21 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Camid Mövsümov: “Məqsədimiz Yaponiya ilə birgə istehsal və ticarət əlaqələrini genişləndirməkdir”

Camid Mövsümov: “Məqsədimiz Yaponiya ilə birgə istehsal və ticarət əlaqələrini genişləndirməkdir” MÜSAHİBƏ

Oktyabrın 18-19-da Bakıda Yaponiya və Azərbaycan bizneslərini bir araya gətirən beynəlxalq sərgi - “THE JAPAN ESSENCE GLOBAL EXPO 2026” keçirilib. Yaponiyanın 45 şirkətinin və Azərbaycandan olan 1500-dən çox şirkət nümayəndəsinin iştirak etdiyi tədbir iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi, yeni investisiyaların cəlb olunması və birgə istehsal müəssisələrinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.

Yaponiya-Azərbaycan Biznes və İnvestisiya Konsaltinqinin (JBIC) və “Made in Turan” markasının qurucusu Camid Mövsümov “vergiler.az”a müsahibəsində yaponiyalı investorların ölkəmizdə həyata keçirməyi planlaşdırdıqları layihələrdən danışıb. Kənd təsərrüfatı, tikinti texnikası, dərman istehsalı və digər sahələrə yönəldiləcək investisiyalar barədə məlumat verən C.Mövsümov, həmçinin, yerli məhsulların Yaponiya bazarına çıxarılması və işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulan layihələrə toxunub.
 

- Camid müəllim, sərginin əsas məqsədi nədir və tədbir yerli sahibkarlar üçün hansı yeni əməkdaşlıq və biznes imkanları yaradır?

- Tədbirin əsas məqsədi yaponiyalı investorları, istehsalçıları və distribütor şirkətlərini Azərbaycana gətirmək, onları yerli bazarla tanış etmək və qarşılıqlı biznes əlaqələrinin qurulmasına şərait yaratmaqdır. Sərgidə yerli sahibkarlarımız da iştirak ediblər və 1500-dən çox şirkət nümayəndəsi qeydiyyatdan keçib. Qeydiyyatdan keçməyən iştirakçıları da nəzərə alsaq, bu say gözləntilərimizin üzərində oldu. Yaponiyalı investorlar əsasən istehsal avadanlıqlarına investisiya qoymaqda və birgə müəssisələr yaratmaqda maraqlıdırlar. Texnoloji baxımdan geri qalan yerli müəssisələr müasir Yaponiya avadanlıqları və texnologiyaları hesabına istehsal imkanlarını genişləndirə bilərlər. Strategiyamız yaponların Azərbaycanda həm investor, həm də biznes tərəfdaşı kimi fəaliyyət göstərməsinə əsaslanır.

Yaponiyalı investorlar əsasən istehsal avadanlıqlarına
investisiya qoymaqda və birgə müəssisələr yaratmaqda maraqlıdırlar

- Yaponiya ilə biznes əlaqələrinin inkişafı istiqamətində hazırda konkret hansı layihələr həyata keçirilir?

- Yaponiya ilə biznes əlaqələrini inkişaf etdirmək üçün bir sıra təşkilat və şirkətlər yaratmışıq. Yaponiyada CAVA (Cava Azərbaycan Business Partnership Association) adlı təşkilatımız, Azərbaycanda isə JBIC fəaliyyət göstərir. Bundan əlavə, ölkəmizdə “Unified AZ” şirkətini yaratmışıq. Şirkət bu il Azərbaycan bazarına ilkin olaraq 3,5 milyon dollar investisiya yatırıb. İlin sonunadək daha 11 milyon dollar investisiya qoyulması planlaşdırılır. Digər istiqamətimiz tikinti texnikası bazarıdır. “Hitachi” və “Komatsu” markalarının istehsalı olan tikinti texnikalarının gələn ilin yanvar ayından etibarən Azərbaycanda bazara çıxarılmasını planlaşdırırıq. Bununla bağlı yerli şirkətlə əməkdaşlıq müzakirələri aparılıb. Layihəyə investisiyanı Yaponiya tərəfi etsə də, əməliyyat fəaliyyətini yerli tərəfdaş həyata keçirəcək.

- Ənənəvi olmayan başqa hansı sahələrdə yaponiyalı iş adamları investisiyaya maraq göstərirlər?

- Gələn il üçün əsas planlarımızdan biri dərman istehsalı müəssisəsinin yaradılmasıdır. Bununla bağlı yaponiyalı investorlar tərəfindən səhiyyə qurumlarının müvafiq strukturları ilə görüşlər keçirilib. Layihənin İtaliya və Yaponiya şirkətlərinin birgə iştirakı ilə həyata keçirilməsi ehtimalı da var. İnvestorlar İtaliya texnologiyalarından istifadə imkanlarını nəzərdən keçirirlər. Bundan əlavə, bir klinikanın açılmasını planlaşdırırıq və onun ilkin avadanlıqları artıq Azərbaycandadır. Yaponiya restoranının açılması da gündəmdədir. “Connection Corporation” şirkəti Azərbaycanda restoran fəaliyyəti qurmaqda maraqlıdır.

