27 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vüqar Məsimov: “Daşınar əmlakın yüklülüyü sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdırır” MÜSAHİBƏ

Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri sahibkarlarin biznes layihələrinin maliyyələşməsində mühüm rol oynayır. Bu, xüsusilə regionlarda fəaliyyət göstərən kiçik və orta sahibkarlar üçün maliyyə resurslarına əlçatanlığı təmin edə bildiyi üçün böyük maraq yaradıb. Belə ki, 2023-cü il ərzində daşınar əmlak əsaslı yüklülük müqavilələrinin sayı 2 dəfə artıb. Reyestrin məqsədi, yaratdığı imkanlar və iş mexanizmi barədə “vergiler.az”ın suallarını Mərkəzi Bankın İnformasiya texnologiyaları departamentinin Reyestr bölməsinin rəhbəri Vüqar Məsimov cavablandırıb:

- Vüqar müəllim, Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin yaradılmasının və fəaliyyətinin əsas məqsədi nədir?

- Azərbaycan bankları hər zaman girov kimi daşınmaz əmlaka üstünlük verir ki, bu da sahibkarlar üçün ciddi məhdudiyyət yaradırdı və onların əksəriyyəti bankların maliyyələşmə tələblərinə cavab verə bilmirdilər. Kiçik və orta sahibkarlıq subyektlərinin (KOS) əksəriyyəti daşınmaz əmlakın, məsələn, torpaq girovunun olmaması səbəbindən ənənəvi təminatlı kreditlər üçün müraciət etməyə maraq göstərmir, yaxud müraciət edə bilmirdilər.

Reyestr KOS subyektlərinin maliyyə vəsaitlərinə əlçatanlığını yaxşılaşdırmaq və onların daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını artırmaq məqsədilə yaradılıb. Reyestr maliyyə qurumlarını KOS subyektlərinin daşınar aktivləri barədə mərkəzləşdirilmiş şəffaf məlumatlarla təmin edir. Banklar təminat predmeti kimi təqdim edilmiş əmlakın başqa bir yerdə yüklü olub-olmadığı haqda məlumat əldə edir, habelə banklara təkrar satış bazarı olan daha yaxşı təminat predmetlərini seçmək imkanı verir.

Həmçinin Reyestr Dünya Bankı tərəfindən ölkələrin qiymətləndirilməsində xüsusi əhəmiyyət kəsb edir. Dünya Bankının nüfuzlu “Doing Business” hesabatı illik əsaslarla tərtib edilir və investorların maliyyə vəsaitlərini yerləşdirən zaman analiz etdikləri ən vacib hesabatlardan biridir. Ölkəmiz müvafiq hesabatda dünyanın ən islahatçı ölkələrindən biri ünvanını əldə edib. Kredit əlçatanlığı üzrə ölkəmiz 2019-cu ildə 100 pillə irəliləyərək müvafiq indeks üzrə 122-ci yerdən 22-ci yerə, 2020-ci ildə isə 190 ölkə arasında 1-ci yerdə qərarlaşıb. Bu il Dünya Bankı tərəfindən “Əlverişli Biznes Mühiti” adı altında qiymətləndirmə aparılacaq. Bu sahədə qiymətləndirmə meyarları, demək olar ki, müəyyən edilib. Reyestr üzrə bütün tələblər qarşılanıb. Ümid edirəm ki, əvvəllər olduğu kimi, bu il də yüksək nəticələr əldə edəcəyik.

Reyestr Dünya Bankı tərəfindən ölkələrin
qiymətləndirilməsində xüsusi əhəmiyyət kəsb edir

- KOS subyektlərinin kredit resurslarına əlçatanlığının artırılması fonunda Reyestr onlara hansı imkanları verir?

- Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri həm yüklülük sahibi, yəni banklar üçün, həm də sahibkarlar üçün müəyyən fürsətlər yaradır. Bununla yüklülük verənlər, yəni kiçik və orta sahibkarların kredit almaq imkanları genişlənir. Daşınar əmlakı təminat qismində qəbul edən qurumlar çoxaldıqca, bu sahədə rəqabətin artması da onlar üçün əlavə şans yaradır. Daşınar əmlakların təminata cəlb edilməsinin stimullaşdırılması, hər növ daşınar əmlakın yüklülüyünün mümkün olması sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdırır. Məsələn, fermer həyətində olan iri və ya xırdabuynuzlu heyvanını bank qarşısında yüklü edərək kredit əldə edə bilər.

Reyestrin yaradılması yüklülük sahibi kimi banklara təminat qismində çıxış edən daşınar aktivlər barədə şəffaf məlumatların verilməsi, təminatın satılmasının məhdudlaşdırılması, daha asan metodlarla tutuma yönəltmək imkanı, eləcə də borcalanın məsuliyyətinin artması kimi imkanlar verir.

- Daşınar əmlakın yüklülüyünə ondan əldə edilən gəlir aiddirmi? Və ya əmlak məhv olduqda sığorta ödənişi daxil edilirmi?

- Yüklülük predmetinin ləvazimatlarına yüklülüyün predmetindən istifadə nəticəsində əldə edilmiş faydaya (gəlir, artım, bəhər, törəmə və başqa formalar), dəyişdirilməli, əvəz və ya bərpa edilməli yüklülüyün predmetinə, yüklülüyün predmeti qanuna və ya müqaviləyə əsasən sığorta edilmişdirsə, sığorta hadisəsinin baş verdiyi zaman sığorta ödənişinə, yüklülük predmetinin məcburi satılması, rekvizisiyası və ya milliləşdirilməsi nəticəsində yüklülük verənə ödənilən kompensasiyanın məbləğinə aid edilir.

- Hazırda heç bir daşınar əmlakı olmayan, ancaq gələcəkdə əldə edəcəyi daşınar əmlakı olan sahibkarlar bu alətdən faydalana bilərlərmi?

- Qanunvericilikdə belə bir müddəa nəzərdə tutulub. Gələcəkdə əldə ediləcək daşınar əmlak girov predmeti olaraq təqdim edilə bilər. Qeyd edim ki, hazırda təcrübədə bundan istifadə edilir. Fermerlərə bu yolla kreditlər təklif edilir. Məsələn, əkinçi gələcək məhsulunu yüklü etməklə kredit əldə edə bilər. Tutaq ki, Qubada yaşayan kəndli yetişəcək məhsulunu əvvəlcədən bank qarşısında yüklü edir və qarşılığında kredit alır.

Daşınar əmlakların təminata cəlb edilməsinin stimullaşdırılması,
hər növ daşınar əmlakın yüklülüyünün mümkün olması
sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdırır

- Bəs Reyestrin işləmə mexanizmi necədir?

- Reyestr onlayn rejimdə 7/24 prinsipi ilə fəaliyyət göstərir. Reyestrdə qeydiyyat onlayn aparılır. Axtarış bütün tərəflər üçün açıqdır. İstənilən şəxs Reyestrdə axtarış aparıb maraqlı tərəfin girov məlumatlarını əldə edərək risklərini tənzimləyə bilər. Axtarış ödənişsiz olaraq həyata keçirilir. Axtarışı aparan şəxs əmlakın yüklü edildiyi tarixi, yüklülüyü verənin məlumatlarını, yüklülük sahibinin məlumatlarını və yüklülük predmetinin təsvirini görə bilər. Bununla da əmlak üzərində üstünlük hüququnu müəyyənləşdirə bilər.

- Reyestrə sektorda maraq varmı?

- Mərkəzi Bank daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarının stimullaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirir və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Belə ki, 2023-cü il ərzində daşınar əmlak əsaslı yüklülük müqavilələrinin sayı 2 dəfə artıb və yüklülük müqavilələrinin sayı 200 mini keçib. Ən çox istifadə edilən kateqoriyalar bank hesabları, zinət əşyaları, dövriyyədə olan mallar, mebellər, heyvanlar və avadanlıqlar olub.

- Bu imkanlar barədə sahibkarlar, fermerlər arasında maarifləndirmə tədbirləri həyata keçirilirmi?

- Bəli, maraqlı fokus qruplarına maarfiləndirmə tədbirləri keçirilir. Bu günə kimi tərəfimizdən 30-dan çox maarifləndirmə tədbiri keçirilib. Kredit təşkilatları ilə mütəmadi olaraq hər il görüşlər təşkil edilir. Müzakirələr aparılır, sektorun fikirləri və təcrübədə olan çətinliklər dinlənilir. Dünya Bankı qrupunun tərkibinə daxil olan Beynəlxalq Maliyyə Korporasiyası ilə bu mövzularda sıx əmədaşlıq edilir.

Regionlarda sahibkarların və kredit təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən təlimlər maliyyə savadlılığının artırılması istiqamətində çox effektiv olur. Təlimlərdə Dövlət Reyestri ilə yanaşı, maliyyə bazarları və risklərin idarə edilməsi ilə bağlı mövzular da əhatə olunur və sahibkarları maraqlandıran məsələlər müzakirə edilir.

Fərqanə ALLAHVERDİQIZI

VergiGəlir vergisi ödəyicisi olan fiziki şəxs mükəlləfiyyətini dəyişə bilərmi? VergiFiziki şəxs öz istifadəsi üçün ət idxalı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi? VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub