16 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Məmməd Balacanov: “Azərbaycanda biznesə daxilolma səviyyəsi son illərdə ciddi şəkildə yaxşılaşıb” MÜSAHİBƏ

“Ernst & Young Holdings (CİS) B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialının Hüquq xidmətinin rəhbəri Məmməd Balacanov vergiler.az saytına müsahibə verib.

- Məmməd müəllim, “Biznesə daxilolma” indikatoru üzrə artıq bir yol xəritəsinin icrası başa çatıb. 2024-cü ildə yeni bir Yol Xəritəsi təsdiq edildi. Siz bu proseslərlə yaxından məşğul olan bir şəxs kimi necə hesab edirsiniz, Yol xəritələrinin icrası çərçivəsində hansı əhəmiyyətli uğurlar var?

- Biznes mühiti və beynəlxalq reytinqlər ürzə Komissiyanın Dövlət Vergi Xidməti tərəfindən rəhbərliyi həyata keçirilən “Biznesə daxilolma” İşçi Qrupunun fəaliyyəti ilə bağlı biznesə daxilolma üzrə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair son 3 ildə hazırlanmış Yol Xəritələri ölkədə bu sahənin təkmilləşdirilməsi məqsədilə detallı tədbirlər planı müəyyən etməklə kifayət qədər geniş məsələləri əhatə edib. Belə ki, 2022-2023-cü illər üzrə Yol Xəritəsi ümumilikdə 34 tədbirdən, 2024-cü il üzrə Yol Xəritəsi isə 16 tədbirdən ibarət olaraq formalaşdırılıb. Nəzərdə tutulan tədbirlərin icrasında önəmli irəliləyişlər əldə olunub. Bu tədbirlərin icrasının nəticəsi olaraq, Mülki, Əmək, İnzibati Xətalar məcəllələri, hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanunvericiliyə dəyişikliklər edilib. Artıq sahibkarlıq subyektləri müvafiq tədbirlərin icrasının onların biznes fəaliyyətinə təsirini real həyatda görürlər.

Əhəmiyyətli uğurlar içərisində hüquqi şəxslərin dövlət qeydiyyatı prosesində yerli və xarici investorların bərabər hüquqlarının təmin edilməsi və xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı imkanının gətirilməsini qeyd etmək olar.

Yol xəritələrində nəzərdə tutulmuş önəmli tədbirlərdən biri də müvafiq sahədə dövlət orqanları ilə özəl sektor arasında kommunikasiyanın təkmilləşdirilməsi və həyata keçirilməsi planlaşdırılan, eləcə də artıq icra edilmiş islahatlarla bağlı sahibkarlıq subyektlərinin zamanında məlumatlandırılması, eləcə də onların təklif və problemlərinin dəyişikliklər hazırlanarkən nəzərə alınmasıdır. Bu məqsədlə həm peşəkar məsləhət xidməti göstərən şirkətlərlə, həm də digər sahibkarlıq subyektləri ilə müvafiq görüşlər keçirilib, onların məlumatlandırılması, rəy və təkliflərinin əldə edilərək nəzərə alınması təmin edilib. Eyni zamanda, ictimaiyyətlə müxtəlif media kanalları vasitəsilə kommunikasiya qurulub.

2022-2023-cü illər üzrə Yol Xəritəsi ümumilikdə 34 tədbirdən,
2024-cü il üzrə Yol Xəritəsi isə 16 tədbirdən ibarət olaraq formalaşdırılıb

Həmçinin, Dövlət Vergi Xidməti tərəfindən biznesə daxilolma sahəsində tənzimləyici çərçivə təhlil olunub və nəticələri ictimaiyyətlə paylaşılıb. Bu təhlil materialı yeni biznesə başlamaq istəyən yerli və xarici investorlar üçün bir növ bələdçi rolunu da oynaya bilər.

- Azərbaycanda biznesə daxilolma səviyyəsini necə görürsünüz? Yol Xəritəsi çərçivəsində hansı istiqamətdə təkmilləşmələri gözləyirsiniz?

