1 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İsmayıl Hüseynov: “Bu ildən sahibkarlar yeni istiqamətlər üzrə də güzəştli kredit ala biləcəklər” MÜSAHİBƏ

Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən sahibkarların təqdim etdiyi layihələr üzrə prioritet istiqamətlər dəyişdirilir. Artıq iş adamları yeni istiqamətlər üzrə də SİF-dən güzəştli şərtlərlə kredit ala biləcəklər. Bununla bağlı Fondun Partnyorlarla iş şöbəsinin müdiri İsmayıl Hüseynov “vergiler.az”a müsahibə verib.

- Hazırda Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara hansı prioritet istiqamətlər üzrə kreditlər verilir və bu sahədə hansı dəyişikliklərin edilməsi nəzərdə tutur?

- SİF-in güzəştli kreditləri Fondun Müşahidə Şurası tərəfindən müəyyənləşdirilən prioritet istiqamətlər üzrə həyata keçirilir. Bu istiqamətlər müəyyənləşdirilərkən Azərbaycan Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları, eləcə də ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri nəzərə alınır. Fondun prioritet istiqamətləri, ənənəvi olaraq, qeyri-neft sektorunun inkişafı ilə əlaqədardır. Buraya sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, logistik xidmət, anbar komplekslərinin yaradılması, turizmin inkişafı ilə bağlı layihələrin maliyyələşdirilməsi kimi sahələr daxildir. Bu ildən etibarən SİF-in prioritet istiqamətləri siyahısına müxtəlif regionlar üzrə tibb, xidmət sektoru, eləcə də kütləvi informasiya vasitələrinin inkişafı ilə bağlı layihələrin dəstəklənməsi daxil edilib. Əlavə olaraq qeyd edim ki, “yaşıl layihələr”in maliyyələşdirilməsi də SİF-in prioritet istiqamətlərində yer alıb. Bildiyiniz kimi, dövlət başçısının 25 dekabr 2023-cü il tarixli sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Bu baxımdan, düşünürük ki, ölkədə həyata keçirilən “yaşıl layihələr”in dəstəklənməsi istiqamətində öz töhfəmizi verək. “Yaşıl layihələr” dedikdə, yaşıl enerji yönümlü layihələr, məsələn, günəş, külək enerjisinin əldə olunması və istifadəsi ilə əlaqədar layihələrin maliyyələşdirilməsi nəzərdə tutulub. Eləcə də e-nəqliyyat infrastrukturunun qurulması da bu prioritetlərə aiddir. Əlavə olaraq, həm tullantıların idarə olunması, həm də enerjiyə qənaət edən avadanlıqların quraşdırılması kimi layihələr prioritet istiqamətli layihələr qismində nəzərdə tutulub və bu sahə üzrə layihələri olan sahibkarlar Fondun güzəştli kreditlərindən istifadə etmək üçün müraciət edə bilərlər.

Bu ildən etibarən SİF-in prioritet istiqamətləri siyahısına müxtəlif
regionlar üzrə tibb, xidmət sektoru, eləcə də kütləvi informasiya
vasitələrinin inkişafı ilə bağlı layihələrin dəstəklənməsi daxil edilib

- Yeni istiqamətlər üzrə layihələrin maliyyələşdirilməsi zamanı hansısa regionlara üstünlük veriləcəkmi?

- Fondun vəsaitlərinin maliyyə imkanları nəzərə alınmaqla, bütün sahələrin dəstəklənməsi üçün müvafiq tədbirlər görülür. Sizin də qeyd etdiyiniz kimi, burada xüsusi regionlar nəzərə alınıb. Məsələn, xidmət sektorunun inkişafı yönümlü layihələrin dəstəklənməsi həm işğaldan azad olunmuş ərazilərdə, həm də Naxçıvan Muxtar Respublikasında həyata keçiriləcək. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olunmaqla, digər regionlarda fəaliyyət göstərən sahibkarlar təhsil, tibb və turizm sahəsinin inkişafı yönümlü layihələrin maliyyələşdirilməsi üçün dəstək mexanizmindən istifadə edə biləcəklər. Onu da qeyd edim ki, SİF-in Müşahidə Şurasının iclasında müvəkkil kredit təşkilatları üçün limitlər müəyyənləşdiriləcək. Yanvarın 15-dən etibarən sahibkarlar güzəştli kreditlər üçün müraciət edə bilərlər.

Xidmət sektorunun inkişafı yönümlü layihələrin dəstəklənməsi həm işğaldan
azad olunmuş ərazilərdə, həm də Naxçıvan Muxtar Respublikasında həyata keçiriləcək

- İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarların layihələrinin maliyyələşdirilməsi üzrə hansı işlərin görülməsi nəzərdə tutulur?

- SİF 2022-ci ildən etibarən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək göstərir. 2022-2023-cü illər ərzində azad olunmuş ərazilərdə fəaliyyət göstərən yerli sahibkarların 7 layihəsinin maliyyələşdirilməsi üçün Fond tərəfindən 14,4 milyon manat güzəştli kredit verilib ki, bu da həmin ərazilərdə 360-dan çox iş yerinin yaradılmasını nəzərdə tutur. Cari il ərzində də işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarların dəstəklənməsi prioritetlərdən biri kimi qalacaq. Əlavə olaraq qeyd edim ki, SİF-in işğaldan azad olunmuş ərazilər üçün əlavə dəstək mexanizmi işə başlayacaq. Bildiyiniz kimi, ölkə başçısının fərmanı ilə “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası" təsdiq olunub.

2022-2023-cü illər ərzində azad olunmuş ərazilərdə fəaliyyət göstərən
yerli sahibkarların 7 layihəsinin maliyyələşdirilməsi üçün Fond
tərəfindən 14,4 milyon manat güzəştli kredit verilib ki, bu da
həmin ərazilərdə 360-dan çox iş yerinin yaradılmasını nəzərdə tutur

Bu sənəd həmin ərazilərdə iqtisadiyyatın inkişafının sürətləndirilməsi və iqtisadi aktivliyin bərpa olunmasına hədəflənib. Həmin mexanizmə əsasən, kreditlərin 90%-dək hissəsinə dövlət tərəfindən zəmanətin verilməsi nəzərdə tutulur. Sahibkarların güzəştli kreditlərdən istifadə edə bilməsi üçün dövlət banklara, müvəkkil kredit təşkilatlarına zəmanət verəcək. Əlavə olaraq sahibkarlara da kreditin illik faiz dərəcəsinin 10% bəndi həcmində 36 aydan çox olmayan müddətdə subsidiya veriləcək ki, bu da biznesin faiz yükünün azalmasına səbəb olacaq. Həmin mexanizm çərçivəsində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlara ümumilikdə 500 milyon manat həcmində zəmanətli kreditin verilməsi nəzərdə tutulur ki, bu da hər bir sahibkarlıq subyekti üzrə məbləği maksimum 5 milyon manat, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15%-dək olan kreditlərə şamil olunacaq. Qeyd edim ki, bu kreditlərdə güzəşt müddəti də nəzərdə tutulub. Sahibkarlar kredit müddətinin yarısından çox olmamaq şərtilə 36 ayadək güzəşt müddətindən istifadə edə biləcəklər. Bu proses əsasnaməsi Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Elektron kredit və zəmanət informasiya sistemi” vasitəsilə həyata keçiriləcək. Artıq texniki prosedurların yekunlaşdırılması mərhələsindəyik və cari ayın sonlarından etibarən bu platforma vasitəsilə sahibkarların müraciətlərinin qəbuluna start verilməsi nəzərdə tutulur.

İlhamə İSABALAYEVA

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