9 May 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elşən Kərimov: “Yeni mexanizm mikro və kiçik sahibkarlara kreditlərə daha çevik çıxış imkanı yaradır” MÜSAHİBƏ

Biznes layihələrinin maliyyələşməsi üçün sahibkarlara daha bir imkan yaradılıb. İpoteka və Kredit Zəmanət Fondu kiçik sahibkarlara ayrılan kreditlərə portfel təminatı mexanizmini işə salıb. Artıq bununla bağlı sahibkarların müraciətlərinə start verilib. Bəs yeni mexanizm onlara nə verəcək? Hansı qaydalarla işləyir? “vergiler.az”ın bu və digər suallarını İpoteka və Kredit Zəmanət Fondunun Kredit zəmanət departamentinin direktoru Elşən Kərimov cavablandırır:

- Elşən müəllim, portfel təminatı mexanizmi nədir? Bu, hansı zərurətdən meydana çıxdı?

- Portfel təminatı Fond tərəfindən müvəkkil bankın formalaşdıracağı kredit portfelinə verilən təminat mexanizmidir. Sahibkarların müvəkkil kredit təşkilatlarından manatla aldıqları kreditlərə Fond tərəfindən portfel zəmanətinin verilməsi mexanizminin yaradılmasının əsas məqsədi kredit zəmanət mexanizminin genişləndirilməsi, girov çatışmazlığı səbəbindən maliyyə resurslarına çıxış imkanı olmayan mikro və kiçik sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılmasıdır. Belə ki, mikro və kiçik sahibkarlar əksər hallarda bizneslərinin genişləndirilməsi üçün tələb olunan vəsaitin həcminə görə ənənəvi təminat mexanizmindən kənarda qalırlar ki, bu da onların maliyyə resurlarına çıxış imkanını aşağı salır. Ənənəvi kredit zəmanət mexanizmində zəmanətli kreditin minimal məbləği 30.000 manat müəyyən edilib. Portfel təminatı mexanizmi çərçivəsində isə minimal kredit məbləği 5.000 manat götürülür.

Hesab etsək ki, hər hansı bir bankın formalaşdırdığı zəmanətli kredit portfelinin həcmi 300.000 manat təşkil edir, bu halda həmin portfelə daxil olan sahibkarların sayı portfelin ümumi həcminə münasibətdə daha çox olacaq, yəni 50 sahibkaradək yüksələcək. Mexanizm, həmçinin, portfelə daxil olan borcalanların təqdim etdiyi sənədlərin yoxlanılması və maliyyə vəziyyətlərinin təhlilinin daha sadələşdirilmiş qaydada aparılmasını nəzərdə tutur ki, bu da mikro və kiçik sahibkarların aşağı məbləğdə kreditlərə daha çevik çıxış imkanını yaradır.

Portfel təminatı mexanizmi çərçivəsində Fondun zəmanəti qeyri-neft
sektorunda fəaliyyət göstərən yerli sahibkarların kreditlərinə şamil edilir

- Yeni mexanizm necə tənzimlənir? Kreditlər hansı şərtlərlə və kimlərə verilir?

- Portfel təminatı mexanizminin fəaliyyətinin təmin edilməsi məqsədi ilə 2023-cü ildə “Sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı mexanizmi üzrə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun təminat verməsi Qaydası” hazırlanaraq təsdiq olunub.
Portfel təminatı mexanizmi çərçivəsində Fondun zəmanəti qeyri-neft sektorunda fəaliyyət göstərən yerli sahibkarların kreditlərinə şamil edilir. Portfel zəmanəti kredit portfelinə daxil olan kreditin yalnız əsas borcu üzrə verilir.

Mexanizm çərçivəsində Fondun zəmanəti 5.000 manatdan 50.000 manatadək məbləğdə kreditlərə verilir. Bu zaman kreditin illik faiz dərəcəsi 20%-dən yüksək, müddəti 3 aydan az və 3 ildən çox olmamalıdır. Bir borcalanın bütün müvəkkil banklar üzrə portfel zəmanəti verilən cəmi kreditlərinin məbləği 250.000 manatdan çox olmamalıdır. Hər bir kredit portfeli Fond tərəfindən müəyyən edilmiş limit məbləğindən artıq olmamalıdır.

Portfel təminatı mexanizmi çərçivəsində Fondun zəmanəti kreditin əsas məbləğinin qalığının maksimum 60%-nə verilir. Bir kredit portfelinə borcalanın (habelə hüquqi şəxs olduqda, nizamnamə kapitalında 25% və daha artıq payı olan fiziki və (və ya) hüquqi şəxslərin) yalnız bir krediti daxil edilə bilər.

Portfel zəmanəti üzrə kredit öhdəliyinə görə portfel zəmanəti ödənişi edilmiş borcalana (habelə hüquqi şəxs olduqda, nizamnamə kapitalında 25% və daha artıq payı olan fiziki və (və ya) hüquqi şəxslərə) verilən kreditlər növbəti 3 il müddətində kredit portfelinə daxil edilə bilməz. Sığorta şirkəti, kredit təşkilatı, investisiya şirkəti, investisiya fondu, investisiya fondunun idarəçisi, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxs, lombard, lizinq şirkəti, poçt rabitəsinin milli operatoru, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxs, habelə digər maliyyə institutlarının kreditləri üzrə zəmanət verilmir.

Yeni mexanizmdən faydalanmaq istəyən mikro və
kiçik sahibkarlar müvəkkil banklara müraciət edə bilərlər

Məsələn, sahibkar 20.000 manat kredit vəsaiti əldə etmək üçün banka müraciət edir. Müvəkkil bank sahibkarın təqdim etdiyi sənədlər əsasında onun maliyyə və əmlak vəziyyəti, həmçinin kredit tarixi barədə ətraflı məlumat formalaşdırır. Veriləcək kredit üzrə yaranan risklərin dəyərləndirilməsi üçün onun ödəmə qabiliyyətini, borc və digər maliyyə öhdəliklərini yerinə yetirməsini qiymətləndirir. Bank sahibkara kredit verilməsi ilə bağlı müsbət qərar qəbul etdiyi halda, krediti rəsmiləşdirir və onun zəmanətli porfelə daxil edilməsi üçün İpoteka və Kredit Zəmanət Fonduna təqdim edir. Portfel zəmanəti kredit verildiyi tarixdən həmin kreditə şamil olunur.

- Yeni mexanizmdən sahibkarlar nə vaxtdan başlayaraq yararlana bilərlər?

- Fond tərəfindən portfel təminatı mexanizminin tətbiqinə 2024-cü ildən başlanılıb. Yeni mexanizmdən faydalanmaq istəyən mikro və kiçik sahibkarlar müvəkkil banklara müraciət edə bilərlər.

- Elşən müəllim, İpoteka və Kredit Zəmanət Fondu artıq müəyyən müddətdir sahibkarlara ayrılan kreditlərə zəmanət verir. 2023-cü ildə Fondun zəmanəti ilə nə qədər kredit verilib? Vəsaitlər əsasən hansı sahələrə ayrılıb?

- 2023-cü il ərzində Fondun zəmanəti ilə müvəkkil banklar tərəfindən 204 sahibkara 85 milyon manat kredit verilib. Zəmanət verilmiş kreditlər əsasən iqtisadiyyatın turizm və ictimai iaşə, ticarət, tikinti və kənd təsərrüfatı, sənayə sektorlarına, eləcə də sənaye məhsullarının istehsalı və emalı, qida sənayesi məhsullarının, habelə maşın və avadanlığın istehsalına yönəldilib.

Qeyri-neft sektorunda fəaliyyət göstərən rezident sahibkarlar
müvəkkil banklardan manatla aldıqları və Fondun təminat
verdiyi kreditlərə hesablanmış faizlərə görə subsidiya ala bilərlər

- Bəs hansı sahibkarlar subsidiyalardan yararlana bilərlər və hansı şərtlərlə?

- Qeyri-neft sektorunda fəaliyyət göstərən rezident sahibkarlar müvəkkil banklardan manatla aldıqları və Fondun təminat verdiyi kreditlərə hesablanmış faizlərə görə subsidiya ala bilərlər. Sahibkarlar aşağıdakı şərtlərlə subsidiyadan yararlana bilərlər:

Faiz subsidiyası illik faiz dərəcəsi 20%-dən çox olmayan kreditlər üçün verilir. Faiz subsidiyası kreditin illik faiz dərəcəsinin 8 faiz bəndi miqdarında, investisiya təşviqi sənədi almış və ya cari ildə ixrac təşviqi ödənilmiş sahibkara investisiyanın həyata keçirildiyi müvafiq iqtisadi fəaliyyət sahəsi üzrə ayrılan kreditlər üçün isə illik faiz dərəcəsinin 10 faiz bəndi miqdarında verilir. Müddəti 3 ildən artıq olan kreditlər üçün faiz subsidiyası maksimum 3 il müddətində verilir. Faiz subsidiyası dövlətin maliyyə resursları hesabına verilən güzəştli kreditlərə şamil edilmir. Məsələn, sahibkar banka müraciət edərək, ona Fondun zəmanəti və faiz subsidiyası ilə 100.000 manat kreditin ayrılmasını xahiş edir. Bank sahibkara illik 16%-lə 5 il müddətinə 100.000 manat kreditin verilməsinə dair qərar qəbul edir və zəmanət və subsidiya üçün Fonda müraciət edir. Fond müraciəti təhlil etdikdən sonra sahibkarın krediti üzrə zəmanətin verilməsi və ona hesablanan 16%-in bir hissəsinin, yəni 8%-nin 3 il müddətində Fond tərəfindən əvəzsiz ödənilməsinə dair qərar qəbul edir. Beləliklə, sahibkar tərəfindən alınmış kredit təminatlı olur və sahibkarın ilk 3 il ödəyəcəyi faiz dərəcəsi 8%-ə enmiş olur.

Fərqanə ALLAHVERDİQIZI

VergiXarici ölkədə ödənilmiş vergilər Azərbaycanda nəzərə alınırmı? VergiFiziki şəxsin vergi orqanında uçota alınması vaxtı VergiQeyri-sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlirlər hansılardır? VergiHansı halda xaricdə əldə olunan gəlirlərə görə vergi öhdəliyi yaranmır? VergiXarici ölkədə gəlir əldə edən şəxs VÖEN almalıdırmı? VergiXaricdə əldə edilən gəlirlərin vergiyə cəlb olunması VergiYerli investisiyalı MMC-nin dövlət qeydiyyatı necə aparılır? VergiMənzil alarkən ƏDV-nin bir hissəsi hansı qaydada geri qaytarılır? VergiGəlir vergisi ödəyicisi olan fiziki şəxs mükəlləfiyyətini dəyişə bilərmi? VergiFiziki şəxs öz istifadəsi üçün ət idxalı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi?