17 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kurmanbek İsmanaliyev: “Qarşılıqlı əməkdaşlıq türk dövlətlərinin davamlı iqtisadi inkişafına töhfə verir” MÜSAHİBƏ

Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin iqtisadi əlaqələrinin genişlənməsi maliyyə sektorunda təcrübə mübadiləsini və əməkdaşlığı labüd edir. Bunun fonunda maliyyə və mühasibat uçotu sahəsində beynəlxalq təcrübəyə əsaslanan vahid sistemlərin qurulması ilə bağlı təkliflər də səslənir. Bakıda keçirilən “Maliyyə, mühasibatlıq, audit və rəqəmsallaşma” adlı I Beynəlxalq Simpoziumda da əsas müzakirə mövzularından biri bu olub. Tədbirdə iştirak edən Qırğızıstanın Oş Dövlət Universitetinin dosenti, iqtisad elmləri doktoru Kurmanbek İsmanaliyev bu sahədə ölkəsində həyata keçirilən işlərlə bağlı “vergiler.az”ın suallarını cavablandırıb.

- Türk dövlətləri arasında iqtisadi əlaqələrin yeni formatda qurulması əlavə hansı üstünlüklər yaradacaq?

- Türk dünyası ölkələri – Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan son illər iqtisadi və maliyyə inteqrasiyasının dərinləşməsinə xüsusi önəm verirlər. İqtisadi inteqrasiya qarşılıqlı ticarət, investisiyalar və infrastruktur layihələrinin inkişafı vasitəsilə əlaqələrin daha da möhkəmləndirilməsi anlamına gəlir. Maliyyə əməkdaşlığı - ümumi ödəniş sistemlərinin inkişafı və bank sektorunda əlaqələrin genişləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Eləcə də mühasibat uçotu və müasir standartlara uyğun maliyyə sistemlərinin qurulması, təcrübə mübadiləsi və mütəxəssislərin hazırlanması önə çəkilir. Elm və təhsil sahəsində əməkdaşlıq çərçivəsində iqtisadiyyat və maliyyə sektorunda birgə proqramların həyata keçirilməsi, tələbə və ekspert mübadiləsinin təşviq edilməsi də önəmlidir. Bu cür qarşılıqlı əməkdaşlıq türk dövlətlərinin davamlı iqtisadi inkişafına və beynəlxalq miqyasda rəqabət qabiliyyətinin yüksəlməsinə töhfə verir.

- Qırğızıstanda uçot sistemi necə qurulub? Bu sahədə beynəlxalq mühasibatlıq standartlarına əməl olunurmu?

- Qırğızıstanda mühasibat uçotu sistemi Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (BMHS) əsaslanır. 2005-ci ildə MHBS-nin qəbul edilməsi ilə bütün müəssisələrdən bu standartlara riayət etmək tələb olunur. Mühasibat uçotu sistemi Qırğızıstan Respublikasının Mərkəzi Bankı və Maliyyə Nazirliyi tərəfindən tənzimlənir.

- Uçot və hesabatların rəqəmsallaşması istiqamətində nə kimi işlər görülür və bununla bağlı hansı modern proqramlar tətbiq olunur?

- Qırğızıstanda mühasibat uçotu və hesabat proseslərinin rəqəmsallaşdırılması dinamik şəkildə inkişaf edir. Ölkədə sahibkarlıq subyektlərinə maliyyə hesabatlarını elektron formada təqdim etməyə imkan verən elektron sənədləşmə və hesabat sistemi tətbiq edilib. Bundan əlavə, bir çox şirkətlər avtomatlaşdırılmış uçot və hesabat sistemlərindən istifadə edir. Ölkədə mühasibat uçotunun və hesabatların avtomatlaşdırılması üçün müxtəlif müasir proqramlardan istifadə olunur.

- Ölkənizdə maliyyə və mühasibatlıq sahəsində çalışan mütəxəssislərin hazırlıq səviyyəsi Sizi qane edirmi?

- Qırğızıstanda mühasibat uçotu və hesabatlılıq üzrə mütəxəssislərin hazırlıq səviyyəsi ümumilikdə yüksəkdir. Ölkədə ali təhsil müəssisələrini və peşəkar təşkilatları əhatə edən kadr hazırlığı və yenidənhazırlanma sistemi mövcuddur. Bununla belə, hər bir ölkədə olduğu kimi, mütəxəssislərin ixtisaslarının artırılması və inkişafı üçün təkmilləşdirmə imkanları da yaradılıb. Mühasiblər və maliyyə mütəxəssisləri üçün sertifikatlaşdırma sistemi peşəkar bacarıqları artırmaq və beynəlxalq standartlara uyğunluğu təmin etmək məqsədi daşıyır. Sertifikatlaşdırmanın əsas formaları bunlardır:

- Milli Mühasib Sertifikatı Qırğızıstan Mühasiblər və Auditorlar Assosiasiyası tərəfindən idarə olunur. “Peşəkar mühasib” sertifikatı mühasibat uçotu, vergitutma və maliyyə hesabatları sahəsində yüksək bilik səviyyəsini təsdiq edir. Həmin sertifikatı almaq üçün təlimlərə qatılmaq, ixtisas imtahanlarından uğurla keçmək və müəyyən iş təcrübəsinə malik olmaq tələb edilir.

- Auditorun sertifikatlaşdırılması Qırğızıstan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tənzimlənir. Auditor sertifikatı almaq üçün namizədlər ali iqtisadi təhsilə, peşə təcrübəsinə malik olmalı və dövlət imtahanlarından uğurla keçməlidirlər. Auditorlardan mütəmadi olaraq peşəkar inkişaf təlimlərində iştirak etmək tələb olunur.

- Beynəlxalq sertifikatlara malik olmaq üçün Qırğızıstanda bir çox mütəxəssislər beynəlxalq proqramlar vasitəsilə müvafiq təlimlərə cəlb edilirlər.

Fərqanə ALLAHVERDİQIZI

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?