Nurlan Hacıyev: “Süni intellekt əsaslı rəqəmsal ticarət yeni imkanlar açacaq” MÜSAHİBƏ
Bu günlərdə “Visa” şirkəti ilə İqtisadiyyat Nazirliyi arasında potensial əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər iqtisadi və maliyyə inklüzivliyinin təşviqi, rəqəmsal ödəniş ekosisteminin inkişafı, həmçinin kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Görüş çərçivəsində İqtisadiyyat Nazirliyi və “Visa” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, KOB sektorunun inkişafı, innovativ maliyyə həllərinin təşviqi və inklüziv iqtisadi mühitin formalaşdırılması istiqamətlərində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
“Visa” şirkətinin Azərbaycandakı Baş direktoru və regional meneceri Nurlan Hacıyev KOB-lara dəstək, eləcə də kibertəhlükəsizliklə bağlı “vergiler.az”ın suallarını cavablandırıb:
- Nurlan müəllim, “Visa” KOB və mikro biznes üçün hansı yeni məhsullar təklif edir? Azərbaycanda və regionda hansı layihələri qeyd edə bilərsiniz?
- “Visa” davamlı olaraq orta, kiçik və mikro bizneslərin dəstəklənməsinə yönəlmiş məhsul və təşəbbüslərin spektrini genişləndirir. Biz başa düşürük ki, KOB ölkə iqtisadiyyatının mühüm tərkib hissəsidir. Lakin məhz onlar rəqəmsal ödənişlərə keçiddə çox vaxt maneələrlə üzləşirlər. Bizim vəzifəmiz bu maneələri əlçatan və inklüziv həllər vasitəsilə aradan qaldırmaqdır. Belə əsas həllərdən biri “Visa Tap to Phone” texnologiyasıdır. Bu texnologiya ödəniş terminalına ehtiyac olmadan, sadəcə, NFC çipi (Near Field Communication) olan Android əməliyyat sistemi ilə işləyən smartfon vasitəsilə nağdsız ödənişlərin qəbuluna imkan verir. Bu, xüsusilə mikro bizneslər - küçə ticarətçiləri, özünüməşğul şəxslər, evə xidmət göstərən ustalar kimi ənənəvi olaraq yalnız nağd pulla işləyənlər üçün aktualdır. Azərbaycanda bu texnologiya 2022-ci ildə istifadəyə verilib və o vaxtdan bəri davamlı olaraq inkişaf edir. Həmin sistemə artıq 9 yerli bank qoşulub. Təkcə 2024-cü ildə ölkədə “Tap to Phone” texnologiyasının tətbiqi sürəti təxminən 37% artıb.
Bundan başqa, maliyyə və biznes xərclərinin səmərəli idarə edilməsi üçün “Visa Business Card” - əməliyyatların rahatlıq, təhlükəsizlik və şəffaflığı sayəsində artıq kiçik biznes standartına çevrilmiş alət təklif edirik. Bu yaxınlarda digər ölkələrdə istifadəyə verdiyimiz yeniliklərdən “Visa Request to Pay” həllini də qeyd edə bilərəm. Bu, onlayn mağazası olmayan sahibkarlar üçün ödənişləri qəbul etməyin asan yoludur. Bununla müştəriyə bank tətbiqi vasitəsilə ödəniş sorğusu göndərmək kifayətdir. Təsdiqdən sonra pul biznes kartına daxil olur.
“Visa” davamlı olaraq orta, kiçik və mikro
bizneslərin dəstəklənməsinə yönəlmiş
məhsul və təşəbbüslərin spektrini genişləndirir
2025-ci ilin aprel ayında keçirilmiş qlobal “Visa Product Drop” təqdimatında yeni məhsul - “Visa Accept” həlli elan edildi. Həmin texnologiya NFC-li istənilən smartfondan “Visa” kartına ödənişlərin qəbuluna imkan verir. Bu, mikro müəssisələr üçün rəqəmsal ödənişlərin sadələşdirilməsi istiqamətində daha bir addımdır və ümid edirik ki, gələcəkdə bu texnologiya Azərbaycana da gələcək.
KOB layihələrinə gəldikdə, Azərbaycanda və regionda ən önəmli təşəbbüslərdən biri qadın sahibkarları dəstəkləmək məqsədilə “Visa” tərəfindən həyata keçirilən “She’s Next Empowered” layihəsidir. Azərbaycanda bu proqram 2021-ci ildə ödənişsiz təhsil vebinarları formatında fəaliyyətə başlayıb. 2022-ci ildə müsabiqə elementi – “Elevator Pitch Day” əlavə olundu. Burada iştirakçılar öz biznes layihələrini təqdim edir və pul mükafatları uğrunda yarışa bilirdilər. 2025-ci ildə təşəbbüsün üçüncü dalğası - Birbank Biznes ilə əməkdaşlıq çərçivəsində uğurla həyata keçirildi - bu, "Uğur hekayəni yarat" adlı təhsil və müsabiqə proqramı idi. Proqramın finalı iyulun 11-də keçirildi: 6 qalib ümumilikdə 60.000 manat vəsait qazanaraq öz bizneslərini inkişaf etdirə bildi.
