15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vüsal Arzumanlı: “Ailə təsərrüfatları “ABAD” vasitəsilə 12 milyon manata yaxın gəlir əldə ediblər” MÜSAHİBƏ

Balakəndən Naxçıvana, Qubadan Lənkərana qədər ölkənin dörd bir yanında ailə bizneslərinə dəstək göstərən “ABAD” publik hüquqi şəxs fəaliyyət dairəsini günbəgün genişləndirir. Süverenliyimizin bütün ölkə ərazisində tam bərpa olunması və azad edilmiş ərazilərə sakinlərin qayıdışı ilə bölgədə yeni iş yerləri açılır, fərqli biznes ideyaları gerçəkləşdirilir və özünüməşğulluq proqramları həyata keçirilir. İqtisadiyyatımıza inteqrasiya olunmağa başlayan bu ərazilərdə ailə biznesini qurmaq istəyənlər də diqqətdən kənarda qalmırlar. “ABAD” doğma yurduna köçənlərin gerçəkləşdirəcəkləri biznes ideyalarını dəstəkləmək əzmindədir. Bəs bu dəstək mexanizmləri hansı formada olacaq? “vergiler.az”ın bu və digər suallarını “ABAD” publik hüquqi şəxsin direktor müavini Vüsal Arzumanlı cavablandırır.

- Vüsal müəllim, 2024-cü il “ABAD” üçün necə yadda qaldı?

- Ötən il “ABAD” bir sıra irimiqyaslı və sosialyönümlü layihələrə imza atıb. İşğaldan azad edilmiş ərazilərə səfərlər təşkil olunub, “Gənc arıçı” layihəsi icra edilib və TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) ilə uğurlu əməkdaşlıq layihəmiz həyata keçirilib.

İstehsalın həcmi baxımından da nəticələr ürəkaçandır. 2020-ci ildə koronavirus pandemiyasının yaratdığı çətinlikləri nəzərə almasaq, “ABAD” fəaliyyətə başlayan zamandan satış əməliyyatlarının həcmi hər zaman dinamik olub. 2024-cü ildə satış göstəricilərimiz 3 milyon manata çatıb. Məhsullarımız ilk satışa çıxarıldığı gündən indiyə kimi ümumi dövriyyə 14,2 milyon manat təşkil edib. Bu müddətdə ailə təsərrüfatlarının əldə etdiyi gəlir 11,8 milyon manat olub.

Ötən il “ABAD” bir sıra irimiqyaslı və sosialyönümlü layihələrə imza atıb

- Bir neçə layihənin adını çəkdiniz, daha geniş məlumat verə bilərsinizmi?

- İlk növbədə, işğaldan azad edilmiş Füzuli, Şuşa, Laçın rayonlarına və Zəngilanın Ağalı kəndinə uğurlu səfərlərimizdən danışmaq istərdim. Həmin ərazilərə köçürülən sakinlərlə keçirdiyimiz görüşlərdə “ABAD”ın fəaliyyətindən danışmaq imkanımız olub. Onlarla birlikdə müraciət prosedurlarını, qanunvericilik sahəsində yaradılan imkanlar və işğaldan azad edilmş rayonların sakinləri üçün sahibkarlıq fəaliyyətinə başlamağın üstünlükləri barədə müzakirələr aparmışıq.

“Gənc arıçı” layihəsi isə Qəbələdə gerçəkləşdirilib. Seçilən 20 gənc 1 ay peşəkar mütəxəssislərdən intensiv təlimlər aldıqdan sonra arıçılıq üçün tələb olunan bütün zəruri avadanlıqlarla təchiz ediliblər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihədən yararlanan gənclər artıq ilk məhsullarını bazara çıxarmağa başlayıblar. Düşünürəm ki, 2021-ci ildən gerçəkləşdirilən bu layihə regionlarımızda yeni nəsil sahibkarların formalaşmasına təkan verir.

TİKA ilə əməkdaşlığa gəldikdə, işbirliyimiz heç də yeni başlamayıb. 2017-ci ildən müxtəlif layihələrdə sıx əməkdaşlığımız var. Bu tərəfdaşlıq çərçivəsində İçərişəhərdəki “ABAD” etno-butiki təmir olunub, Nardarandakı "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzi zəruri mal-material və avadanlıqlarla təchiz edilib. Ən son əməkdaşlığımızda isə bizə məhsulların daşınması üçün xüsusi nəqliyyat vasitəsi təqdim edilib.

- “ABAD” Qarabağ və Şərqi Zəngəzurda hansı sahələr üzrə sahibkarlara dəstək olacaq?

- Azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşlarla keçirdiyimiz görüşlər zamanı bölgədə yaradılmış münbit sahibkarlıq mühiti barədə geniş söhbətlərimiz olur. Həmin tədbirlər zamanı “ABAD”çı olmaq istəyənlər qeydiyyata alınırlar. Qarabağda “ABAD”ın fəaliyyəti ilə bağlı sevindirici xəbərlər də var. Artıq Laçın və Qubadlı balları brendləşdirilərək satışa çıxarılıb. Hazırda Kəlbəcər və Cəbrayıldan toplanan bal məhsullarının brendləşdirilməsi istiqamətində işlər görürük. Bundan başqa, işğaldan azad edilmiş ərazilərin sakinlərindən sənətkarlıqla məşğul olmaq istəyənlərin müraciətlərini toplayırıq.

Hazırda Kəlbəcər və Cəbrayıldan toplanan
bal məhsullarının brendləşdirilməsi istiqamətində işlər görürük

- Hazırda neçə sahibkara dəstək göstərilir? Onlar daha çox hansı bölgələrdə məskunlaşıblar?

- Bu günədək 650 ailə təsərrüfatı “ABAD”ın dəstəyindən yararlanıb. Hazırda isə bu brend ətrafında toplaşan sahibkarlarımızın sayı 522-dir. Bakı “ABAD”çıların sayına görə ön sırada qərarlaşıb. Belə ki, paytaxtımızda 344 ailə təsərrüfatı fəaliyyət göstərir ki, bu da ümumi həcmin 54 faizi deməkdir. İkinci yerdə 91 ailə təsərrüfatı ilə Şəki-Zaqatala iqtisadi rayonu qərarlaşıb. Digər bölgələrə nəzər yetirsək, Abşeron-Xızı iqtisadi rayonunda 42, Quba-Xaçmazda 44, Dağlıq Şirvanda 31, Lənkəran-Astarada 35, Mərkəzi Aranda 13, Qarabağda 8, digərlərində isə toplam 35 ailə təsərrüfatı mövcuddur.

- “ABAD” vasitəsilə ailə biznesi qurmaq istəyənlər hansı prosedurlardan keçməlidirlər?

- Müraciət prosesi sadədir və hər şey ideyanın formalaşmasından başlayır. Yəni gerçəkləşdirmək istədiyiniz biznes ideyası varsa, bizim rəsmi saytımıza üz tutub, onlayn və fiziki formada müraciət anketini doldurmaq lazımdır. Bundan sonra uyğun hesab edilən ideyalar reyestrə daxil edilir və namizədlər müsahibəyə dəvət olunurlar. Vacib məqamlardan biri odur ki, istehsal olunan bütün məhsullarda sağlamlıq və təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət edillmədir.

- “ABAD” məhsullarına tələbat hansı səviyyədədir?

- Ailə təsərrüfatlarının istehsal etdiyi məhsulların satışları bir neçə əsas kanal üzrə həyata keçirilir. Məsələn, topdansatış müqavilələri və korporativ sifarişlər vasitəsilə mal və məhsullar daha geniş kütləyə təqdim edilir. Bir çox tanınmış supermarket şəbəkələrinin piştaxtalarında da “ABAD” məhsullarını görmək mümkündür. Xüsusən də turistlərin böyük marağına səbəb olan dekorativ əşyaları etno-butiklərdən rahatlıqla əldə etmək olar. Tələbata gəlincə, onu deyə bilərəm ki, ümumi dövriyyəyə nəzər salanda bu, kifayət qədər yüksək görünür. Amma nəzərə almaq lazımdır ki, mövsüm və bir sıra digər faktorlara görə, bu, dəyişkəndir.

“ABAD” məhsullarının keyfiyyətinin alıcıya ən ideal formada
çatdırılması üçün mütəxəssislər satış nöqtələrində malın yerləşdirilməsinə və
saxlanmasına daim nəzarət edirlər

- Məhsulların keyfiyyətinə nəzarət mexanizmi necə qurulub?

- Biz alıcıları keyfiyyətli məhsullarla təmin etmək üçün ciddi nəzarət mexanizmləri tətbiq edirik. Ən başlıcası, sahibkarlarımızın bazara çıxardığı qida məhsulları “Qida təhlükəsizliyi haqqında” Qanunun və “ABAD”ın müvafiq tələblərinə tam cavab verməlidir. Xalq sənətkarlığı məhsulları isə ənənəvi üsullara və keyfiyyət normalarına uyğun hazırlanmalıdır. Hazır məhsullar rəflərə düzülmədən öncə uyğunluq testlərindən keçirilir. Qida məhsulları üçün isə xüsusi laborator analizlər aparılır. Mütəxəssislərimiz mütəmadi olaraq istehsalçılara baş çəkir və onların fəaliyyətini qiymətləndirirlər. Məhsulun hazırlanma prosesi və istifadə olunan xammal daim nəzarətdə saxlanılır.

Onu da vurğulamaq istərdim ki, sahibkarlar məhsul keyfiyyətini qorumaq üçün xüsusi təlimlərdə iştirak edirlər. Müştərilərdən gələn rəyləri hər zaman nəzərə alırıq və “ABAD” məhsullarının keyfiyyətinin alıcıya ən ideal formada çatdırılması üçün mütəxəssislər satış nöqtələrində də malın yerləşdirilməsinə və saxlanmasına daim nəzarət edirlər.

- Məhsulların xarici bazarlarda tanıdılması istiqamətində nə kimi işlər görülür?

- “ABAD” yerli məhsullarımızın beynəlxalq bazarlara çıxarılmasında aktiv iştirak edir. Müxtəlif sərgilərə, biznes forumlarına və beynəlxalq tədbirlərə qatılaraq “Made in Azerbaijan” brendinin təbliğinə öz töhfəmizi veririk. Bununla yanaşı, ixrac prosesinin səmərəli təşkili üçün logistika, sertifikatlaşdırma və ticarət əlaqələrinin qurulması sahəsində də dəstək göstəririk. Məsələn, Belarusun paytaxtı Minskdə fəaliyyət göstərən Azərbaycan Ticarət Evində “ABAD” stendləri vasitəsilə ziyarətçilərə məhsullarımız təqdim olunub. Türkiyənin paytaxtı Ankarada “REM Sərgi və Təşkilatçılıq Şirkəti”nin təşkil etdiyi sərgidə azərbaycanlı sənətkarların əl işləri və yerli mədəniyyət nümunələri yüksək səviyyədə nümayiş etdirilib. 2021-ci ildən etibarən yerli məhsullarımız Qazaxıstanın Aktau şəhərindəki supermarket şəbəkələrində satışa çıxarılıb. Tatarıstanın paytaxtı Kazanda keçirilən “Russia Halal Expo 2021” sərgisində halal məhsullarımız iştirakçıların böyük marağına səbəb olub. Təbii qida məhsullarımızın daha bir uğurlu tanıtımı isə Yaponiyada keçirilən “Food Expo Fair - JFEX-2022” sərgisində baş tutub. Bu istiqamətdə fəaliyyətimizi genişləndirməyi düşünürük. Başlıca məqsədimiz “ABAD”çıların istehsal etdiyi təbii məhsul və sənətkarlıq nümunələrini dünya bazarında layiqincə tanıtmaqla daha çox müştəri cəlb etməkdir.

Başlıca məqsədimiz “ABAD”çıların istehsal etdiyi təbii məhsul və sənətkarlıq
nümunələrini dünya bazarında layiqincə tanıtmaqla daha çox müştəri cəlb etməkdir

- Sonda 2025-ci il üçün planlarınız barədə məlumat verməyiniz maraqlı olardı...

- Bu il qarşıya qoyduğumuz əsas məqsəd işğaldan azad edilmiş ərazilərdə fəaliyyətimizi daha da genişləndirmək və yerli sakinləri sahibkarlığa təşviq etməkdir. Beynəlxalq bazarlara çıxışı sürətləndirmək və ixrac həcmimizin artırılması əsas hədəflərimiz sırasında yer alır. Bazarın tələbi əsasında yeni qablaşdırma, marketinq və logistika həlləri üzərində işləyəcəyik. Bu il də ümumi satış dövriyyəmizi artırmağa fokuslanmışıq və yeni korporativ əməkdaşlıqlar qurmaq, supermarket şəbəkələrində daha çox çeşidlə təmsil olunmaq istəyirik. Onlayn satış kanallarını artırmaq da hədəflərimizə daxildir.

Bütün bu sadaladıqlarım rellaşdıqca ailə təsərrüfatlarının qazancları yüksələcək ki, bu da ixrac potensialının artmasına gətirib çıxaracaq və təbii ki, sonda qazanan ölkəmizin milli iqtisadiyyatı olacaq.

Faiq KƏRİMOĞLU

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?