15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Məhəmməd Nasar Həyat: “FAO azad edilmiş ərazilərdə "ağıllı kənd" konsepsiyasını sınaqdan keçirir” MÜSAHİBƏ

1995-ci il oktyabrın 20-dən Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) üzv olan Azərbaycan BMT-nin bu ixtisaslaşmış qurumu ilə birgə milli, regional və qlobal səciyyəli müxtəlif layihələr həyata keçirir. Əsasən kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, potensialın artırılması, resursların idarə edilməsi, heyvan və bitki xəstəliklərinə qarşı mübarizə, təchizat və digər müvafiq sahələrdə texniki yardımları nəzərdə tutan layihələr Azərbaycan hökumətinin prioritetləşdirilmiş ehtiyaclarına dair müraciətlərinə uyğun olaraq, texniki əməkdaşlıq proqramlarına əsaslanır.

Mövzu ilə bağlı “vergiler.az”ın suallarını Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi və FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Məhəmməd Nasar Həyat cavablandırır.

- BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycanla əməkdaşlığı ilə bağlı nə deyə bilərsiniz? Ölkəmizin üzləşdiyi problemlərin həllində FAO-nun rolunu necə dəyərləndirərdiniz?

- Dünyada aclığı aradan qaldırmaq, qida təhlükəsizliyini təşviq etmək və dayanıqlı kənd təsərrüfatını inkişaf etdirmək üçün qlobal səylərə rəhbərlik etməyi öhdəsinə götürmüş bir qurum olaraq, FAO hökumətlərə və tərəfdaşlara bu sahədə doğru siyasət və proqramların hazırlanmasında dəstək verir. Azərbaycan kənd təsərrüfatı sektorunu modernləşdirmək, iqlim dəyişikliyi problemlərini həll etmək və ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə FAO ilə əməkdaşlıq edən 195 üzv ölkədən biridir.

Kənd təsərrüfatı sektorunun inkişafı üçün strateji əhəmiyyəti dərk edən Azərbaycan 2015-ci ildə FAO-Azərbaycan Tərəfdaşlıq Proqramını imzalayıb. Bu proqram çərçivəsində Azərbaycan hökuməti FAO-ya kənd təsərrüfatının kritik sahələrində layihələrin hazırlanması və həyata keçirilməsi üçün 10 milyon ABŞ dolları məbləğində maliyyə vəsaiti ayırıb. Beş il ərzində həyata keçirilən bu proqram ekoloji kənd təsərrüfatı, toxumçuluq, baytarlıq, bağçılıq, su təsərrüfatı, bitki mühafizəsi və digər sahələrdə mühüm töhfələr verib. Bundan əlavə, FAO ilə əməkdaşlıq edilən digər proqramlar çərçivəsində müxtəlif sektorların davamlılığının təmin edilməsinə dəstək göstərilib, ərzaq itkisi və tullantılarının azaldılmasına çalışılıb. Bundan başqa, digər beynəlxalq tərəfdaşların maliyyəsi vasitəsilə Azərbaycanda qeyri-neft sektorunun stimullaşdırılması, yeni iş yerlərinin yaradılması və ərzaq təminatının yaxşılaşdırılması kimi milli məqsədə nail olmaq üçün kənd təsərrüfatı sektorunun modernləşdirilməsinə dəstək verilib.

FAO-nun Azərbaycanla əməkdaşlığı həm də ölkənin kənd təsərrüfatı sektorunun modernləşdirilməsində özəl sektorun iştirakının artırılmasına yönəlib. Bu, qida sistemlərinə innovasiya, ticarət və investisiya üçün çox vacibdir. Özəl sektorla tərəfdaşlığı təşviq etməklə, FAO Azərbaycan hökumətinə, Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq, qida sistemlərinin transformasiyası üzrə səyləri sürətləndirməyə kömək edir.

FAO-nun Azərbaycanla əməkdaşlığı həm də ölkənin kənd təsərrüfatı sektorunun
modernləşdirilməsində özəl sektorun iştirakının artırılmasına yönəlib

- Ərzaq təhlükəsizliyini təmin etmək üçün FAO-nun ölkələrə tövsiyələri nədən ibarətdir?

