Vüsal Qurbanov: "Əsas hədəflərdən biri sığortalanma səviyyəsinin artırılmasıdır" MÜSAHİBƏ
Azərbaycan Mərkəzi Bankı sığorta sektorunda dayanıqlı sistemin formalaşdırılması üçün riskəsaslı tənzimləmə və nəzarəti prioritet kimi müəyyənləşdirib. Buna nail olmaq üçün daşınmaz əmlakın icbari sığortası üzrə yeni konsepsiya hazırlanıb. Burada həm korporativ idarəetmə, həm maliyyə dayanıqlığı, həm də şəffaf kommunikasiyanın təmin olunması ön plandadır. Başqa sözlə, yeni sistemi tətbiq etməklə, katastrofik risklər sığorta şirkətlərinə və bütövlükdə sığorta sektoruna transfer ediləcək.
Bu və digər yeniliklərlə bağlı “vergiler.az”in suallarını Mərkəzi Bankın baş direktoru Vüsal Qurbanov cavablandırıb.
- Vüsal müəllim, sığorta sektoru 2025-ci ilin ilk 8 ayını necə yekunlaşdırıb? Hansı müsbət tendensiyalar müşahidə edilir?
- 2025-ci ilin ilk 8 ayı ərzində 1 milyard manatdan çox sığorta haqqı toplanıb və 600 milyon manatdan artıq sığorta ödənişi həyata keçirilib. Sığorta haqları ötən ilin müvafiq dövrü ilə müqayisədə 13%-ə yaxın, sığorta ödənişləri isə 21%-dən çox artıb. Sığorta sektoru üzrə həyata keçirilən islahatlar çərçivəsində son 5 il ərzində statistik göstəricilərə nəzər saldıqda sığorta haqlarının hər il əvvəlki illərə münasibətdə davamlı olaraq artmasını müşahidə etmək mümkündür. 2025-ci ilin 8 ayına olan statistik məlumatlar əsasında hesablanan mövcud dinamikanı nəzərə alaraq, qeyd edə bilərik ki, sığorta sektorunun inkişafının gələcək dövrlərdə də davam etməsi potensialı böyükdür və bu, həm bazar həcminin genişlənməsi, həm də sığorta məhsullarının əhatəliliyi ilə özünü göstərəcək. Əlavə olaraq, Mərkəzi Bank tərəfindən həyata keçirilən islahatlar, sığorta xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və əlçatanlığının artırılması, rəqəmsallaşmanın genişləndirilməsi və digər effektiv vasitələrin təşviqi tədbirlərinin həyata keçirilməsi də yekunda bu sahənin inkişafında böyük rol oynayacaq.
Sığorta haqları ötən ilin müvafiq dövrü ilə müqayisədə
13%-ə yaxın, sığorta ödənişləri isə 21%-dən çox artıb
- Mərkəzi Bank xüsusilə könüllü sığortalar üzrə penetrasiyanın artırılmasını hədəfləyir. Bu məqsədlə hansı tədbirlər görülür?
- Mərkəzi Bankın 2024-2026-cı illərdə “Maliyyə sektorunun inkişaf Strategiyası”nda müəyyən edilmiş hədəfləri sırasında könüllü sığorta növləri üzrə sığorta təminatının əhatəsinin genişləndirilməsi və sığorta bazarında etimadın yüksəldilməsi əsas prioritetlərdən biridir. Bu məqsədlə könüllü sığorta xidmətlərinin inkişaf etdirilməsi, könüllü siniflər üzrə münasibətləri daha təkmil tənzimləyən ümumi şərtlərin müəyyənləşdirilməsi, tamamlayıcı könüllü sığorta məhsullarını təşviq edən mexanizmlərin nəzərdən keçirilməsi, istehlakçı hüquqlarının müdafiəsinin artırılması istiqamətində tədbirlər davam etdirilir. Qeyd olunanlarla yanaşı, əhalinin maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər də sığorta əhatəliliyinin artırılmasında mühüm rol oynayır. Əhalinin maliyyə savadlılığının artırılması məqsədilə müxtəlif hədəf qruplarına yönəlmiş genişmiqyaslı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi davam etdirilir. Bundan başqa, sığorta əhatəliliyinin genişləndirilməsi və əhali arasında sığorta xidmətlərinə marağın yüksəldilməsi üçün maarifləndirmə tədbirlərinin artırılması, innovativ sığorta məhsullarının tətbiqi və dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi prioritetlərdən hesab olunur və bu istiqamətlərdə effektiv sığorta mexanizmlərinin tətbiqinin formalaşdırılması üzrə işlər davam etdirilməkdədir.