Azərbaycanda “She’s Next” təşəbbüsünün üç dalğasında ümumilikdə 2000-dən çox qadın iştirak edib. Azərbaycanlı qadınlar, həmçinin, bu təşəbbüs çərçivəsində regional layihələrə qoşulmaq imkanına malikdirlər. Belə ki, 2023-cü ildə onlayn rəqəmsal icma platforması istifadəyə verildi ki, bu platforma 17 ölkədən olan qadınları birləşdirərək onlara təcrübə mübadiləsi aparmaq və işgüzar əlaqələr qurmaq imkanı verir. 2025-ci ilin yayında biz ilk beynəlxalq hakatonu elan etdik. Bu hakaton qadınlara təlim keçmək və biznes ekspertlərindən mentorluq almaq, brend tanınmasını artırmaq və ümumilikdə 20.000 ABŞ dolları məbləğində qrantlar uğrunda yarışmaq imkanı verir. İnnovativ texnologiyalar və hədəfli dəstək proqramlarının birləşməsi sayəsində “Visa” Azərbaycanda və regionda sahibkarlıq potensialının inkişafına investisiya qoymağa davam edir, KOB-un böyüməsinə və rəqəmsal iqtisadiyyata inteqrasiyasına kömək edir.
Azərbaycanda və regionda ən önəmli təşəbbüslərdən biri
qadın sahibkarları dəstəkləmək məqsədilə “Visa” tərəfindən
həyata keçirilən “She’s Next Empowered” layihəsidir
- Bu gün kibertəhlükəsizlik məsələsi maliyyə və ödəniş sferasında ön plana çıxır. Bu baxımdan, “Visa” maliyyə fırıldaqçılığına qarşı nə təklif edir? Məxfi məlumatların mühafizəsi üçün hansı təcrübələr aktual və effektivdir?
- Kibertəhlükəsizlik “Visa”nın əsas prioritetlərindəndir. Son 5 ildə fırıldaqçılığa qarşı mübarizə üzrə texnologiyalara 12 milyard ABŞ dollarından çox sərmayə qoymuşuq. Şirkətin səyləri sayəsində təkcə 2024-cü ildə 40 milyard dollar məbləğində fırıldaqçılıq əməliyyatlarının qarşısı alınıb, 80 milyon icazəsiz əməliyyat cəhdi bloklanıb və elektron ticarət sahəsində 122 milyon dollar həcmində zərərin qarşısı alınıb. Bu işin əsasını 30 ildən artıqdır tətbiq etdiyimiz süni intellekt təşkil edir. Flaqmanlarımızdan biri - tranzaksiyaların qorunması üzrə kompleks platforma olan “Visa Protect” bir sıra innovasiyalarla zənginləşdirilib. Bunların arasında kartın iştirakı olmadan onlayn ödənişlərdə riskləri izləməyə və qiymətləndirməyə kömək edən “Visa Deep Authorization” həlli var. “Visa Advanced Authorization” və “Visa Risk Manager”in təkcə “Visa” kartlarından deyil, ödənişlər üçün funksionallığı da genişləndirilib. Bundan əlavə, hesabdan-hesaba ödənişlər üçün “Visa Protect”i istifadəyə verdik. Bu, ani ödənişlər, o cümlədən P2P (person-to-person), hesablararası köçürmələr və mərkəzi bankların ani ödəniş sistemləri üçün xüsusi olaraq hazırlanmış ilk həlldir. Belə texnologiyalar Azərbaycanda da fəal şəkildə tətbiq edilir. 2023-cü ildə biz “AzərTürkBank” ilə birgə ölkədə ilk dəfə elektron ticarətin qorunması üçün ən qabaqcıl həllərdən biri olan “Cybersource” platformasını istifadəyə verdik. Platforma süni intellektdən istifadə etməklə şübhəli əməliyyatları aşkarlayır, biznesin riskləri idarə etməsinə və fırıldaqçılıqdan zərərləri minimuma endirməsinə dəstək olur, eyni zamanda yüksək səviyyəli müştəri xidməti təmin edir.
