9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şabdanbek Alışev: “Azərbaycan və Qırğızıstan geniş iqtisadi əməkdaşlıq potensialına malikdirlər” MÜSAHİBƏ

Azərbaycan və Qırğızıstan Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq edir. Hazırda ölkəmizdə 165 Qırğızıstan şirkəti fəaliyyət göstərir. İndiyədək qeyri-neft sektoru üzrə Azərbaycandan Qırğızıstana 204,3 milyon, Qırğızıstandan Azərbaycana isə 98,8 milyon ABŞ dolları həcmində investisiya qoyulub. Hər iki ölkənin kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı üçün də geniş potensial var. Ərzaq təhlükəsizliyinin qlobal miqyasda ən önəmli məsələlərdən birinə çevrildiyi indiki dövrdə bu əməkdaşlığın inkişaf etdirilməsi xüsusilə vacibdir. Artıq həmin istiqamətdə tərəflərin ehtiyaclarının hesablanması üçün yeni araşdırmalar aparılır, ticarət missiyaları təşkil olunur.

Mövzu ilə bağlı Qırğızıstan Respublikasının Joqorku Keneş (parlament) Aparatının sabiq rəhbəri, dövlət və bələdiyyə idarəetməsi sahəsində ekspert, MDB ölkələri üzrə ekspert Şabdanbek Alışev “vergilər.az”ın suallarını cavablandırır.

- Qırğızıstanla Azərbaycan arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığının perspektivləri barədə fikirlərinizi bilmək istərdik.

- Əvvəla, qeyd etmək lazımdır ki, hər iki ölkə ticarət-iqtisadi və investisiya əməkdaşlığının göstəricilərini iri miqyasda artırmaq üçün böyük potensiala malikdirlər. Təəssüf ki, bugünkü ticarət dövriyyəsi mövcud potensialı əks etdirmir. Bu baxımdan, Azərbaycandan Qırğızıstana birbaşa investisiyaların cəlb edilməsinə böyük ümidlər bəsləyirik. Qeyd edim ki, 2023-cü ilin yanvar-iyun ayları üzrə birbaşa investisiyaların dinamikası 2,1 milyon, 2022-ci ildə isə 1,8 milyon ABŞ dolları təşkil edib. Bundan əlavə, əminəm ki, nizamnamə kapitalı 25 milyon ABŞ dolları olan Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun fəaliyyəti bu istiqamətdə öz müsbət təsirini göstərəcək.

Əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda genişləndirilməsi
hər iki ölkənin milli maraqlarına cavab verir

- Qarşılıqlı əməkdaşlığın hansı sahələrini daha perspektivli hesab etmək olar?

- Təbii ki, əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda genişləndirilməsi hər iki ölkənin milli maraqlarına cavab verir. Minillər boyu tarixi-mədəni əlaqələrimizi, həmçinin türkdilli dövlətlər olduğumuzu nəzərə alsaq, bütün istiqamətlərdə, o cümlədən ticarət-iqtisadi, humanitar sahələrdə əməkdaşlığımızın genişləndirilməsi çox vacibdir. Bu gün vətəndaş cəmiyyəti, yaradıcı ziyalılar və elmi ictimaiyyət səviyyəsində dostluq əlaqələrimiz artıq ənənə halını alıb.

Xatırladım ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qırğızıstana səfəri çərçivəsində imzalanmış sənədlər arasında mühüm əhəmiyyətə malik olanlarından biri də "Azərbaycan Respublikasının Bakı şəhəri və Qırğız Respublikasının Bişkek şəhəri arasında qardaşlıq əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu”nun imzalanmasıdır. Bu sənədlə paytaxtlarımız qardaşlaşmış şəhərlərə çevriliblər. Bununla yanaşı, Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkı yaradılıb.

İqtisadi istiqamət isə ölkələrimizin gündəmində olan əsas prioritetdir. Məsələn, 2022-2023-cü illər ərzində Qırğızıstan və Azərbaycanın işgüzar dairələrinin iştirakı ilə 3 biznes forumu keçirilib ki, bunun da səmərəli nəticələrini, əminəm ki, yaxın gələcəkdə görə biləcəyik.

- Türk Dövlətləri Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir. Sizcə, təşkilat üzvlərinin qarşısında duran əsas problemlər hansılardır və bunu necə aradan qaldırmaq olar?

- Məncə, hazırda Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında münasibətlərdə fundamental bir problem, xüsusən siyasi və beynəlxalq müstəvidə hər hansı ziddiyyətli məqamlar yoxdur, əksinə, aktual qlobal məsələlərdə mövqelərin yaxınlığı və qarşılıqlı dəstək var. Hesab edirəm ki, bu qurumun təsis edilməsindən əvvəlki dövrlərdə də türkdilli dövlətlər arasında ən yüksək səviyyədə qarşılıqlı təmaslar siyasi dialoqun keyfiyyətini və səviyyəsini yüksəltməyə imkan verib.

Hazırda Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında münasibətlərdə fundamental
bir problem, xüsusən siyasi və beynəlxalq müstəvidə hər hansı ziddiyyətli məqamlar
oxdur, əksinə, aktual qlobal məsələlərdə mövqelərin yaxınlığı və qarşılıqlı dəstək var

- Transqafqaz marşrutları Qırğızıstana hansı imkanları açır? Sizcə, bu istiqamətdə hərəkəti gücləndirmək üçün daha nələr etmək lazımdır?

- Transqafqaz marşrutları Qırğızıstana çox böyük və cəlbedici perspektivlər açır. Hesab edirəm ki, ölkələrimiz bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi imkanlarını ətraflı nəzərdən keçirməlidirlər. Məsələn, Qırğızıstanın iqtisadi sektorunun flaqmanları olan toxuculuq sənayesi və kənd təsərrüfatının bu logistik marşruta böyük ehtiyacı var. Birincisi, bu, potensial ixracatçı ölkələrin coğrafiyasını genişləndirəcək, ikincisi isə Qırğızıstan və Azərbaycanın regional miqyasda həyata keçirə biləcəkləri yeni infrastruktur layihələri yaranacaq.

- Nəqliyyat və tranzit sahəsində yeni Çin-Qırğızıstan-Özbəkistan-Xəzər dəmir yolunun tikintisinə və istismarına başlanması ilə yük dövriyyəsinin artırılması və yükdaşımaların maya dəyərinin aşağı salınması imkanları yaranacaq. Bu marşrutun perspektivlərini necə qiymətləndirirsiniz və o, ölkələrimiz arasında yükdaşımaların səviyyəsinin artırılmasında hansı rolu oynayacaq?

- Regional səviyyədə infrastruktur layihələri çox perspektivli iqtisadi sahədir. Eyni zamanda, Qırğızıstan kimi kontinental ölkələrin Xəzər dənizinə çıxışı daha geniş bazar üçün yeni körpü olacaq. Müxtəlif geosiyasi dəyişiklikləri nəzərə alaraq, bu gün Qırğızıstan ixracatçıları məhsullarının satışında müəyyən çətinliklərlə üz-üzədir. Bu, ilk növbədə, logistika infrastrukturuna aiddir. Beləliklə, bu dəmir yolu marşrutunun qarşılıqlı faydasına heç bir şübhə yoxdur.

Qırğızıstan kimi kontinental ölkələrin Xəzər dənizinə
çıxışı daha geniş bazar üçün yeni körpü olacaq

- Ölkələrimiz arasında turizm potensialı hansı səviyyədədir? Qırğızıstan azərbaycanlı turistləri necə cəlb edə bilər?

- Sevindirici haldır ki, son illər Qırğızıstanla Azərbaycan turizm sahəsində əməkdaşlığın səviyyəsini yüksəltməyə nail olublar. Azərbaycanlı qonaqları ilk növbədə dağ mirvarisi - İssık-Kul gölünün sahilində istirahətə cəlb etmək lazımdır. Xatırlatmaq istərdim ki, ölkələrimiz İssık-Kulda beşulduzlu hotelin tikintisinə dair İnvestisiya Sazişi imzalayıblar. Bu, Azərbaycanın ən böyük sərmayəsi və Bakıdan gələn qonaqlar üçün turizm tətilinin təşkili üçün əla platforma olacaq. Bundan əlavə, Qırğızıstanın dağ turizmi, o cümlədən qış turizmi üçün perspektivli istiqamətləri var. Biz, həmçinin, yüksək səviyyəli xidmət göstərən bir çox xizək kurortlarına malikik. Təbii ki, Bişkeklə Bakı arasında hava yolunun bərpası bu sahənin inkişafına mühüm təsir göstərib.

Tamilla MƏMMƏDOVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?