Əhalinin maarifləndirilməsi istiqamətində həyata keçirilən
tədbirlər sığorta əhatəliliyinin artırılmasında mühüm rol oynayır
- Daşınmaz əmlak sığortası sahəsində mövcud çətinliklərin aradan qaldırılması məqsədilə yeni konsepsiyanın qəbul edilməsi gözlənilir. Sənəd hansı yanaşmalara söykənir və əsas hədəflər nədir?
- Mərkəzi Bank tərəfindən sığorta sektorunda dayanıqlı və müasir çağırışlara uyğun tənzimləmə mühitinin formalaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Məqsəd sektorun davamlı inkişafını təmin etmək, bazar iştirakçılarının fəaliyyətini beynəlxalq standartlara uyğunlaşdırmaq və bazarda sağlam rəqabət mühitini gücləndirməkdir. Bununla yanaşı, Mərkəzi Bankın əsas hədəflərindən biri də əhali və biznes subyektləri arasında sığortalanma səviyyəsinin artırılması və riskin effektiv şəkildə ötürülməsi mexanizmlərinin təkmilləşdirilməsidir. Daşınmaz əmlakın icbari sığortası sahəsində islahatlar əsas prioritetlərdən biri kimi müəyyən edilib və bu istiqamətdə sığortalanma prosesinin çevikliyi, sığorta əməliyyatlarının operativ təşkili, istehlakçı hüquqlarının müdafiəsi, sığorta məbləğlərinin adekvat müəyyənləşdirilməsi kimi vacib məsələlər üzrə beynəlxalq təcrübələr təhlil olunub. Müvafiq təhlillər əsasında hazırlanmış yeni konsepsiya beynəlxalq sığorta prinsipləri və uğurlu xarici təcrübələrə əsaslanaraq, sosialyönümlü, effektiv və dayanıqlı bir sığorta sisteminin formalaşdırılmasını hədəfləyir. Konsepsiyanın əsasını istehlakçı hüquqlarının qorunması, sığorta hadisəsi zamanı dəymiş zərərin operativ və adekvat ödənilməsi, sığorta müdafiəsinin gücləndirilməsi yolu ilə əhalinin rifahının qorunması təşkil edir. Bu model texniki və hüquqi çərçivənin təkmilləşdirilməsi ilə yanaşı, sosial ədalət prinsipinə əsaslanan, şəffaf, çevik və müasir sığorta xidmətinin qurulmasını nəzərdə tutur. Beynəlxalq təcrübədə olduğu kimi, ölkəmizdə də katastrofik risklərin təsirinin azaldılması üçün sığorta effektiv müdafiə mexanizmi kimi qiymətləndirilir. Bununla əlaqədar olaraq, daşınmaz əmlakın icbari sığortasının katastrofik risklər üzrə daha geniş kütləyə təsir edə biləcək əhəmiyyətli zərərlərin aradan qaldırılması istiqamətində sığortanın təsiredici imkanlarının artırılması nəzərdə tutulur. Konsepsiyanın tətbiqi zamanı xüsusilə risklərin idarəolunması və sığorta təminatının effektivliyinin artırılması məsələləri də diqqət mərkəzində saxlanılır. Bunun üçün daşınmaz əmlaklara dəymiş zərərlərin düzgün qiymətləndirilməsi və ədalətli kompensasiya mexanizmlərinin tətbiqi ilə əhali və biznes subyektlərinin sığorta təminatından faydalanması təşviq edilir. Bütün bu yanaşmalar nəticə etibarilə sığorta sahəsində dövlətin fiskal yükünün azalmasına və özəl sektorun risk idarəetmə imkanlarının genişlənməsinə xidmət edəcək.
Qeyd olunan yeni konsepsiya çərçivəsində, əmlakın sahəsindən asılı olaraq, sığorta məbləğinin formalaşdırılması mexanizmləri hazırlanıb. Onu da vurğulayaq ki, sığorta hadisələrinin baş verməsi halında sənədlərin daha operativ təmin edilməsi, o cümlədən sığorta ödənişinin verilməsi ilə əlaqədar mövcud prosesin operativliyinin artırılması məqsədilə yeni konsepsiyada elektronlaşmanın tətbiqinə yönəlik tədbirlər də nəzərdə tutulub. Daşınmaz əmlakın icbari sığortası üzrə yeni mexanizmlər çərçivəsində həyata keçiriləcək dəyişikliklər barədə ictimaiyyətə daha ətraflı məlumat veriləcək və sistemin effektiv tətbiqi üçün zəruri maarifləndirmə işləri həyata keçiriləcəkdir. Hazırlanmış yeni konsepsiya və müvafiq qanunvericiliyə dəyişiklik layihəsi aidiyyəti dövlət qurumları ilə razılaşdırılması üçün kommunikasiya olunub.
Mərkəzi Bankın əsas hədəflərindən biri də əhali və biznes subyektləri arasında
sığortalanma səviyyəsinin artırılması və riskin effektiv şəkildə ötürülməsi
mexanizmlərinin təkmilləşdirilməsidir
- Yeni konsepsiya işə düşdükdən sonra sənədsiz evlərin sığortalanması mümkün olacaqmı? Bu məsələdə hər hansı yanaşma nəzərdə tutulubmu?
- İcbari sığorta qanunvericiliyi ilə hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binaların, mənzillərin, habelə dövlət əmlakının sığortasının icbariləşdirilməsi müəyyən edilib. Bununla yanaşı, mövcud tələblərə əsasən, mülkiyyətində hər hansı daşınmaz əmlak olan və ya ona faktiki sahibliyi həyata keçirən şəxslər həmin əmlakı icbari qaydada sığorta etdirməlidir. Lakin qəzalı vəziyyətdə olan və ya qanunsuz tikinti hesab edilən daşınmaz əmlaklar icbari sığortaya cəlb edilmir.Yaşayış sahələri və mənzillərin icbari sığortasının olması dövlətin fiskal yükünün azalmasında və vətəndaşların sosial rifahının yüksəldilməsində mühüm rol oynayır. Bu məqsədlə yaşayış sahələri və mənzillərin icbari sığortasına nəzarət etmək və icbari sığorta olmadığı hallarda müvafiq tədbirlər görmək səlahiyyəti aidiyyəti dövlət orqanlarına həvalə olunub. Qanunvericiliyə ediləcək dəyişikliklərlə bağlı işlərin davam etdirilməsi ilə yanaşı, daşınmaz əmlakın icbari sığortalanmasının əhatəliliyinin və kütləviliyinin artırılması, həmçinin praktiki tətbiq imkanlarının genişləndirilməsi istiqamətində də tədbirlər görülür. Eyni zamanda, bu sığorta növü üzrə xidmətlərin əhali üçün daha əlçatan olması məqsədilə qanunvericiliklə sığortalanmasına icazə verilən daşınmaz əmlakın, o cümlədən sənədsiz evlərin sığortalanması ilə bağlı müəyyən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Ümumilikdə, həyata keçirilən tədbirlərin məqsədi daşınmaz əmlak sahiblərinin istifadəsində olan əmlakı sığortalamağa cəlb etməkdir. Bu da onların maliyyə sabitliyinin qorunmasına və eyni zamanda dövlətin fiskal yükünün azalmasına xidmət edir.
Fərqanə ALLAHVERDİQIZI