- İqlim dəyişikliyi, əhalinin miqrasiyası və yüksək istehsal xərcləri qidalandırıcı və münasib qiymətli ərzaq məhsullarının davamlı istehsalını təmin etməklə bağlı problem yaradır. FAO ən yaxşı beynəlxalq təcrübələrə əsaslanan tərəfdaşlıqlar, innovativ yanaşmalar və texnoloji həllər vasitəsilə bu problemləri həll etmək üçün Azərbaycan hökuməti, fermer icmaları, akademik dairələr və digər maraqlı tərəflərlə birgə fəaliyyət göstərir. Resursların getdikcə artan qıtlığını və ərzaq təhlükəsizliyinə təhdidləri nəzərə alaraq, FAO kənd təsərrüfatının inkişafına çoxşaxəli yanaşma tövsiyə edir.

Əsas prioritetlərdən biri sudan istifadənin səmərəliliyinin artırılmasıdır. Kənd təsərrüfatı bütün dünyada içməli su ehtiyatlarının əsas istifadəçisidir və iqlim dəyişikliyi səbəbindən onun mövcudluğu qeyri-sabit və gözlənilməz hala gəlir. Azərbaycanda kəskin su çatışmazlığı və su təchizatının ölkə üzrə qeyri-bərabər paylanması səbəbindən, bu addım xüsusilə vacibdir. Sudan istifadənin səmərəliliyinin artırılması Azərbaycanın davamlı ərzaq təhlükəsizliyi üçün çox vacibdir.

İkincisi, əsas diqqət müasir texnologiyaya yönəldilməlidir. Bir çox sənaye sahələri innovativ texnologiyanı qəbul etdiyi halda, kənd təsərrüfatı hələ də ənənəvi şəkildə idarə olunur. Müasir texnologiyalardan danışarkən, təbii ki, tədqiqat və inkişafa sərmayə qoymaq vacibdir. Biz kənd təsərrüfatı üzrə tədqiqat mərkəzləri ilə çalışırıq ki, onlara öz tədqiqatlarını fermerlərin ehtiyaclarına daha yaxşı uyğunlaşdırmağa kömək edək. FAO oxşar təcrübələrin getdikcə daha çox ölkəyə çatdırılmasına kömək etmək üçün qlobal səviyyədə bir çox tədqiqat və inkişaf mərkəzləri ilə əməkdaşlıq edir.
Torpağın sağlamlığı eyni dərəcədə vacib prioritetdir. Ekstensiv kənd təsərrüfatı təcrübələri səbəbindən dünyanın bir çox bölgələri torpaqların tükənməsi ilə üzləşir. Torpağın sağlamlığının bərpası prosesi uzun və daha çox əmək tələb etsə də, bu, məsuliyyətli, dayanıqlı və davamlı kənd təsərrüfatı sistemlərinin mühüm elementidir.

FAO-nun başqa bir istiqaməti ölkələrə iqlim dəyişikliyinə davamlılıq yaratmaqda kömək etməkdir. Hazırda dünya iqlim dəyişikliyi kimi qlobal bir təhlükə ilə üz-üzədir. Bu baxımdan, həm hökumətlər, həm də fermerlər kənd təsərrüfatı sektorunda məhsul itkisinin qarşısını almaq və kifayət qədər ərzaq istehsal etmək üçün bu yeni reallıqların öhdəsindən gəlmək məqsədilə hazırlığı inkişaf etdirməli və təcrübələri qəbul etməlidirlər.

Nəhayət, FAO hesab edir ki, hər bir ölkə kənd təsərrüfatı sistemlərini modernləşdirərkən öz resurslarından maksimum yararlanmalı, uzunmüddətli inkişafa nail olmaq üçün mövcud imkanlardan səmərəli istifadə etməlidir.

Sudan istifadənin səmərəliliyinin artırılması
Azərbaycanın davamlı ərzaq təhlükəsizliyi üçün çox vacibdir

- Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən geniş yenidənqurma və tikinti işlərində FAO-nun iştirakını necə qiymətləndirirsiniz?

- Bildiyiniz kimi, "ağıllı kənd" təşəbbüsü Azərbaycan hökumətinin prioritet verdiyi turizm və yaşıl iqtisadiyyata diqqət yetirməklə, rekultivasiya olunmuş ərazilərin təbii və iqtisadi potensialının dirçəldilməsi üzrə səylərin mərkəzi hissəsidir. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə FAO işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış icma üzvlərinin kənd mühitinə və iqtisadiyyatına uyğunlaşmasına kömək etmək üçün texniki ekspertiza təqdim edir və "ağıllı kənd" konsepsiyasını sınaqdan keçirir. Kənd təsərrüfatı istehsalının planlaşdırılması və idarə edilməsində bərpaolunan enerjidən istifadə üçün yeni texnologiyalar və innovativ mexanizmlərin, ekoloji cəhətdən təmiz təcrübələrin və informasiya texnologiyalarının tətbiqinə kömək edir. Texniki dəstəkdən əlavə, FAO avtomatlaşdırılmış damcı suvarma sistemləri, aqrometeoroloji stansiyalar və “ağıllı” suvarma sistemləri kimi zəruri avadanlıq və infrastrukturla təmin edir. Bundan başqa, icma üzvləri və yerli hakimiyyət orqanları üçün təlim proqramlarının təşkil olunması, gələcək inkişaf və fəaliyyət planlarının hazırlanması və beynəlxalq “ağıllı/rəqəmsal kəndlər”lə icmalar şəbəkəsinin yaradılmasına kömək etmək planlaşdırılır.

Ümumilikdə, FAO-nun Qarabağ və Şərqi Zəngəzurda "ağıllı kənd" təşəbbüsü çərçivəsində iştirakı burada davamlı inkişafı təmin etmək, yaşayış şəraitini yaxşılaşdırmaq və Azərbaycan hökumətinin kənd yerlərinin canlandırılması və yaşıl iqtisadiyyatın təşviqi üzrə strateji prioritetlərini dəstəkləmək məqsədi daşıyır.

- Hazırda FAO Azərbaycanda ətraf mühitin qorunması və iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına yönəlmiş layihələrdə iştirak edirmi?

- FAO bu istiqamətdə fəal iştirak edir. Əsas təşəbbüslərdən biri “Təkmil idarəetmə yolu ilə Azərbaycanın qorunan ərazilər sisteminin gücləndirilməsi” adlı layihədir. Bu layihə qorunan ərazilərin idarə edilməsini təkmilləşdirməklə biomüxtəlifliyin qorunmasını və iqlim dəyişikliyinin təsirinin azaldılmasını nəzərdə tutur. Layihə vasitəsilə FAO Azərbaycan hökumətinə biomüxtəliflik üzrə siyasət, tənzimləmə və qərar qəbuletmə çərçivələrinin inkişafına, müvafiq monitorinqlərin təkmilləşdirilməsinə, Hirkan və Şirvan milli qoruqlarında biomüxtəlifliyin və ekosistemlərin bərpasına kömək edir. Azərbaycan üçün landşaft miqyaslı mühafizə planının hazırlanması, ölkənin milli parkları haqqında məlumatlılığın artırılması, müasir idarəetmə modullarının tətbiqi, məncə, diqqətəlayiq nailiyyətlərdir.
Digər mühüm layihə isə davamlı torpaq idarəçiliyini təkmilləşdirmək və deqradasiyaya uğramış torpaqları bərpa etmək və bununla da yaşayış vasitələrinin dayanıqlılığını artırmaq məqsədi daşıyan “Torpaq deqradasiyasının neytrallığına nail olmuş Azərbaycana doğru” layihəsidir. Bu layihə torpaq deqradasiyası neytrallığı (TDN) üçün əlverişli mühiti gücləndirmək, TDN-i mövcud sektor siyasətlərinə inteqrasiya etmək və şoran landşaftlarda bu yanaşmanı nümayiş etdirmək məqsədi daşıyır. Deqradasiyaya uğramış 2.700 hektar əkinçilik sahəsi və meşələrin bərpasını nəzərdə tutan layihənin davamlı torpaq idarəçiliyi vasitəsilə 34.000 hektarın idarə edilməsinin təkmilləşdirilməsi və istifadə müddəti ərzində 486,000 tondan çox karbon qazı ekvivalenti emissiyalarını azaltmaqla iqlim üçün faydalar yaradacağı gözlənilir.

Bundan əlavə, FAO pestisidlərin mühafizəsi, zərərvericilərə qarşı inteqrasiya olunmuş idarəetmənin təşviq edilməsində və gənc nəsilləri pestisidlərin riskləri haqqında maarifləndirmək üçün üzvi məktəb bağlarının yaradılmasında iştirak edir. Onu da qeyd edim ki, FAO hazırda Naxçıvan Muxtar Respublikasında təbii sərvətlərdən davamlı istifadənin dəstəklənməsi layihəsini hazırlayır.

FAO hesab edir ki, hər bir ölkə kənd təsərrüfatı sistemlərini modernləşdirərkən
öz resurslarından maksimum yararlanmalı, uzunmüddətli
inkişafa nail olmaq üçün mövcud imkanlardan səmərəli istifadə etməlidir

- Azərbaycanla FAO arasında əməkdaşlığın gələcəyini necə görürsünüz? 2021-2025-ci illər üçün yeni əməkdaşlıq proqramında hansı məsələlər öz əksini tapıb?

- FAO-nun Azərbaycan Tərəfdaşlıq Proqramının (FATP) növbəti mərhələsi bir neçə istiqaməti nəzərdə tutur: Bunlara aşağıdakılar daxildir:

- kənd ev təsərrüfatlarının gəlirlərini, milli istehsalı, əlavə dəyər və təhlükəsiz, qidalı və sağlam qida istehlakını artırmaq üçün əkinçilik və heyvandarlıq sistemlərinin təkmilləşdirilməsi;

- iqlim dəyişikliyini azaltmaq üçün ekoloji həllərin həyata keçirilməsi;

- FAO-nun qlobal təcrübəsindən istifadə etməklə kənd təsərrüfatında sudan istifadənin səmərəliliyinin artırılması;

- bənzər hallarda FAO-nun təcrübəsinə əsaslanaraq, rekultivasiya olunmuş ərazilərdə kənd təsərrüfatına əsaslanan yaşayış vasitələrinin bərpası;

- Azərbaycan hökumətinin siyasətinə uyğun olaraq, Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığın genişləndirilməsi.

- FAO-nun araşdırmalarına əsasən, insanlar hər il 1,3 milyard tondan çox ərzaq atırlar. Sizcə, bu itkilərin qarşısını necə almaq mümkündür?

- Təkcə onu demək kifayətdir ki, bu miqdarda qida dünya üzrə bütün ac insanları doydura bilərdi. Təsəvvür edin ki, hazırda dünyada 828 milyon insan aclıqdan əziyyət çəkir, 3,1 milyard insanın isə sağlam qidaya çıxışı yoxdur. Ərzaq itkisinin təxminən 14%-i qida istehsalı, yığımı və emalı zamanı baş verir, 17%-i isə pərakəndə satış və istehlak zamanı israf olunur. Ərzaq israfına istehsal standartlarının olmaması, səmərəsiz təchizat zəncirləri və istehlakçıların məsuliyyətsiz davranışı kimi amillər səbəb olur. Bundan əlavə, qida itkisi və tullantıları qlobal istixana qazı emissiyalarının 8-10%-ni təşkil edir ki, bu da iqlim dəyişikliyini daha da artırır.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri “Daha sağlam planet” devizi altında fəaliyyət göstərməklə 2030-cu ilə qədər adambaşına düşən qlobal ərzaq tullantılarını iki dəfə azaltmağı hədəfləyir. Ərzaq israfının qarşısını almaq üçün FAO bütün dünyada hökumətlərə və digər maraqlı tərəflərə geniş spektrli strategiyaları həyata keçirməyə kömək edir, məsələn:

1. Məhsul yığımından sonrakı itkiləri minimuma endirmək üçün qida məhsullarının saxlanması, daşınması və emalı texnologiyalarının təkmilləşdirilməsinə yönəlmiş hərtərəfli milli strategiya və siyasətlərin işlənib hazırlanması və həyata keçirilməsi. FAO hökumətlərə tullantıların azaldılması üsullarından, məsələn, təkrar emal və ya ianə üçün satıla bilməyən, lakin yeməli qidalardan istifadə edən biznesləri təşviq etməyi tövsiyə edir.

2. Təchizat zəncirlərini optimallaşdırmaq və səmərəsizliyi azaltmaq üçün fermerlər, pərakəndə satıcılar və istehlakçılar arasında tərəfdaşlığın gücləndirilməsi.

3. Davranış dəyişikliyini təşviq etmək üçün istehlakçıların qida tullantılarının təsiri barədə maarifləndirilməsi. Yeməyin daha yaxşı planlaşdırılması, qidaların etiketlənməsinin tətbiqi və qalıqların istifadəsi kimi sadə tədbirlər evlərdə qida tullantılarını əhəmiyyətli dərəcədə azalda bilər.

4. Qida tullantılarını kompost və ya bioqaz kimi qiymətli məhsullara çevirən, yaxud qida məhsullarını təkrar emal edən dairəvi iqtisadiyyat prinsiplərinin qəbul olunması.

5. Problemin həlli üçün qlobal əməkdaşlığı gücləndirmək və qida tullantılarını azaltmaq məqsədilə effektiv texnologiyaları və təcrübələri tətbiq etmək.

Tamilla MƏMMƏDOVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?