15 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İsmayıl Orucov: “Çalışırıq ki, Avropa bazarında fındıq satışını artıraq” MÜSAHİBƏ

Azərbaycan fındıq istehsalı və ixracına görə dünyanın öndə gedən ölkələrindən biridir. 2024-cü ilin yanvar-iyul aylarında ölkəmiz dəyəri 54 milyon dollardan çox olan 8 844 ton meşə fındığı ixrac edib ki, bu da ümumi ixracın 0,34, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 2,91 faizini təşkil edir.

Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov fındıq istehsalı və ixracı ilə bağlı son vəziyyət barədə “vergiler.az”ın suallarını cavablandırıb.

- Azərbaycanda builki fındıq mövsümünün nəticələri barədə nə demək olar?

- Dağlıq ərazilərdə lokal səviyyədə fındıq yığımı davam edə bilər, amma ümumilikdə bu proses, demək olar ki, yekunlaşıb. Bu il fındığın keyfiyyət göstəriciləri ötən ildəkindən daha yüksək oldu. Adətən ən çox məhsulun toplanıldığı Qax-Zaqatala bölgəsində bir neçə dəfə dolu yağdığından burada məhsuldarlıq aşağı düşdü. Lakin, faktiki olaraq, yeni salınan bağların məhsuldarlığı artdığından ümumilikdə builki məhsuldarlığın ötənilki kimi olacağı gözlənilir. Hələlik bu il nə qədər fındığın toplandığını deyə bilmərik. Çünki bir çox fermerlər məhsullarını saxlayıb sonradan satışa çıxarırlar. Bu il orta hesabla 65-70 min ton qabıqlı fındığın istehsal ediləcəyi gözlənilir. Fındıq ləpəsinin nə qədər olacağı daxili bazardan çox asılıdır. 70 min ton fındıqdan 25 min ton ləpənin emal ediləcəyini gözləyirik. Onun bir hissəsi daxili bazar üçün nəzərdə tutulacaq. Düşünürəm ki, ixrac edəcəyimiz ləpənin çəkisi 19-20 min tonu keçəcək.

- Azərbaycan üçün fındığın əsas ixrac bazarları Rusiya, İtaliya, Almaniya və Fransadır. Bu il ixrac coğrafiyasında dəyişiklik edilə bilər?

- Bu il də ixrac həmin istiqamətlər üzrə olacaq, çünki fındıq bazarı spesifikdir. Fındıqlarımız daha çox qənnadı fabrikləri üçün nəzərdə tutulduğundan ixrac coğrafiyasında o qədər dəyişiklik olmayacaq. Biz yeni bazarlar axtarışında deyilik, çünki zatən məhsullarımızı sata bilirik, builki məhsulumuz gələn ilə qalmır. Biz xaricə yarımfabrikat məhsul satırıq, o məhsul təkrar emala gedir və dünyaca məşhur olan, bu sahə üzrə ixtisaslaşmış İtaliya, Almaniya, Fransa şirkətləri tərəfindən şokoladların istehsalında istifadə edilir.

- ABŞ və Çilinin fındıq istehsalı və ixracına görə bizi qabaqlaması Azərbaycanın ixrac bazarlarına təsir göstərə bilər?

- Bəli, qismən təsir göstərə bilər, çünki tələb və təklif arasında disbalans yarana bilər. Lakin bizim bir üstünlüyümüz odur ki, adını çəkdiyimiz bazarlar ixrac ölkələri üçün logistik olaraq uzaq, logistika xərcləri isə bahadır. Logistika baxımından Rusiya bizə yaxın ölkə olsa da, son illərdə onun iqtisadi dayanıqlılığı zəif olduğundan, valyuta mübadiləsində ödənişlər rublla həyata keçirildiyindən ixracatçılar böyük zərərlə qarşılaşırlar. Rusiyaya satışlarımız çətinləşir, çalışırıq ki, Avropa bazarındakı satışlarımızı artırmaqla Rusiya bazarından asılılığımızı maksimum dərəcədə azaldaq. Əlbəttə ki, bu azalma tam mümkün olmayacaq, çünki Rusiya böyük dövlətdir, onun illlik fındıq tələbatı orta hesabla 25 min tona yaxındır. Son illərdə müharibə ilə əlaqədar tələbatda bir qədər azalma var, amma bura yenə də ixracatçılar üçün böyük bazar sayılır.

- Avropa Birliyinin ixracatçı dövlətlər üçün xüsusi gömrük güzəştləri tətbiq etməsi Azərbaycanın ixracatçıları üçün müəyyən çətinliklər yaradır. Bu sahədə Azərbaycanın xeyrinə olan hər hansı yeniliklərin tətbiqi gözlənilir?

- Avropa Birliyi natural fındığa 3,2 faiz, emal edilmiş, yəni qovrulmuş, doğranmış fındığa 11,8 faiz gömrük rüsumu tətbiq edir. Azərbaycanın rəqibləri isə həmin məhsulları sıfır dərəcə rüsumla ixrac edirlər. Bu, əlbəttə ki, bizim rəqabət qabiliyyətimizə təsir edir.

- Son illərdə fındıq bağlarının salınmasına olan maraq artıb. Sizcə, Azərbaycan bu sahədəki potensialından tam faydalanır?

- Azərbaycanda 80 min hektar ərazidə fındıq bağı var. İşğaldan azad olunmuş torpaqlarımızda da fındıq bağları salınır. Təxminən 3 ildən sonra oradan alınan məhsul ümumi məhsuldarlığın artmasına gətirib çıxaracaq. Düşünürəm ki, artıq ölkədə yetərincə fındıq əkilib. Digər tərəfdən, hər yerdə də fındıq əkmək olmaz, əkilən fındıq sahələri yetərlidir.

İlhamə İSABALAYEVA

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?