16 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elməddin Quluyev: “Mənşə sertifikatının elektronlaşdırılması prosesləri xeyli sürətləndirir” MÜSAHİBƏ

Müasir qlobal ticarətdə məhsulun istehsal yerinin dəqiq göstərilməsi zəruri şərtə çevrilib və bu, mənşə sertifikatının rolunu ön plana çıxarır. Sahibkarlar məhsullarını ixrac etmək üçün onun hansı ölkədə istehsal olunduğunu hüquqi cəhətdən sübut etmək məcburiyyətindədirlər. Bu sənəd ticarət tərəfdaşlarının etimadını möhkəmləndirir, logistik prosesləri sürətləndirir və biznesin rəqabət qabiliyyətini artırır. Bir sözlə, mənşə sertifikatı həm hüquqi baxımdan, həm də əməliyyat aspektindən beynəlxalq ticarətin əsas sütunlarından biri hesab olunur. “vergiler.az”ın mənşə sertifikatının sahibkarlara təqdim etdiyi imkanlar və sənədin alınması prosesində tətbiq edilən innovativ yeniliklərlə bağlı suallarını Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev cavablandırıb.

- Elməddin müəllim, mənşə sertifikatı sahibkarlara rəqabət və gömrük prosedurları baxımından hansı üstünlüklər verir?

- Əvvəlcə onu deyim ki, mənşə sertifikatı ixracatçı ölkənin səlahiyyətli orqanı tərəfindən verilən və malın mənşə ölkəsini təsdiq edən sənəddir. Malın mənşə ölkəsi Azərbaycanın gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallar üzərində tarif və qeyri-tarif göstəricilərinin həyata keçirilməsini təmin etmək məqsədilə müəyyən olunur. Digər tərəfdən, mənşə sertifikatı sahibkarlara preferensial ticarət sazişi imzalanan ölkələrə ixrac zamanı idxalçı ölkədə güzəştli şərtlərlə idxal gömrük rüsumlarını ödəməyə şərait yaradır. İdxalçı ilə ixracatçı arasında bağlanmış müqavilədə mənşə sertifikatının təqdim edilməsi barədə müddəa nəzərdə tutulubsa, sertifikatın təqdim olunmaması çətinliklər yarada bilər. Məsələn, gömrükdə gecikmələr və əlavə xərclərin meydana çıxması, gömrük rüsumlarının artması, müqavilə öhdəliklərinin pozulması, beynəlxalq bazarlara çıxış imkanlarının məhdudlaşdırılması kimi hallar mümkündür.

Mənşə sertifikatı ixracatçı ölkənin səlahiyyətli orqanı
tərəfindən verilən və malın mənşə ölkəsini təsdiq edən sənəddir

- Bu sertifikatı əldə etmək istəyən sahibkarlar hansı formada müraciət etməlidirlər?

- Dövlət Agentliyi “Keyfiyyət informasiya sistemi”ndə “Mənşə sertifikatı” alt modulunu hazırlayıb və istifadəyə verib. Sözügedən modul üzərindən müraciətlər tamamilə elektron qaydada həyata keçirilir. Belə ki, müraciət bölməsinə daxil olaraq müvafiq məlumatlar doldurulur və “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”nda göstərilən sənədlər əlavə olunmaqla müraciət formalaşdırılır. Daha sonra müraciət elektron imza və ya Asan imza ilə təsdiqlənərək baxılması üçün Agentliyə göndərilir. Sənədlərin tamlığı yoxlanıldıqdan sonra malın mənşə ölkəsinin müəyyən edilməsi məqsədilə müraciət Agentliyin tabeliyində olan İstehlak Mallarının Ekspertiza Mərkəzinə elektron qaydada yönləndirilir. Təqdim olunmuş sənədlər əsasında Mərkəzin eksperti tərəfindən, müvafiq qaydalara uyğun olaraq, malın mənşə ölkəsi müəyyən edilir. Ekspertizanın nəticələri əsasında akt tərtib olunur, daha sonra ekspertizanın nəticələri əsasında mənşə sertifkatı təqdim edilir.

Mənşə sertifikatının verilməsinə görə xidmət haqqı Tarif Şurasının qərarı ilə tənzimlənir, dövlət rüsumuna gəlincə isə bu, hər bir sertifikata görə 30 AZN təşkil edir. Onu da qeyd edim ki, hazırda malın mənşə ölkəsini təsdiq edən sertifikatların əldə edilməsi üçün müraciətlər hibrid formada qəbul olunur. Yəni sahibkarlar həm İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsindən, həm də “Keyfiyyət informasiya sistemi”ndən istifadə edə bilərlər. Onu da qeyd edim ki, 2026-cı ilin 1 yanvar tarixindən etibarən müraciətlərin yalnız “Keyfiyyət informasiya sistemi” üzərindən qəbulu nəzərdə tutulur. Yeni sistemə mərhələli keçidin təmin olunması, eləcə də sistemdən istifadə bacarıqlarının formalaşdırılması məqsədilə bu il ərzində ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlarla intensiv maarifləndirici görüşlər keçirilib. Bakı və regionlarda təşkil olunan 11 görüşdə ümumilikdə 300-dən çox sahibkar iştirak edib.

Hazırda malın mənşə ölkəsini təsdiq edən sertifikatların əldə
edilməsi üçün müraciətlər hibrid formada qəbul olunur

- Yeni elektron sistem mənşə sertifikatının alınmasında hansı real üstünlüklər yaradır?

- Mənşə sertifikatı üçün müraciətlərin “Keyfiyyət informasiya sistemi” vasitəsilə qəbulu ənənəvi üsulla müqayisədə bir sıra üstünlüklər yaradır. Belə ki, onlayn sistemlə sahibkarlar elektron imza və ya Asan imzadan istifadə etməklə şəxsi kabinet yarada, real rejimdə müraciətlərin icra statusları barədə dəqiq məlumatlar əldə edə bilirlər. Bundan əlavə, malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi məqsədilə müqavilənin bağlanması və bu ekspertiza üçün xidmət haqqının və dövlət rüsumlarının ödənilməsi də elektron qaydada həyata keçirilir. Sistem üzərindən müəyyən dövr aralığında əldə edilmiş mənşə sertifikatları barədə statistik məlumatları əldə etmək, ixracatçıların təqdim etdiyi məlumatlar əsasında mənşə sertifikatlarının elektron qaydada formalaşdırılması kimi vacib funksiyalar da əlçatandır.

Yeni sistem barədə sahibkarların məlumatlandırılması məqsədilə “Keyfiyyət informasiya sistemi”nin “Mənşə sertifikatının alınması üçün müraciət” bölməsində, Agentliyin rəsmi internet səhifəsində, eləcə də rəsmi “Youtube” kanalında və sosial şəbəkə hesablarında istifadəçi təlimatı barədə videoçarxlar yerləşdirilib.

- Mənşə sertifikatının həqiqiliyini yoxlamaq mümkündürmü və bu proses necə həyata keçirilir?

- “Keyfiyyət informasiya sistemi”ndə nəinki mənşə sertifikatlarının, eləcə də sistemin digər modulları vasitəsilə elektron qaydada yaradılan sənədlərin həqiqiliyini yoxlamaq üçün funksionallıq nəzərdə tutulub. Bunun üçün sistemin “İnformativ xidmətlər” bölməsinə daxil olaraq müvafiq pəncərəni seçmək, açılan pəncərədə mənşə sertifikatı ilə bağlı tələb olunan məlumatları müvafiq xanaya doldurmaq lazımdır. “Yoxla” düyməsini kliklədikdə mənşə sertifikatının elektron nüsxəsi ilə tanış olmaq mümkündür. Onu da qeyd edim ki, “E-keyfiyyet.gov.az” informasiya sisteminin üç dildə fəaliyyət göstərməsi idxalçı ölkənin səlahiyyətli orqanlarına mənşə sertifikatlarının həqiqiliyini yoxlamaq imkanı verir. Ancaq sözügedən funksionallıqdan yararlanmaq üçün mənşə sertifikatı məhz “Keyfiyyət informasiya sistemi” vasitəsilə əldə edilməlidir.

“E-keyfiyyet.gov.az” informasiya sisteminin üç dildə fəaliyyət
göstərməsi idxalçı ölkənin səlahiyyətli orqanlarına mənşə
sertifikatlarının həqiqiliyini yoxlamaq imkanı verir

- Bəs, mənşə sertifikatının tam elektronlaşdırılması ixracatçıların ticarət əlaqələrinə necə təsir göstərəcək?

- “Mənşə sertifikatı alt modulu”nun yaradılması nəticəsində tam elektronlaşma əldə edildiyinə görə, bir sıra xarici dövlətlərlə də məlumat mübadiləsi həyata keçirilə bilər. Belə ki, Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələrdən biri olan Rusiya ilə məlumat mübadiləsi ilə bağlı işlər yekunlaşdırılıb, digər ölkələrlə də işlər mərhələli şəkildə davam etdirilir. Bunu xüsusi vurğulamaq lazımdır ki, mənşə sertifikatlarının ənənəvi üsuldan elektron formata keçirilməsi sənədlərin daha sürətli təsdiqinə və yoxlanılmasına imkan yaradıb. Ümumilikdə isə elektron mübadilə prosesi əlavə xərcləri azaldır, ticarət tərəfdaşları arasında etimad mühitini gücləndirir və ticarət əməliyyatlarının effektivliyinin artmasına töhfə verir. Eyni zamanda, yeni sistem idxalçı ölkələrin gömrük orqanları tərəfindən ixrac olunan mallara verilmiş sertifikatların doğruluğunun yoxlanılması prosesinə də müsbət təsir göstərəcək. Belə ki, sertifikatlarda yer alan məlumatların idxalçı ölkə ilə elektron mübadiləsi sayəsində həmin ölkənin gömrük orqanları sertifikatın etibarlılığına asanlıqla əmin ola biləcəklər.

Faiq KƏRİMOĞLU

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?