7 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elvin Balacanov: “Maliyyə sektorunun subyektləri daha çox kiberhücumların hədəfinə çevrilirlər” MÜSAHİBƏ

Rəqəmsallaşma və rəqəmsal transformasiya dövrü bir sıra kiberhücum və kibertəhdidlərlə müşahidə olunur. Artıq ən müxtəlif sferalarda artan kiberhücumlar aydın şəkildə müşahidə edilir. Xüsusilə də rəqəmsallaşmanın önəm verildiyi sektorlarda bu, özü ilə birlikdə həm də kibertəhlükəsizliyin təmin olunması sahəsində bir sıra addımların atılmasını zəruri edir. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov bu sahədə mövcud durum və atılacaq addımlarla bağlı “vergiler.az”ın suallarını cavablandırıb.

- Elvin müəllim, kritik informasiya infrastrukturu sayılan maliyyə bazarları sektoru təhdidlərdən necə qorunur?

- Ötən il qəbul edilmiş, 2023-2027-ci illəri əhatə edəcək “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiya”da 56 tədbirin icrası nəzərdə tutulub. Eyni zamanda, ölkədə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması istiqamətində də ciddi addımlar atılır. Qeyd etdiyiniz kimi, maliyyə bazarları sektoru kritik informasiya infrastrukturu hesab olunan 10 sahədən biridir. Kritik informasiya infrastrukturları kriteriyasına yalnız dövlət qurumları deyil, həm də iri sahibkarlıq subyektləri aiddir. Bilirik ki, maliyyə sektorunda vətəndaşlar, cəmiyyətimiz və dövlətimiz üçün mühüm xidmətlər təmin edən bir sıra subyektlər fəaliyyət göstərir. Eyni zamanda, maliyyə sektorunda kibertəhlükəsizliklə bağlı ayrıca bir strategiya qəbul olunub. Ümid edirik ki, qarşıdakı illərdə maliyyə sektorunda kibertəhlükəsizliyin təmin olunması istiqamətində sistemli addımlar davam etdiriləcək.

Ölkədə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin
təmin olunması istiqamətində ciddi addımlar atılır

- Assosiasiyaya üzv şirkətlər banklardan, BOKT-lərdən təhlükəsizlik sistemlərinin qurulması ilə bağlı təkliflər alırlarmı?

- Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası ictimai birlik olaraq, əsasən, kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsinə dəstək vermək üçün addımlar atır. Bu sırada həm də müxtəlif sektorlarla əməkdaşlığın genişləndirilməsi, milli potensialın gücləndirilməsi yer alır. Müxtəlif sektorlarla, o cümlədən maliyyə sektorları ilə mütəmadi olaraq ictimai müzakirələr həyata keçiririk. Bu ilin əvvəlində maliyyə bazarları subyektləri ilə kibertəhlükəsizliklə bağlı birgə tədbir təşkil etdik. Görüşdə qaldırılan bir sıra məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara və təşkilatlara müraciətlər etmişik. Yeni təhlükəsizlik sistemlərinin qurulması ilə bağlı məsələlər isə, əsasən, Assosiasiya üzvü olan IT və kibertəhlükəsizlik üzrə ixtisaslaşmış 70-dən çox şirkət tərəfindən həyata keçirilir.

Kritik informasiya infrastrukturları kriteriyasına
yalnız dövlət qurumları deyil, həm də iri sahibkarlıq subyektləri aiddir

- Maliyyə sektorunda çalışan subyektlərdən müraciətlər daha çox hansı istiqamət üzrədir?

- Onların müraciətləri daha çox kibertəhlükəsizliklə bağlı infrastrukturun qurulması, mütəmadi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı olur. Kibercinayətkarlığın və kiberhücumların dinamikasından da görürük ki, bu hücumlara məruz qalan vətəndaşlarımızın sayı artmaqdadır. Bu da, əsasən, bank kartları ilə bağlı məlumatların ələ keçirilməsi, sonradan müxtəlif cinayət məqsədləri ilə istifadə edilməsi istiqamətində baş verir. Bu səbəbdən, maliyyə bazarları subyektləri, banklar və bank olmayan kredit təşkilatlarının əhalinin kibergigiyenasının gücləndirilməsində, onların kibercinayətlərin hədəfinə çevrilməməsi üçün maarifləndirilməsində yaxından iştirak etməsinə, daha intensiv məlumatlandırma kampaniyaları həyata keçirmələrinə ehtiyac var.

Maliyyə bazarları subyektləri, banklar və bank olmayan kredit təşkilatlarının
əhalinin kibergigiyenasının gücləndirilməsində, onların kibercinayətlərin hədəfinə
çevrilməməsi üçün maarifləndirilməsində yaxından iştirak etməsinə ehtiyac var

- Bəs maliyyə sektorunda fəaliyyət göstərən bazar subyektləri üçün nə kimi təhdidlər mövcuddur?

- Ümumiyyətlə, kibercinayətlərin dairəsinə baxanda, kompüter sistemlərinə qanunsuz daxilolma, məlumatların qeyri-leqal formada ələ keçirilməsi kimi əməllərin şahidi oluruq. Bu əməllər bir sıra hallarda maddi mənfəət əldə etmək məqsədilə olduğu üçün hədəf qismində də elə maliyyə bazarlarının subyektləri çıxış edirlər. Ona görə də, ümumiyyətlə, kiberhücumların və kibercinayətə dair cəhdlərin sayında bir dinamika müşahidə olunur. Maliyyə bazarlarının subyektləri də bu problemə qarşı profilaktik mübarizə aparmaq üçün müvafiq addımlar atırlar. Bu il Mərkəzi Bankın qərarı ilə maliyyə bazarlarının subyektləri üçün informasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tələblər qəbul edilib. Maliyyə bazarları subyektləri bu tələblərə riayət olunması istiqamətində həm infrastruktur, həm təşkilati, həm texniki, həm də insan resurslarına dair nəzarət tədbirləri həyata keçirirlər.

Fərqanə ALLAHVERDİQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?