İnnovativ texnologiyalar və hədəfli dəstək proqramlarının
birləşməsi sayəsində “Visa” Azərbaycanda və regionda
sahibkarlıq potensialının inkişafına investisiya qoymağa davam edir,
KOB-un böyüməsinə və rəqəmsal iqtisadiyyata inteqrasiyasına kömək edir
Məxfi məlumatların mühafizəsindən danışarkən tokenizasiyanı da qeyd etmək lazımdır. Bu texnologiya kart məlumatlarını unikal rəqəmsal identifikator - token ilə əvəz edir. Kart üçüncü şəxslərin əlinə keçsə belə, onlar kartdan istifadə edə bilməyəcəklər. “Visa Token Service” texnologiyası Azərbaycanda 2019-cu ildən istifadədədir və “Apple Pay” və “Google Pay”in təmassız ödənişlərinin əsasını təşkil edir.
Bu gün biz tokenizasiyaya əsaslanan qabaqcıl həlləri inkişaf etdiririk. “Visa Click to Pay” xidməti onlayn alış-verişləri bir kliklə, kart məlumatlarını daxil etmədən ödəməyə imkan verir. Bütün məlumatlar təhlükəsiz data anbarlarında tokenləşdirilmiş formada saxlanılır. “Visa Payment Passkey” onunla əlaqəli işləyir. Bu texnologiya birdəfəlik şifrələri biometrik autentifikasiya (barmaq izi və ya üz tanıma) ilə əvəz edir, təhlükəsizliyi artırır və ödəniş prosesini asanlaşdırır. “Visa Click to Pay” və “Payment Passkey” artıq yaxın regionlarda, xüsusilə Ukraynada uğurla fəaliyyət göstərir və tezliklə Azərbaycana da gələcəyinə ümid edirik.
Ümumiləşdirsək, məqsədimiz məlumatların mühafizəsi və fırıldaqçılığa qarşı mübarizənin hər tranzaksiyanın ayrı-ayrı elementləri deyil, təbii bir hissəsi olmasını təmin etməkdir. Bu yanaşma istər fiziki mağazada alış-veriş, istər pul köçürməsi, istərsə də onlayn alış-verişlər və istənilən digər vəziyyətlərdə istifadəçilər üçün inam və komfort təmin edir.
Tezliklə "ağıllı" şəxsi köməkçilər yalnız lazım olan məhsulları tapmaqla
kifayətlənməyəcək, həm də “Visa” texnologiyalarının bütün
gücündən istifadə etməklə istifadəçinin adından maliyyə
əməliyyatlarını təhlükəsiz və müstəqil şəkildə həyata keçirə biləcək
- Hazırda süni intellektin həyatın bütün sahələrinə, o cümlədən maliyyə sahəsinə fəal şəkildə nüfuz etdiyini görürük. Siz “Visa Product Drop” həllinin qlobal təqdimatından bəhs etdiniz. Onun əsasında yeni Sİ təşəbbüsü olan “Visa Intelligent Commerce” təqdim edildi. Bununla ödənişlərin gələcəyi necə dəyişəcək?
- “Visa Intelligent Commerce” süni intellekt texnologiyalarını yeni səviyyəyə qaldıran qlobal proqramdır. Artıq bu gün süni intellekt alış-veriş siyahıları hazırlamağa kömək edir, lakin gələcəyin intellektual ticarəti daha irəlidədir. Tezliklə "ağıllı" şəxsi köməkçilər yalnız lazım olan məhsulları tapmaqla kifayətlənməyəcək, həm də “Visa” texnologiyalarının bütün gücündən istifadə etməklə istifadəçinin adından maliyyə əməliyyatlarını təhlükəsiz və müstəqil şəkildə həyata keçirə biləcək. Belə bir vəziyyəti təsəvvür edin: Sİ agentiniz bilir ki, hər bazar günü supermarketdə bir həftəlik ərzaq alırsınız. Sizin meyarlarınız var: 100 manatadək büdcə, ekoloji təmiz brendlərə üstünlük vermək, allergiya və ya dad seçimlərinə görə müəyyən inqrediyentlərdən uzaq durmaq zərurəti. Virtual köməkçi özü optimal səbətin içindəkiləri seçəcək, sizinlə razılaşdıracaq, çatdırılmanı rəsmiləşdirəcək və “Visa” kartı ilə ödəniş edərək alış-verişi tamamlayacaq. Bütün tranzaksiyalar yalnız istifadəçi tərəfindən müəyyən edilmiş qaydalar və limitlər əsasında və onların tam nəzarəti altında, lakin hər xırda detala əl ilə nəzarət etmədən aparılır.
“Visa İntelligent Commerce” qüsursuz və təhlükəsiz rəqəmsal ödənişlər sayəsində alıcıları və satıcıları bir araya gətirmək üçün qlobal missiyamızın yeni mərhələsini təcəssüm etdirir. Tezliklə Sİ əsaslı ticarət yeni imkanlar açacaq və rəqəmsal alış-verişi daha rahat və fərdiləşdirilmiş edəcək.
Fərqanə ALLAHVERDİQIZI
