5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Uluqbek Kamaletdinov: “Azərbaycanın türk dünyası üçün əhəmiyyəti durmadan artır” MÜSAHİBƏ

Azərbaycanla Özbəkistan arasında münasibətlər əsrlər boyu ümumi dəyərlər, mehriban qonşuluq ənənələri, birgə prinsiplər, dərin tarixi köklər, qarşılıqlı fəaliyyət əsasında qurulub. Son illər dəqiq müəyyən edilmiş strateji prioritetlərə və istiqamətlərə malik olan ölkələrimiz qarşılıqlı əməkdaşlığın inkişafında maraqlıdır və geniş spektrdə əlaqələri fəal şəkildə davam etdirirlər.

Özbəkistanlı ekspert, iqtisadçı Uluqbek Kamaletdinov “vergiler.az”ın suallarını cavablandırır.

- Ölkələrimiz arasında ticarət-iqtisadi və investisiya sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı qiymətləndirmələrinizi bizimlə bölüşə bilərsinizmi?

- Özbəkistan və Azərbaycan arasında ticarət və qarşılıqlı investisiyaların genişləndirilməsi üçün böyük potensial və yaxşı perspektivlər var. Hər iki dövlət Mərkəzi Asiya və Qafqazın strateji əhəmiyyətli regionunda yerləşir və bu, Avropa və Asiya arasında tranzit ticarət yolunun inkişafı üçün unikal imkanlar yaradır. Bundan əlavə, istər Özbəkistan, istərsə də Azərbaycan qarşılıqlı faydalı ixrac və idxalın inkişafı üçün əsas ola biləcək əhəmiyyətli təbii ehtiyatlara, o cümlədən neft, qaz, qızıl, pambıq və digər sərvətlərə malikdir. Son illər Daşkəndlə Bakı arasında əməkdaşlıq nəzərəçarpacaq dərəcədə artıb. Burada mühüm amil ölkə başçılarının şəxsi münasibətləridir, hər iki lider əməkdaşlığa və dostluq münasibətlərini inkişaf etdirməyə hazır olduqlarını dəfələrlə nümayiş etdiriblər. Təkcə 2018-ci ildə müxtəlif sahələrdə, o cümlədən ticarət, investisiya, nəqliyyat və turizm sahələrində 30-dan çox əməkdaşlıq sənədi imzalanıb. Həm Azərbaycan, həm də Özbəkistan fəal şəkildə iqtisadi islahatlar aparır və xarici investisiyaları cəlb edir ki, bu da biznesin inkişafı üçün əlverişli şərait yaradır.

2022-ci ilin sonunda ölkələrimiz arasında xarici ticarət dövriyyəsi 183,3 milyon ABŞ dollarından çox olub ki, bu da 2016-cı illə müqayisədə (15,4 milyon dollar) 12 dəfə çoxdur. Növbəti beş il ərzində ümumi ticarət dövriyyəsinin həcmini 1 milyard dollara çatdırmaq strateji məqsəd kimi qarşıya qoyublub. Azərbaycan Mərkəzi Asiya respublikalarında, xüsusilə Özbəkistan iqtisadiyyatında iştirakını tədricən genişləndirir və türk dünyası üçün əhəmiyyəti durmadan artır.

Onu da qeyd etmək lazımdır ki, ölkələrimiz BMT, MDB, Şanxay Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı kimi bir sıra beynəlxalq təşkilatların üzvüdür və bu, çoxtərəfli əməkdaşlığın inkişafı üçün əlavə imkanlar yaradır.

Həm Azərbaycan, həm də Özbəkistan fəal şəkildə iqtisadi
islahatlar aparır və xarici investisiyaları cəlb edir ki,
bu da biznesin inkişafı üçün əlverişli şərait yaradır

- Nəqliyyat və logistika sahəsində əməkdaşlıqdan danışarkən, Orta Dəhliz layihəsini qeyd etməmək mümkün deyil. Qlobal yükdaşımalarda bu marşrutun perspektivlərini necə dəyərləndirirsiniz?

- Yükdaşımaların baha olması dənizə çıxışı olmayan Özbəkistanın iqtisadiyyatına mənfi təsir göstərir və bu, ölkənin beynəlxalq ticarətdə öz potensialını üzə çıxarması və investisiya cəlb etməsinə mane olan əsas səbəblərdən biridir. Malların idxalı və ixracı üçün nəqliyyat xərcləri xeyli yüksəkdir ki, bu da məhsullarımızın dünya bazarında rəqabət qabiliyyətinə mənfi təsir göstərir. Bundan əlavə, dəniz limanlarına çıxışın məhdudlaşdırılması Özbəkistan ərazisindən tranzit yükdaşımaların inkişafı imkanlarını azaldır. Orta Dəhlizin qlobal yükdaşıma perspektivləri güclüdür, əsas üstünlüklərindən biri onun coğrafi mövqeyidir. Bu, Çin və Avropa arasında yükdaşımalar üçün ciddi alternativ marşruta çevrilə, həmçinin Mərkəzi Asiya ilə Qafqaz arasında ticarətin genişləndirilməsi istiqamətində yeni imkanlar təklif edə bilər.

- Zəngəzur dəhlizinin açılması yükdaşıma sektorunun inkişafına hansı töhfəni verə bilər?

- Zəngəzur zəngin tarixə və Azərbaycan mədəniyyəti üçün böyük əhəmiyyətə malikdir. Zəngəzur dəhlizinin açılması bütövlükdə yükdaşıma sektorunun inkişafına, o cümlədən Çindən Avropaya yüklərin daşınmasına mühüm töhfə verə bilər. Bu dəhliz Azərbaycan, Ermənistan və Şərqi Avropanı birləşdirir, Qazaxıstan və ya Rusiyadan keçən ənənəvi marşrutlarla müqayisədə Çindən Avropaya yüklərin daşınması üçün daha qısa, sərfəli marşrutdur. Əsas odur ki, bu dəhliz əlavə vaxt və xərcləri azaldacaq, eləcə də mövcud nəqliyyat dəhlizləri ilə müqayisədə daha təhlükəsiz və dayanıqlı olacaq. Bütün bunların sayəsində regionda infrastrukturun inkişafını, o cümlədən yeni limanların və quru və dəmir yollarının tikintisini gözləmək olar. Bu, həmçinin, Özbəkistan şirkətlərinə nəqliyyat resurslarından daha yaxşı istifadə etməyə və öz əraziləri ilə tranzit yükdaşımalarını inkişaf etdirməyə imkan verəcək ki, nəticədə mallarımız dünya bazarında daha rəqabətqabiliyyətli olacaq.

Zəngəzur dəhlizinin açılması bütövlükdə yükdaşıma sektorunun inkişafına,
o cümlədən Çindən Avropaya yüklərin daşınmasına mühüm töhfə verə bilər

- Bildiyiniz kimi, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycandan keçir, ölkəmizdə nəqliyyat, tranzit və logistika potensialının genişləndirilməsi istiqamətində mühüm layihələr gerçəkləşdirilir. Bütün bunları nəzərə alaraq, Azərbaycanın Mərkəzi Asiya ölkələri üçün tranzit rolunu necə qiymətləndirirsiniz? Sizcə, ölkəmiz Özbəkistandan Avropaya və digər regionlara malların tədarükü üçün körpü rolunu oynaya bilərmi?

- Azərbaycan ərazisindən keçməklə Şərqi Avropanı İran və Hindistanla birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizi Xəzər regionundan neft və qazın dünya bazarlarına çıxarılması üçün ən əlverişli nəqliyyat arteriyalarından biridir. Şərq-Qərb dəhlizi isə Gürcüstan ərazisindən keçməklə Xəzər dənizini Qara dənizlə birləşdirərək Çin, Mərkəzi Asiya və Qafqazdan Avropaya və Türkiyəyə yüklərin tranziti üçün imkanlar yaradır. Yəni hər iki dəhliz Cənubi Qafqazın inkişafında mühüm rol oynayır, regionun beynəlxalq bazarlara çıxışını təmin edir və nəqliyyat infrastrukturunun, turizmin, ticarətin və nəticə etibarilə iqtisadiyyatın inkişafına töhfə verir. Bundan əlavə, Azərbaycan Transxəzər magistralı və Transxəzər beynəlxalq nəqliyyat marşrutu kimi mühüm nəqliyyat dəhlizlərinin bir hissəsidir. Bunun sayəsində Azərbaycan Mərkəzi Asiya ölkələrindən olan ixracatçılara Avropa və dünyanın digər regionlarına yüklərin daşınması üçün daha sürətli və sərfəli marşrutlar təklif edə bilər.

Lakin bütün bu dəhlizlərin inkişafı nəqliyyat xərclərinin azaldılması problemlərinin həlli ilə ayrılmaz şəkildə bağlı olacaq. Bu baxımdan, alternativ enerji mənbələrinin inkişaf etdirilməsi, neft və qazdan asılılığın azaldılması, tariflərin və rüsumların azaldılması üçün beynəlxalq ticarət sazişləri və razılaşmaları üzərində işi davam etdirmək vacibdir. Riskləri minimuma endirmək və yüklərin daşınmasının səmərəliliyini artırmaq üçün nəqliyyat kommunikasiyalarının bu bölmələrində logistika və təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsi də zəruridir.


Özbəkistan və Azərbaycanın turizm sahəsində birgə
səyləri hər iki ölkəyə fayda verəcək və dostluq
əlaqələrimizin daha da möhkəmlənməsinə kömək edəcək

- Özbəkistanın turizm sahəsində böyük potensialı var və bildiyimiz qədər, son vaxtlar ölkəniz iqtisadiyyatın bu sektorunun inkişafına xüsusi diqqət yetirir. Bununla bağlı nə deyə bilərdiniz? Turizm sahəsində ikitərəfli əlaqələrin inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?

- Özbəkistanın turizm sahəsində böyük potensialı var, ölkə tarixi, maddi-mədəni abidələr və bütün dünyadan çoxlu turistləri cəlb edən təbii attraksionlarla zəngindir. Ölkəmizdə 8 mindən çox mədəni irs obyekti var, 200-dən çox maddi və 6 qeyri-maddi irs obyekti YUNESKO-nun ümumdünya irs siyahısına daxil edilib.

Son illər Özbəkistan hökuməti turizmin inkişafı və turistlər üçün rahat şəraitin yaradılması istiqamətində fəal iş aparır. Bu günlərdə Səmərqənddə keçirilmiş Dünya Turizm Təşkilatı Baş Assambleyasının 25-ci sessiyasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu sahədə həyata keçirilən işlərin bəzi məqamlarını səsləndirib. Turizm sahəsində əməkdaşlıq çərçivəsində biz təcrübə və bilik mübadiləsi apara, həmçinin, birgə turizm marşrutları və proqramları hazırlaya, eyni zamanda turizm infrastrukturunun inkişafı üçün qarşılıqlı investisiya cəlb edə bilərik. Mümkün regional turizm marşrutlarından biri Bakı-Aktau-Ellikqala-Xivə-Buxara-Səmərqənd-Daşkənd ola bilər.

Əminəm ki, Özbəkistan və Azərbaycanın turizm sahəsində birgə səyləri hər iki ölkəyə fayda verəcək və dostluq əlaqələrimizin daha da möhkəmlənməsinə kömək edəcək. Qarşılıqlı fayda və xalqlarımızın davamlı inkişafının təmin olunması üçün tərəfdaşlıq əlaqələrini inkişaf etdirməyə və yeni birgə layihələr həyata keçirməyə davam etmək lazımdır.

Tamilla MƏMMƏDOVA

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması