünüz, universitetlə biznes arasında əməkdaşlığın daha səmərəli qurulması üçün hansı addımlar atılmalıdır?
– İlk növbədə, real sektorda çalışan peşəkarların universitetlərdə tədris prosesinə cəlb olunması daha sistemli xarakter almalıdır. Söhbət yalnız uğurlu sahibkarların və şirkət rəhbərlərinin tələbələrlə görüşlərindən getmir. İstehsalatı idarə edən, maliyyə risklərini qiymətləndirən, satış proseslərini təşkil edən və müxtəlif biznes problemləri ilə gündəlik işləyən mütəxəssislər tələbələrə öz praktik təcrübələrini müntəzəm şəkildə ötürə bilərlər.
Ancaq burada əsas məsələ təkcə həmin şəxslərin adlarının universitetin müəllim heyətində yer alması deyil, tədris prosesinə real töhfə verməsidir. Onların tələbələrlə nə qədər işlədiyi, hansı bilik və bacarıqları aşıladığı, nəticədə nə kimi dəyişikliklərin baş verdiyi qiymətləndirilməlidir. Digər vacib məqam bu mütəxəssislərin əməyinə uyğun ödəniş mexanizmlərinin yaradılmasıdır. Yüksək peşəkarlıq və təcrübə tələb edən işi yalnız şəxsi həvəs hesabına davamlı təşkil etmək çətindir. Eyni zamanda, əməkdaşlığı yalnız biznes nümayəndələrinin universitetlərə gəlməsi ilə məhdudlaşdırmaq düzgün olmazdı. Universitetlər də öz bilik və tədqiqat potensialı ilə şirkətlərin qarşılaşdıqları problemlərin həllində iştirak etməlidirlər.
– Bu prosesdə universitetlərin mövcud professor-müəllim heyətinin imkanlarını necə qiymətləndirirsiniz?
– Bu məsələdə universitetlərimizin mövcud elmi potensialını da nəzərə almalıyıq. Professor-müəllim heyəti arasında uzun illər elmi fəaliyyətlə məşğul olmuş, nəzəri bilikləri və tədqiqat bacarıqları yüksək olan mütəxəssislər var. Lakin hər müəllimin biznes mühitində işləmək və ya elmi biliklərini praktik layihələrdə tətbiq etmək imkanı olmur. Məncə, ən düzgün yanaşma akademik müəllimlə real sektor mütəxəssisini qarşı-qarşıya qoymaq deyil, onları ortaq layihələr ətrafında birləşdirməkdir. Tutaq ki, bir istehsal müəssisəsi məhsulun maya dəyərini azaltmaq və ya satış həcmini artırmaq istəyir. Niyə həmin müəssisənin mütəxəssisləri, universitet müəllimləri və tələbələr birlikdə bu problem üzərində işləməsinlər? Müəllim elmi yanaşma və tədqiqat metodologiyasını, biznes nümayəndəsi praktiki təcrübəsini, tələbə isə yeni baxışını və enerjisini ortaya qoya bilər. Belə əməkdaşlıq nəticəsində müəssisə faydalı həll əldə edər, müəllim öz elmi biliklərini praktikada sınayar, tələbə isə real iş təcrübəsi qazanar. Bu model müəllimlər üçün əlavə qazanc, peşəkar inkişaf və motivasiya imkanları da yarada bilər. Əsas məqsəd universitetlə biznes arasında qarşılıqlı faydaya əsaslanan davamlı əməkdaşlıq qurmaqdır.
Ən düzgün yanaşma akademik müəllimlə real sektor mütəxəssisini
qarşı-qarşıya qoymaq deyil, onları ortaq layihələr ətrafında birləşdirməkdir
– Elmi tədqiqatların kommersiyalaşdırılması dedikdə nə nəzərdə tutulur və bu istiqamətdə hansı imkanlar var?
– Sadə dillə desək, elmi tədqiqatların kommersiyalaşdırılması elmi biliklərin və araşdırmaların iqtisadi dəyər yaradan məhsula, texnologiyaya, xidmətə və ya praktik həllə çevrilməsidir. Yəni elmi nəticələr yalnız məqalə və dissertasiya şəklində qalmamalı, real sektorda tətbiq imkanları da araşdırılmalıdır. Azərbaycanda bu istiqamətdə geniş imkanların olduğunu düşünürəm. Universitetlərimizdə intellektual potensial, biznesdə isə həllini gözləyən çoxsaylı problemlər var. Müəssisələr istehsalatın təşkili, xərclərin azaldılması, logistika, satış, idarəetmə və texnologiyaların tətbiqi ilə bağlı müxtəlif çətinliklərlə qarşılaşırlar. Bu problemlər universitetlər üçün real tədqiqat mövzusuna çevrilə bilər. Şirkətlər tədqiqatların sifarişçisi, universitetlər isə elmi həllərin yaradıcısı kimi çıxış edə bilərlər. Belə əməkdaşlıq biznes fəaliyyətinin səmərəliliyini artıra, universitet əlavə maliyyə və inkişaf imkanları əldə edə, müəllim öz elmi fəaliyyətinin praktik nəticəsini görə, tələbə isə təcrübə qazana bilər. Burada vacib məsələlərdən biri əməkdaşlığın təşkilati və maliyyə mexanizmlərinin düzgün qurulmasıdır. Tədqiqatın sifarişi, maliyyələşdirilməsi, nəticələrdən istifadə hüquqları və əldə olunan iqtisadi faydanın bölüşdürülməsi əvvəlcədən müəyyənləşdirilməlidir.
– Universitetlərlə biznes arasında əməkdaşlığın genişləndirilməsi üçün Qarabağda pilot layihənin həyata keçirilməsini təklif edirsiniz. Bu təşəbbüs hansı imkanlara əsaslanır?
– İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, yeni sənaye müəssisələrinin yaradılması və Qarabağ Universitetinin fəaliyyəti bu baxımdan yeni imkanlar açır. Regionda formalaşan iqtisadi potensialı təhsil və elmi mühit ilə əlaqələndirmək üçün əlverişli şərait yaranır. Məsələn, universitetlərin, peşə təhsili müəssisələrinin və şirkətlərin iştirakı ilə Qarabağda kiçik pilot proqram həyata keçirmək olar. İlkin mərhələdə 10 müəssisənin, 30 müəllimin və 100 tələbənin iştirakı nəzərdə tutula bilər. Bunlar ilkin təklif olunan göstəricilərdir və proqramın imkanları qiymətləndirildikdən sonra dəqiqləşdirilə bilər. Layihə çərçivəsində müəssisələr öz real problemlərini və kadr ehtiyaclarını təqdim edər, müəllimlər və tələbələr isə biznes nümayəndələri ilə birlikdə həmin problemlərin həlli üzərində işləyərlər. Məsələn, müəssisələrdən biri istehsal xərclərinin azaldılması, digəri logistika proseslərinin təkmilləşdirilməsi, başqa bir şirkət isə satış imkanlarının genişləndirilməsi ilə bağlı layihə təklif edə bilər. Müvafiq ixtisaslar üzrə müəllim və tələbələr bu tapşırıqların yerinə yetirilməsinə cəlb olunarlar. Belə bir proqramın əsas məqsədi çoxsaylı tədbirlər keçirmək və ya formal əməkdaşlıq sənədləri imzalamaq deyil, konkret nəticələr əldə etmək olmalıdır. Tələbələrin praktiki bacarıqlarının inkişafı, müəllimlərin real layihələrdə iştirakı, müəssisələr üçün faydalı həllərin hazırlanması və elmi nəticələrin tətbiqi əsas göstəricilər kimi müəyyənləşdirilə bilər.
Elmi tədqiqatların kommersiyalaşdırılması elmi biliklərin və araşdırmaların
iqtisadi dəyər yaradan məhsula, texnologiyaya, xidmətə və ya praktik həllə çevrilməsidir
– Pilot layihənin uğurunu hansı meyarlarla qiymətləndirmək olar?
– İlk növbədə, layihənin nəticələri əvvəlcədən müəyyən edilmiş ölçüləbilən göstəricilər əsasında qiymətləndirilməlidir. Məsələn, neçə tələbənin real biznes layihələrində iştirak etdiyi, neçə müəllimin praktik tədqiqatlara cəlb olunduğu, müəssisələrin təqdim etdiyi problemlərdən neçəsinin həll edildiyi və neçə elmi nəticənin praktik tətbiq imkanına malik olduğu nəzərə alına bilər. Bundan başqa, proqramda iştirak edən tələbələrin təcrübə və iş imkanları, müəssisələrin əldə etdiyi iqtisadi fayda, müəllimlərin peşəkar inkişafı da qiymətləndirilməlidir. Əgər layihə nəticəsində müəssisələrin konkret problemləri həll olunarsa, tələbələr praktik bacarıqlar qazanar və universitetlərlə biznes arasında davamlı əlaqələr yaranarsa, bu, modelin uğurlu olduğunu göstərən mühüm amillərdən biri olar. Pilot proqramın nəticələri təhlil edildikdən sonra onu ölkənin digər regionlarında da tətbiq etmək mümkündür. Beləliklə, Qarabağda sınaqdan keçirilən əməkdaşlıq modeli daha geniş miqyasda universitet-biznes münasibətlərinin inkişafına töhfə verə bilər.
Universitetlər yalnız kadr hazırlayan təhsil müəssisələri deyil,
həm də yeni biliklərin, müasir texnologiyaların və iqtisadi dəyərin yaradılmasında iştirak edən mərkəzlər olmalıdır
– Sizcə, gələcəkdə universitetlərin uğurunu hansı meyarlarla qiymətləndirməliyik?
– Tələbə sayı, elmi nəşrlər, akademik göstəricilər və beynəlxalq reytinqlər, əlbəttə, vacibdir. Ancaq bunlarla yanaşı, universitetin məzunlarının peşəkar uğurları, biznesə verdiyi töhfə və cəmiyyət üçün yaratdığı fayda da diqqət mərkəzində olmalıdır. Universitetlər yalnız kadr hazırlayan təhsil müəssisələri deyil, həm də yeni biliklərin, müasir texnologiyaların və iqtisadi dəyərin yaradılmasında iştirak edən mərkəzlər olmalıdır. Bunun üçün elmi potensialla real sektor arasında daha sıx əlaqələr qurulmalıdır.
Azərbaycan Françayzinq Mərkəzi də universitetlər, real sektor nümayəndələri və texnoloji tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsi, akademik biliklərin praktiki tətbiqi və elmin kommersiyalaşdırılması istiqamətində təşəbbüslər üzərində çalışır. Bu çərçivədə haqqında bəhs etdiyim Qarabağda həyata keçirilməsi mümkün olan pilot layihələrin hazırlanması da nəzərdən keçirilir.
İnanıram ki, düzgün qurulmuş əməkdaşlıq modeli həm təhsilin keyfiyyətinə, həm biznesin inkişafına, həm də gənclərin məşğulluq imkanlarına müsbət təsir göstərə bilər. Elm biznesə, biznes isə elmin və təhsilin inkişafına töhfə verməlidir. Bu əməkdaşlığın ən böyük qazananı isə gənclərimiz və ölkə iqtisadiyyatı olacaq.
Faiq KƏRİMOĞLU
