Fərhad Qaraşov: "Körfəz ölkələri, Avropa və Çin nar ixracı üçün perspektivli istiqamətlərdir" MÜSAHİBƏ
Azərbaycanın qeyri-neft sektorunun dayanıqlı inkişafında aqrar sahə mühüm rol oynayır. Bu sırada narçılıq həm iqtisadi, həm də ixrac potensialına görə xüsusi strateji əhəmiyyətə malikdir. “Meyvələrin şahı” kimi tanınan Azərbaycan narının beynəlxalq bazarlarda mövqeyinin möhkəmləndirilməsi, istehsal həcminin artırılması və brend dəyərinin yüksəldilməsi hazırda prioritet məsələlər sırasındadır. Nar istehsalı və ixracında mövcud vəziyyət, yeni hədəf bazarları, eləcə də fermerlərin qarşılaşdıqları əsas problemlərlə bağlı suallarımızı “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov cavablandırıb.
- Fərhad müəllim, geridə qoyduğumuz 2025-ci il nar ixracında hansı nəticələrlə yadda qaldı?
- Əvvəlcə onu deyim ki, 2024-cü illə müqayisədə həm ixracda, həm də ixracdan əldə edilən gəlirdə nəzərəçarpacaq artım var və biz gələcəkdə bu göstəricilərin daha da artacağına inanırıq. Statistika ilə danışsaq, 2025-ci ildə ölkəmizdən 36 min tona yaxın nar ixrac olunub və nəticədə 35,3 milyon ABŞ dolları gəlir əldə edilib.
Geridə qoyduğumuz ildə də Rusiya ənənəvi olaraq nar ixracımızda aparıcı mövqeyini qoruyub saxlayıb. Bununla yanaşı, Gürcüstan və Qazaxıstan əsas ixrac bazarlarımız sırasında yer alır. Müharibədən əvvəl (Rusiya-Ukrayna müharibəsi nəzərdə tutulur – red.) isə Ukrayna da bu siyahıda mühüm mövqeyə malik idi. Assosiasiya olaraq, yeni bazarlara çıxış istiqamətində fəal planlaşdırmalar aparırıq. Bu baxımdan, Körfəz ölkələri, Avropa bazarı və xüsusilə Çin gələcək ixrac potensialı baxımından ən perspektivli və səmərəli istiqamətlər kimi diqqətimizdədir.
- Hədəf bazarlarından söz düşmüşkən, xüsusilə Avropa və Çin istiqamətində hansı spesifik tələblər mövcuddur?
- Avropa İttifaqı (Aİ) ölkələri nar ixracı baxımından ən yüksək tələblərin tətbiq olunduğu bazarlardandır. Bu bazara daxil olmaq üçün fermerlərdən ilk növbədə “Global GAP” və digər beynəlxalq sertifikatlar tələb olunur. Belə sertifikatların alınması isə bağlarda xüsusi aqrotexniki qulluq qaydalarının tətbiqini və əlavə investisiya qoyuluşunu zəruri edir. Hazırda sertifikat tələblərinin nisbətən sadə olduğu ölkələrlə, xüsusilə Fars körfəzi dövlətləri ilə aktiv danışıqlar aparılır. Artıq bir neçə nüfuzlu xarici şirkətin nümayəndələri ilə ölkəmizdə görüşlər keçirilib və yaxın illərdə real ixracın başlanması üçün bütün imkanlar səfərbər edilib. Lakin regionda baş verən münaqişələrin yaratdığı logistik çətinliklər bu prosesə müəyyən maneələr törətməkdədir.
Qlobal iqtisadiyyatda mühüm çəkiyə malik olan Çin bazarı bizim üçün prioritet istiqamətdir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Çinin Baş Gömrük Administrasiyası arasında fındıq və badam ixracına dair protokolun imzalanması sevindirici haldır. Strateji məhsulumuz olan narın da yaxın zamanda bu protokola daxil edilməsi fermer və sahibkarlarımızın ən böyük arzusudur. Onu da xatırladım ki, hazırda Çinə yalnız nar şirəsi ixrac olunur, təzə meyvə ixracı isə, hələ ki, gerçəkləşməyib.
Azərbaycan narı rəngi, dadı və zəngin bioloji tərkibi ilə
qlobal bazarda yüksək rəqabət potensialına malikdir
- Dünya bazarında ən çox tələbata malik və daşınması əlverişli olan nar sortları hansılardır?
- İxrac üçün ən əlverişli və tələbatlı sortlar arasında “Gülöyşə” və “Vələs” narlarını xüsusi qeyd etmək istərdim. Bu sortlar həm Rusiya, həm də digər xarici bazarlarda özünəməxsus dadı ilə geniş alıcı kütləsi qazanıb. Bundan əlavə, ixracatçılar qalınqabıqlı nar sortlarına xüsusi diqqət yetirirlər. Bu narların soyuducu konteynerlərdə daşınmaya dözümlü olması və uzun müddət təbiiliyini qoruması logistik baxımdan bizə böyük üstünlük yaradır.
Ümumiyyətlə, Azərbaycan narı rəngi, dadı və zəngin bioloji tərkibi ilə qlobal bazarda yüksək rəqabət potensialına malikdir. Xüsusilə meyvəmizin təbii antioksidantlarla zənginliyi və təkrarolunmaz ətri onu beynəlxalq alıcılar üçün cəlbedici edir. Məhz bu keyfiyyət üstünlükləri xarici bazarlarda Azərbaycan narına olan tələbatın davamlı artmasını şərtləndirən əsas amillərdir.
- Rusiyanın hələ də əsas ixrac ünvanımız olduğunu dediniz. Amma 2024-cü ildə ixracın həcmi artsa da, gəlirlərdə bu tempi görə bilmədik. Sizcə, bu, nədən qaynaqlanır?
- Regional münaqişələrin davam etdiyi ərazilərdə qida məhsullarına olan tələbat və ixracın fasiləsiz həyata keçirilməsi həm satış həcminə, həm də qiymət dinamikasına birbaşa təsir göstərir. Statistik göstəricilərə əsasən, 2024-cü ili 2023-cü il ilə müqayisə etdikdə, nar ixracımızda 5.300 tonluq ciddi bir artım müşahidə olunub. Beləliklə, ilin yekununda 33.900 ton həcmində ixrac reallaşdırılıb və 29,785 milyon ABŞ dolları həcmində gəlir əldə edilib.
Qeyd etdiyiniz kimi, ixracın həcmi artsa da, əldə olunan gəlir gözləniləndən azdır və bunun bir neçə səbəbini sadalaya bilərəm. Birinci səbəb dünya bazarında narın satış qiymətinin aşağı düşməsidirsə, əsas ixrac bazarımız olan Rusiyada müharibənin davam etməsi və bu ölkənin milli valyutası - rublun dəyər itirməsi (devalvasiya) də prosesə ciddi təsir edib.
Sevindirici haldır ki, 2025-ci ilin yekunları vəziyyətin getdikcə müsbətə doğru irəlilədiyini göstərir. Hazırda biz həm ixracın miqdarında, həm də satış qiymətlərində eyni anda artım müşahidə edirik.
Son dövrlər istər dövlət, istərsə də fermerlər tərəfindən
yeni nar bağlarının salınmasına marağın əhəmiyyətli dərəcədə artdığını müşahidə edirik
- Bəs daxili bazarda istehsal xərcləri və beynəlxalq daşınma qiymətlərindəki artımlar Azərbaycan narının maya dəyərinə və ixrac rəqabətliliyinə necə təsir edir?
- Təbii ki, istehsal və təchizat zəncirindəki ən kiçik xərc artımları belə, həm fermerlərə, həm də ixracatçılara birbaşa təsir göstərir. Biz bunun fəsadlarını ilk növbədə aqrokimyəvi preparatların və gübrələrin bahalaşması nəticəsində narın maya dəyərinin yüksəlməsində görürük. Digər tərəfdən, logistika xərcləri artdığı üçün xarici partnyorlar qiyməti aşağı salmaq istəyirlər.
- Son olaraq, ölkəmizdə yeni nar bağlarının salınması istiqamətində hansı işlər həyata keçirilir?
- Son dövrlər istər dövlət, istərsə də fermerlər tərəfindən yeni nar bağlarının salınmasına marağın əhəmiyyətli dərəcədə artdığını müşahidə edirik. Bu prosesdə ən böyük stimul dövlətin təqdim etdiyi effektiv subsidiya mexanizmidir. Bu mexanizm fermerlər üçün yalnız maliyyə dəstəyi deyil, həm də əkin sahələrinin genişləndirilməsi üçün güclü təşviq rolunu oynayır. Deyərdim ki, subsidiyalar müasir intensiv bağçılığın tətbiqini də sürətləndirir. Bu da, sözsüz ki, məhsuldarlığın artmasına və beynəlxalq standartlara cavab verən keyfiyyətli məhsul istehsalına birbaşa təkan verir.
Faiq KƏRİMOĞLU
