27 İyul 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Teymur Nadiroğlu: “Şirkətlərimiz Çinə məhsul ixrac edərkən bəzi vacib məqamlara diqqət yetirməlidirlər” MÜSAHİBƏ

Müsahibənin əvvəlki hissəsi ilə buradan tanış olmaq olar.

- Hazırda Çində Azərbaycanın neçə ticarət evi var, funksiyaları nədən ibarətdir, onlar iqtisadi-ticarət əlaqələrin inkişafında hansı rolu oynayır?

- Çinin Pekin, Çendu, Çindao, Canciaciye, Sian və Nankin şəhərlərində Azərbaycanın altı ticarət evi açılıb. Bundan əlavə, ölkənin ən böyük e-ticarət platformalarından olan JD.com-da onlayn Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Ticarət evləri iqtisadi-ticarət əlaqələrimizi genişləndirmək üçün istifadə etdiyimiz mexanizmlərdən yalnız biridir. Ticarət evləri kommersiya xarakterli platformadır, kirayə və təmir, eləcə də Azərbaycandan məhsulların idxalı ilə bağlı yaranan xərclər tamamilə Çin sərmayəsi hesabına qarşılanır.

Ticarət evlərində məhsul seçimi operator Çin şirkəti tərəfindən həyata keçirilsə də, bu o demək deyil ki, məhsulları seçilməyən Azərbaycan şirkətləri ticarət evlərinin xidmətlərindən yararlana bilməzlər. Ölkəmizin istənilən ixracatçı şirkəti öz keyfiyyətli məhsulunu Azərbaycan Ticarət Evində nümayiş etdirə və bundan Çin bazarına daxil olmaq üçün platforma kimi istifadə edə bilər.

Çində hər növ məhsul geniş çeşiddə istehsal edildiyinə görə, burada əsasən xammal idxalına böyük tələbat var. Emal olunmuş kənd təsərrüfatı məhsullarının ölkəyə idxalı sahəsində isə ciddi rəqabət mövcuddur. Bu baxımdan, şirkətlərimiz Çinə məhsul ixrac edərkən bəzi vacib məqamlara diqqət yetirməlidirlər. Xüsusən məhsul ixrac edərkən, ilk növbədə, bazarın istehlak xüsusiyyətləri nəzərə alınmalıdır. Ticarət evləri multifunksional platforma kimi, şirkətlərimizin Çin bazarına daxil olması baxımından böyük önəm daşıyır. Hər şeydən əvvəl, bu platforma vasitəsilə əməliyyat xərcləri və vaxt itkisi əhəmiyyətli dərəcədə azalır. Məsələn, hər hansı sərgidə 3-4 gün ərzində nümayiş etdirilən məhsullarımız ticarət evlərində ilboyu nümayiş olunmaq imkanına malikdir. Ticarət evinin önəmini göstərən digər funksiya odur ki, bu platforma vasitəsilə potensial çinli idxalçılar məhsul nümunələrini əldə edə bilirlər. Hər hansı Çin şirkəti məhsul idxalına maraq göstərdiyi zaman, ilk növbədə, məhsulun nümunələrini əldə etmək istəyir. Ticarət evi olmayacağı təqdirdə, potensial idxalçı bu nümunəni Azərbaycana gəlməklə əldə etməlidir, bu isə təbii olaraq əlavə vaxt və vəsait xərci anlamına gəlir. Beləliklə, potensial idxalçı ticarət evinin funksiyasından istifadə etməklə vaxtına və vəsaitinə qənaət edə bilir.

Ticarət evləri kommersiya xarakterli platformadır, kirayə və təmir,
eləcə də Azərbaycandan məhsulların idxalı ilə bağlı yaranan
xərclər tamamilə Çin sərmayəsi hesabına qarşılanır