Əməkdaşlığın üstünlüyü ondan ibarətdir ki, Yaponiya tərəfi yalnız investor deyil,
eyni zamanda istehsal olunan məhsulun potensial alıcısı kimi də çıxış edə bilər

- Yaponiyalı investorların Azərbaycanda kənd təsərrüfatı sahəsinə marağı necədir, hansı birgə layihələr həyata keçirilə bilər?

- Yaponiyalı investorlar Azərbaycanda kənd təsərrüfatına, xüsusilə tütünçülük və çayçılığa maraq göstərirlər. Tütünçülük üçün 580 hektar torpaq sahəsinin alınması planlaşdırılır. Bundan əlavə, 7 hektar ərazidə çayçılığın inkişafı imkanlarını da araşdırırlar. Artıq torpaq analizlərinin nəticələrini Yaponiyaya göndərmişik. Yaponiya Çay Assosiasiyasının rəhbərinin də Azərbaycana gələrək ərazi ilə yerində tanış olması nəzərdə tutulur. Əsas hədəflərimizdən biri Yaponiyada geniş yayılmış “Matcha” çayının Azərbaycanda yetişdirilməsidir. Bu əməkdaşlığın üstünlüyü ondan ibarətdir ki, Yaponiya tərəfi yalnız investor deyil, eyni zamanda istehsal olunan məhsulun potensial alıcısı kimi də çıxış edə bilər. Beləliklə, yerli istehsalçılar üçün həm investisiya, həm də satış imkanları yaranır.

- Bəs yerli məhsulların Yaponiya bazarına çıxarılması istiqamətində hansı addımlar atılır?

- Azərbaycan məhsullarının Yaponiyaya ixracı strategiyamızın mühüm istiqamətlərindən biridir. Bu məqsədlə yapon şirkətlərinin nümayəndələrini Qubada yerləşən bağçılıq müəssisələrindən birinə aparmışıq. Onlar istehsal prosesi ilə tanış olublar. Həmin müəssisənin məhsullarının Yaponiyaya ixracı ilə bağlı ilkin razılıq əldə edilib və müvafiq razılaşmanın imzalanması nəzərdə tutulur. Bundan başqa, yerli şirkətlə əməkdaşlıq çərçivəsində yapon üslubunda çörək məhsullarının istehsalına başlamışıq. Məhsulun nümunələri artıq hazırdır və yaxın zamanda Azərbaycan supermarketlərində piştaxtalarda gözə dəyəcək. Məqsədimiz Azərbaycan və Yaponiya arasında yalnız investisiya deyil, birgə istehsal və ticarət əlaqələrini də genişləndirməkdir.

Xankəndidə Azərbaycan-Yaponiya İnnovativ İnkişaf Mərkəzinin yaradılması planlaşdırılır

- İşğaldan azad edilmiş ərazilərdə Yaponiya şirkətlərinin iştirakı ilə hansı layihələrin həyata keçirilməsi mümkündür?

- Bu istiqamətdə müəyyən əməkdaşlıq məsələləri müzakirə predmetidir. Məsələn, Xankəndidə Azərbaycan-Yaponiya İnnovativ İnkişaf Mərkəzinin yaradılması planlaşdırılır. Bu, Azərbaycan tərəfinin Yaponiya şirkətlərinə təklifidir. Onlar layihəni təhlil edərək investisiya imkanlarını qiymətləndirəcəklər. Onu deyə bilərəm ki, bu layihənin ilkin mərhələsi uğurla nəticələnib, memorandum imzalanıb və bundan sonra digər proseslərə başlanılacaq. Bundan başqa, Azərbaycandakı universitetlərdən birindən tələbə yataqxanalarına investisiya qoyulması ilə bağlı təklif almışıq. Təklifə əsasən, yapon tərəfi müəyyən müddət ərzində yataqxanaların idarə edilməsində iştirak edə və Azərbaycanın tələbə yaşayış infrastrukturu sisteminin təkmilləşdirilməsinə töhfə verə bilər. Bu məsələ də müzakirə mərhələsindədir.

- Son olaraq soruşmaq istərdim: növbəti illərdə də bu miqyasda tədbirin təşkili planlarınızda varmı?

- Qeyd etdiyim kimi, builki sərgidə 45 Yaponiya şirkət iştirak edirdisə, gələn il Bakı Ekspo Mərkəzdə daha böyük - 150 şirkətin iştirakı ilə genişmiqyaslı tədbir keçirməyi planlaşdırırıq. Bu yöndə Yaponiyanın ən böyük sərgi təşkilatçısı ilə əməkdaşlıq müqaviləsi imzalamışıq. Hesab edirəm ki, hər bir yeni investorun Azərbaycanda müəssisə yaratması və iş yerləri açması iqtisadiyyatımıza böyük töhfədir. 2018-ci ildə Azərbaycana dəvət etdiyimiz yaponiyalı iş adamlarından birinin bu gün regionda 1800 Azərbaycan vətəndaşını işlə təmin etməsi əməkdaşlığın real nəticələrinin göstəricisidir. Əsas məqsədimiz bu əməkdaşlığı davamlı etmək, yeni investisiyalar cəlb etmək və paralel olaraq Azərbaycan məhsullarının beynəlxalq bazarlara çıxışını genişləndirməkdir.

Faiq KƏRİMOĞLU

VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq?