16 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Uluqbek Kamaletdinov: “Azərbaycan-Özbəkistan əməkdaşlığı regionun yüksəlişinə töhfə verəcək” MÜSAHİBƏ

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri ölkələr arasında çoxşaxəli əməkdaşlıqda yeni mərhələdir. Qısa müddət ərzində iki ölkə hökumətlərin qarşılıqlı fəaliyyətini yeni səviyyəyə qaldırıb. İqtisadi əməkdaşlıq uğurla inkişaf edir. Mərkəzi Asiya-Azərbaycan-Avropa yaşıl dəhlizi layihəsi icra mərhələsindədir. Bundan əlavə, hər iki ölkə bərpaolunan enerji sahəsində yaxşı potensiala malikdir.

Mövzu ilə bağlı “vergilər.az”ın suallarına özbəkistanlı ekspert, iqtisadçı Uluqbek Kamaletdinov cavab verir.
 

- Avqustun 22-23-də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri olub. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu səfəri iki ölkə arasında çoxəsrlik dostluq əlaqələrinin inkişafında tarixi hadisə adlandırıb. Sizcə, səfər iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına necə töhfə verəcək?

- Ölkə liderlərinin dövlət səfərləri beynəlxalq əlaqələrin və əməkdaşlığın inkişafında mühüm rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri və bu səfərin Özbəkistan Prezidenti tərəfindən münasibətlərin inkişafında tarixi hadisə kimi səciyyələndirilməsi, məncə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanmasına əsaslanır. Bu addım tərəfdaşlığın dərinləşməsinə zəmin yaradır, biznes mühitini yaxşılaşdıracaq və hər iki ölkədə iqtisadi artım üçün yeni imkanlar yaradacaq.

Səfər zamanı liderlər iqtisadi əməkdaşlıq çərçivəsində sərmayə qoyuluşu, nəqliyyat infrastrukturunun inkişafı, yaşıl enerji istehsalı məsələlərinin geniş spektrini müzakirə ediblər. İnanıram ki, siyasi dialoqun gücləndirilməsi həm də qarşılıqlı ticarətin həcminin artırılmasına və müxtəlif sənaye sahələrində layihələr üzərində birgə işlərin aparılmasına yeni təkan verəcək.

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri zamanı liderlər iqtisadi
əməkdaşlıq çərçivəsində sərmayə qoyuluşu, nəqliyyat infrastrukturunun inkişafı,
yaşıl enerji istehsalı məsələlərinin geniş spektrini müzakirə ediblər.
İnanıram ki, siyasi dialoqun gücləndirilməsi həm də qarşılıqlı ticarətin həcminin
artırılmasına və müxtəlif sənaye sahələrində layihələr üzərində birgə işlərin
aparılmasına yeni təkan verəcək.

- Regiondakı müsbət proseslər daha çox Özbəkistan və Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyev ilə danışıqların yekunu üzrə mətbuata açıqlamasında deyib. Ölkələrimiz regionun iqtisadi inkişafına necə töhfə verə bilər?

- Azərbaycanın ərazi bütövlüyünün bərpası nəzərə alınmaqla, müəyyən edilmiş sahələrdə əməkdaşlığın fəal inkişafı təkcə ölkələrimizin deyil, həm də bütün Mərkəzi Asiya və Xəzəryanı regionların iqtisadi yüksəlişinə və rifahına töhfə verəcək.

Ölkələrimiz arasında ticarət həcminin artırılması, enerji, nəqliyyat və kənd təsərrüfatı sahələrində birgə layihələrə investisiyaların cəlb edilməsi qonşu ölkələrlə ticarətin və texnologiya transferinin genişləndirilməsi üçün yaxşı ilkin şərait yaradır. Enerji istehsalı və nəqli, o cümlədən yaşıl enerji mənbələrinin inkişafı sahəsində əməkdaşlıq bütün regionda enerji sektorunun sabitliyini və dayanıqlığını təmin etməyə kömək edəcək.

Humanitar sahədə də böyük multiplikativ effekt əldə etmək olar. Ölkələr arasında turizmin, mədəni mübadilənin və akademik mobilliyin inkişafı xarici turistlərin cəlb edilməsinə, yeni iş yerlərinin açılmasına, təcrübə mübadiləsinə, innovasiyalara və regionda insan kapitalının inkişafına kömək edir.

- Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyətini necə qiymətləndirirsiniz? Bu şirkətin investisiya əməkdaşlığının genişləndirilməsi və sahibkarların dəstəklənməsi baxımından əhəmiyyəti nədən ibarətdir?

- Bu istiqamətdə dörd mühüm istiqaməti qeyd edərdim. Birincisi, Daşkənddəki “Trilliant Tower 1”-də ilk ofisini işə salan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti regionun iqtisadi artımına və inkişafına töhfə verərək müxtəlif layihələrə həm yerli, həm də xarici investisiyaları cəlb edə biləcək.

İkincisi, bu şirkət startapların və kiçik və orta biznesin maliyyələşdirilməsi yolu ilə sahibkarlıq mühitinin inkişafına, yeni iş yerlərinin açılmasına əhəmiyyətli töhfə verə bilər. Şirkət iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən qurumların kapitalında 49 faizədək pay almaqla belə biznes ideyalarının maliyyələşdirilməsini təmin edə bilər.

Üçüncü, vacib aspekt - şirkətin neft və qaz kəmərlərinin, yolların, limanların, terminalların tikintisi kimi infrastruktur layihələrinə sərmayə qoyması biznes mühitinin yaxşılaşdırılmasına və iqtisadi inkişafa kömək edəcək. Elan edilmiş 500 milyon ABŞ dolları məbləğində nizamnamə kapitalı bu ehtiyacları böyük ölçüdə ödəyir.