- Azərbaycanda biznesə daxilolma səviyyəsi son illərdə ciddi şəkildə yaxşılaşıb. Bunun təsdiqi özünü Azərbaycanın biznesə başlama sahəsində beynəlxalq reytinqlərdə yuxarı pillələrə qalxmasında da bir daha göstərir. Dövlət tərəfindən həyata keçirilən islahatlar, prosedurların sadələşdirilməsi, rəqəmsal xidmətlərin genişləndirilməsi və vergi sistemindəki islahatlar nəticəsində yeni iş qurmaq istəyən şəxslər üçün biznes mühiti daha əlverişli və cəlbedici olub. Xarici və yerli investorlar üçün şəffaf və sürətli biznes mühiti yaradılıb, bu da Azərbaycanı biznes baxımından daha cəlbedici və rəqabətədavamlı bir ölkəyə çevirib.

Yaxın zamanlarda gözlənilən təkmilləşmələr içərisində “Konsul leqallaşdırması” informasiya sisteminin və elektron leqallaşdırma imkanın yaradılması, elektron şəkildə leqallaşdırılmış sənədlərin tərcüməsinin “Elektron notariat” informasiya sistemi üzərindən rəsmiləşdirilməsi imkanının yaradılmasını qeyd edə bilərik. Bu tədbir həm texniki infrastrukturun, həm də müvafiq qanunvericilik bazasının formalaşdırılmasını tələb edir. Hazırda hər iki istiqamət üzrə işlərin mühüm hissəsi görülüb. Böyük ehtimalla, artıq gələn ildən bu sistemin işlək vəziyyətə gələcəyinin şahidi olacağıq. Bu isə öz növbəsində xarici investorlara biznesə başlamaq üçün tələb olunan sənədləşmə işlərinin daha da asanlaşması və sürətlənməsinə, həm vaxta, həm də vəsaitə qənaət edilməsinə imkan yaradacaq.

Eyni zamanda, Azərbaycan Respublikasının hədəfli maliyyə sanksiyaları və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla, eləcə də dövlətin bu sahədə beynəlxalq öhdəliklərinin təmin edilməsi məqsədilə hüquqi şəxslərin benefisiar mülkiyyətçiləri ilə bağlı məlumatların toplanması və reyestrinin aparılması istiqamətində də qanunvericiliyə dəyişikliklərin edilməsi gözlənilir. Bu istiqamətdə də işlər davam etdirilir.

Dövlət Vergi Xidməti tərəfindən biznesə daxilolma sahəsində tənzimləyici çərçivə
təhlil olunub və nəticələri ictimaiyyətlə paylaşılıb. Bu təhlil materialı yeni biznesə
başlamaq istəyən yerli və xarici investorlar üçün bir növ bələdçi rolunu da oynaya bilər

- Cari ildə xarici hüquqi şəxslər üçün də Azərbaycanda biznesi elektron təsis etmək imkanları yaradıldı. Bunun investisiya mühtinin cəlbediciliyinə təsirini necə qiymətləndirirsiniz?

- Bu imkan həm xarici investorlar üçün cəlbedici bir addımdır, həm də bunun Azərbaycanın beynəlxalq reytinqinə müsbət təsir göstərəcəyinə inanıram. Çünki həm yerli, həm də xarici investorlara məhdud məsuliyyətli cəmiyyətin yaradılmasında bərabər imkanlar verilir.

Bu islahatın real effektivliyinin təmin olunması üçün növbəti addım olaraq xarici təsisçilər üçün gücləndirilmiş elektron imzaya alternativ olan identifikasiya imkanlarının yaradılması üzərində işlər görülməlidir. Belə ki, xarici ölkələrdə verilmiş gücləndirilmiş elektron imzaların Azərbaycanın dövlət informasiya sistemlərində istifadəsi və yaxud, ümumiyyətlə, bu imzaların Azərbaycanda tanınması və istifadəsi baxımından çətinliklər ola bilər.

- Dünya Bankı da ölkədə əlverişli biznes mühitinin yaradılmasının əsas şərtlərindən biri kimi dövlət-biznes dialoqu platformasının rolunu qeyd edir. İşçi qrupunda özəl sektoru təmsil edirsiniz. Sizcə, biznes və dövlət qurumları arasında əməkdaşlığın effektivliyinin artırılması üçün hansı addımlar atılmalıdır?

- Biznes və dövlət qurumları arasında əməkdaşlığın effektivliyinin artırılması iqtisadi inkişafın və sahibkarlığın inkişafı üçün əsas şərtlərdən biridir. Bu əməkdaşlığın gücləndirilməsi həm dövlətin iqtisadi siyasətini həyata keçirməsini asanlaşdırır, həm də biznes sektorunun qarşılaşdığı problemlərin həlli üçün sürətli və mütəşəkkil bir mühit yaradır. Azərbaycanda bu sahədə önəmli irəliləyişlər mövcud olsa da, əməkdaşlığın effektivliyini daha da artırmaq üçün bir neçə addımlar atıla bilər.

Bu addımlardan biri dövlət və biznes arasında bilgi mübadiləsi və təcrübə paylaşımını artırmaq üçün tədbirlər görülməsidir. Birbaşa sahibkarlıq subyektləri ilə işləyən dövlət məmurları üçün biznesi başa düşmək və sahibkarların ehtiyaclarını anlamaq olduqca vacibdir. Çünki bu, qəbul edilən qərarların effektivliyinə təsir göstərir. Bu məqsədlə dövlət sahibkarlara daha çox məlumat və təcrübə əldə etməyə imkan verən platformalar yaratmalı, eyni zamanda, dövlət orqanlarında işçi heyətinin təliminə və sahibkarlıq subyektləri ilə düzgün kommunikasiya qurulması bacarıqlarının təkmilləşdirilməsinə diqqət yetirilməlidir.

Digər bir addım isə iqtisadi sektorlar üzrə (məsələn, kənd təsərrüfatı, texnologiya, turizm və s.) xüsusi əməkdaşlıq platformalarının yaradılmasıdır. Son illərdə bu istiqamətdə əhəmiyyətli irəliləyişlər əldə edilib. Lakin, düşünürəm ki, bu sahədə hələ görüləcək işlər var. Bu platformalarda dövlət və özəl sektor nümayəndələri müxtəlif sektorlarda qarşılaşılan problemləri müzakirə edərək, daha çevik və innovativ həllər təklif edə bilərlər.

Digər bir addım iqtisadi sektorlar üzrə xüsusi əməkdaşlıq platformalarının yaradılmasıdır

- Yol Xəritəsində nəzərdə tutulan istiqamətlərdən əlavə, qeydiyyat sahəsində sahibkarların işinin asanlaşdırılması məqsədilə “EY Azərbaycan”ın daha hansı təklifləri var?

- Sahibkarların işinin asanlaşdırılması məqsədilə qeydiyyat sahəsində qanunvericiliyə edilmiş dəyişikliklərin tətbiqi zamanı ortaya çıxan suallarla bağlı qeydiyyat orqanı tərəfindən əlavə izahedici şərhlərin verilməsi və bu prosesin sistemləşdirilməsini məqsədəuyğun hesab edirik. Bu, inzibati praktikanın vahidliyinin təmin edilməsində, həm dövlət orqanı, həm də sahibkarın vaxtına qənaət edilməsində önəmli rol oynayır. Məsələn, 2024-cü ildə həyata keçirilən islahatlardan biri də hüquqi şəxsə verilmiş borcun sonradan onun nizamnamə kapitalına kapital qoyuluşu olaraq qoyulması imkanı ilə bağlıdır. Bu dəyişiklik yeni olduğundan praktikada onun tətbiqi zamanı bir sıra suallar ortaya çıxır. Məsələn, yalnız əsas borc məbləğininmi, yoxsa hesablanmış faizlərin də kapitala qoyulması mümkündür? Yaxud borc xarici valyutada verilərkən kapitala çevrilmə necə həyata keçiləcək? Valyutanın konvertasiyası həyata keçirilərsə, borcun verilmə tarixindəki, yoxsa kapitala qoyuluş haqqında qərarın verilməsi tarixindəki məzənnə əsas götürüləcək? Əlavə olaraq hansı müşayiətedici sənədlər müraciətə əlavə olunmalıdır? Düşünürəm ki, qeydiyyat orqanı sahibkarlardan daxil olan bu tipli sualları toplayaraq, təlimat xarakterli materiallar hazırlaya bilər. Bu isə, öz növbəsində, dövlət-özəl kommunikasiyasının inkişafına əlavə dəstək olacaq.

Bundan əlavə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı əmtəə nişanlarının qorunması sahəsində əlavə tədbirlərin nəzərə alınması, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin elektron qeydiyyatı, eləcə də xarici investisiyalı hüquqi şəxslərin elektron qeydiyyatı zamanı xarici vətəndaş olan təsisçilər üçün gücləndirilmiş elektron imzaya alternativ olan identifikasiya imkanlarının yaradılması sahəsində beynəlxalq təcrübənin araşdırılması və müvafiq qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində yeni addımların atılması məqsədəuyğun olardı.

vergiler.az

VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?