Azərbaycan bərpaolunan enerji mənbələri sahəsinə investisiya üçün perspektivli bazardır MÜSAHİBƏ
Azərbaycan iqlim dəyişiklikləri üzrə bütün qlobal tələbləri dəstəkləyir, eləcə də öz həll yollarını təqdim edir. Ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub, 2000-ci ildə Kioto protokolunu, 2016-cı ildə isə Paris sazişini imzalayıb və ratifikasiya edib. Bu səbəbdən, beynəlxalq birliyin yekdil razılığı ilə COP29-a ev sahibliyi etməyin məhz Azərbaycan dövlətinə etibar olunması ölkəmizin dünya səviyyəsində nüfuzunu nümayiş etdirir.
Mövzu ilə bağlı Ər-Riyadda yerləşən Şahzadə Sultan Universitetinin (Səudiyyə Ərəbistanı) Dayanıqlılıq və İqlim üzrə Mərkəzinin rəhbəri, Oksford Universitetinin Sent-Entoni Kollecinin müəllimi, professor Məhəmməd Nurunnabi “vergilər.az”ın suallarına cavab verir:
- Bu ilin noyabrında Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Bu cür tədbirlər regionda təmiz enerjinin inkişafına necə töhfə verə bilər?
- Dünya İqtisadi Forumunun məlumatına görə, 2023-cü ildə dünyada bərpaolunan enerji potensialının artımı müşahidə edilir. Bu hesabata əsasən, 2024-cü ildə 473 GVt bərpaolunan enerji gücü əlavə edilib ki, bu da ötən illə müqayisədə 36% çoxdur, lakin iqlim məqsədlərinə çatmaq üçün kifayət deyil. Bərpaolunan enerjiyə ümumi qlobal sərmayə 2023-cü ildə 8,1% artaraq 623 milyard dollara çatıb. İqlimlə bağlı arzuedilən məqsədlərə nail olmaq üçün isə hər il təxminən 1,3 trilyon dollar tələb olunur.
Keçən il BƏƏ-də keçirilən COP28 konfransında inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını və prioritetlərini nəzərə alaraq, iqlimin maliyyələşdirilməsi üçün müzakirələr davam etdirildi. COP29 çərçivəsində 2030-cu ilə qədər bərpaolunan qlobal enerji potensialının üç dəfə, enerji səmərəliliyinin ikiqat artırılması və mədən yanacaqlarından yaşıl iqtisadiyyata keçidin sürətləndirilməsi üzrə öhdəliklər müzakirə ediləcək.
Bərpaolunan enerjiyə ümumi qlobal sərmayə 2023-cü ildə
8,1% artaraq 623 milyard dollara çatıb
- COP28-in nəticələrini necə qiymətləndirirsiniz və Bakıda keçiriləcək COP29-dan gözləntiləriniz nədir?
- Dubayda 97 mindən çox iştirakçı sayını, o cümlədən 2456 qalıq yanacaq lobbisini cəlb edən COP28-in böyük uğurunu qeyd etmək istərdim. Mühüm öhdəliklərə İtki və Zərərlərin Ödənilməsi Fondunun yaradılması daxildir. Fondun ümumi həcmi 770,6 milyon ABŞ dolları təşkil edir. Eyni zamanda, 130 ölkə bərpaolunan enerji istehsalının üç dəfə, enerji səmərəliliyinin ikiqat artırılması haqqında saziş imzalayıb.
Azərbaycan qlobal istiləşməni 1,5°C ilə məhdudlaşdırmaq yolları ilə bağlı beynəlxalq konsensus yaratmağa davam edəcək. COP29-da tərəflərin iqlim maliyyəsi üçün yeni kollektiv kəmiyyət məqsədi (NCQG) üzrə razılığa gəlmələri, həmçinin 6-cı maddə və ədalətli keçid gündəliyi çərçivəsində işlərini davam etdirmələri gözlənilir. Mən ədalətli iqlim maliyyəsini təmin etmək üçün səylərin artırılmasını gözləyirəm.
Azərbaycan Xəzər dənizi sahili boyunca quruda və dənizdə külək stansiyalarından
elektrik enerjisi istehsalı üçün əhəmiyyətli potensiala malikdir
- Azərbaycanda alternativ enerjinin perspektivləri və enerji keçidi haqqında nə deyə bilərsiniz?
- Azərbaycan COP29 konfransına ev sahibliyi etməyə hazırlaşarkən bərpaolunan enerji mənbələrinin payını artırmağı, eləcə də bu sahəyə özəl investisiyalar vasitəsilə yaşıl enerji potensialını açmağı öhdəsinə götürüb. Ötən ay Səudiyyə Ərəbistanı və Azərbaycan davamlı və dayanıqlı qlobal enerji keçidi istiqamətində enerji sektorunda ikitərəfli əlaqələrin gücləndirilməsinə sadiq olduqlarını bir daha təsdiq etdilər. Azərbaycanın energetika naziri Pərviz Şahbazov qlobal neft bazarında sabitliyin qorunması üçün OPEC+ və digər birgə təşəbbüslər çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb. Həm Səudiyyə Ərəbistanı, həm də Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə üçün balanslaşdırılmış və inklüziv fəaliyyətin zəruriliyi barədə razılığa gəliblər. Mən qəti şəkildə inanıram ki, Azərbaycanın yaşıl enerji sahəsində tərəfdaş ölkələrlə fəal əməkdaşlığa diqqət yetirməsi özünü yalnız neft və qaz təchizatçısı kimi deyil, həmçinin yaşıl enerji təchizatçısı kimi göstərmək istəyini nümayiş etdirir.
Azərbaycan, külək və günəş potensialından səmərəli istifadə edəcəyi təqdirdə,
qlobal miqyasda əməkdaşlığı və innovasiyaları təşviq edərək bərpaolunan
enerji uğurunun mayakına çevrilməyə hazırdır
- Xəzər dənizinin külək potensialına əsaslanaraq, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı əhatə edən “Yaşıl enerji dəhlizi” layihəsinin perspektivini necə dəyərləndirirsiniz?
- Qeyd etdiyiniz ölkələr bərpaolunan mənbələrdən yaşıl enerji istehsalı və Qara dənizin dibi ilə kabel vasitəsilə Avropaya enerji ixracı layihəsinin həyata keçirilməsinə dair razılığa gəliblər. Azərbaycan Xəzər dənizi sahili boyunca quruda və dənizdə külək stansiyalarından elektrik enerjisi istehsalı üçün əhəmiyyətli potensiala malikdir. Dörd dövlət arasında razılaşdırılan layihə Qara dəniz vasitəsilə Gürcüstan və Rumıniya arasında 1000 meqavat gücündə 1200 kilometrlik kabelin çəkilməsini nəzərdə tutur. Azərbaycan bərpaolunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalının şaxələndirilməsi zərurətini həll etmək üçün çox çalışır.
- Azərbaycanı bərpaolunan enerji mənbələri sahəsinə investisiya üçün perspektivli bazar hesab edirsinizmi?
- Müasir dövrdə xarici investorlar zəngin təbii ehtiyatlara, dövlət dəstəyinə və inkişaf imkanlarına malik perspektivli bazar axtarırlar. Bu baxımdan, hesab edirəm ki, Azərbaycan bərpaolunan enerji mənbələri sahəsinə investisiya yatırmaq üçün perspektivli bazardır. Eyni zamanda, Azərbaycan, külək və günəş potensialından səmərəli istifadə edəcəyi təqdirdə, qlobal miqyasda əməkdaşlığı və innovasiyaları təşviq edərək bərpaolunan enerji uğurunun mayakına çevrilməyə hazırdır.
Bakıda keçiriləcək COP29 iqlim maliyyəsinin ədalətli bölüşdürülməsi üçün
ümidlərin doğrulduğu qlobal bir hadisə kimi tarixə düşəcək
- Azərbaycanın COP29-da sədrliyi ən mühüm mövzuya - iqlimin maliyyələşdirilməsinə həsr olunub. İqlim maliyyəsinin üzləşdiyi əsas problemlər hansılardır? COP29 və Azərbaycan bu problemin həllinə necə töhfə verə bilər?
- İtki və Zərərlərin Ödənilməsi Fondu sənaye güclərinin inkişaf etməkdə olan ölkələrə yardım göstərməsinə imkan yaratmaq üçün kompensasiya mexanizmi təqdim edir. Bununla belə, fond indiyədək cəmi 429 milyon ABŞ dolları toplayıb ki, bu da həmin ölkələrə dəymiş zərərdən xeyli azdır. ABŞ-nin ümumi istixana qazı emissiyalarının ən böyük mənbəyi olduğunu nəzərə alsaq, onun 17,5 milyon dollarlıq töhfəsi cüzidir. Ona görə də düşünürəm ki, Bakıda keçiriləcək COP29 iqlim maliyyəsinin ədalətli bölüşdürülməsi üçün ümidlərin doğrulduğu qlobal bir hadisə kimi tarixə düşəcək.
Tamilla MƏMMƏDOVA