3 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sevinc Novruzova: “Şəffaflıq və biznes etikası şirkətin DNT-si olmalıdır” MÜSAHİBƏ

Bu günlərdə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korrupsiya və şəffaflıq” işçi qrupunun özəl sektorda antikorrupsiya yanaşmalarının təşviqi ilə bağlı maarifləndirmə təşəbbüsü çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Azercell Telekom” MMC-nin “Azercell Academy” qrupunun birgə təşkilatçılığı ilə “Biznes etikası və şəffaflıq” mövzusunda məlumatlandırıcı təlim keçirilib. Sahibkarlar, biznes assosiasiyaları və Agentlik əməkdaşları üçün təşkil olunan təlimdə sahibkarlıq mühitində biznes etikası, bu sahədə beynəlxalq standartlar, şəffaflıq yanaşmaları, eləcə də antikorrupsiya davranış tərzlərinin təşviqi ilə bağlı zəruri informasiyalar, maraqların toqquşması, korporativ səviyyədə korrupsiyaya qarşı mübarizə sistemləri barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

“Azercell Telekom” MMC-nin Etika və uyğunluq şöbəsinin müdiri Sevinc Novruzova təlimlə bağlı, eləcə də öz təcrübələrinin paylaşılması, biznes etikası barədə “vergiler.az”ın suallarını cavablandırıb:

- Sevinc xanım, “Biznes etikası və şəffaflıq” mövzusunda məlumatlandırıcı təlimin keçirilməsində əsas məqsəd nə idi?

- Təlimin məqsədi ilk növbədə özəl sektorda beynəlxalq standartlar əsasında antikorrupsiya standartları da daxil olmaqla biznes etikası və uyğunluq tələblərinin formalaşdırılması işinə töhfə vermək, bu sahədə maarifləndirmə işinin davamlılığını təmin etmək olub. Təlimdə sahibkarlıq mühitində biznes etikası, bu sahədə beynəlxalq standartlar, şəffaflıq yanaşmaları, eləcə də antikorrupsiya davranış tərzlərinin təşviqi ilə bağlı zəruri məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Təlim iştirakçıları, həmçinin, maraqların toqquşması, hədiyyə, əyləncə və qonaqpərvərlik yanaşmaları, korporativ səviyyədə korrupsiyaya qarşı mübarizə sistemləri barədə məlumatlandırılıblar.

İşgüzar mühitin formalaşdırılmasında hədiyyə, əyləncə və ya qonaqpərvərlik
tələblərinin tətbiqi şirkətin işgüzar nüfuzuna xələl gətirə biləcək riskləri
aradan qaldırır və ya potensial riskə qarşı preventiv tədbir görmək imkanı yaradır

- “Azercell” özünün hansı təcrübəsini kiçik sahibkarlara ötürmək istəyir? Ümumiyyətlə, sizin təcrübəniz özündə nələri ehtiva edir?

- Uyğunluq və biznes etikası şirkətimizdə korporativ mədəniyyətin bir hissəsi olmaqla istər işçilərin, istərsə də üçüncü tərəflərin (biznes tərəfdaşlarının, rəqiblərin, müştərilərin, təchizatçıların) özlərini güvəndə hiss etdiyi şəffaf bir biznes mühitidir. Korrupsiya ilə mübarizə yanaşmaları çərçivəsində maraqların toqquşması, hədiyyə, əyləncə və qonaqpərvərlik ilə bağlı mövcud tələblər və təcrübələrimizi bazar iştirakçılarına ötürməyi hədəfləyirik. İşgüzar mühitin formalaşdırılmasında hədiyyə, əyləncə və ya qonaqpərvərlik tələblərinin tətbiqi şirkətin işgüzar nüfuzuna xələl gətirə biləcək riskləri aradan qaldırır və ya potensial riskə qarşı preventiv tədbir görmək imkanı yaradır. Təsadüfi deyil ki, qlobal şirkətlərdə bu tələblərə riayət etmək və təcrübələrini davamlı paylaşmaq şəffaflığın təmin olunmasında əsas missiyadır. Güvənli və davamlı biznes tərəfdaşları “yaxşılığın əvəzini qaytarmaq” öhdəliyinin yaratdığı təzyiqdən çəkinməlidir. Bəzi hallarda “nəzakəti” qəbul etmək korrupsiyaya qarşı qanunvericiliyin tələblərinin pozulmasına səbəb ola bilər. Burada qanunsuz olması ilə yanaşı, təbiidir ki, “nəzakət” simvolu olan hədiyyə şəxsin daha sonra obyektiv və ədalətli qərar qəbul etməsinə əhəmiyyətli şəkildə təsirsiz ötüşməyə bilmir. Digər tərəfdən, dünyanın bir çox qabaqcıl şirkətlərində olduğu kimi, bizdə də korrupsiyaya qarşı mübarizədə maraqların toqquşması mövcud sistemin ayrılmaz tərkib hissəsidir. Şirkətimizdə hər bir əməkdaşa (rəhbər heyət də daxil olmaqla) “maraqların toqquşması” anlayışı, onun növləri, belə halları müəyyən etmənin yolları və idarə olunması, digər önəmli məsələlər barədə sadə dildə ətraflı izahatlar verilir. Effektivliyin təmin olunması məqsədilə şirkətimizdə müvafiq proqram təminatı həyata keçirilir.

