Ceyhun Quliyev: "Made in Azerbaijan" brendli ixrac coğrafiyamız kifayət qədər genişdir” MÜSAHİBƏ
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının ilk rezidentlərindən biri "Azertexnolayn" MMC-nin təməli 2012-ci ilin fevralında qoyulub və müəssisə 2013-cü ildə istismara verilib. Hazırda şirkət Azərbaycanın sənaye sektorunda aparıcı istehsalçılardan biridir.
Yarandığı gündən ölkənin sənaye potensialının inkişafına, yerli istehsalın gücləndirilməsinə və müasir texnologiyaların tətbiqinə töhfə verən müəssisə daxili bazarın tələbatını ödəməklə yanaşı, ixracda da aktiv rol oynayır.
Şirkətin kommersiya departamentinin müdiri Ceyhun Quliyev müasir istehsal imkanları, sənayenin mövcud vəziyyəti və gələcək planları barədə “vergiler.az”ın suallarını cavablandırıb.
- Ceyhun müəllim, “Azertexnolayn” MMC-nin zavodları, istehsal gücü və məhsul çeşidləri haqqında məlumatla söhbətə başlaya bilərikmi?
- Bəli. Əvvəlcə onu deyim ki, “Azertexnolayn” MMC əsas fəaliyyətini polad boru, polietilen məmulatları və texniki avadanlıqlar zavodları olmaqla üç böyük müəssisə vasitəsilə həyata keçirir. Bununla yanaşı, şirkətin strukturuna metal hasar istehsalı sahəsi də daxil edilib.
Polad boru zavodunda beynəlxalq standartlara uyğun spiral tikişli polad borular istehsal olunur. Burada diametri 400–2800 mm aralığında olan borular müasir texnologiyalar əsasında istehsal edilir və müxtəlif keyfiyyət testlərindən keçirilir. Zavodun illik istehsal gücü 150 min tondan çoxdur.
Polietilen məmulatları zavodunda isə yüksək sıxlıqlı polietilen xammalından istifadə etməklə müxtəlif diametrdə atmosfer təzyiqinə davamlı içməli su, təbii qaz boruları, onların fitinqləri, həmçinin kanalizasiya və kommunikasiya xətləri üçün iki və üç qat qofralı borular istehsal olunur. Zavod müasir avadanlıqlarla təchiz edilib və məhsullar beynəlxalq standartlara uyğun sertifikatlaşdırılıb. Bu zavodun illik istehsal gücü 25 min tondan çoxdur.
Texniki avadanlıqlar zavoduna gəlincə, burada sürgülü siyirtmələr, yanğın hidrantları, quyu qapaqları, əks klapanlar və digər texniki məhsullar istehsal olunur. Zavodun illik istehsal gücü 15 min tondan çoxdur.
Bundan əlavə, müəssisədə yüksək korroziya davamlılığına malik metal hasar sistemləri də istehsal edilir. Şirkət müasir istehsal imkanları və beynəlxalq keyfiyyət standartlarına uyğun fəaliyyət göstərir.
Zavodların hər birinin daxilində müstəqil labaratoriyalar fəaliyyət göstərir ki, bunlar da aid olduqları zavodlara xidmət göstərməklə yanaşı, kənar sifarişlər əsasında lazımi test və sınaqların aparılmasını həyata keçirir. Müəssisəmizdə fəaliyyət göstərən labaratoriyalarımızın hər biri akkreditasiyadan keçərək sertifikatlarla təmin olunub.

- Bəs hazırda istehsal gücünün artırılması və rəqəmsallaşma istiqamətində hansı işlər görülür?
- Şirkət olaraq istehsal imkanlarının artırılması və texnoloji imkanların genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Hazırda texniki avadanlıqlar zavodunda istehsal gücünün artırılması istiqamətində işlər aparılır. Yeni istehsal sahəsinin tikintisi bitmək üzrədir və sifarişi verilmiş yeni avadanlıqların gəlişi gözlənilir. Bu sahə istifadəyə verildikdən sonra zavodun emal sahəsinin iş gücü və çeşidliliyi daha da artacaq.
Polietilen məmulatları zavodu ilə bağlı da yenilik var. Zavod üçün yeni istehsal avadanlıqları sifariş edilib. Bu yeniliklər mövcud yüksək istehsal gücümüzün daha da artırılmasına, məhsul çeşidlərinin genişləndirilməsinə və istehsal proseslərinin daha da təkmilləşdirilməsinə imkan yaradacaq.
Xüsusi qeyd etmək istərdim ki, bu gün dünyada istehsal sahələrində optimallaşdırma, rəqəmsallaşma və transformasiya işlərinin aparılması geniş vüsət alıb. Biz də bu sahədə olan yenilikləri davamlı izləyirik. Bu işlər çərçivəsində istehsal proseslərinin təhlili aparılır, avadanlıqların istismar səmərəliliyinin artırılması istiqamətində tədbirlər həyata keçirilir. Məqsədimiz istehsal gücünün artırılması ilə paralel olaraq, itkilərin azaldılması və məhsuldarlığın yüksəldilməsi üçün möhkəm zəmin formalaşdırmaqdır.
Məqsədimiz istehsal gücünün artırılması ilə paralel olaraq,
itkilərin azaldılması və məhsuldarlığın yüksəldilməsi üçün
möhkəm zəmin formalaşdırmaqdır
- İstehsal gücünün və məhsul çeşidliliyinin artırılması avtomatik olaraq xammala olan tələbatı və keyfiyyət standartlarını da yüksəldir. Böyüyən istehsal potensialını daxili və xarici xammal bazarı hesabına necə balanslaşdırırsınız?
- Şirkət olaraq mümkün qədər yerli resurslardan istifadə etməklə ölkədaxili istehsalın inkişafına dəstək verməyə çalışırıq. Amma xüsusi texniki tələblərə və beynəlxalq standartlara uyğunluğun təmin edilməsi məqsədilə bəzi xammal və komponentlər xarici ölkələrdən də idxal olunur. Hazırda istifadə etdiyimiz xammalın bir hissəsi yerli, bir hissəsi isə xarici mənbələr hesabına təmin olunur. Yüksək keyfiyyət tələb edən proseslərdə Avropa ölkələri, Rusiya və Çindən alınan sertifikatlı materiallardan istifadə edilir.
Bu yanaşma məhsulların beynəlxalq standartlara uyğunluğunu və yüksək keyfiyyət göstəricilərini təmin edir, eyni zamanda yerli təchizatçılarla əməkdaşlığın genişləndirilməsi istiqamətində də işlər davam etdirilir. Onu da vurğulamaq istərdim ki, təchiz edilmiş bütün xammal və komponentlər ilkin olaraq labarator analizdən keçdikdən sonra istehsala qəbul edilir.

- Bəs şirkətinizin fəaliyyəti ölkənin sənaye məhsulları üzrə idxaldan asılılığına necə təsir göstərir?
- Yerli istehsalın qurulması və inkişafı ölkənin bu məhsullar üzrə idxaldan asılılığının azalmasına mühüm təsir göstərib. “Azertexnolayn” brendi ilə daxili bazarda satışa çıxarılan polad boruların, polietilen məhsulların, çuqun tökmə məmulatlarının və digər sənaye məhsullarının ölkə daxilində istehsal olunması daxili bazarın tələbatının yerli imkanlar hesabına qarşılanmasına şərait yaradıb. Sözsüz ki, bu da idxal xərclərinin azalmasına, ölkədən valyuta axınının minimuma enməsinə, eyni zamanda yerli istehsal sənaye sektorunun inkişafına, yeni iş yerlərinin yaradılmasına və ölkənin sənaye potensialının güclənməsinə töhfə verir.
- İş yerlərindən söz düşmüşkən, zavod nə qədər mütəxəssisin əməyi ilə istehsal həyata keçirir?
- “Azertexnolayn” MMC fəaliyyətə başladığı gündən etibarən ölkənin sənaye sektorunun inkişafı ilə yanaşı, məşğulluğun artırılmasına və gənc mütəxəssislərin inkişafına da mühüm töhfə verir. Hazırda şirkətdə təxminən 1200-ə yaxın əməkdaş çalışır. Müəssisədə istehsal, mühəndislik, texniki nəzarət, logistika və digər sahələr üzrə yerli mütəxəssislər fəaliyyət göstərir. Biz peşəkar kadr potensialının formalaşmasına və yerli mütəxəssislərin inkişafına xüsusi önəm veririk. Bu məqsədlə şirkət daxilində əlavə təlimlər və toplantılar təşkil olunur.
“Azertexnolayn” MMC “Azmade Group”un tərkibində fəaliyyət göstərdiyindən, qrup tərəfindən son iki ildə iki dəfə “Mühəndislikdə ilk addım” layihəsi həyata keçirilib. Bu proqram vasitəsi ilə universitetlərin son kursunda təhsil alan tələbələr və yeni məzun olmuş gənclər şirkətimizdə 6 ay ərzində maaş alaraq təcrübə keçmək imkanı qazanırlar. İştirakçılar bu müddət ərzində real iş mühitində çalışaraq praktiki təcrübə qazanır, mentor dəstəyi və təlimlərdə iştirak edirlər. Proqramı uğurla tamamlayan namizədlər üçün şirkətdə daimi iş imkanı da yaradılır.
Hazırda istifadə etdiyimiz xammalın bir hissəsi
yerli, bir hissəsi isə xarici mənbələr hesabına təmin olunur
- Bəs ölkədə reallaşdırılan irimiqyaslı infrastruktur layihələrində, xüsusilə azad olunmuş ərazilərin bərpasında və aqrar sektorda hansı məhsullarınız istifadə olunur?
- “Azertexnolayn” olaraq ölkəmizdə həyata keçirilən quruculuq və bərpa işlərində yaxından iştirak edirik. Belə ki, Qarabağ və Şərqi Zəngəzur regionunda həyata keçirilən su–kanalizasiya, qazlaşdırma, meliorasiya və digər layihələrdə məsullarımız etibarlı şəkildə istifadə olunur. Xüsusilə son dövrlərdə diqqət mərkəzində olan alternativ enerji sahələrinin yaradılması işlərində yaxından iştirak edirik. Belə ki, qeyd etdiyimiz regionlarda istifadəyə verilmiş və ya tikintisi davam edən su elektrik stansiyalarının derivasiya xətlərində yuxarı diametrli polad borulardan geniş istifadə edilib.
Son dövrlərdə kənd təsərrüfatının inkişafı bu sahəyə olan diqqəti xeyli artırıb. Dövlət və özəl sektor tərəfindən bu istiqamətdə irihəcmli investisiya qoyuluşu həyata keçirilir. Biz də öz növbəmizdə bu sektorda, xüsusilə pivot suvarma sistemlərinin qurulmasında yaxından iştirak edirik. Bu layihələrdə yüksək təzyiqə və korroziyaya davamlı polad və polietilen borularımız, həmçinin siyirtmələrimiz etibarlı şəkildə istifadə olunur.
- Şirkətiniz xarici bazarlarda necə təmsil olunur və ixrac coğrafiyanız hansı ölkələri əhatə edir?
- Yerli zavodlarımızda istehsal edilən məhsulların ixracı şirkətimiz üçün prioritet məsələdir. Artıq "Made in Azerbaijan" brendi altında olan məhsullarımızı dünyanın bir çox ölkələrində görmək mümkündür. İxrac coğrafiyamız kifayət qədər genişdir. Belə ki, Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi dövlətlərlə yanaşı, Norveç, İtaliya, İsveç, Polşa, Avstriya, Çexiya, Finlandiya, Ukrayna, Estoniya, Rumıniya və Yunanıstan kimi Avropa ölkələrində də yerli məhsullarımızın satışı uğurla həyata keçirilir. Hətta yerli mühəndislərimizin əməyi sayəsində ərsəyə gələn bu məhsullar ABŞ və uzaq Avstraliyaya qədər gedib çıxıb. Bununla belə, şirkətimiz müxtəlif beynəlxalq layihələrdə aktiv iştirak edir və məhsullarını daha geniş xarici bazarlara təqdim etmək istiqamətində daim yeni araşdırmalar aparır.
- İxracın genişləndirilməsində xüsusilə hansı regionlar prioritetdir və bu prosesdə hansı zavodunuz önə çıxır?
- Məhsullarımızın yeni bazarlara çıxarılması məqsədilə müxtəlif beynəlxalq sərgilərdə və biznes platformalarında aktiv iştirak edirik. Xüsusilə Avropa bazarı şirkət üçün maraqlı və perspektivli istiqamətlərdən biri hesab olunur.
Ölkəmizdən ilk dəfə Yunanıstana suvarma hidrantı ixracı həyata keçirilib. Bu, şirkətin məhsullarının beynəlxalq standartlara uyğunluğunu və xarici bazarlarda rəqabət qabiliyyətini göstərən mühüm göstəricilərdən biridir.
Eyni zamanda, istehsal gücünün artırılması, yeni avadanlıqların tətbiqi və məhsul çeşidlərinin genişləndirilməsi ixrac potensialının daha da artırılmasına xidmət edəcək.
Şirkətimizin ixrac potensialı ən yüksək olan qolu məhz Texniki Avadanlıqlar Zavodu sayılır. Belə ki, bu zavodumuz hidravlik qurğular, kənd təsərrüfatı texnikaları və müxtəlif avadanlıqların ehtiyat hissələri kimi xammalı çuqun olan bir çox sahələr üçün tam yararlı istehsal imkanlarına malikdir. Artıq bir neçə ildir ki, bu tipli məhsulların sifarişini qəbul edib istehsalını uğurla reallaşdırırıq. ABŞ-yə ixrac etdiyimiz məhsullar da məhz bu qəbildəndir.
Polad boruların, polietilen məhsulların, çuqun tökmə məmulatlarının və
digər sənaye məhsullarının ölkə daxilində istehsal olunması daxili bazarın
tələbatının yerli imkanlar hesabına qarşılanmasına şərait yaradıb

- Qlobal bazarlarda bu rəqabətə tab gətirmək üçün məhsulların keyfiyyətinə nəzarət və beynəlxalq standartlara uyğunlaşdırılması prosesi necə tənzimlənir?
- Şirkətimizdə məhsul keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması sistemli şəkildə həyata keçirilir. İlk növbədə, istehsalda istifadə olunan xammal beynəlxalq standartlara cavab verən sertifikatlı mənbələrdən seçilir. Daha sonra istehsal prosesinin hər mərhələsində ciddi texniki nəzarət və laborator yoxlamalar aparılır. Hazır məhsullar isə müxtəlif fiziki, mexaniki və dayanıqlılıq sınaqlarından keçirilir, yalnız müəyyən olunmuş tələblərə tam cavab verən məhsullar satışa və ya ixraca yönləndirilir. Xüsusilə polad boru məhsullarımız beynəlxalq API 5L standartına uyğun istehsal olunur və müvafiq sertifikatlaşdırma proseslərindən keçir.
Eyni zamanda, müəssisəmizdə ISO 9001 (Keyfiyyətin İdarə Edilməsi), ISO 14001 (Ətraf Mühitin İdarə Edilməsi) və ISO 45001 (Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası) standartları uğurla tətbiq olunur. Bu inteqrasiya olunmuş idarəetmə sistemləri məhsul keyfiyyətinin davamlı şəkildə qorunmasına, ətraf mühitin mühafizəsinə və əməyin təhlükəsizliyinin ən yüksək səviyyədə təmin edilməsinə xidmət edir.
Məhz bu səbəbdən, ekoloji standartlara riayət olunması və ətraf mühitin qorunması şirkətimizin əsas prioritet istiqamətlərindən biridir. Müəssisədə tətbiq edilən ISO 14001 sistemi sayəsində bütün istehsal prosesləri beynəlxalq ekoloji tələblərə tam uyğun şəkildə idarə olunur.
Bu çərçivədə, istehsal zamanı yaranan tullantılar tam nəzarət altında saxlanılır və sıfır tullantı prinsipinə uyğun olaraq, mümkün qədər təkrar istehsala yönləndirilir. Məsələn, polad boru istehsalı zamanı yaranan metal qalıqları çuqun tökmə zavodunda yenidən əridilərək istehsal prosesinə qaytarılır. Digər tullantılar isə müvafiq ekoloji qaydalara uyğun şəkildə, təhlükəsiz şəraitdə utilizasiya edilir.
Bununla yanaşı, istehsal proseslərində enerji və resurslardan səmərəli istifadə olunması məqsədilə davamlı monitorinq və nəzarət tədbirləri həyata keçirilir. Ən müasir texnologiyaların tətbiqi sayəsində ümumi istehsal fəaliyyətimiz qlobal ekoloji standartlara tam uyğun şəkildə təşkil olunur.
Faiq KƏRİMOĞLU