Bundan əlavə, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti beynəlxalq investisiya layihələrində iştirak etməklə üçüncü ölkələrlə iqtisadi əməkdaşlığı stimullaşdıracaq. Azərbaycanın və Özbəkistanın müvafiq nazirlik və şirkətlərinin nümayəndələrinin bu yaxınlarda Əfqanıstana birgə səfəri bunun əyani təsdiqidir.

Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti regionun iqtisadi artımına və inkişafına
töhfə verərək müxtəlif layihələrə həm yerli, həm də xarici investisiyaları cəlb edə biləcək

- Tərəflər işğaldan azad edilmiş Xankəndi şəhərində yüngül sənaye müəssisəsinin yaradılması layihəsini təsdiqləyiblər. Ölkələrimiz yüngül sənayenin hansı sahələrində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır?

-İşğaldan azad edilmiş Xankəndi şəhərində yeni yüngül sənaye müəssisəsinin yaradılması nəinki iqtisadi səmərə verəcək, həm də iş yerlərinin açılması və yerli əhalinin layiqli gəlirlə təmin olunması yolu ilə sülhün möhkəmlənməsinə kömək edəcək.

Özbəkistanın bu növ toxuculuq istehsalının yaradılmasında bir sıra rəqabət üstünlükləri, toxuculuq istehsalında xüsusi ənənələri var ki, bu da həmin sahədə ixtisaslı kadrların və mütəxəssislərin olmasına kömək edir. Toxuculuq sənayesində Özbəkistan və Azərbaycan mütəxəssisləri arasında təcrübə mübadiləsi və texnologiya transferi istehsalın səmərəliliyini artırmağa kömək edə bilər.
Toxuculuq məhsullarında Özbəkistan brendinin və ənənələrinin istifadəsi alıcıların diqqətini cəlb edə və Azərbaycan bazarında və daha sonra Avropa İttifaqı ölkələrinin bazarlarında unikal təklif yarada bilər. Bu üstünlüklərdən istifadə etmək nəinki yeni müəssisənin bazardakı mövqeyini gücləndirməyə, həm də uğurlu biznes üçün zəmin yaratmağa kömək edə bilər.

- Bakı və Daşkənd Orta Dəhlizin inkişafı istiqamətində yeni layihələrin birgə həyata keçirilməsi barədə razılığa gəliblər. Bunun üçün tərəflər hansı addımları atmalıdırlar?

- Çin və Mərkəzi Asiyadan Avropaya yüklərin çatdırılması üçün Orta Dəhlizin inkişafında birgə səylər, o cümlədən avtomobil yolları, dəmir yolları və limanların tikintisi və modernləşdirilməsi regionun dünya ticarətinə inteqrasiyasını yaxşılaşdırmağa kömək edir.

Fikrimcə, Bakı ilə Daşkənd arasında Orta Dəhlizin inkişafı üzrə ortamüddətli strategiya yaratmaq lazımdır ki, bu strategiyada konkret məqsədlər, infrastrukturun təkmilləşdirilməsi, proseslərin sadələşdirilməsi və investisiyaların cəlb edilməsi üzrə tədbirlər nəzərdə tutulur.

Burada özəl şirkətlər dəhlizlə bağlı layihələrdə iştiraka cəlb oluna, tərəfdaşlıq və birgə investisiya mexanizmləri hazırlana bilər. Bu aspekt, həmçinin, Əfqanıstanın Termez Beynəlxalq Ticarət Mərkəzinin azad ticarət zonası vasitəsilə bu dəhlizə daxil edilməsi nəzərə alınmaqla mümkündür.

Toxuculuq sənayesində Özbəkistan və Azərbaycan mütəxəssisləri arasında təcrübə
mübadiləsi və texnologiya transferi istehsalın səmərəliliyini artırmağa kömək edə bilər

- Özbəkistan Azərbaycan ərazisində faydalı qazıntıları emal etməyi planlaşdırır. Bu istiqamətdə hansı planlar nəzərdə tutulub?

- Bu ilin may ayında regionlararası forumda “Özbəkneftqaz” şirkətinin Azərbaycanın “Şahdəniz” strateji qaz-kondensat yatağının işlənməsi layihəsində iştirakının mümkünlüyü müzakirə olunub. Ekspertlər bunu iddialı bir iş hesab edirlər. Yeni sərmayələr və imkanlar təklif etməklə bu istiqamət iştirak edən hər kəsə fayda verə bilər.

Fikrimcə, belə əməkdaşlığın birinci aspekti Özbəkistanın iqtisadiyyatının artımına aiddir. Xüsusilə qış aylarında artan istehlakın fonunda dayanıqlı qaz təchizatı əsas rol oynayır. İkinci aspekt qazın və ya qaz kondensatının birbaşa Özbəkistanda emalı imkanları ilə bağlıdır ki, bu da Azərbaycanla əməkdaşlıq tələb edir. Özbəkistan üçün bu əməkdaşlıq ölkənin enerji təhlükəsizliyinin möhkəmlənməsinə kömək edən etibarlı və sabit qaz tədarükünü təmin edə bilər. Azərbaycan da öz növbəsində enerji məhsulları üçün yeni tərəfdaşlıqlar və bazarlar əldə edir.

Layihənin həyata keçirilməsi üçün infrastrukturun inkişafı tələb olunur ki, bu da yeni nəqliyyat marşrutlarının, logistik mərkəzlərin və digər obyektlərin yaradılmasına töhfə verir. Bununla belə, proses uzun danışıqlar və qiymətləndirmə tələb edir. Bu layihənin icrasının hər iki tərəfə fayda gətirəcəyi, Özbəkistan və Azərbaycan arasında iqtisadi əlaqələri möhkəmləndirəcəyi gözlənilir.

Tamilla MƏMMƏDOVA

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?