Ticarət evlərinin digər önəmli funksiyası kimi məhsullarımızın istehlak mədəniyyətinin təbliğ edilməsini göstərmək olar. Bəzi məhsullarımız çinli istehlakçılar üçün tamamilə yad olsa da, aparılmış geniş marketinq fəaliyyəti sayəsində onları əsas məhsullar siyahısına daxil etmək mümkün olub. Məsələn, ticarət evlərimizin fəaliyyəti nəticəsində spesifik məhsul olan nar şirələrimiz yerli istehlakçıların rəğbətini qazanıb. Bu baxımdan, kompotları da qeyd etmək olar. Bu məhsula Çin istehlak bazarında çox nadir hallarda rast gəlinsə də, təbliğat tədbirləri nəticəsində kompotlarımız tədricən çinli istehlakçıların zövqünü oxşamağa başlayıb. Məhsullarımız vasitəsilə istehlak mədəniyyətimizin ticarət evlərində təbliğ edilməsini isə xüsusi qeyd etmək istərdim. Məsələn, Çin mədəniyyətində çay şəkərsiz, şirniyyatsız içilir, burada satılan mürəbbələrimiz isə, ümumiyyətlə, yerli istehlakçılar üçün yeni məhsuldur. Ticarət evləri vasitəsilə Azərbaycan çayının bizim istehlak mədəniyyətinə uyğun olaraq, mürəbbə ilə içilməsi təbliğ olunur. Digər nüans ondan ibarətdir ki, məhsullarımız Çinin gündəlik istehlak ənənələrinə uyğunlaşdırılır. Misal üçün, mürəbbələrimiz yeməkdə şirin sous kimi istifadə olunur və ya Sian şəhərində yerləşən Azərbaycan Ticarət Evində nar şirələrimiz kofe ilə qarışdırılaraq xüsusi dad əmələ gətirir. Bu yeni növ içki bəzi kofeşoplarda da istifadə olunur.

Ticarət evlərimizin fəaliyyətinə toxunarkən, şərabçılıq mədəniyyətimizin Çin mədəniyyəti ilə uyğunlaşdırılması haqqında da bəhs etmək maraqlı olar. Azərbaycanda “Rübai”, “Məxməri”, “İnnabı”, “Billuri”, “Sədəf”, “Xatun” kimi şərab adları var. Ölkəmizdə bu adların nə mənaya gəldiyini çox adam bilir. Çünki bir çoxumuz Məhsəti Gəncəvinin rübailəri ilə tanışıq və ya qeyri-adi rəng və qiymətli daşlar haqqında məlumatlıyıq. Amma təbii ki, bu adları çinlilərin birbaşa qəbul etməsini gözləmək sadəlöhvlük olardı. Buna görə də şərab adlarımız Çin mədəniyyətinə uyğunlaşdırılaraq ticarət evləri vasitəsilə təbliğ olunur.

Ölkəmizin istənilən ixracatçı şirkəti öz keyfiyyətli məhsulunu Azərbaycan Ticarət Evində
nümayiş etdirə və bundan Çin bazarına daxil olmaq üçün platforma kimi istifadə edə bilər

Digər nümunəni xalçaçılıq mədəniyyətimiz haqda da çəkmək istərdim. Qeyd edim ki, Çində fəaliyyət göstərən bütün Azərbaycan ticarət evlərində xalçalarımız nümayiş olunur. Burada Türkiyə, İran, Pakistan, Mərakeş kimi bir çox ölkələrin xalçalarının uzun illərdən bəri formalaşmış böyük rəqabəti var. Azərbaycan xalçalarının bu bazara daxil olması və sözügedən ölkələrin xalçaları ilə rəqabət apara bilməsi üçün onların fərqli xüsusiyyətlərini təbliğ etmək lazımdır. Bu baxımdan, xalçalarımızın üzərində təsvir edilmiş ornamentlərin fərqliliyini xüsusi qeyd etmək lazımdır. Bu ornamentlər mədəniyyətimizin tərkib hissəsi olsa da, burada Çin mədəniyyəti ilə əlaqə qurmağa çalışılır. Misal üçün, xalçalarımızın üzərində olan əjdaha, öküz, qoç kimi ornamentlər Çinin 12 heyvan bürcü ilə əlaqələndirilir. Çində Simurq quşunun xoşbəxtlik və uğur gətirən quş olması xalçalarımız üzərində olan Simurq quşu ornamentləri ilə əlaqələndirilir. Buta təsviri isə xanımlara gözəl bəxt gətirməsi ilə izah olunur.

Bunlarla yanaşı, qeyd olunmalıdır ki, Azərbaycan ticarət evlərində istehsal etdiyimiz məhsullarla yanaşı, ölkəmizin investisiya, nəqliyyat-tranzit və turizm potensialı da nümayiş olunur. Artıq Çendu, Çindao və Nankin şəhərlərindəki ticarət evlərimiz sayəsində çinli turistlərin ölkəmizə səfərləri gerçəkləşir.

Azərbaycan ticarət evlərində istehsal etdiyimiz məhsullarla yanaşı, ölkəmizin
investisiya, nəqliyyat-tranzit və turizm potensialı da nümayiş olunur

- Ticarət evlərinin sayının artması Azərbaycanla Çin arasındakı ixracın həcminin artımına nə kimi təsir göstərib?

- Yuxarıda qeyd etdiklərimi ümumiləşdirsək, ticarət evlərinin faydalarına uzunmuddətli perspektiv kimi baxmaq lazımdır. Nəzərə almaq lazımdır ki, yeni ticarət evinin açılışından sonra ən azı bir il gərəkdir ki, daimi müştəri bazası formalaşsın və satış kanalları genişlənsin. Bu, dinamik inkişaf edən prosesdir və burada məhsul istehsalçılarımız da fəal iştirak etməlidirlər. Yəni Çinə səfər edib öz müştəriləri ilə təmasları gücləndirməli və bazarın tələblərinə uyğunlaşmağı bacarmalıdırlar. Başqa sözlə, ticarət evi sehrli çubuq deyil, ixracatçılarımızın işini asanlaşdırmaq üçün yaradılmış platformadır. Amma təbii ki, ticarət evlərinin qısamüddətli perspektivdə də kifayət qədər faydaları var. Belə ki, hazırda ölkəmizdən emal olunmuş məhsulların idxalını, əsasən, ticarət evlərimizin operator şirkətləri həyata keçirir və nəticədə Çində qida sənayesinə aid bir sıra məhsullarımız əlçatan olur.

- Ticarət evlərinin açılması ilə bağlı növbəti planlar nələrdən ibarətdir?

- Cari ilin aprel-may aylarında Çendu və Nankin şəhərlərində iki ticarət evinin açılışı olub, hazırda daha bir neçə ticarət evinin açılması ilə bağlı çinli investorlarla danışıqlar aparılır. Bu, mürəkkəb prosesdir və vaxt aparır, çünki investoru Azərbaycan məhsulunun potensialına inandırmalısan, eyni zamanda ticarət evini çalışdıracaq şirkətin dayanıqlılığı və sahib olduğu satış kanalları kimi özəlliklər araşdırılmalıdır. Yalnız bundan sonra ticarət evinin açılıb-açılmamasına dair qərar qəbul edilə bilər. Yəni bu işdə kəmiyyətə deyil, əsasən keyfiyyətə üstünlük verilir.

Hazırda ölkəmizdən Çinə şərab, brendi, araq, meyvə şirələri, kompot, çay,
mürəbbə, turşu və konfet kimi içki və qida məhsulları ixrac olunur

- Hazırda Çin bazarında "Made in Azerbaijan" brendi altında təxminən nə qədər məhsul təqdim edilir? Bu bazara daha hansı Azərbaycan məhsullarının çıxarılması nəzərdə tutulur?

- Təəssüf ki, hazırda Azərbaycandan Çinə ixrac oluna biləcək məhsul çeşidi məhduddur. Bunun əsas səbəbi kimi Çində idxal olunan kənd təsərrüfatı məhsullarına münasibətdə ciddi tələbləri göstərmək olar. Təzə meyvə-tərəvəz, ət və süd kimi digər emal olunmamış kənd təsərrüfatı məhsullarının Çinə ixrac olunması üçün iki ölkə arasında hər bir məhsul üzrə protokol imzalanmalıdır. Bu sənədlərin imzalanması bəzən uzun vaxt tələb edir. Hazırda bir neçə növ məhsulun Çinə ixrac icazəsinin alınması üzrə iki ölkənin müvafiq qurumları arasında danışıqlar davam edir və yaxın zamanda müsbət nəticələr əldə olunacaq. Hazırda ölkəmizdən Çinə şərab, brendi, araq, meyvə şirələri, kompot, çay, mürəbbə, turşu və konfet kimi içki və qida məhsulları ixrac olunur. Bundan əlavə, polimer, dəri, biyan kökündən hazırlanmış qliserin turşusu da göndərilir. Əminəm ki, müvafiq protokolların imzalanmasından sonra Azərbaycandan Çinə daha geniş çeşiddə məhsulların ixracı mümkün olacaq.

İlhamə İSABALAYEVA

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiMəcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsi VergiSadələşdirilmiş verginin ödəyicilərinə vergi güzəşti VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiTorpaqların barteri zamanı tərəflərin ödəyəcəyi vergi məbləğinin hesablanması VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiTəsisçiyə olan borc məbləğlərinin qaytarılması qaydası VergiMal mübadiləsi zamanı vergitutma VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiQeyri-kommersiya təşkilatlarının qeydiyyatı necə aparılır?