Elnur Bədəlov: “Yerli istehsal kabellərimiz kritik obyektlər üçün etibarlı seçimdir” MÜSAHİBƏ
Son illər Azərbaycanda sənaye artımının sürətlənməsi yerli istehsalın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Keyfiyyətin yüksəlməsi, məhsul çeşidlərinin artması, idxaldan asılılığın azalması iqtisadi mühitdə daha rəqabətli struktur formalaşdırır. Daxili tələbatın böyük hissəsinin yerli istehsal hesabına ödənilməsi də prosesin dayanıqlığını göstərir.
Azərbaycanda kabel istehsalı ilə məşğul olan “Caspian Cable Systems” MMC də ölkənin dəyişən sənaye mənzərəsinin fəal iştirakçılarındandır. Şirkətin rəhbəri Elnur Bədəlov “vergiler.az”ın əməkdaşı ilə söhbət zamanı yerli istehsalın hazırkı vəziyyəti, keyfiyyətin yüksəldilməsinə yönəldilmiş tədbirlər və məhsul çeşidinin artırılması istiqamətində planlaşdırılan addımlardan bəhs edib.
- Elnur müəllim, ölkənin enerji və telekommunikasiya infrastrukturunda “Caspian Cable Systems”in adı getdikcə daha çox eşidilir. Bu mövqeyə necə gəlib çatdınız?
- “Caspian Cable Systems” MMC-nin əsası 2019-cu ildə qoyulub və məqsədimiz ölkənin enerji, inşaat və telekommunikasiya sektorları üçün aparıcı kabel istehsalçılarından birinə çevrilmək olub. Müəssisəmiz müasir avadanlıq parkı ilə təchiz olunub və 80 min açıq, 10 min qapalı olmaqla, ümumilikdə 90 min kvadratmetr istehsal sahəsində fəaliyyət göstərir. 75 nəfərdən ibarət peşəkar mühəndis-texniki komandanın səyi ilə yerli istehsalın gücləndirilməsi üçün çalışırıq. Əsas missiyamız yüksək keyfiyyət standartlarına cavab verən məhsulların ərsəyə gətirilməsi və “Made in Azerbaijan” brendinin xaricdə tanıdılmasına töhfə verməkdir.
- Hazırkı infrastruktur və komanda potensialı şirkətin bazardakı roluna necə təsir edir?
- Müasir istehsal infrastrukturu “Caspian Cable Systems”ə il ərzində iri həcmdə kabel istehsalı həyata keçirməyə imkan yaradır və bu potensial bir sıra mühüm nəticələr doğurur. Şirkət yüksək istehsal gücü hesabına bu gün daxili bazarın tələbatını tam qarşılayır, yeni ixrac imkanları formalaşdırır və nəticə etibarilə ölkədə məşğulluğun artmasına öz töhfəsini verir. Biz bununla kifayətlənmək niyyətində deyilik və qarşıdakı planlarımız daha genişmiqyaslıdır. Belə ki, şirkətimiz yaxın illərdə istehsal xətlərinin genişləndirilməsini, yeni iş yerlərinin açılmasını və mühəndis heyətinin sayının artırılmasını nəzərdən keçirir.
- Şirkətin mövcud istehsal gücü hansı növ kabellərin istehsalına imkan verir?
- Əvvəla, onu deyim ki, “Caspian Cable Systems” fəaliyyətə elektrik kabellərinin istehsalı ilə başlayıb və bazar tələblərini nəzərə almaqla, zamanla məhsul çeşidlərini artırıb. Şirkət müxtəlif texniki xüsusiyyətlərə malik kabellərin istehsalını həyata keçirərək həm yerli, həm də regional bazarda mövqeyini gücləndirir. Hazırkı istehsal portfeli mis və alüminium əsaslı aşağı gərginlikli, həmçinin zirehli və zirehsiz enerji kabellərini əhatə edir. Telekommunikasiya sahəsində tətbiq olunan CAT5, CAT6 və CAT7 ethernet kabelləri, eləcə də koaksial RG qrupuna daxil olan TV kabelləri şirkətin məhsul çeşidlərində xüsusi yer tutur. Bununla yanaşı, yanğın siqnalizasiya sistemləri və idarəetmə üçün nəzərdə tutulan kabellər, halogensiz, tüstüsüz və toksik qaz buraxmayan HFFR kabellər yüksək təhlükəsizlik tələblərini ödəmək məqsədi daşıyır. Müəssisə, həmçinin, 760°C temperaturda 3 saata qədər işlək qala bilən FE180 yanğına davamlı kabellərin və XLPE izolyasiyalı, nəmə davamlı sənaye kabellərinin istehsalını həyata keçirir.
- Sadaladığınız bu kabel növləri daha çox hansı sahələrdə istifadə edilir?
- Məhsullarımız inşaat layihələrində, sənaye obyektlərində, dövlət sifarişlərində, ticarət və yaşayış komplekslərində, eləcə də kommunikasiya infrastrukturlarında geniş şəkildə tətbiq olunur. Bu da onların həm funksionallığını, həm də müxtəlif texniki tələblərə uyğunluğunu nümayiş etdirir.
- İşğaldan azad edilmiş ərazilərimizdəki yenidənqurma prosesləri məhsullarınızın tətbiqinə nə kimi yeni imkanlar açdı?
- “Caspian Cable Systems” Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma və bərpa prosesinə aktiv şəkildə töhfə verir. İstehsal etdiyimiz kabellər enerji xətlərinin bərpası, şəhərsalma layihələrinin həyata keçirilməsi, sosial obyektlərin tikintisi və mühəndis şəbəkələrinin qurulması kimi strateji istiqamətlərdə geniş şəkildə tətbiq olunur. Məhsullarımızın həmin bölgələrdə istifadəsi həm infrastrukturun sürətli bərpasına, həm də uzunmüddətli dayanıqlı inkişafın təmin olunmasına xidmət edir. Təbii ki, bu da bizi qürurlandıran amildir.
- Bu kimi layihələrdə şirkətin məhsullarına üstünlük verilməsini təmin edən əsas texniki üstünlükləri sadalaya bilərsinizmi?
- “Caspian Cable Systems”in bazarda seçilməsini təmin edən əsas amillər onun istehsal etdiyi məhsullarda yüksək təhlükəsizlik standartlarının qorunması, təchizat prosesində sürət və sabitliyin təmin edilməsi, idxaldan asılılığın azalması, rəqabətədavamlı qiymət siyasətinin tətbiqi və müştərilərə birbaşa istehsalçı tərəfindən texniki dəstəyin göstərilməsidir. Bu üstünlüklər şirkətin həm dövlət, həm özəl sektor, eləcə də digər iri layihələrdə etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir. Xüsusilə HFFR və FE180 kabel növləri məktəblər, xəstəxanalar, ticarət mərkəzləri və metrostansiyalar kimi insan sıxlığının yüksək olduğu obyektlərdə tələb olunan təhlükəsizlik tələblərinə tam cavab verir. Bu məhsulların yanğın zamanı tüstüsüz olması və toksik qaz buraxmaması, həmçinin yüksək temperatura davamlılığı onların kritik infrastrukturlarda etibarlı seçim olmasını təmin edir.
- Bu keyfiyyət göstəricilərinin beynəlxalq səviyyədə tanınması üçün hansı sertifikatlara sahibsiniz?
- Şirkətimiz istehsal prosesində beynəlxalq standartlara uyğunluğa xüsusi önəm verir və bu istiqamətdə keyfiyyəti təsdiq edən bir sıra sertifikatlara malikdir. “Caspian Cable Systems”in portfelinə Türk Standartları İnstitutunun (TSE) sertifikatı, Avropa İttifaqının məhsul təhlükəsizliyinə uyğunluğu göstərən CE – “Conformité Européenne” nişanı, həmçinin telekommunikasiya və data ötürülməsi sahəsində etibarlılığı təsdiqləyən “Fluke Networks” sertifikatı daxildir. Bundan əlavə, şirkət keyfiyyət idarəetmə sistemi üzrə ISO 9001, ətraf mühitin mühafizəsi üzrə ISO 14001, əməyin sağlamlığı və təhlükəsizliyi standartı olan ISO 18001 sertifikatlarına da sahibdir. Yerli uyğunluq tələblərinin ödənildiyini göstərən Azərbaycan Akkreditasiya Mərkəzinin “Uyğunluq sertifikatı” isə məhsulların ölkədaxili normativ çərçivələrə tam cavab verdiyini təsdiq edir. Xüsusi vurğulamaq istərdim ki, sahib olduğumuz sertifikatlar istehsal prosesində həm keyfiyyət və təhlükəsizliyi, həm də ekoloji məsuliyyəti ön planda saxladığımızı göstərir.
Faiq KƏRİMOĞLU
