Ayxan Qədəşov: “Rəqəmsal Logistika Platforması Azərbaycanın logistik mərkəz rolunu gücləndirəcək” MÜSAHİBƏ
Türk Dövlətləri Təşkilatı (TDT) üzvlərini birləşdirən iqtisadi gündəmin mühüm istiqamətlərindən biri də rəqəmsal ticarət və aqrar sənaye sahəsidir. Sözsüz ki, Azərbaycan üçün də bu sahədə yeni imkanların açılması olduqca mühüm amildir. Yerli istehsal məhsullarının dünya elektron bazarlarına çıxarılmasını və satışını dəstəkləyən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “azexport.az” portalı TDT ölkələri ilə bu istiqamətdə əməkdaşlığı gücləndirir. Bundan əlavə, xaricə mal satışı üçün ixracatçılardan tələb olunan Sərbəst Satış Sertifikatının verilməsində də yenilik var.
Portalın rəhbəri Ayxan Qədəşov qeyri-neft ixracını dəstəkləyəcək bu və digər tədbirlərlə bağlı “vergiler.az”ın suallarını cavablandırıb.
- Ayxan müəllim, TDT ilə həyata keçirilən layihələr barədə ətraflı məlumat verərdiniz... “OTS Made” brendi və “Digital Agro Data Platform” layihələrində “Azexport”un rolu nədən ibarətdir?
- İlk növbədə, onu qeyd edim ki, “OTS Made” brendinin formalaşdırılması təşəbbüsü vahid bazar mexanizminin yaradılması baxımından tarixi bir addımdır. Bu brend altında təqdim olunacaq məhsullar təkcə milli yox, regional identiklik qazanacaq. Dünyanın digər yerlərində də buna bənzər modellər mövcuddur. Məsələn, Amerika və Avropada və digər ölkələrdə “made in” nişanlanma praktikası geniş tətbiq olunur. “OTS Made” brendinin bir növ bu qlobal tendensiyanın türk dünyasına uyğunlaşdırılmış və daha təkmil bir model olduğunu deyə bilərəm. “Azexport” bu prosesdə koordinasiya və texnoloji dəstək missiyasını daşıyır. Yəni portalın mövcud infrastrukturu, məhsul bazası, rəqəmsal logistika sistemləri və beynəlxalq platformalara inteqrasiyası “OTS Made” brendinin qısa müddətdə formalaşmasına və qlobal bazarda tanınmasına xidmət edəcək.
Digər layihə - “Digital Agro Data Platform” aqrar istehsalın və ixracın hər mərhələsində məlumatların toplanması, rəqəmsallaşdırılması və təhlili üçün nəzərdə tutulub. Bu platforma sayəsində türk dövlətləri aqrar məhsullar üzrə vahid elektron məlumat bazasına çıxış əldə edəcək, digər tərəfdən, yenilik istehsal və ixrac imkanlarını daha dəqiq planlamağa imkan verəcək. Burada məqsəd yalnız statistik göstəricilərin toplanması deyil, eyni zamanda süni intellekt alqoritmləri vasitəsilə bazar tələblərinin proqnozlaşdırılması və təchizat zəncirlərinin optimallaşdırılmasıdır.
Azərbaycanın bu layihələrdə aparıcı rol alması təsadüfi deyil. Yeri gəlmişkən, “Azexport” modeli artıq 100-dən çox ölkədən ixrac sifarişləri cəlb edib, üstəlik, qlobal platformalara inteqrasiya olunub və beynəlxalq təşkilatlar tərəfindən innovativ həll kimi tanınır. Bu təcrübəni TDT-nin iqtisadi əməkdaşlıq gündəminə transfer etməklə biz həm region daxilində, həm də qlobal bazarda daha güclü mövqelərə çıxmaq imkanı əldə edirik.
“OTS Made” brendinin formalaşdırılması təşəbbüsü vahid
bazar mexanizminin yaradılması baxımından tarixi bir addımdır
- Sərbəst Satış Sertifikatının Rəqəmsal Logistika Platformasına inteqrasiyası hansı dəyişikliklərə səbəb olacaq?
- Bildiyiniz kimi, Sərbəst Satış Sertifikatı xüsusilə qida və dərman məhsulu ixracında ixracatçılar üçün vacib sənədlərdən biridir. Bu sertifikat xarici ölkələrin idxal orqanlarına həmin məhsulun Azərbaycan bazarında qanuni şəkildə dövriyyədə olduğunu, yəni satışına icazə verildiyini rəsmi şəkildə təsdiq edir. Sadə dillə desək, sözügedən sertifikat olmadan bəzi ölkələrə qida və dərman məhsullarının ixracı mümkün deyil. “Azexport”un bu istiqamətdə fəaliyyəti nəticəsində indiyədək 700-dən çox yerli məhsula Sərbəst Satış Sertifikatı təqdim olunub ki, bu da qeyri-neft ixracatımızın genişlənməsində ciddi rol oynayıb. Bu istiqamətdə hazırda Rəqəmsal Logistika Platforması (DLP) layihəsi icra olunmaqdadır. Platformanın qurulması ilə xarici ticarət və tranzit əməliyyatlarını vahid rəqəmsal məkanda idarə etmək mümkün olacaq. “Azexport” portalı tərəfindən təqdim edilən Sərbəst Satış Sertifikatının alınması üçün müraciətlərin qəbulu və nəticələrin təqdim edilməsi prosesi Rəqəmsal Logistika Platformasına inteqrasiya olunur. Hesab edirəm ki, bu inteqrasiya logistika proseslərini daha da şəffaflaşdıracaq. Platforma üzərindən məhsulun haradan yükləndiyi, hansı sertifikat əsasında ixrac edildiyi, hansı marşrutla daşındığı real vaxt rejimində izləniləcək. Platformanın işə düşməsi ilə vaxt və maliyyə resurslarından daha səmərəli istifadə edilməklə, ixracatçının əməliyyat yükünün azalması və ticarət prosedurlarının sadələşdirilməsi təmin olunacaq. Digər tərəfdən, sənədləşmədə rəqəmsal həllərdən daha geniş istifadə etməklə xarici bazarlarda Azərbaycan məhsullarına daha çox inam formalaşacaq. Qeyd edim ki, Azərbaycan bu mexanizmi tətbiq etməklə logistik mərkəz rolunu daha da gücləndirir.
İndiyədək 700-dən çox yerli məhsula Sərbəst Satış
Sertifikatı təqdim olunub ki, bu da qeyri-neft
ixracatımızın genişlənməsində ciddi rol oynayıb
- “Azexport”un ixrac kataloqlarının yenilənməsi üzərində nə kimi işlər aparılır, buraya hansı yeni məhsullar əlavə olunacaq?
- Hazırda tikinti, mebel, kimya sənayesi, İKT xidmətləri, turizm, qida və içki sektorları üzrə kataloqların yenilənməsi həyata keçirilir. İlkin olaraq, qida və içki kataloqunun yeni buraxılışının yaxın günlərdə elan olunması nəzərdə tutulur. Qeyd edim ki, bu kataloqun məqsədi, sadəcə, məhsul siyahısını təqdim etmək deyil. Biz diqqəti, xüsusilə, ölkəmizə xas və dünyada nadir olan məhsullara yönəldirik. Kataloqlarda yer alacaq məhsullar arasında nar, zoğal və digər meyvələrdən hazırlanmış souslar, Bakı, Gəncə, Quba və Şəkidə istehsal edilən şirniyyatlar, regiona xas balıq və balıq kürüsü, həmçinin spirtli və spirtsiz içkilər, çay məhsulları, ət və süddən alınan emal məhsulları, eləcə də lavaş kimi milli məhsullar yer alır. Sumax, kəklikotu və digər eksklüziv ədviyyatlar da kataloqumuzda təqdim olunacaq. Biz bu kataloqlarla portalın əsas məqsədlərindən biri olan ixracı artırmaqla yanaşı, həm də ölkəmizin qida mədəniyyətini və milli ənənələrini beynəlxalq bazarlarda tanıtmaq niyyətindəyik. Qeyd etmək yerinə düşər ki, regionlarda fəaliyyət göstərən “YouTube” kanalları və sosial media platformalarında Azərbaycanın qida məhsulları böyük izləyici kütləsi toplayır və şərhlərdən görünür ki, bu məhsullara xaricdə yüksək tələbat var. Bu baxımdan, kataloqlarımız xarici alıcılar və təmsilçilər üçün Azərbaycan məhsullarının effektiv təqdimat platformasına çevrilir. Beləliklə, biz həm ölkəmizin milli mədəniyyətini və qastronomik xüsusiyyətlərini tanıdırıq, həm də ixrac üçün yeni imkanlar yaradırıq.
Biz həm ölkəmizin milli mədəniyyətini və qastronomik
xüsusiyyətlərini tanıdırıq, həm də ixrac üçün yeni imkanlar yaradırıq
- Gənclərin innovativ ideya və təşəbbüslərinin dəstəklənməsi, onların elektron ticarətə marağının artması üçün “Azexport” hansı imkanları təqdim edir?
- “Azexport” olaraq, biz gənclərin sahibkarlıq və innovasiya potensialını real biznes mühitinə çevirmələrini dəstəkləyirik. Ölkənin müxtəlif universitetlərində təqdimatlar və görüşlər təşkil edərək tələbələrə e-ticarət sahəsində aktual biliklər verir, praktiki təlim və proqramlar vasitəsilə onların bacarıqlarını inkişaf etdiririk. “Company visit” tədbirləri ilə gənclərə şirkətlərin real iş proseslərini izləmək imkanı yaradır, startap və tələbə təşəbbüslərini platformamız üzərindən elektron ticarətə qoşulmağa təşviq edirik. Bu dəstək gənclərin fərdi inkişafı ilə yanaşı, eyni zamanda onların gələcəkdə ölkəmizi beynəlxalq rəqəmsal ixrac bazarlarında təmsil edəcək mütəxəssislər kimi yetişməsinə xidmət edir. Biz indidən onları hazırlamalı, maraq yaratmalı və təcrübə qazandırmalıyıq, çünki çox yaxın perspektivdə ənənəvi ticarət getdikcə azalacaq və rəqəmsal bazarların əhəmiyyəti artacaq. Hazırda atılan addımlar və verilən qərarlar birbaşa gələcəkdə ölkəmizin beynəlxalq rəqəmsal bazarda rəqabət aparmaq qabiliyyətinə təsir edəcək. Fürsətdən istifadə edərək, bu sahəyə maraq göstərən gənclərə bildirmək istəyirəm ki, elektron ticarətlə bağlı təmənnasız təcrübə mübadiləsi üçün portalımıza müraciət edə bilərlər. İnanırıq ki, bu dəstək onların ideyalarını gerçəkləşdirməyə və gələcəkdə rəqəmsal bazarda ölkəmizi layiqincə təmsil etməyə imkan verəcək.
Faiq KƏRİMOĞLU
