9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aydın Hüseynov: “Rəqabət Məcəlləsi sahibkarlar üçün sağlam rəqabət imkanlarını genişləndirəcək” MÜSAHİBƏ

Milli Məclisdə “Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul olunub. Mütəxəssislərin fikrincə, Məcəllə hökmran mövqedən sui-istifadənin qarşısının alınması və rəqabət neytrallığının təmin olunmasına xidmət etməklə yanaşı, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına da şərait yaradacaq. Yeni sənəd, eyni zamanda, kartel tipli əlaqələrin qarşısının alınmasına, təbii inhisarların fəaliyyətinə səmərəli nəzarətin təşkilinə, haqsız rəqabət hallarının aradan qaldırılmasına imkan verəcək. Rəqabət Məcəlləsinin Azərbaycanın iqtisadi mühitinə və sahibkarlığın inkişafına təsirləri barədə “vergiler.az”ın suallarını Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov cavablandırıb.

- Aydın müəllim, Rəqabət Məcəlləsinin qəbul edilməsi hansı zərurətdən irəli gəldi?

- Azərbaycanda iqtisadi inkişafın və biznesin imkanlarının genişlənməsi, eyni zamanda beynəlxalq bazarlara inteqrasiyanın dərinləşməsi və xarici ticarət iştirakçıları ilə əlaqələrin yeni mərhələyə daxil olması ölkəmizin rəqabət qanunvericliyində bir sıra tələbləri meydana çıxarmışdı. Hökumət bu çağırışları əsas tutaraq uzun müddət idi ki, yeni, təkmil və beynəlxalq tələblərə cavab verən sənəd üzərində işləyirdi. Rəqabət Məcəlləsi hazırlanarkən müxtəlif dövlət orqanları, habelə biznes assosiasiyaları ilə geniş müzakirələr aparılıb, onların rəy və təklifləri nəzərə alınıb. Layihə Türkiyə, ABŞ, Almaniya, Avstriya, Latviya, Litva, Macarıstan və Çexiyanın qabaqcıl təcrübələri, həmçinin yerli bazarın xüsusiyyətləri nəzərə alınmaqla ərsəyə gətirilib.

Rəqabət Məcəlləsi əsas etibarilə kiçik və orta biznes
subyektlərinin bazara girişinin və bazarda inkişafının
qarşısını alan maneələrin ortadan qaldırılmasına xidmət edir

- Məcəllədə hansı yeniliklər, iqtisadi-hüquqi məsələlər öz əksini tapıb?

- 12 fəsil, 83 maddədən ibarət olan Rəqabət Məcəlləsi azad rəqabət mühitinin təmin olunması baxımından ən müasir iqtisadi-hüquqi istiqamətləri özündə əks etdirir. Layihədə “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” qanunlar və digər hüquqi aktlar yeni, vahid sənəddə birləşdirilib ki, bu da həmin qanunlarda və digər hüquqi aktlarda əks olunmuş bütün hüquqi məsələlərin, eyni zamanda azad rəqabətlə bağlı yeni yanaşma və prinsiplərin təkmil bir sənəddə cəmlənməsi deməkdir. Yəni Məcəllə vahid hüquqi sənədlər toplusu kimi azad bazar və rəqabət məsələləri ilə bağlı bütün istiqamətləri tənzimləyəcək.

Rəqabət Məcəlləsində təbii inhisar sahələrinə nəzarət alətləri təkmilləşdirilib, onların fəaliyyətinə şəffaf və çevik nəzarəti təmin edəcək müddəalar əksini tapıb. Bununla yanaşı, bazar paylarının müəyyənləşdirilməsinin yeni qaydaları, habelə hökmran mövqenin yeni meyarları qeyd olunub. Sənəddə rəqabəti məhdudlaşdıran müqavilələrə dair tələblər, rəqabətin məhdudlaşdırılması halları, təsərrüfat subyektlərinin bazar payı, haqsız rəqabət, iqtisadi təmərküzləşmələr, dövlət orqanları tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsi və təbii inhisarların fəaliyyətlərinin tənzimlənməsi ilə bağlı müddəalar öz əksini tapıb. Rəqabət Məcəlləsi əsas etibarilə kiçik və orta biznes subyektlərinin bazara girişinin və bazarda inkişafının qarşısını alan maneələrin ortadan qaldırılmasına xidmət edir. Sənəddə, ilk növbədə, biznesin maraqlarının müdafiəsi ilə bağlı əhəmiyyətli detallar təsbit olunub. Buraya ədalətli rəqabət mühitinin təmin edilməsi, inhisarçılığa qarşı təsirli mübarizə mexanizmlərinin tətbiqi, haqsız rəqabət hallarının qarşısının alınması ilə bağlı hədəflər daxildir. Məcəllənin 15-ci maddəsinə əsasən, bir təsərrüfat subyektinin 50 faiz və daha çox bazar payı ola bilməz, əks halda, o, hökmran mövqe, yəni inhisarçı hesab edilir. Eləcə də 2 və 3 təsərrüfat subyektinin birləşərək 50 faiz bazar payına sahib olmasına da icazə verilmir, çünki bu da inhisarçılıqdır. Bununla yanaşı, bazarda 35 faiz payı olan, ancaq dolayı yollarla bazara digər təsir imkanları olan təsərrüfat subyekti də hökmran mövqe tutmuş və rəqiblərinin fəaliyyətini sıxışdırmış kimi hesab edilir. Məcəlləyə əsasən, satıcı şirkət və müəssisə tərəfindən müştərinin heysiyyatına toxunmaq, onun təkliflərinə münasibətdə qeyri-etik davranış sərgiləmək və s. hallar da məsuliyyət yaradır. Əgər satıcı və ya tədarükçü müştərilərə qarşı aqressiv davranış nümayiş etdirərsə, vətəndaşın həmin şəxs barəsində şikayət etmək hüququ vardır. Sənəddə istehlakçıların hüquq və mənafelərinin qorunmasına yönəldilmiş müddəalar xüsusi üstünlük təşkil edir.

Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı,
azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə,
ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətini genişləndirəcək

- Qəbul ediləcək Rəqabət Məcəlləsi ölkə iqtisadiyyatına və iş adamlarına nə verəcək?

- Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətini genişləndirəcək. İş adamları yeni mühitdə daha sağlam bazar subyekti kimi işgüzar münasibətlər quracaqlar. Dövlət isə biznesin imkanlarının artmasından maddi gəlirlər əldə edəcək. Ən əhəmiyyətlisi isə Azərbaycanın beynəxalq miqyasda biznes mühitinin əlverişliliyinin artırılması ilə bağlı mövqeyi yaxşılaşacaq, ölkəmizin rəqabət indeksinin müəyyən edilməsi metodologiyasının təkmilləşməsində mühüm rol oynayacaq və ölkəmiz rəqabətlililik hesabatlarında irəliləyəcək.

- Haqsız rəqabətin qarşısının alınması üçün sənəddə daha nələr nəzərdə tutulub?

- Rəqabət Məcəlləsinin qəbul edilməsi ilə qanun pozuntularına görə tətbiq olunan maliyyə sanksiyaları və cərimələr daha ciddi xarakter daşıyacaq. Yeni formalaşacaq struktur - Rəqabət Komissiyası azad rəqabəti pozan şəxslərə qarşı maliyyə sanksiyalarını müəyyən edəcək. Sanksiyanın məbləği əldə olunmuş qanunsuz gəlirin məbləğinin 50 faizi həcmində nəzərdə tutulub. Yəni hansısa aptek, yaxud market malın satışından nəzərdə tutulmuş satış qaydalarından kənara çıxaraq 500 manat gəlir əldə edibsə, ona birinci dəfə 250 manat məbləğində maliyyə sanksiyası tətbiq olunacaq, növbəti dəfə isə məbləğ mütənasib qaydada artırılacaq. Həmin müəssisələrin qanunsuz gəlir əldə etməsini sübut etmək üçün istehlakçı, yəni müştəri mütləq tutarlı fakt və dəlilləri, sənəd və məlumatları Rəqabət Komissiyasına təqdim etməlidir.

Məcəllə həm də xarici investorların hüquqlarının təmin edilməsi,
yeni investisiya münasibətlərinin formalaşması və azad
rəqabətin bərqərar olması baxımından mühüm əhəmiyyət daşıyır

- Yeni Məcəllənin qəbul olunması xarici investorların ölkə iqtisadiyyatında iştirakına necə təsir edəcək?

- Bu Məcəllə həm də xarici investorların hüquqlarının təmin edilməsi, yeni investisiya münasibətlərinin formalaşması və azad rəqabətin bərqərar olması baxımından mühüm əhəmiyyət daşıyır. Azad bazarın bütün iştirakçıları üçün yeni rəqabət mübarizəsinin başlanması fonunda xarici investorlar üçün də imkanlar genişlənəcək. Sözsüz ki, bu da xarici iş adamlarının marağının artmasına, onların yeni istehsal və xidmət müəssisələri yaratmasına, ölkə iqtisadiyyatına əlavə sərmayələr yatırmasına müsbət təsir edəcək. Bu isə həm iqtisadi dinamikanı artıracaq, həm də məşğulluq bazarına mühüm təsirlərini göstərəcək. Ölkə iqtisadiyyatı həm sərmayələrin cəlbi, həm iş yerlərinin açılması, həm də yeni məşğul insanların sosial təminatı baxımından faydalar əldə edəcək.

Fərqanə ALLAHVERDİQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?