6 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Məmməd Quliyev: “Müraciətlərin təxminən 55 faizi üzrə hüquq pozuntusu halı müəyyən edilməyib” MÜSAHİBƏ

Vergi ödəyicilərinin hüquqlarının daha etibarlı qorunması, onların şikayətlərini ilkin mərhələdə həll etmək, vergi orqanına qarşılıqlı etimadı daha da gücləndirmək üçün 2019-cu ildən Vergi ombudsmanı fəaliyyət göstərir. Bu xidmət mütəmadi olaraq sahibkarlarla görüşlər keçirir, onların təkliflərini və müraciətlərini dinləyir, qaldırılan məsələlərin həlli ilə bağlı tövsiyələrini verir. Bəs Vergi ombudsmanı mexanizmi necə işləyir? Hansı məsələlərə baxır? İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ATV kanalı ilə birgə layihəsi olan “İqtisadi zona” proqramının qonağı - Dövlət Vergi Xidmətinin Vergi ombudsmanı xidməti baş idarəsinin şöbə rəisi Məmməd Quliyev Günel Bəhramqızının suallarını cavablandırıb.

- Məmməd müəllim, Vergi ombudsmanına kimlər və hansı məsələlərlə bağlı müraciət edə bilər? Sahibkarlar hansı hallarda birbaşa Ombudsmana müraciət etməlidirlər?

- Vergi ombudsmanına vergi ödəyicisi olan istənilən fiziki və hüquqi şəxs müraciət edə bilər. Vergi ödəyicisi hüquqlarının pozulduğunu hesab etdikdə bununla bağlı müraciət edə bilər. Vergi ödəyiciləri bir sıra məsələlərlə bağlı müraciət edə bilərlər. Bunlara misal olaraq, əsassız vergi hesablanması, maliyyə sanksiyalarının düzgün tətbiq edilməməsi, yoxlama prosesində qanunvericilik və inzibatçılıq normalarına riayət edilməməsi, vergi öhdəliklərinin düzgün müəyyən edilməməsi və s. göstərilə bilər.

Bir məqamı da vurğulamaq istərdim ki, müraciət daxil olduqda onun icrası nəzarətə götürülür. Müraciət aidiyyəti struktur bölməyə yönləndirilir. Əgər vergi ödəyicisi müraciətinin nəzarətə götürülməsini istəyirsə, bunu müraciətində qeyd edə bilər. Yaxud əlavə müraciət ünvanlayaraq həmin müraciətin nəzarətə götürülməsini xahiş edə bilər.

- Vergi ombudsmanına müraciət prosesi necə həyata keçirilir və müraciətlərə baxılma müddəti nə qədərdir?

- Bu proses sadə və əlçatandır. Vergi ödəyicisi müraciətini yazılı formada adi məktubla, yaxud elektron kabineti vasitəsilə, yəni onlayn kargüzarlıq üzərindən göndərə bilər. Bu zaman müraciətin məzmun hissəsində onun nəzarətə götürülməsinin istənildiyi qeyd oluna bilər. Həmçinin elektron poçt vasitəsilə də müraciət ünvanlamaq mümkündür.

Bu zaman biz çalışırıq ki, hər hansı hüquq pozuntusu aşkar edildikdə müraciətin daha qısa müddətdə – 7-10 iş günü ərzində həll olunması istiqamətində tədbirlər görək. Məlum olduğu kimi, müraciətlərə baxılma müddəti qanunla tənzimlənir və 15 və ya 30 iş günü təşkil edir. Araşdırma tələb edən mürəkkəb hallarda bu müddət bir qədər uzadıla bilər. Lakin biz müraciətlərin mümkün qədər qısa müddətdə həll olunmasına çalışırıq.

Bu barədə vergi ödəyicisi də məlumatlandırılır. Müraciətin araşdırılması üçün hər hansı sənəd və ya izahat tələb olunduqda, həmin sənədlər əldə edilir və ya məsələnin həlli istiqamətində müvafiq köməklik göstərilir.

- Vergi ombudsmanının tövsiyə və qərarlarının icrası necə təmin edilir? Bu mexanizmin effektivliyi necə qiymətləndirilir?

- Ümumiyyətlə, bizim təqdim etdiyimiz tövsiyələr məcburi deyil. Lakin bu o demək deyil ki, onların effektivliyi yoxdur. Çünki təqdim edilən tövsiyələrin təxminən 60 faizi aidiyyəti strukturlar tərəfindən qəbul olunub və məsələlər vergi ödəyicilərinin xeyrinə həll edilib.

Həmçinin, biz, sadəcə, daxil olan fərdi müraciətləri təhlil edib onların həlli istiqamətində fəaliyyət göstərmirik. Biz kök səbəbləri araşdırmağa və onların aradan qaldırılması üçün institusional təkliflər təqdim etməyə çalışırıq. Bu təkliflər də aidiyyəti üzrə təqdim edilir.

Bir məsələni də xüsusilə qeyd etmək istəyirəm ki, bizim dəstəyimiz sırf öz öhdəliklərini yerinə yetirən və vergi öhdəliklərindən yayınmayan vergi ödəyicilərinə yönəlir. Vergidən yayınan və ya vergi üstünlüyü əldə etmək məqsədilə yayınma sxemlərindən istifadə edən vergi ödəyiciləri bizim fəaliyyət sahəmizə daxil deyil. Yəni biz onlara dəstək göstərmirik.

- Vergi ombudsmanına müraciət vergi ödəyicisi üçün hansı mərhələdə alternativ həll vasitəsi hesab olunur? Bu, məhkəməyəqədərki mexanizm hesab olunurmu?

- Vergi ödəyicilərinin istənilən mərhələdə Vergi ombudsmanına müraciət etmək hüququ var. Buna tam olaraq məhkəməyəqədərki mexanizm kimi deyil, alternativ bir kanal kimi baxmaq olar. Lakin bir məsələni vurğulamaq istəyirəm ki, hər hansı məsələ məhkəmə müstəvisində mübahisələndirilirsə, bu halda həmin müraciətə baxılmır. Çünki yekunda məhkəmə tərəfindən çıxarılan qərar hüquqi baxımdan üstün hesab olunur.

Təcrübədə isə müraciətlər daha çox ona görə edilir ki, bu mexanizm sadədir və əlavə xərclər tələb etmir. Həmçinin vergi ödəyicisinin daha qısa müddətdə cavab alma imkanı olur. Məhkəmə prosesində isə müəyyən prosedurlar və xərclər mövcuddur. Buna görə də vergi ödəyicisi ilk növbədə bu mexanizmə müraciət etdikdə məsələyə daha qısa müddətdə baxılması mümkündür. Əsas məqsəd mübahisələrin məhkəmə müstəvisinə çıxmadan həllinə nail olmaqdır.

Əlavə olaraq bir məqamı da qeyd edim ki, təqdim edilən tövsiyələr aidiyyəti strukturlar tərəfindən qəbul olunmaya bilər. Bu halda məsələ barədə Dövlət Vergi Xidmətinin rəhbərliyinə məlumat verilir, həlli yolları rəhbərliklə müzakirə olunur və zərurət olduqda Dövlət Vergi Xidmətinin rəisinin müvafiq əmri ilə yaradılmış komitələrdə müzakirəyə çıxarılır. Bizim tövsiyələrimiz məcburi xarakter daşımır, lakin könüllü əməkdaşlıq çərçivəsində 60 faizlik göstəricinin əldə olunması bu mexanizmin effektivliyinin göstəricisi kimi qiymətləndirilməlidir.

- Nəticələrdən danışmışkən, bir məqama da aydınlıq gətirək. Sahibkarlar Vergi ombudsmanına ən çox hansı məsələlərlə bağlı müraciət edirlər? Fəaliyyətə başladığınız gündən bu günə qədər ümumi statistika necədir?

- Fəaliyyətə başladığımız 2019-cu ildən bu günədək Ombudsmana ümumilikdə 500-dən artıq müraciət daxil olub. Həmin müraciətlərin böyük hissəsi bir neçə əsas istiqamət üzrə toplanır: vergi hesablamalarındakı uyğunsuzluqlar, yoxlama prosesində prosedur normalarına riayət edilməməsi, maliyyə sanksiyalarının əsassız tətbiqi və vergi öhdəliklərinin düzgün müəyyən edilməməsi. Bunlar həm ən çox təkrarlanan, həm də vergi ödəyicilərinin daha çox rastlaşdığı məsələlərdir.

Daxil olan müraciətlərin 78 faizi kameral vergi yoxlamaları ilə bağlı olub, 10 faizi vergi öhdəliklərinin icrasına nəzarətlə bağlı, qalan hissəsi isə digər məsələləri əhatə edib. Həmçinin, müraciətlərin təxminən 55 faizi üzrə hüquq pozuntusu halı müəyyən edilməyib. Yəni araşdırma zamanı müəyyən olunub ki, vergi ödəyicisi məsələni müvafiq sənədləri təqdim etməklə həll edə bilərdi. Təxminən 7–8 faizi üzrə isə müraciətə səbəb olan hal araşdırma müddətində aradan qalxdığından tövsiyənin hazırlanmasına ehtiyac olmayıb.

- Vergi ombudsmanı tərəfindən verilən tövsiyələrin nəticələri barədə məlumat verə bilərsinizmi? Vəziyyət nə yerdədir?

- Bununla bağlı bəzi statistik rəqəmləri qeyd etmək istərdim. 2025-ci il yanvarın 1-dən 2026-cı il martın 31-dək olan dövrdə ümumilikdə 200-dən artıq tövsiyə və 70-dən artıq təklif hazırlanaraq Dövlət Vergi Xidmətinin aidiyyəti struktur bölmələrinə göndərilib. Bunların təxminən 60 faizi aidiyyəti struktur bölmələri tərəfindən qəbul edilib və həlli istiqamətində tədbirlər görülüb.

Tövsiyələrin mənbəyinə baxdıqda mənzərə daha aydın görünür. Hazırlanan tövsiyə və təkliflərin 37 faizi vergi ödəyicilərinin müraciətləri ilə bağlı, 34 faizi iş proseslərinin təhlili zamanı aşkarlanan məsələlər əsasında formalaşıb. 29 faiz tövsiyə və təklif isə vergi ödəyiciləri ilə keçirilən görüşlərin nəticəsi və aparılan müstəqil təhlillər əsasında hazırlanıb.

Bu bölgüyə baxdıqda daha aydın görünür ki, fəaliyyət yalnız şikayətlərin araşdırılması ilə məhdudlaşmır. Əsas məqsəd kök səbəblərin müəyyən olunması və proaktiv təkliflərin təqdim edilməsidir. Yəni dolayısı ilə Ombudsmanın rolunu reaktiv deyil, preventiv tədbirləri həyata keçirən bir mexanizm kimi qiymətləndirmək olar.

VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?