Özəl sektorun aparıcı şirkətləri korporativ mədəniyyətin
ayrılmaz tərkib hissəsi olan biznes etikası və uyğunluq
tələblərinin təşviqində davamlı siyasət həyata keçirməlidirlər

- Azərbaycanda sahibkarlıq mühitində biznes etikasını necə dəyərləndirmək olar? Bu sahədə beynəlxalq standartlar ölkəmizdə hansısa formada tətbiq edilirmi?

- Son dəfə bu işdə özəl sektora dövlət tərəfindən dəstək Azərbaycan Prezidentinin 4 aprel 2022-ci il tarixli sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” vasitəsilə verilmişdi. Özəl sektor bu işi müvafiq siyasət, qayda və prosedurların qəbul edilməsi, onların icrasında məsul şəxsin təyin olunması, davamlı monitorinq, riskəsaslı yanaşma və pozuntulara qarşı sanksiyaların rejiminin tətbiqini əhatə edən proqramın işlənib hazırlanması ilə yerinə yetirmiş olacaq. Özəl sektora rəhbərlik edən hər bir şəxs bu işə dəyər verməli və həmin dəyəri öz işçi heyəti, biznes tərəfdaşlarına ötürmə davranışına sahib olmalıdır. Bu işdə yuxarı rəhbərliyin iradə ifadəsi önəmli olsa da, orta səviyyə rəhbərlik də həmin mədəniyyətin təşviq olunmasında əhəmiyyətli rol oynayır. Bu məsuliyyət, həmçinin, hər bir işçinin üzərindədir. Biznes etikası hər bir şirkətin DNT-si sayıla bilər. Bu, biznesin etik dəyərlər çərçivəsində həyata keçirilməsini səciyyələndirən başlıca amildir. Özəl sektorun aparıcı şirkətləri korporativ mədəniyyətin ayrılmaz tərkib hissəsi olan biznes etikası və uyğunluq tələblərinin təşviqində davamlı siyasət həyata keçirməlidirlər. Bu siyasət, sadəcə, şirkət daxilində işçilərə deyil, eyni zamanda işgüzar münasibətdə olduqları və ya potensial biznes tərəfdaşları, rəqibləri, təchizatçıları, müştərilərinə də tətbiq edilməlidir. Təsadüfi deyil ki, son zamanlar ölkəmizdə yalnız bank-maliyyə sektorunda deyil, qeyri-maliyyə sektorunun da iştirakçıları olan şirkətlər tərəfindən bu işə nə qədər əhəmiyyət verildiyi müşahidə olunur. Şirkətlərin son zamanlar qəbul etdikləri biznes etikası və davranışla bağlı məcəllələr onların işgüzar fəaliyyət və davranışına dair siyasət və təcrübələri hansı səviyyədə idarə etdiyinin bariz nümunəsidir. Bu cür sənədlərin qəbulu əməkdaşların etik və hüquqi öhdəliklərini ehtiva edən, eləcə də müştəriləri, rəqibləri, biznes tərəfdaşları, təchizatçıları ilə bağlı işgüzar münasibətlərində bələdçi rolunu oynayır. Təbii ki, bu işdə səmərəli tətbiqolunma önəmlidir və bunun üçün nəzarət mexanizmlərindən, müvafiq proqram təminatlarından istifadə qaçılmazdır. Buna misal olaraq, şirkətin korrupsiyaya qarşı mübarizə sisteminin qurulmasına dair ISO37001 sertifikatının əldə olunması və ya “UN Global Impact” kimi təşəbbüslərə üzvlük və s. göstərilə bilər.

Digər tərəfdən, korrupsiya ilə mübarizə ilə yanaşı, sanksiyaların tətbiqi, süni intellektdən istifadənin tənzimlənməsi, məlumatların məxfiliyi, pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə, ətraf mühit, sosial və idarəetmə (ESG - Environmental, Social and Governance) dünyanın diqqət mərkəzində olan məsələlər sırasındadır. Bu cür biznes mühiti beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün əlverişli olmaqla yanaşı, şirkəti də rəqabətədavamlı qurum halına gətirir. Belə bir mühitin formalaşdırılması və təşviqində hər bir özəl sektorun rolu qaçılmazdır. “Azercell” də öz növbəsində biznes etikası və uyğunluq proqramının tətbiqi və təşviqində məqsədyönlü və qətiyyətli olmaqda qərarlıdır.

İlhamə İSABALAYEVA

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