24 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şahin Əliyev: “Azərbaycanda “Kağızsız hökumət” modelinin tam tətbiqinə nail olunacaq” MÜSAHİBƏ

Kağızdan istifadənin azaldılması və elektron sənəd dövriyyəsinə keçidin təmin edilməsi dövrümüzün əsas tələblərindən biridir. Rəqəmsallaşma tendensiyasını dəstəkləyən və elektron sənəd dövriyyəsinə keçməyə qərar verən təşkilatlar əldə etdikləri müsbət effekti qeyd edirlər ki, bu da bir sıra üstünlüklərdə ifadə olunur. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədr müavini Şahin Əliyev “vergiler.az”a müsahibəsində sənəd dövriyyəsinin rəqəmsallaşdırılmasının üstünlüklərindən danışıb.

- Şahin müəllim, bildiyimiz kimi, “Kağızsız hökumət”in tətbiqi prosesi davam etməkdədir. Öncə bu barədə ətraflı məlumat verməyinizi xahiş edirik. Hansı işlər görülüb?

- “Kağızsız hökumət”ə keçid çərçivəsində Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) altsisteminə uğurlu inteqrasiyalar aparılıb. RSD altsistemi Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2023-cü il tarixli 2279 nömrəli Fərmanına əsasən, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən hazırlanaraq istismara təqdim edilib. Sözügedən fərmanın icrası çərçivəsində indiyədək dövlət orqanları və tabeli alt qurumlar da nəzərə alınmaqla, altsistemə 1800-dən çox qurum inteqrasiya olunub. “Kağızsız hökumət”ə keçid çərçivəsində RSD altsisteminə uğurlu inteqrasiyalar aparılıb. 2024-cü ildə bütün məhkəmələr və bütün yerli icra hakimiyyəti orqanları RSD-yə inteqrasiya olunub.

RSD ilə dövlət qurumları arasında sənəd mübadiləsi real vaxt rejimində və təhlükəsiz formada, rəqəmsal olaraq aparılır. Bu inteqrasiya  inzibati prosesləri sadələşdirmək və əməliyyat səmərəliliyini artıraraq kağızdan istifadəni minimuma endirmək məqsədi daşıyır. 2024-cü ildə RSD vasitəsilə dövlət qurumları arasında aparılan sənəd mübadiləsi sayəsində aylıq qənaət edilən kağız miqdarı əhəmiyyətli dərəcədə artıb. Əvvəllər bu say 500 min vərəq idisə, hazırda aylıq qənaət 2 dəfə artaraq 1 milyondan çox vərəq təşkil edir. Bu da ildə 2 minə yaxın ağacın qorunması deməkdir. Növbəti dövrlərdə də qənaət edilən vərəq sayı artmaqda davam edəcək.

Hazırda aylıq qənaət 2 dəfə artaraq 1 milyondan çox vərəq təşkil edir.
Bu da ildə 2 minə yaxın ağacın qorunması deməkdir

“Kağızsız hökumət”in inteqrasiyası prosesi daxili resurslar hesabına həyata keçirilib. Mövcud işlər effektiv şəkildə optimallaşdırılıb və idarə olunub.

RSD ilə yanaşı Digital Bridge – Milli Məlumat Mübadiləsi Sistemi də “Kağızsız hökumət”ə keçid istiqamətində effektiv nəticələr göstərib. 2024-cü ildə “digital.bridge” vasitəsilə həyata keçirilən məlumat mübadilələrinin sayı artıq 1 milyardı keçib. Eyni zamanda cari ildə Milli Məlumat Mübadiləsi Sisteminin yenilənmiş versiyası istismara buraxılıb. Bu yeni versiya sayəsində dövlət qurumlarının məlumat mübadiləsi tam rəqəmsal və daha avtomatlaşdırılmış şəkildə həyata keçirilir.

Paralel şəkildə bu il “mygov” yenilənmiş versiyasını vətəndaşların istifadəsinə verdi. Bu versiya özü ilə bərabər ölkənin rəqəmsal inkişafında mühüm irəliləyişlərə yol açan xidmət və funksionallıqlar gətirdi. Bu da öz növbəsində vətəndaşlarla dövlət arasındakı kommunikasiyada kağız sərfiyyatını minimuma endirməyi hədəfləyir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2024-cü il tarixli Fərmanına əsasən, şəxsiyyət vəsiqəsi və bir sıra sənədlərin (doğum, ölüm, nikah haqqında şəhadətnamə) rəqəmsal versiyası artıq fiziki versiyası ilə bərabər hüquqa malikdir. Bununla da artıq vətəndaşlar xidmət mərkəzlərində rəqəmsal şəxsiyyət vəsiqələrini və digər sənədlərini “mygov” üzərindən təqdim edə bilərlər. Önəmli bir xidmət – həyat hadisələri “mygov”a inteqrasiya olundu. Artıq vətəndaşlar nikahın qeydiyyatı və yeni doğulmuş övladının doğum şəhadətnaməsi üçün heç yerə getmədən “mygov” üzərindən müraciət edə bilərlər. Bununla yanaşı, xüsusilə iş yerlərində vətəndaşlardan tələb olunan məhkumluq haqqında arayışı da rəqəmsal formada “mygov“dan əldə etmək mümkündür. Proses bununla da bitmir, iş yeri seçildiyi halda vətəndaş əldə etdiyi arayışı fiziki formada quruma təqdim etmək məcburiyyətində qalmır, arayış hazır olan zaman onun nüsxəsi iş yerinə rəqəmsal qaydada ötürülür. Bütün bu rəqəmsal xidmətlər öz növbəsində ölkənin rəqəmsal inkişafına, eləcə də “Kağızsız hökumət”ə keçidinə müsbət təsirlərini göstərir.

“Kağızsız hökumət” sistemi həm maliyyə səmərəliliyini artırır,
həm də ekoloji məsələlərdə faydalı olur

- “Kağızsız hökumət”in işə düşməsi biznes mühitinə, sahibkarların işinə necə təsir edəcək?

- "Kağızsız hökumət" fəaliyyətinin biznes mühitinə təsiri çox müsbət istiqamətdədir. Bu sistem sürət və rahatlıq baxımından böyük yeniliklər təqdim edir, eyni zamanda sənədləşmə proseslərinin avtomatlaşdırılması ilə işlərin effektivliyini artırır. Kağızdan asılılığın azalması sahibkarların iş yükünü xeyli yüngülləşdirir və iş proseslərini daha çevik edir. Elektron xidmətlərin genişləndirilməsi nəticəsində dövlət qurumları ilə əlaqələr daha sürətli və daha şəffaf şəkildə həyata keçirilir. Sənədlərə və məlumatlara rəqəmsal formada çıxış imkanı əldə edilir, bu isə təsdiqləmə və müraciətlərin qısa zamanda həll olunmasına kömək edir. “Kağızsız hökumət” sistemi həm maliyyə səmərəliliyini artırır, həm də ekoloji məsələlərdə faydalı olur, çünki kağız istehlakını azaltmaqla ətraf mühitə də töhfə verir. Bu, iş mühitinin davamlı və texnoloji inkişafına dəstək verir. Nəticə olaraq, “Kağızsız hökumət” sistemi sahibkarların fəaliyyətini daha rahat və effektiv edir, bizneslərin gələcəkdə daha innovativ və uğurlu olmasına imkan yaradır. Eyni zamanda bu istiqamətdə görülən işlər Azərbaycanın elektron hökumətin inkişafı üzrə beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılasmasına töhfə verir.

- Vətəndaşların kütləvi şəkildə istifadə etdiyi təhsil, səhiyyə, məhkəmə sistemlərində onların işlərini asanlaşdıracaq hansı həllər yaradılıb və ya yaradılacaq?

- Dövlət qurumlarının atdığı addımla, müxtəlif sahələr üzrə rəqəmsallaşma istiqamətində əhəmiyyətli irəliləyişlər təmin etsə də, bu proseslərin daha səmərəli və dayanıqlı şəkildə həyata keçirilməsi üçün koordinasiyanın artırılması zəruridir. Hazırda aidiyyəti qurumlar müvafiq sahələr üzrə öz portallarını və sistemlərini yaradaraq sahəvi xidmətlərini həmin portallar üzərindən təqdim edirlər. Bununla belə, proseslərin daha effektiv optimallaşdırılması üçün sahəvi yol xəritələrinin hazırlanması mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində hər bir sahə üzrə xüsusi rəqəmsallaşma yol xəritələri hazırlanır və onların icrası istiqamətində məqsədyönlü işlər həyata keçirilir. Hazırda səhiyyə, təhsil, ədliyyə, idxal, ixrac, tranzit, sosial xidmətlər, hərbi, ekologiya kimi sahələrdə bu yanaşma əsasında işlər davam etdirilir.

Əsas məqsədimiz vətəndaşlarla dövlət qurumları arasındakı bütün kommunikasiya və
sənəd mübadiləsinin tamamilə kağızsız formata keçidini təmin etməkdir

- 2025-ci ildə RSD-nin tam qurulması, işləməsi mümkün olacaqmı? Ümumiyyətlə, gələn il üçün planlarınız nədir?

- Hazırda RSD sistemi işlək vəziyyətdədir və artıq bir çox istiqamətdə effektiv tətbiq olunur. Qarşıdakı il üçün planlarımız isə sistemin imkanlarını daha da genişləndirmək və inkişaf etdirməkdir. Növbəti mərhələdə əsas məqsədimiz vətəndaşlarla dövlət qurumları arasındakı bütün kommunikasiya və sənəd mübadiləsinin tamamilə kağızsız formata keçidini təmin etməkdir. Üçüncü mərhələdə isə dövlət qurumları ilə biznes subyektləri arasında sənəd mübadiləsinin rəqəmsallaşdırılması planlaşdırılır. Bu prosesin yekununda Azərbaycanda “Kağızsız hökumət” modelinin tam tətbiqinə nail olunacaq.

Eyni zamanda, yeni dövlət xidmətlərinin və sənədlərin rəqəmsallaşdırılması, eləcə də həyat hadisələri əsasında daha çox xidmətin proaktiv şəkildə təqdim edilməsi istiqamətində işlər davam edir. Bu məqsədlə dövlət qurumları ilə birgə səmərəli əməkdaşlıq aparılır.

Fərqanə ALLAHVERDİQIZI

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?