4 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Zaur Salmanlı: “Yeni strategiya yerli balıq istehsalını artıracaq” MÜSAHİBƏ

Son illərdə Azərbaycanda balıqçılıq və akvakultura sektorunun inkişafı nəzərəçarpacaq dərəcədə ön plana çıxıb və dövlət səviyyəsində ardıcıl institusional strukturlaşma addımları ilə müşayiət olunur. Ölkədə Balıqçılıq və Akvakultura Mərkəzinin yaradılması sektorda idarəetmənin təkmilləşdirilməsi və istehsal proseslərinin daha sistemli əsasda qurulması baxımından mühüm addımdır. Bununla yanaşı, yeni süni balıqyetişdirmə təsərrüfatlarının yaranması, bəzi müəssisələrdə müasir texnologiyaların tətbiqi və daxili bazarda yerli balıq növlərinə olan tələbatın yüksək olması bu sahədə inkişaf meyillərinin mövcudluğunu göstərir. Lakin su hövzələrinin balıqyetişdirmə potensialından tam istifadə edilməməsi, bazarda idxal olunan məhsullara geniş rast gəlinməsi kimi çətinliklər hələ də qalmaqdadır. Məhz bu reallıqlar fonunda istehsalçıların koordinasiyası və problemlərin vahid platformada səsləndirilməsi baxımından “Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” (ABİEA)  İctimai Birliyinin rolu diqqət çəkir. Bu sahədə həm imkanlar, həm də cavabını gözləyən bir sıra suallar meydana çıxır. Sektorun real vəziyyətini və institusional yeniliklərin təsirini daha dərindən anlamaq üçün “vergiler.az” ABİEA-nın sədri Zaur Salmanlı ilə həmsöhbət olub. 

- Zaur müəlim, ölkədə akvakultura və balıqçılıq sahəsinin inkişafı istiqamətində rəhbəri olduğunuz qurumun rolu barədə nə deyə bilərsiniz?

- Assosiasiyanın yarandığı ilk gündən - 2019-cu il oktyabrın 31-dən etibarən ölkədə akvakulturanın dayanıqlı inkişafına yönəlmiş fəaliyyətimizi ardıcıl davam etdiririk. ABİEA ölkədə su bioresurslarından səmərəli istifadəni, balıqçılıq təsərrüfatlarında yeni texnologiyaların tətbiqini və ekoloji tarazlığın qorunmasını əsas prioritet kimi müəyyənləşdirib. Bu məqsədlə biz balıqyetişdirmə sektorunun inkişafına xidmət edən bütün təşəbbüsləri daim diqqətdə saxlayır və bu sahədə həm koordinasiya, həm də peşəkar dəstək funksiyasını həyata keçiririk. Fəaliyyətimizin əsas məqsədi sektordakı potensialı və mövcud çağırışları dəqiq müəyyənləşdirərək onların həllinə praktiki töhfə verməkdir.

Təxminən 40 ilə yaxındır ki, Azərbaycandan dünya bazarlarına qara kürü
ixrac olunur və bu sahədə ölkəmizin həm istehsal, həm də ixrac potensialı mövcuddur

- Yerli istehsal fonunda balıqçılıq məhsullarının ixrac perspektivlərini necə qiymətləndirirsiniz?

- Təxminən 40 ilə yaxındır ki, Azərbaycandan dünya bazarlarına qara kürü ixrac olunur və bu sahədə ölkəmizin həm istehsal, həm də ixrac potensialı mövcuddur. Bu istiqamətdə biz AZPROMO-ya da müraciət etmişik ki, nərə cinsli balıqların istehsalı ayrıca bir layihə kimi dövlət tərəfindən nəzərdə tutulsun. Çünki bu məhsul təkcə yüksək ixrac imkanları ilə seçilmir, həm də ölkəyə valyuta gətirərək Azərbaycanın dünyada tanınan ənənəvi markalarından birinə çevrilə biləcək potensiala malikdir. Lakin çəkikimilərin, əlvan forelin və nərə cinsli balığın ixracı hələ də məhduddur. Bunun əsas səbəbləri ümumi bazar qiymətləri və yerli istehsalın kifayət qədər olmamasıdır.

- Mövcud çətinlikləri nəzərə alsaq, yeni yaradılmış Balıqçılıq və Akvakultura Mərkəzi sektor üçün hansı imkanlar açır?

- Bildiyiniz kimi, 2024-cü ilin dekabrında Balıqçılıq və Akvakultura Mərkəzi yaradıldı və balıqçılıqla bağlı bütün səlahiyyətlər həmin quruma verildi. Bu istiqamətdə gözləntilərimiz çox böyükdür. Mərkəzdə hökm sürən müsbət ab-hava bizə yaxın gələcəyə daha inamlı baxmağa əsas verir. Artıq daha açıq şəkildə fikir mübadiləsi aparırıq, qarşılıqlı dəstək alırıq və onların öz imkanları daxilində səmərəli şəkildə çalışdıqlarını aydın hiss edirik. Belə yanaşma davam edərsə, yaxın 3-4 il ərzində bu sahədə real və nəzərəçarpan nəticələrin ortaya çıxacağına inanıram.

Yeni strategiyanın hazırlanmasında məqsədimiz balıqçılığın inkişafını sürətləndirməkdir

- Bu əməkdaşlığın fonunda sektorda hazırlanacaq yeni strategiya ilə bağlı nə kimi gözləntiləriniz var?

- Yeni strategiyanın hazırlanmasında məqsədimiz balıqçılığın inkişafını sürətləndirməkdir. Biz hazırda üzərində işlədiyimiz strategiyanın formalaşdırılmasında əməkdaşlıq edirik. Bu proses çərçivəsində ictimai dinləmələr keçiriləcək, sahədə fəaliyyət göstərən sahibkarların fikirləri dinləniləcək. Ən önəmlisi odur ki, subsidiya məsələsi də strategiyada öz əksini tapacaq və hesab edirəm ki, bu dəstək mexanizmi balıqçılıq sektorunun inkişafına ciddi təkan verə bilər. Nəzərə alsaq ki, hazırda daxili tələbatın təxminən 70 faizi idxal hesabına qarşılanır, strategiyanın həyata keçirilməsi ilə yerli istehsalın əhəmiyyətli dərəcədə artacağını gözləyirik.

- Strategiyada suya qənaət və innovativ istehsal texnologiyaları ilə bağlı hansı addımlar planlaşdırılır?

- Azərbaycan şirin su ehtiyatlarına görə Cənubi Qafqazda daha məhdud imkanlara malikdir. Buna görə də balıqçılıqda suya qənaət edən texnologiyaların tətbiqi yeni strategiyanın əsas istiqamətlərindən biri olacaq. Bu baxımdan, ölkədə kifayət qədər texniki potensial mövcuddur. Layihələndirmə şirkətlərimiz xaricdən əlavə dəstək almadan ən müasir texnologiyaları tətbiq etməklə mövsümdənkənar istehsal və suya qənaət edən sistemlər qura bilirlər. Əsas məsələ sahibkarın bu yenilikləri həyata keçirmək üçün maliyyə imkanının olmasıdır. Məhz buna görə, strategiyada nəzərdə tutulan subsidiya mexanizmi bu prosesdə sahibkarlara ciddi dəstək verə bilər.

Balıqçılıqda suya qənaət edən texnologiyaların tətbiqi
yeni strategiyanın əsas istiqamətlərindən biri olacaq

- Suya qənaət edən texnologiyalarla yanaşı, sektorun inkişafı üçün daha hansı iqtisadi alətlər tətbiq oluna bilər?

- Yerli istehsalın genişlənməsi üçün müxtəlif dəstək mexanizmlərinin, o cümlədən təşviqlərin tətbiqi Balıqçılıq və Akvakultura Mərkəzinin diqqətində olan prioritet istiqamətlərdən biridir. Ümumilikdə isə bu, dövlət dəstəyi göstərilən sahələrdə, məsələn, fındıq istehsalında rəqabət qabiliyyətinin artmasına müsbət təsir edib və həmin təcrübənin balıqçılıq sektorunda da necə tətbiq oluna biləcəyi araşdırılır. Bundan əlavə, daxili su hövzələrinin potensialından daha səmərəli istifadə etməklə yerli istehsalı artırmaq mümkündür. Su anbarları, göllər və çayların ehtiyatlarının sənaye məqsədilə bərpası, ov strukturunun formalaşdırılması və bu sahədə icarə imkanlarının artırılması hazırda nəzərdən keçirilən məsələlərdəndir.

- Qarabağda balıqçılıq sahəsi üzrə hansı ilkin nəticələr və perspektivlər müşahidə olunur?

- Qarabağ və Şərqi Zəngəzurda balıqçılıq təsərrüfatlarının qurulması istiqamətində artıq konkret layihələr reallaşdırılmaqdadır. Laçında fəaliyyət göstərən forel təsərrüfatı bölgədə bu sahənin inkişafı üçün atılan ilk addımlardan biridir. Zəngilanda isə çəkikimilərlə məşğul olacaq kiçik bir təsərrüfatın yaradılması prosesinə start verilib və hazırda işlər davam etdirilir. Assosiasiya olaraq, biz bölgə üzrə xüsusi nümayəndəlik vasitəsilə bu layihələrin hər biri ilə yaxından məşğuluq və bütün proseslərdə fəal iştirak edirik.

Qarabağ və Şərqi Zəngəzurda balıqçılıq təsərrüfatlarının
qurulması istiqamətində artıq konkret layihələr reallaşdırılmaqdadır

- Balıqçılıq sektorunun inkişafı üçün beynəlxalq təşkilatlarla əlaqələriniz hansı səviyyədədir?

- BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda balıqçılığın inzibati quruculuğu və gələcək inkişaf perspektivləri ilə bağlı bir sıra strateji tövsiyələr təqdim edib. Bu tövsiyələr arasında balıqçılıq sahəsində təbliğat, təşviqat və maarifləndirmə fəaliyyətlərinin gücləndirilməsi xüsusi vurğulanır. Eyni zamanda, bu sahə üzrə fəaliyyət göstərən assosiasiyaların, ictimai birliklərin prosesə daha geniş cəlb edilməsi tövsiyə edilir. Bu baxımdan, ölkədə müvafiq icra orqanları tərəfindən müəyyən səlahiyyətlərin nəzərdən keçirilməsi assosiasiyaların fəaliyyətinin daha səmərəli təşkili üçün əlavə imkanlar yarada bilər. Səlahiyyətlərin məhdud olması, ilk növbədə, üzvlük haqlarının toplanmasını çətinləşdirir ki, bu da sektorda həyata keçirilməli layihələrin ictasını ləngidir. Maliyyə imkanları genişləndikdə isə assosiasiyalar idarəetməni daha effektiv qura bilirlər.

Faiq KƏRİMOĞLU

VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?