9 May 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Natalya Mouravidze: “Azərbaycan COP29-un uğurla keçirilməsi üçün möhkəm zəmin yaradıb” MÜSAHİBƏ

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı rəhbəri Natalya Mouravidze "vergiler.az"ın suallarını cavablandırır.

- AYİB ilə Azərbaycan arasında mövcud əməkdaşlığı necə qiymətləndirirsiniz? Hazırda bankın portfelinin ölkə üzrə həcmi nə qədərdir?

- Biz Azərbaycanda ən böyük institusional investoruq. İndiyədək 189 layihəyə yatırdığımız investisiyaların həcmi 3,6 milyard avronu keçib. Hazırda portfelimiz 937 milyon avro təşkil edir. İnvestisiyalarımızın böyük hissəsini “yaşıl iqtisadiyyat”a yönəltməklə həm də regionda iqlim maliyyəsi üzrə lider olmağı bacarmışıq. Bu baxımdan, AYİB Azərbaycanın iddialı karbonsuzlaşdırma proqramına ideal şəkildə uyğundur. Biz ölkəyə “yaşıl” və davamlı iqtisadi keçid prosesində dəstək olmaq üçün buradayıq, bunu investisiya və texniki əməkdaşlıq kombinasiyası vasitəsilə edirik.

Bu yaxınlarda Abşeron və Xızı rayonlarında ilk özəl kommunal miqyaslı külək elektrik stansiyasının qurulması layihəsini birgə maliyyələşdirdik. Ötən il Qaradağda ilk günəş elektrik stansiyasına sərmayə qoyduq. Enerji istehsalı ilə yanaşı, Azərbaycanda enerji səmərəliliyini dəstəkləyirik, bunun ən son nümunəsi “Yaşıl şəhərlər” Proqramımızın bir hissəsi olan Gəncə küçələrinin işıqlandırılması layihəsidir.

Strateji miqyasda Orta Dəhlizin inkişafı
Azərbaycanla əməkdaşlığın digər ümumi prioritetidir

Biz Azərbaycanın 2030-cu ilə qədər bazar islahatlarına, biznesə uyğun idarəçiliyə və ticarətin liberallaşdırılmasına yönəlmiş baxışını görürük. Mövcud strategiya diqqəti iqtisadiyyatı şaxələndirməyə kömək etməyə, özəl sektorun rəqabət qabiliyyətini dəstəkləməyə və yerli bizneslərin maliyyə resurslarına çıxışını genişləndirməyə yönəldir. Bu sahələrə böyük sərmayələr qoymuşuq. Məsələn, Azərbaycanın telekommunikasiya, media və texnologiya sektoruna ilk sərmayəmiz olan “Aztelekom” layihəsini maliyyələşdirdik. Həmçinin qida və içki istehsalçısı “Aurora”ya yeni məhsul xətlərini maliyyələşdirmək üçün 25 milyon avro ayırdıq.

Strateji miqyasda Orta Dəhlizin inkişafı Azərbaycanla əməkdaşlığın digər ümumi prioritetidir. Bu yaxınlarda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə 42 milyon dollar kredit ayrılıb. Bu investisiya Mərkəzi Asiya və Cənubi Qafqazı qlobal bazarlara birləşdirən Orta Dəhliz marşrutunda kritik həlqə kimi Azərbaycanın mövqeyini gücləndirəcək.

- AYİB-nin 2024-cü il üçün Azərbaycanla bağlı əsas prioritetləri hansılardır?

- Azərbaycanla bağlı strategiyamız ölkə iqtisadiyyatının şaxələndirilməsinə, yerli biznesin maliyyəyə çıxış imkanlarının genişləndirilməsinə və “yaşıl iqtisadiyyat”ın dəstəklənməsinə yönəlib. Bununla belə, cari strategiyamız bu il nəzərdən keçiriləcək. Hazırda bu strategiyanın milli, regional və qlobal dinamikaya uyğun olmasını təmin etmək üçün hakimiyyət orqanları, müştərilər və digər maraqlı tərəflərlə məsləhətləşmələr aparırıq.

2024-cü il üçün planlarımıza daha çox “yaşıl maliyyə”, iqtisadi inklüzivliyə artan diqqət, dayanıqlı infrastruktur, bərpa olunan enerji və rəqəmsallaşma daxildir.

Azərbaycanla bağlı strategiyamız ölkə iqtisadiyyatının şaxələndirilməsinə,
yerli biznesin maliyyəyə çıxış imkanlarının genişləndirilməsinə və
“yaşıl iqtisadiyyat”ın dəstəklənməsinə yönəlib

- AYİB Azərbaycanın özəl sektoru ilə fəal işləyir. Bank bu istiqamət üzrə hansı yeni layihələri icra etməyi nəzərdə tutur?

- 2024-cü il üçün plan tərkib baxımından çox müxtəlifdir. Bu sıraya yerli kiçik və orta müəssisələr, maliyyə institutları, dövlət qurumları ilə mümkün əməkdaşlıq daxildir. Əlavə xüsusi tematik maliyyələşdirmə də ola bilər.

- Azərbaycanda kiçik və orta biznesə (KOB) dəstəyi necə genişləndirməyi düşünürsünüz?

- Bank yerli KOB-lara dəstəyini müxtəlif vasitələrlə göstərməyə, o cümlədən KOB-lara məsləhət dəstəyi verməyə, onlarla əməkdaşlığı birbaşa və ya dolayı yolla genişləndirməyə davam edəcək. Risklərin bölüşdürülməsi alətlərinin bazara daxil edilməsi AYİB-ə Azərbaycanda kiçik və orta biznesə dəstəyini daha da genişləndirməyə kömək edəcək.

- AYİB kiçik və orta biznesin kreditə çıxış imkanlarını artırmaq məqsədilə Azərbaycan Mərkəzi Bankı ilə işləyir. Mümkünsə, bu alətlər haqqında bizə ətraflı məlumat verərdiniz. Bank bu istiqamətdə hansı dəstəyi göstərməyə hazırdır?

- Maliyyəyə çıxış imkanlarının genişləndirilməsi Azərbaycanla bağlı strategiyamızın bir hissəsidir. Bu məqsədlə bir sıra tədbirlər və alətlər nəzərdən keçirilib. Bunlara yerli banklara aqrobiznesin tsiklik mahiyyətini daha yaxşı başa düşməyə və maliyyəyə çıxışı yaxşılaşdırmağa kömək edən kənd təsərrüfatı kreditlərinin qiymətləndirilməsi sistemi daxildir. Bundan əlavə, aqrar sektordan kənarda AYİB bankdankənar bizneslərin maliyyəyə çıxışına və iqtisadiyyatda ümumi şəffaflığın artırılmasına imkan verəcək milli kredit reytinq agentliklərinin yaradılması imkanlarını nəzərdən keçirir.

Risklərin bölüşdürülməsi alətlərinin bazara daxil edilməsi AYİB-ə
Azərbaycanda kiçik və orta biznesə dəstəyini daha da genişləndirməyə kömək edəcək

- AYİB Qara dənizdə sualtı kabelin çəkilməsi təşəbbüsünü böyük maraqla izləyir. Bank bu istiqamətdə Azərbaycanla əməkdaşlıq etməyi planlaşdırırmı?

- Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan və Bolqarıstan arasında “Yaşıl enerji” üzrə Strateji Tərəfdaşlığın inkişafını görməkdən məmnunuq. Bu, bərpa olunan enerjinin əhəmiyyətli dərəcədə genişləndirilməsini tələb edəcək çox iddialı bir infrastruktur layihəsidir. İnanırıq ki, Azərbaycan bunun öhdəsindən gələ biləcək. Buna görə də Azərbaycanın REPowerEU-da müəyyən edilmiş tədbirlərə uyğun olaraq Avropa üçün etibarlı təmiz enerji təchizatçısı olmaq öhdəliyini təsdiqləyən bir sıra özəl inşaatçılarla imzalanmış sazişlər vasitəsilə marağın ifadə olunması ümidvericidir. AYİB Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi və Avropanın enerji mənbələrinin şaxələndirilməsi üzrə səylərini dəstəkləməkdən qürur duyur. Biz bu yolda Azərbaycana dəstək olmaq üçün birgə işimizi davam etdirməyə hazırıq.

- Gəncə Azərbaycanda AYİB-in “Yaşıl şəhərlər” Proqramına qoşulan ilk şəhər oldu. Proqramın şəhərin gələcək “yaşıl” inkişafına təsirini necə qiymətləndirirsiniz? Ölkədə bu proqramın genişləndirilməsi, yeni şəhərlərin əlavə olunması ilə bağlı müzakirələr aparılırmı?

- “Yaşıl şəhərlər” Proqramı infrastruktur və ətraf mühit problemlərini davamlı şəkildə həll etmək üçün 50-dən çox şəhəri özündə birləşdirir. Gəncə indiyədək Azərbaycanda proqrama qoşulan yeganə şəhərdir və biz orada artıq iki layihəyə imza atmışıq. Birinci məqsəd şəhərdə bərk məişət tullantılarının idarə edilməsini təkmilləşdirmək, ətraf mühiti və əhalinin sağlamlığını yaxşılaşdırmaqdır. İkinci məqsəd şəhərin küçə işıqlandırmasını müasirləşdirməkdir ki, bu da əhəmiyyətli dərəcədə enerji qənaətinə və yol təhlükəsizliyinin yaxşılaşdırılmasına gətirib çıxaracaq.

Azərbaycanın ikinci ən böyük şəhərində 300 mindən çox insan üçün şəhər mühitini yaxşılaşdırmaqdan qürur duyuruq, lakin daha çox sayda şəhərin bizə qoşulmasını istərdik. Azərbaycanın digər bölgələrində də investisiya imkanlarını məmnuniyyətlə qiymətləndirəcəyik.

Azərbaycanın “yaşıl enerji”dən istifadə etmək və istixana qazı
emissiyalarını azaltmaq üzrə öhdəliyi və atdığı addımlar ölkənin
COP29-u uğurla keçirməsi üçün möhkəm zəmin yaradır

- COP29 iqlim dəyişikliyi ilə mübarizə üçün gələcək addımların müəyyən edilməsində mühüm rol oynayacaq. Azərbaycan qlobal “yaşıl” gündəliyə hansı töhfə verə bilər və bu baxımdan, ölkədə “yaşıl enerji”nin inkişafı istiqamətində həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?

- Azərbaycan günəş və külək enerjisi istehsalında regionda lider mövqedədir. Ölkə öz enerji sektoru üçün aşağı karbonlu və iqlimə davamlı bir yol müəyyən etmək üçün çalışır ki, bu da bütün iqtisadiyyatın karbonsuzlaşdırılması istiqamətində ilkin şərtdir. “Paris Sazişi” üzrə öhdəliklərinə əlavə olaraq, Azərbaycan bu yaxınlarda istixana qazının emissiyalarını azaltmaq üçün “Qlobal metan öhdəliyi”nə də qoşulub. Bu səyləri AYİB və digər inkişaf tərəfdaşları dəstəkləyir.

Azərbaycanın “yaşıl enerji”dən istifadə etmək və istixana qazı emissiyalarını azaltmaq üzrə öhdəliyi və atdığı addımlar ölkənin COP29-u uğurla keçirməsi üçün möhkəm zəmin yaradır. Tədbir gələcəkdə qalıq yanacaqların mərhələli şəkildə dayandırılması zərurəti də daxil olmaqla, ən aktual qlobal iqlim problemlərinin həllinə imkan verəcək.

Tamilla MƏMMƏDOVA

VergiXarici ölkədə ödənilmiş vergilər Azərbaycanda nəzərə alınırmı? VergiFiziki şəxsin vergi orqanında uçota alınması vaxtı VergiQeyri-sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlirlər hansılardır? VergiHansı halda xaricdə əldə olunan gəlirlərə görə vergi öhdəliyi yaranmır? VergiXarici ölkədə gəlir əldə edən şəxs VÖEN almalıdırmı? VergiXaricdə əldə edilən gəlirlərin vergiyə cəlb olunması VergiYerli investisiyalı MMC-nin dövlət qeydiyyatı necə aparılır? VergiMənzil alarkən ƏDV-nin bir hissəsi hansı qaydada geri qaytarılır? VergiGəlir vergisi ödəyicisi olan fiziki şəxs mükəlləfiyyətini dəyişə bilərmi? VergiFiziki şəxs öz istifadəsi üçün ət idxalı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi?